Bir ümmandan yüz ləpə
Azərbaycan Yazıçılar Birliyi “Ən
yaxşı şeir” müsabiqəsi təşkil edib və
“10 şair-100 şeir” poeziya almanaxında müsabiqə qaliblərinin
şeirləri nəşr edilib. Söhbətimiz həmin
almanaxdakı şeirlər haqqında olacaq.
Bu gün
–XXI əsrin ikinci onilliyində yenə də poeziya
qapıları döyməkdə, ürəkləri oxumaqda,
zövqləri oxşamaqda, həyatın və gözəlliyin
mənasını,
Dünyaya, Tanrıya vaqif olmaqda bizim ən yaxın
sirdaşımızdı. Azərbaycan şeiri
yüzilliklər boyu bu əbədi missiyanı şərəflə
yerinə yetirməkdədir. Doğrudur,
indi şeir aləmində bir qədər xaos və hərcmərclik
hökm sürməkdədir. Şeiri anlayanların həyatını,
yuxusuz gecələrini poeziyaya həsr edənlərin
sayı qrafoman şairlərin sayı qədər deyil.
Azdır, amma istedadların sayı da az deyil və bu da bizim
poeziyaya məhəbbətimizi gün-gündən daha da
artırır, “şeirsiz yaşamaq mümkün deyil” fikrini qətiləşdirir..
Hər
hansı bir almanax ya şeir toplusu müasir şeirimizin ümumi
mənzərəsi haqqında müəyyən təsəvvür
yarada bilər və bu mənada “10 şair-100 şeir”
almanaxına nəzər yetirmək kifayətdir.
10
şair- İbrahimxəlil, Qəşəm Nəcəfzadə,
Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam
Yaşar, Səyyarə Məmmədli, Adil Cəmil, Şəbnəm
Xeyrulla, Ələmdar Cabbarlı. Qaliblər sıra ilə
düzülüb və əlbəttə, birinci ya onuncu yeri kimin
tutmasından asılı olmayaraq bu almanaxda ilk növbədə,
ən yaxşı, müasir poeziyanın tələblərinə
cavab verən şeirlər üzərində
dayanmalıyıq.
Amma
öncə iki suala cavab axtaraq: birincisi; bu almanax ümumilikdə
bizi düşündürən, bir çox suallara, mətləblərə,
həyati məsələlərə cavab verirmi?
Vaxtilə
rus tənqidinin atası V.Q.Belinski deyirdi ki: “Hansı
poeziyanın ki, kökləri müasir həyatda deyildir,
hansı poeziya ki, həyata işıq saçmır, onu izah
etmir,-bekarçılıq əlamətidir, zərərsiz də
olsa, havayı vaxt keçirməkdir, gəlin-gəlin və
çöp-çöp oynamaqdır,
avaraçılıqdır..” Bu mənada
poeziyanın həyatda, oxucu dünyasında və cəmiyyətdə
böyük rolu var. İkincisi; haqqında
danışdığımız almanax bütövlükdə
müasir Azərbaycan poeziyasını nə dərəcədə
əks etdirir? Fərdi üslublardan, deyim tərzlərindən
tutmuş müxtəlif poetik istiqamətlərə, meyl və
tendensiyalara qədər poeziyamızın rəngarəngliyini
görə bilirikmi? Və nəhayət, bu
şeirlərdə poeziya naminə hansı
axtarışların şahidi oluruq? Bu
suallara yazının sonunda cavab verərik. Ancaq söhbətə başlamamışdan öncə
almanaxla bağlı iki iradımı bildirmək istəyirəm.
Birincisi: məlum olmur ki, bu almanaxın tərtibçisi
kimdir, kimlərdir? İkincisi: almanaxda təqdim olunan şeirlərin
müəyyən bir qismi şairlərin çoxdankı
şeirləridir. Hətta iyirmi il əvvəl
qələmə alınan şeirlərə rast gəldik. Ancaq bunların üstündən sükutla keçək,
almanaxdakı şeirlər haqda söz açaq. Deyək ki, şeirin köhnəsi, təzəsi
olmur, yaxşısı olur.
