İradə Tuncay: “Qadını təhsilsiz
millətin sabahı sual altındadır”
"İSTƏYƏRDİM BİR TƏŞKİLATIM OLSUN, ORDA TƏHSİLLƏ BAĞLI, XÜSUSƏN, QIZLARIN TƏHSİLİ İLƏ BAĞLI ÖNƏMLİ LAYİHƏLƏR HƏYATA KEÇİRİM"
Feyziyyə
ilə Xəzərin sahilində
Dəniz dalğaları sahilə
çırpılıb qayıtmayan damlalarını
axtarmaqdan yorulub yatana oxşayırdı. Qırılmış
mirvari boyunbağı kimi səpələnmişdilər elə
bil sahil boyu .Aşağı-yuxarı gəzişən adamlar
da elə mirvari axtaranlara oxşayırdı. Amma onlar mirvari axtarmırdılar, heç dənizin
itkin düşmüş damalarını da. Hamı indi cavab təşnəsidi. Yediyimizdən-içdiyimizdəndi yəqin.
Suallar elə çoxalıb ki... İllər
kimi üst-üstə gəlirlər, yaş kimi artırlar.
Yazıçı, publisist İradə Tuncayla bu gün
görüşəcəkdik. Heç bir suala cavab tapmasaq da, elə-belə,
bir-birimizi qucaqlayıb öpəcəkdik. Deyib-güləcəkdik.
Həmişə pozitiv, səbrli,
baxımlı, şux və gözəl qadın obrazı
canlanır gözümüzün önündə adı gələndə.
Əvvəllər insanlar, tale, həyat haqda
dediklərindən adamın içi parçalanırdı.
Uşaq idim bir az. Tanış gələr sizə bu hiss
.Axı siz də uşaq olmusunuz. Əvvəllər hər şey tez toxunur adama.
Sonra illər üst-üstə gəlir. Yaş artır. Suallar çoxalır... Fikirləşmişdim çatan kimi soruşum ki,
görüşdüyümüz, söhbətləşdiyimiz
ilk gündən bəri nəsə dəyişib elə bil,
görəsən nədi dəyişən?
Görüşdüyümüz
gün hələ yeni il ab-havası
vardı bulvarda. Yolka ağacları, qara bığlı, ağ saqqallı şaxta babalar parkın o
başından, bu başınacan hər addımda
rastımıza çıxırdı. Kirli gəlinlik
donlarında səliqəsiz və zövqsüz geyinmiş Qar
qızları görəndə isə İradə xanım
özünü saxlaya
bilmirdi: Oy, balirinalara baxın! Oy, burdada var ki! Biri də
ordadı!– İndi bizi saxlamaq olardı
gülməkdən? Sual-filan yaddan
çıxdı. Danış ki,
danışasan, gül ki güləsən. Günəş də dənizdə
əksinə baxıb o qədər zərlənib ki... Hava da az qalır bülbül kimi cəh-cəh vura.
Gəzib-dolaşıb bir skamyada oturduq:
– Niyə
qayıtmırsınız televiziyaya?
– Kim
çağırdı ki?..
– Bilmirəm.
Bəlkə özünüz bir layihə ilə...
– Mənim
o yaşım deyil.
– Mən
anlayıram, haqqınız var inciməyə.
– Mən
televiziyaya yalnız gedib onu dəyişdirə biləcək
imkanım, səlahiyyətim olduğu halda, özümün
yarada biləcəyim bir televiziya olduğu halda gedə bilərəm.
Amma gedib veriliş hazırlamağa həvəsim
yoxdu. Mənlik deyil.
– Mənə
elə gəlir ki, siz qəzetdə darıxırsınız.
Nəzərə alsaq ki, redaksiyanın yerləşdiyi
nəşriyyatın binasında darıxmaq üçün
münbit şərait var.
– Qəzet
bizim ailəmizin biznesidi, qəzet həm də biznesdi axı. Mən o qəzeti yaşatmalıyam, o mənim
borcumdu. Amma mən istəyərdim bir təşkilatım
olsun və orda təhsillə bağlı önəmli layihələr
həyata keçirim, xüsusən qızların təhsili
ilə bağlı layihələr. Ümumiyyətlə,
elə bilirəm qadını təhsilsiz millətin sabahı
bir az sual altındadı. Daha
qlobal problemlərlə bağlı məsələləri
düşünürəm.Televiziyaya qayıtmaq nədi ki?