Fikrimizcə, 100 şeir müasir Azərbaycan
insanının –müasirimizin mənəvi
dünyasını anlamaqda, dərk etməkdə yetərincə
olmasa da, müəyyən mənada təsəvvür yarada
bilər. Bu insan elə bir dövrdə yaşayır ki, zaman
onun yanından şütüyüb keçmir, o, zamanın
bu dolaşıq düyünləri, kələfləri
içində dünyanı, özünü və cəmiyyətdə
baş verən olayları dərk etməyə
çalışır. O, tarixə, keçmişə,
Azərbaycan dünyasına və bu günə bağlı
bir insandır. Qürbət
ağrısını da yaşayıb, Vətən
sevdasını da.
Mən
yarı qürbətəm, yarı vətənəm...
Demə
ki: qanadı, əlbət, yarası!
Mən sənin
dərdini çəkirəm elə;
Qalarsan sən
vətən-qürbət arası!...
Görürsən?-vətən
də yarı verilib...
Qələmin qürbətin, dilim vətənin.
Ölməyə
ki vətən yaxşıdı...sən de:
Hansı yarısında ölüm vətənin?
Mən
yarı qürbətəm, yarı vətənəm...
Güneyin, qüzeyin qarı qalmadı?
Vətən
tərəfimiz əkizdi bizim,
Qürbət
tərəfimiz yarı almadı...
Bu şeirin müəllifi İbrahimxəlildir, amma onun
Azərbaycan haqqında bu orijinal deyimləri, zənn edirik,
almanaxdakı digər şairlərin də poetik
düşüncəsinə şamil oluna bilər (Vətən
haqqında şeirlər yazmasalar belə). Əlbəttə,
eynən yox, müxtəlif variasiyalarda. Deyək ki, Emin
Pirinin “Başdaşları utandırdı məni”, “Mələklərə
atılan mərmilər”, Adil Cəmilin “Qarabağ”, “Yurd
yerim-dərd yerim”, Ələmdar Cabbarlının
“Könlüm Kəlbəcərə köçüb yuxuda”,
Səyyarə Məmmədlinin “Taleyimə”, “Sağalmaq bilmir
yaramız” şeirlərində olduğu kimi.
Məsələ burasındadır ki, XXI əsr poeziyada
fərdin, şəxsiyyətin görünməyən
dünyasını, qayğı və mənəvi təbəddülatlarını
ön plana çıxardı. İndi şairlər
Tanrıya, Dünyaya və Vətənə, həm də
yaşadıqları cəmiyyətə daha çox öz fərdi
aləmindən boylanırlar.Bu fərdi dünyaların
bir-birilə kəsişən nöqtələri də var,
tamam fərqli məqamları da. Tutaq ki,
Adil Cəmillə Emin Pirini və Ələmdar
Cabbarlını bir nöqtədə birləşdirən
müharibənin ağrı-acılarıdırsa, Həyat
Şəmi ilə Fərqanə Mehdiyevanı birləşdirən
həyata sırf qadın-ana-ömür yoldaşı
bucağından yanaşma tərzidir.
Amma təbii
ki, dünyada bir-birinin tam oxşarı olan insan tipi mövcud
deyilsə, fərdi üslub baxımından da eyni şair ola bilməz. Ona görə də
almanaxda şeirləri çap olunan hər bir şairin özəl,
fərdi üslubu haqqında fikir və mülahizələrimizi
yığcam şəkildə ifadə edək.