Hər halda mən çox istəyərdim ki, o
televiziyaya qayıtsın. Verilişləri olsun.
Bu, gözü, qulağı şouya öyrəşmiş
Azərbaycan tamaşaçısına çox şey verə
bilərdi. Amma biz bu mövzunun üstündən
sürətlə adlayıb keçdik.
– Mən
on üç-on dörd yaşlarında qızları ərə
vermək faktlarından danışıram. Bu məni
dəhşətə gətirir. Bunları
ərə verənlər, bunlarla evlənənlər necə
vəşhixanada böyüyüblər ki, belə hərəkətlər
edirlər? Ümumiyyətlə, bu nə
pedofilliyadı cəmiyyətdə? İndi
barlarda qızların yaşı düşüb on iki, on
üç yaşa. Bunlarla kökündən məşğul
olan adam lazımdı. Dövlət
əlini salmalıdı bu işlərin arasına. Valideyin əgər övlada sahib
çıxmırsa, dövlət də valideyndi axı,
dövlət sahib çıxmalıdı onlara. Bəzən fikirləşirəm ki, sənə
hamıdan çox lazımdı bu adamlar, nəyinə gərəkdi
ki? Amma yenə də rahat qoymur bu fikirlər.
Biz elə bir söhbətin elə yerinə gəlib
çıxmışdıq ki, hər dəfə fikir bitincə
mövzunu dəyişmək istəsək də, yeni abzaslar
bitmək bilmirdi.
– Bu problemlər dünyanın heç bir ölkəsində həll olunmayıb. Baxmayaraq ki, çox sosial bir rejim idi, sovetlər dönəmində də bu məsələ öz həllini tapa bilməmişdi. İnternat məktəblərini bitirənlərin böyük əksəriyyəti azad həyata atılandan sonra ya oğurluğa qurşanırdı, ya fahişəliyə. Amma təbii ki, istisnalar olurdu.Sovet dövründə uşaq evlərindən çıxanların arasından raykom katibləri olub, alimlər olub. Ümumi halda dövlət bunu həll edə bilmir. Görünür insanlar özləri buna hazır deyil. Birincisi, heç olmasa bu uşaqlara peşə təhsili vermək lazımdı. İnsanın əlində peşəsi yoxdursa, oğurluq eləməyə məhkumdu. Güman eləmirəm ki, bu problemləri bir-iki ilə həll eləmək olar. Amma bu haqda dövlət proqramı olsa və bu məsələ ilə bağlı, yalnız sözdə deyil, ciddi məşğul olunsa, o zaman müəyyən nəticələr əldə etmək olar. Bunun həlli üçün on illiklər gərək olacaq. İndi deyirlər ki, abort pisdi, onu aradan qaldıran qanun qəbul etmək lazımdı və s. Abort daha humanist addımdı, mənə elə gəlir. Nəinki, uşağı dünyaya gətirib atmaq. Çünki bu adamlar uşaq evlərində potensial cinayətkar yetişirlər. Mən demirəm ki, normal ailələrdən cinayətkarlar çıxmır. Amma bu uşaqların cinayətkar olmaqdan ayrı çarələri yoxdu. Burada toplumun münasibəti də çox önəmlidi. Məsələn, heç kim uşaq evindən çıxan bir qızla oğlunun evlənməsini istəməz. Çünki deyəcəklər ki, atası kimdi bilmirik, anası kimdi, bilmirik, hardandi bilmirik.Və haqlıdılar da. Çünki genetik faktor çox önəmlidi. Bizim xalqda “ot kökü üstə bitər” anlayışı var. Bunların hamısı səbəbdi və bu məsələləri bir-iki ilə həll etmək mümkün deyil.
Axı bu uşaqların arasında çox fitri istedada, dərin zəkaya sahib olanları da az deyil. Nolardı, heç olmasa onları seçib ya xaricdə, ya özümüzdə dövlət hesabına oxumağa göndərəydilər. Heç olmasa bir neçəsi xilas olardı...
– Sovetlər dövründə bu uşaqları seçib kəşfiyyatçı hazırlayırdılar. Atasız, anasız uşaqlar idi, axtaran da olmurdu. Biz balaca dövlətik, kimə lazımdı ki bu? İstehsal etdiyimiz heç nə heç kimə lazım deyil. Eləcə də beyinlər.
Bir tanışım işləyirdi körpələr evində. O evlərdə ki körpələr orda üç-dörd yaşlarına qədər yaşayırlar. Xarici ölkələrin Bakıdakı səfirlərinin xanımlarının hərəsinin öz günləri var, həmin günlər o uşaqlara baxırlar. Yeməklərini verirlər, altlarını təmizləyirlər, qayğısına qalırlar. Və hünərin var bunların yanında uşağa bir söz de. Amma onlar gedəndən sonra hər şey dəyişir. Deyək ki, kimsə böyük bir qazan peraşki bişirib gətirir. Və müəllimələr onu elə həvəslə bölüşdürüb evlərinə aparırlar ki. Ay balam, sən əli-ayağı yerində olan sağlam qadınsan. Bunu bişir yedirt də övladına. Axı bu yetimdi, bunun payını niyə aparırsan ki evinə? Bu həm də bir psixologiya, bir zehniyyət məsələsidi. İnsanların şüurunun necə inkişaf eləməsi məsələsidi. Bu təkcə dövlətdən umulası məsələ deyil.
Uşaq evlərinin vəziyyəti heç kimə sirr deyil. Az qala hamının deyə biləcəyi söz var. İllah da az-çox onların hansınınsa qapısından bir-iki dəfə girdinsə, əməkdaşlıq etdinsə, deyəcəyin söz çox ola bilər. Amma adam çox açıb-ağarda da bilmir. Bir neçə il öncə müsahibə zamanı İradə xanım mənə demişdi ki, qadınları təhsil sistemindən uzaqlaşdırmaq lazımdı. Bilmirəm, bəlkə də elə uşaq evlərində də vəziyyət dəyişərdi.
– Bəli. Şərait yaratmaq lazımdı kişilərə ki, qayıtsınlar məktəbə. Diplom etik mədəniyyət deyil. Doğum evlərindəki ağzını söyüşlə açan, mədəniyyətsız, tərbiyəsiz qadınlar var ha, həkimlər, sanitarlar, uşaq baxıcıları, mən üçüncü uşağı onlara görə dünyaya gətirmədim. Doğum evindəki o tərbiyəsizlikləri götürə bilmirdim. Bu adamlar hardasa yetişir axı. Onlar da ailələrdə böyüyüb. Burda hər şey qarşılıqlıdı. Mən hamıyla mədəni münasibətdə oluram, amma əvəzində axmaq rəftarla qarşılaşıram. Sonra mən də başlayıram hamı kimi rəftar eləməyə.
Susuram və sadəcə dinləyirəm.
– Mən Qarayev adına xəstəxanada yatdım birinci oğlum olanda. İmkansız idik. Hamıya verməyə pulumuz yox idi. Təsəvvür elə pulun yoxdu deyə, çox kobud davranırdılar səninlə. Və sən özünə hörmət eləyən adam, itdən-qurddan söz götürməli idin. Amma o xəstəxanada varlılar da yatırdı və onlar həmin xəstələrdən yaxşı pul alırdılar. Mən xəstəxanadan çıxandan iki gün sonra yenidən başqa bir xəstəxanaya reanimasiya şöbəsinə gəldim. Ordakı rus həkimlər mənim oğlumu qurtardılar. Heç pul da almadılar. Sən demə bu xəstəliyin nə olduğunu bilmək və onu müalicə etmək çox sadə imiş. Məni isə orda yalnış diaqnoz və müalicə ilə bir ay xəstəxanada pula görə saxlamışdılar. Təhsil və səhiyyə sistemi bir-birinə olduqca bağlıdı. Bütün bunlardan sonra mən bu sistemi necə sevə bilərəm?
– Firəngiz, elə elə ki, fona gəmilər də düşsün. – Skamyadan qalxıb çoxdan aralanmışdıq.
– Heç sevmirəm gəmi ilə səyahəti.
– Niyə? Maraqlı olardı, məncə.
– Mən hərəkətin, şəkillərin tez-tez dəyişməsini sevirəm. Yol boyu ağacların, kolların, evlərin tez-tez bir-birini əvəzləməsini xoşlayıram. Dənizdə nə görürsən ki? Ancaq su, su, su...