İbrahimxəlil şeirdə 60-70-ci illərin poetik
düşüncə arsenalına sadiqdir. Azərbaycan, Araz, Vətən,
Sınıq Körpü mövzularına yenilik gətirməyə
çalışır. Və əksərən
buna bədii təsvir vasitələrinin hesabına, “köhnə
havalarda” təzə notlar səsləndirməklə nail
olmağa çalışır. Deyək
ki, onun Göyçə haqqında yazdığı şeir
nə qədər nisgilli olsa da, burada deyilməli təzə
söz yoxdur. Amma sonu “Üzüqoylu axan tək
Arazdımı?” və əvvəli “Əyriqarda bir mən
qaldım” misrası ilə başlanan şeirlərində
İbrahimxəlil qəriblik, qürbətlik, Araz
mövzularına təzə çalarlar gətirir.
Sınıq Körpü, Əyriqar, cəllad
kötüyü...bu sözlər onun şeirlərindəki
qürbət havasını ifadə edən simvollara
çevrilirlər.
Qəşəm Nəcəfzadə artıq yetkin bir
şairdir və almanaxda onun on şeirindən səkkizi sevgidəndir. Özü də
bu şeirlər gənclik illərində qələmə
alınıb. Təfərrüata varmadan
deyə bilərəm ki, bunlar Qəşəmin sevgi
haqqında ən gözəl şeirləri idi və o illərdə
Qəşəmi sevgi şairi kimi tanıda bildi. O səbəbdən
ki, Qəşəmin sevgi şeirlərindəki hisslər son
dərəcə təbii idi. Yaşanılmış,
ürəyin içindən keçən və ürəkdə
yaşamaq yanğısını, sevmək ehtirasını
artıran duyğulardan yaranmışdı. Elə ifadələr,
elə təşbihlər, metaforalar vardı ki, bunları
ancaq Qəşəm yaza bilərdi və yazdı da:
“Ayağın altında nazlanan toza”, “Saçlarımın ağ işığında əllərin
uçdu” və s.
Fərqanə
Mehdiyeva. Fərqanə qadın yazarlar
arasında poetik SƏSİ ilə seçilən özünəməxsus
şair kimi diqqəti cəlb edir. Şair
var ki, şeirlərində misralarının soyuqluğu
adamı üşüdür, amma Fərqanənin misraları
ürəyə, beyinə işıq paylaya bilir. Fərqanə
adi sözləri və ifadələri də şeirdə ehya
edə, ona təzəlik verməyə can atfır. Məsələn, “belədən belə” ilkin anlamda
heç şeirə gətirilməsi namümkün
görünən ifadədir, amma Fərqanə o ifadəyə
şeiriyyət donu geyindirə bilib. Ona
daha sanballı, “Təndir” və “Ana” silsiləli şeirlər
yazmağı arzulayaq.
Emin Piri bu günün gənc
adlandırdığımız şairlər içərisində
ən istedadlılardır,-desəm, səhv etmərəm. İki cəhətinə
görə onu xüsusi qiymətləndirmək
lazımdır. Birincisi; Emin hər sözə,
ifadəyə sanki zərgər dəqiqliyə yanaşır,
Ramiz Rövşən demişkən, sözün tozunu
alır və sözlə çox sərbəst, ondan
qorxmadan, çəkinmədən rəftar edir. Buyurun
baxın:
Əsgər
sinəsi axtarır
isinməyə
fevral
şaxtasından
üşüyən güllə.
hər əsgər
tabutu
bir
ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən
qızın arzularını
götürüb gedər
hər
atılan güllə.
Həyat Şəmi. Mövzu seçməkdə
çox sərbəstdi. Hər hansı
bir şeirini adi danışıq tonu ilə başlayır,
sanki oxucusuyla müsahib olmağa, ünsiyyət qurmağa can
atır, sonra misraların axarınca demək istədiyi fikrin
poetik çalarları görünür və şeir bitəndən
sonra qarşında bitkin bir lövhə canlanır. Hal-hazırda həsrətin “rəsmlərini” çəkir.
Bu şeirlərin içində “Sinami”
xüsusilə seçilir.