Bulvarın beton dirəklərindən keçən dəmir borularından ibarət hasarına söykənib üzü ovuc-ovuc, qucaq-qucaq, ətək-ətək sulara dayanıb susmuşduq ki, birdən yadıma düşdü: “İlk görüşümüzdən dörd il keçib deyəsən. Nə dəyişib? Mən, məsələn, dəyişmişəm elə bil...”.
– Yavaş-yavaş gələcəksən mənim fikirlərimə.
– Mən nə deyirəm ki?- sağ əlimi yüngülcə yuxarı qaldırıram.- Fikirlərinizə təslim olmuşam. Və daha sizin deyilməmiş fikirlərinizlə də bu başdan iki əlli razıyam. – Gülüşürük. İradə xanım gülür və bir söz demədən başını ağır-ağır tərpədir. Sözlü adama oxşayırdı, amma dinmirdi.
– Gənclikdəndimi, təcrübəsizlikdəndimi, axı, əvvəl adamın gözü ayağının altını görmür. Bir də bir...
– Hə, sonra adamın qazı necə alınırsa. – Gülüşümüz götürür sahili.
– Bir də
bir sevgilin-filan olanda, elə bilirik odda yanmaz, suda batmazıq. Gəncliyin o dəli vaxtlarını geridə
qoyduğuma görə, o cümlələr qulağımdan
sırğa kimi, özü də saçaqlı sırğa
kimi asılıdılar. Hər addımda cingildəyib
özlərini xatırladırlar: “İnsana hər kəs xəyanət
edə bilər, iki əlindən savayı”.
–
Saçaqlı sırğa kimi e özü də. Obraza bax
bir.- Xəfifcə gülümsəyir. –
Demək nə dəyişib? Nəvələrimin sayı
artıb.- Sonratam ciddi görkəm alaraq, –
Bilirsən, ölkədə inkişaf gedir, bunu
görürük,- əlavə edir.- Yollar düzəlir,
binalar tikilir. Amma insanların psixologiyası dəyişmir.
Elə bil, insanlar daha da vəhşiləşir.
Ümumiyyətlə, bütün dünyada vəziyyət
dəyişir hər gün, gərginlik artır. Və
bunun fonunda balaca bir
ölkədə xoşbəxtlik yaratmaq
mümkün deyil. Hər şey qloballaşıb...
Ah, yenə
bu xoşbəxtlik... Onu düşünmək
insanları necə də yorub. İllərin
ardınca düşüb dostlar hara çıxıb gedir, bəs?
– Bilirsənmi,
bizi sevdiyini söyləyən insanın, bu ata da ola bilər, ana da, qardaş, da dost da, qadın
da ola bilər, kişi də, nə qədər səmimi
olduğunu nə dərəcədə sınamaq
imkanımız var? Yoxdu, deyilmi? Biz bu zaman fəhmimizin gücünə arxalanmalı
oluruq. Bu fəhmimiz bizi haracan aparacaq, onu
bilmirik.Tutalım, inandıq ki, bu insan məni sevir. Sonra şərtlər dəyişə bilər,
axı. O insanın mövqeyinə, mənafeyinə
uyğun nələrsə çıxa bilər
qarşısına. Və o səni qoyub gedəcək.
Heç vaxt arxayın olma ki, filankəs mənə
filan sözləri demişdi və bu belə də qalacaq.
Yer kürəsindəki yüzdə doxsan doqquz faiz insan öz
mənafeyini bir an belə unutmur.
Sonra... həmin an səni doğurdan sevə bilər bu
insan. Bir aydan sonra, bir ildən sonra sevməyə bilər.
Aranızda incikliklər yaşana bilər və yaxud da, bu
zaman o insan başqa biri ilə rastlaşa bilər, o insanla daha
yaxın münasibətdə ola bilər. Təbii ki, hər kəsə ağırdı
dünən sənə yaxın birinin bu gün soyuq rəftarını
görmək, amma yəqin ki, bir azda fəlsəfi yanaşmaq
lazımdı.
– Vittorio
De Sikanın “Günəbaxanlar” filminə
baxmısınız, yəqin. Qadın-kişi
olanda nə olar ki, bu da insan münasibətləridi axı.
Qadın müharibəyə gedən ərini
necə həyəcanla axtarır, necə ümidlə
gözləyir. Və...
– Və
bir gün görür ki, kişi bir rus
qadınla evlənib. Görürsənmi, onlar həmin
ana uyğun necə addım atırlar? Rus qadının
kişiyə ehtiyacı olduğu üçün evlənir,
o an bütün kişilər müharibədə
idi, axı. Kişi də həyatını
xilas edən qadınla evlənir. Onun rus
qadınına sevgi borcu, minnət borcu var idi.
– Hə. Sonra son görüşdə qadın kişiyə
deyir ki, sən sadəcə minnətdarlıq edib gedə bilərdin.
Deyirsiz, sevgidə mənafe
güdməkdi?
– İnsan hər zaman mənafeyini güdməkdədi.
– Sonra da
deyirik indinin adamları belədi, sevgiləri elədi.
Neçə ilin filmidi...
– İndi insan hisslərini, insan yaşamını izah edən
filmlərdə çəkilmir axı. Klod
Leşuşun “Qadın və kişi” filminin ikinci hissəsində,
qadın kişini qəsdən gətirib səhrada
azdırır ki, sən o biri qadını sevirsən, ona
görə də ikimiz də burda ölməliyik. Yenə də, öz mənafeyi, öz
qısqanclığı ucbatından.
– İnsan eqosu hər şeyə qadirdi. Ötəridirsə,
bu hissə şeirlər, mahnılar niyə yazılır?
– An məsələsidi.
Əbədi nə var ki? Elə adamlar var
ki, hər gün aşiq ola bilərlər.
Öyrəşmək var. Həyat tərzi var.
Amma hisslərin əbədi olduğuna inanmıram. Hətta eyni çaya iki dəfə girmək olmur.
Yoxdu! Əbədi heç nə yoxdu. İllər
hər şeyi, sevinci, kədəri, sevgini, nifrəti
qapımıza payız yarpaqları kimi necə qovub gətirirsə,
eləcə də sovurub aparır. Amma nə zamansa
müharibəyə gedib qayıtmayan ərlərini gözləyən
ölənədək gözləyən qadınlar olub
axı, deyəsən...
– Bu xarakter məsələsidi.
İstisnalar həmişə var, təbii.
Hökm vermirəm. Amma
deyirdilər ki, guya müharibə dövründə
qadınlar sadiq olublar ərlərinə. Hamı
müharibədə olurdu, xəyanəti kimlə edəydi?
Bir kolxoz sədri olurdu, o da ya qoca idi, ya şikəst.
– Demək,
mənəvi dəyərlər, sədaqət, filan,
hamısı uydurmadı?
– Sən
qorxu olmadan bir kütləni necə idarə edə biləcəyin
haqda heç düşünmüsənmi? Buna
görə də din var, dövlət qanunları var, əxlaq
anlayışı var. Bunlar olmasa necə xaotik vəziyyət
olduğunu heç təsəvvürünə gətirmisən?
Sənin dediklərin isə kamilləşmiş
insanlara xas xüsusiyyətdi. Hamı
üçün deyil. Hamı
üçün olmadığına görə, kütləni
idarə eləmək üçün din var, qanunlar var. Mənəvi
dəyərlər elə bunun üçündü.
– Bəlkə
heç mənəvi dəyərlər lazım deyil. Həyatın axarına qoşulub yaşayanlar
üçün həyat daha rahat olduğuna görə, bəlkə
elə ən doğrusu budu?
– Mənə
elə gəlir ki, son vaxtlar həyatın axarına qoşulub
yaşayanlar daha çoxdu. Rejim çökəndən
sonra insanların içində də bir
çöküş yarandı. Bu elə-belə
ötüşmür ki, uzun müddət psixologiyalara təsirini
göstərir. İnsanların öyrəşdiyi
dəyər çökür həm də. İnsanlar pulundan belə hər şeyini itirdi və
yenidən başlamalı oldu. Və bu
izsiz ötüşmür, valideynlərdən övladlara
keçir. İtirəcək bir şeyi
qalmayan insanlardan hər şey gözləmək olar. Son vaxtlar bu qara toplum məni narahat edir. Dəyər sistemini ona görə yaradıblar ki,
insanları idarə eləmək mümkün olsun. İdarəolunmaz toplum qorxuludu. Necə
ki, biz bunu Əfqanıstanda, İraqda, Suriyada baş verənlərin
nümunəsində görə bilirik. Sistemi
dağıdırlar, sonra xaos başlayır. İnsanların daxili aləminə arxalansaq isə
çox şey baş verər. Sən
düşünürsən ki, məsələn, bu əşya
filankəsindi, xoşuna gəlsə də toxunmarsan. Amma başqası elə düşünmür
axı, xoşu gəlirsə məcbur dartıb alır.