İntiqam Yaşar. İyirmi dörd yaşı var. Hiss olunur
ki, axtarışdadır. Hiss olunur ki, hələ sevgi
“xumarlığından” ayılmayıb. Bundan ayılsa, bir az ətrafına nəzər yetirsə, maraq
dairəsi genişlənsə, görəcək ki, tale onu
“bir az ayaqlaşmağa, sevinclə rastlaşmağa, qəmlə
qabaqlaşmağa” səfərbər edir. Amma ümumilikdə
şeirlərində şairlik üçün az-çox yetərli
olacaq nəfəs duyulur.
Səyyarə Məmmədlinin şeirlərində həsrət
motivləri diqqəti cəlb edir, ancaq bu həsrət şəxsi,
subyektiv hisslərdən deyil, Vətən
ağrısından, yurd yanğısından doğur. Ən böyük arzusu “O
doğma yerlərə dönüm”dür və deyir ki:
“sağalmaq bilmir yaramız”. Şeirlərində
bəzən bədbinlik notları üstünlük təşkil
edir, bunu da anlamaq olar.
Özü demişkən: “Dağdan gəlib, dağ
havası gətirmədik Bakıya. Ürəyimizə
çəkilən “dağ”ı gətirdik. Bölgə-bölgə axışıb,
qaçqın-qaçqın dərd yüklədik
Bakıya”. Qeyd edim ki, şeirimizdə bu əhval-ruhiyyə:
qaçqın-köçkün ovqatı əvvəlki illərlə
müqayisədə bir az səngiyib. Və məsləhət görərdik ki, Səyyarə
xanımın şeirlərində bu ovqat-bu nisgil dəf
olunsun, Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan
əsgəri” çağırışına qoşulsun.
Adil Cəmilin
şeirlərinə gəldikdə isə bircə məşhur
məsəllə kifayətlənməli olacağıq:
“görünən kəndə nə bələdlik”.
Şəbnəm Xeyrullanın şeir
yazdığını ilk dəfə bu almanaxda gördük.
Hiss olunur ki, deməyə
sözü var. Amma təbii ki, sözü necə incələmək,
poeziya məqamına çatdırmaq üçün istedad
lazım. Bu istedadı biz onun yalnız iki
şeirində (“Bayramın mübarək, müqəvva” və
“Zindan”) müşahidə etdik. Fransız yazarı
Cül Renarın bir fikrini misal gətirmək istərdik:
“Üslub-bütün üslubların yaddan
çıxarılmasıdır”. Şəbnəm
xanım şeirə gəlirsə, ilk növbədə,
şeiriyyət aləmində öz SƏSi ilə seçilməlidir.
Buna inanırıq!
Ələmdar Cabbarlının şeirləri də onun
artıq yetkinliyə, nəfəsini, səsini hiss etdirməyə
doğru cəhdlərinin şahidi oluruq. Şeirlərində
sözün, ifadənin poetik sanbalını, çəkisini
hiss edirik. Mümkün qədər
çalışır ki, deyilmişləri təkrar etməsin.
Bir az yumorla deyir Ələmdar: “Elə
yaşa, başındakı Papaq səndən razı
qalsın”. Biz də belə deyərik:
“Elə yaz ki, elə yaz ki, Şeirin səndən
razı qalsın”.
...Qayıdaq
yenə yazının əvvəlində verdiyimiz iki suala.
Əlbəttə, bir almanax vasitəsilə-100 şeirlə
müasir Azərbaycan poeziyasının ümumi mənzərəsini,
başlıca xəttini, axtarış meyllərini üzə
çıxarmaq asan məsələ deyil. Çünki müasir şeirimizin
panoramı genişdir, zəngindir, heç bir dövrdə təsadüf
etmədiyimiz müxtəlif üslub axınları, xətləri,
hətta bir-birini inkar edən, bir araya gəlməyən “izm”lərin
rəqabətini müşahidə edirik. Bu
almanax həmin mənzərənin bəzi məqamlarını
açıqlayır. Hər halda
ümmanda 100 ləpə də o ümman haqqında təsəvvür
yarada bilər.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.-
17 yanvar.- S.20.