Lazım gəlsə buna görə baş da kəsər.
Buna görə də idarə etmə sistemini
möhkəmləndirmək və qorumaq lazımdı. İnsanlara güvənsək çox şey baş
verər.
– Son illər
Azərbaycan qadınının yadına düşüb ki, təkcə
ana, bacı, xala, bibi deyil, həm də qadındı. Evli qadınların gündə biri başqasına
qoşulub gedir.
–
Bütün bunlar yenə də dediyim tənəzzülün
fəsadlarıdı. Bu qadınlar hisslərinin
ardınca getmirlər, macəra axtarırlar. Biz bunlara haqq qazandırsaq təsəvvürünə
gətirirsənmi cəmiyyət necə olar? Elə bilir getdiyi yerdə qayğı görəcək.
Evində heç olmasa bir nəfər
döyür. Gedib düşəcək ya bara,
ya orqan mafiyasının əlinə. Hökm
çıxarmağı sevmirəm, amma hər şeyi də
kişilərin üstünə atmaq olmaz, axı. Bəlkə qadının özü döyülməyə
rəvac verir. Baxırlar türk
seriallarına, yaxud da, bəzi aktrisaların ondan-bundan alıb
geyindiyi paltarlara, kiminsə bağının
açarını alıb çəkdirdiyi verilişlərə,
elə bilirlər bunlar da kiməsə qoşulub gedəndə
eyni həyatı görəcəklər. Bu
gün televiziyada göstərilən realiti-şoularda bu məsələləri
çox qabardırlar, bunun axırı yaxşı deyil.
Ailə institutunun dağılmağı
yaxşı heç nə vəd eləmir.
Belə hallar yəqin ki, bütün dövrlərdə
olub. Amma yəqin ki, bu qədər də deyildi. Zamanla dəyərlər dəyişir. Bəlkə insanları qınamaq da lazım deyil.
Günahın hamısı zamandadı...
– O
zamanlar sözə, şəxsiyyətə hörmət var
idi. Məsələn, mənim atamın bir
sözü ilə imkansız kənd ailələrinin
uşaqlarını univeristetə qəbul edirdilər, yaxud, kəsiləndə
imtahandan keçirdirdilər. İndi bu
mümkün deyil. Kiməsə bir söz
deyərsən, elə bilərlər pulu alıb yemisən.
Görünür, bu həm də şəxsiyyətinə
inanacağın insanların sayının azalmasına görədi.
Bax bayaq dediyim dağılmaq, həm də bu
dağılmaqdı. Yenə deyirəm,dağılmaq
təkcə gözlə gördüyün şeylərin
dağılması deyil ki, insanın içi də
dağılır.
– Vətən
torpaqları kimi, yəni? Odamı prosesin tərkib
hissəsi kimi öz-özünə parçalanıb
dağılır? Bəs vətən xaini deyirdilər,
satqın deyirdilər, nə deyirdilər?...
–
Böyük bir dövlətin dağılması
üçün böyük bir plan var idi. Qarabağ
da həmin planın tərkib hissəsi kimi başladı, bir
tərəfdən Dnestryanı torpaqlar, digər tərəfdən
Abxaziya məsələləri bir-birinin ardınca ortaya
atıldı. Bizdən asılı deyildi.
Bu məsələnin böyük bir izahı
yoxdu. Bu qədər bəsit və sadədi
hər şey. Yəni, heç kim
heç nəyi satmayıb. Ola bilsin bir-iki
qaçaq-quldur kiminsə evindən bir-iki stol-stul oğurlaya
bilərdi. Fərsiz olmuşuq, dövlətin
dağılmasına hazır olmamışıq. Bu başqa məsələdi....
O yerlərdə
doğulub böyüyənlər, gənclikləri o yerlərdə
keçən ahıl qarabağlılar kimi görmək istəyirəm
Qarabağı.Haqqında verilişlər görəndə
kövrəlirəm. Mənim indi Avropaya can atan
vaxtımdı. Deyəsən vaxtından qabaq
yaşlanmağa başlamışam.
– Mən 2011-ci ildə
Türkiyəyə gedəndə, İran sərhəddi ilə
Naxçıvana keçirdik. Arazın o tayından Cəbrayılın
kəndləri görünürdü. Ağırlıqdan
başqa heç nə vermir. Bilirsənmi,
bəşər yaranandan bu belədi. Antalya
dünənə qədər italyanların əlində idi,
indi gedib dincəlirik. Gerçəklikləri
düşünmək lazımdı. Yuqoslaviya
dağılanda nə qədər yuqoslav
öldürüldü, nə oldu ki? Kalininqrad
almanların şəhəri idi və adı da Keniqzberq idi.
İndi ruslar oturub içində, almanlar
heç yaxın da gedə bilmirlər. Bunlar
siyasi məsələlərdi, yəni müharibə yolu ilə
torpaqların yenidən bölüşdürülməsi.
İmperiyalar çökür və onun nəticəsində
belə hadisələr baş verir.
Bilirsənmi, çarpayının hansı tərəfində
yatırsansa, bəzən onun üçün də
darıxırsan səfərdə olanda. Bunun adı vətəndi.
İnsan yeddi yaşına kimi nəyi yeməyə
öyrəşirsə ağız dadı o cür
formalaşır. Ona görə deyirlər
ki, anamın bişirdiyi yeməklər
hamısınınkından dadlıdı. Öyrəşdiyin həyat tərzi, məişət
vətəndi. Aqil hərdən
böyüdüyü yerlərdən, bəlkə bir xatirəni
otuz dəfə danışıb. Mən
özüm də o yerlərdə çox olmuşam. İndi mən özüm o yerlərin xiffətini
çəkirəmsə, gör indi orda doğulub
böyümüş adamlar nələr çəkir.
–
İyirmi yanvar hadisələri haqda da iyirmi beş
ildi müzakirələr gedir, ittihamlar səslənir. Bir halda ki bu da bir planın tərkib hissəsi idi,
demək vətən xaini, qəhrəmanlıq məsələləri
də lüzumsuzdu?
–70 il sərt
qanunlarla idarə
olunmuş bir dövlətin
içində üsyan başlayır və dövlət qurumları bunu
özbaşına buraxa bilməz. Sərhəd dirəklərini
sökürlər, dövlət qurumlarının fəaliyyətini
dondururlar və sairə. Xaos başlayır ölkədə...
Bunu həll eləmək lazımdı. Amma nə şəkildə? Məsələ
bu ammadadı. Tank, top-tüfəng lazım deyildi ki... Elə
soyuq hava idi, su
fışqırtsaydılar adamların üzərinə hamı dağılışıb gedərdi
evinə. Həmin hadisələri törədənlər elə hökumətin qəddar
düşmənləri idilər
ki, günahsız vətəndaşlarını qətl etdilər.
Halbuki, tamam başqa
yolları da vardı... Tam səmimi deyirəm, Sovetin
dağılmasına səbəb
həm də ciddi siyasi liderin yoxluğundan
qaynaqlanırdı... O
vaxt Qorbaçov yox,
Heydər Əliyev
olsaydı dövlətin başında və ruslar öz
şovinist düşüncələrindən əl
çəksəydilər, o hadisələr də olmazdı,
deyə düşünürəm. Bəlkə
yanılıram... O
hadisələr
bir dövlətin tənəzzülü idi. Lazımi anda lazımsız
aktlar həyata
keçirməklə... Subyektiv fikrimdi.
–Adama elə
gəlir ki, hər şeyin qloballaşdığı dövrdə
vətən anlayışı zamanla keçib getməkdədi.
Zatən indi kimə hara, hansı ölkə
xoşdursa, çıxıb ora gedir. Daha heç nəyin
və heç kimin uğrunda ölmək də istəmirik, hərə
öz hayındadı...
- Vətən uğrunda hər zaman ölən olacaq... Yanvar hadisələri tamam başqa aspektdən izah olunmalıdı. İndi xaos yaratmaq istəyənləri cəzalandırmazlar ki? Hara getsən də Vətən Vətəndi. Pafossuz filansız.Vətən mücərrəd görünə bilər anlayış kimi . Amma çox gerçək bir substansiyadı.Səhər üzümü yuduğum əlüzyuyan, qapıdan çıxıb işə getdiyim küçə, görməyə alışdığım binalar, sən,mən. Bunlar Vətəndi...
Feyziyyə
525-ci qəzet.-
2015.- 17 yanvar.- S.22-23.