Mənəviyyat adamı
İstənilən cəmiyyətin gücü
mənəviyyatdadır. Mənəviyyat varsa sabaha ümid,
getməyə yol, udmağa hava var. Mənəvi işartılar
olmayan yerə həmişə mağara
havası hopur. Hətta balaca bir kollektivdə
də söykənəcək
üçün mənəvi
dəyərlər yoxdursa,
orada ruhi birlik alınmır, sadəcə ora nəyə xidmət etdiyi bilinməyən adamlar yığnağına
çevrilir.
Qaranlığa işıq salan mənəviyyatı da, adamları bu işıqdan məhrum edən mənəviyyatsızlığı
da insanlar yaradır. Bir az Şərq didaktasına bənzəyən
bu məlum fikirləri ona görə yazıram ki, hazırda Azərbaycan cəmiyyətini
az qala cənginə
almış mənəviyyatsızlıq
burulğanı o səbəbdən
bizə güc gələ bilmir ki, hələki savaş vadisində sayrışan, şərə
müqavimət göstərə
bilən ayrı-ayrı
parlaq insanlar var. Mənim tanıdığım
belə insanlardan biri Bakı Dövlət Universitetinin professoru, televiziya və radio tarixinin tanınmış tədqiqatçısı,
görkəmli təhsil
təşkilatçısı Yalçın Əlizadədir.
lll
Bəlkə üzdə olan
başqa ziyalılarla
müqayisədə Yalçın
müəllim kütlə
arasında çox da populyar deyil
(çünki hədsiz
təvazökardır, özünü
gözə soxmaz, kimlərinsə xoşuna gəlmək üçün
özünü oda-közə
vurmaz), amma jurnalistika mühitində,
ali təhsil sistemində hamı onu tanıyır və nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi hörmət edirlər.
Zahirən quru, ünsiyyətə
meylli olmayan, bir az sərt, hövsələsiz,
hər xırda məsələ üzərində
dayanan, sanki prinsipial olmayan bir şeyə görə güzəştə
getməyən adam təsiri bağışlayır.
Amma yaxınlaşdıqca, duyduqca,
mahiyyətə vardıqca,
xüsusən, böhranlı
vəziyyətlərdə onun
mərdanə davranışlarını
gördükcə bu adamın hansı böyük mənəvi ölçülərlə yaşadığının
şahidi olursan.
Yalçın müəllimi tələbəlikdən
tanıyıram, elə
tələbəlikdən də
onun zəhmətkeş
və vicdanlı adam obrazı
beynimdə ilişib qalıb. Əslində onunla ünsiyyətdə
olduğum ilk epizod yaddaşımda kino kadrı kimi elə hey fırlanır.
Mən ikinci kursda oxuyurdum, o vaxt universitetin yuxarı binasında hansısa fakültədə
yanğın hadisəsi
olmuşdu və belə halların təkrar edilməməsi üçün bütün
fakültələrdə gecə-gündüz
növbətçilik sistemi
tətbiq olunmuşdu. Gecə növbələrində
mütləq bir tələbə və bir də müəllim
qalmalı idi. Növbətçilik cədvəlində mənimlə Yalçın
müəllimin adı
yanaşı yazılmışdı.
Axşam
saat təxminən
10-da biz növbəni təhvil
aldıq. O zaman mən fakültənin sayılıb-seçilən pedaqoqlarından
biri olan Yalçın müəllimlə
söhbət etmək
imkanı qazanmışdım,
amma bir az ordan-burdan
danışdıqdan sonra
başa düşdüm
ki, müəllimin söhbətə çox
da həvəsi yoxdur. Odur ki, işimi
bilib onu söhbətə tutmaq planından vaz keçdim. Hərəmiz özümüzlə gətirdiyimiz kitabı açıb vərəqləməyə
başladıq. Yalçın
müəllim arada kitabdan başını qaldırır nə isə fikirləşir, sonra qarşısındakı
ağ vərəqdə
qeydlər edirdi, anladım ki, nəsə yazır.
Biz Jurnalistika fakültəsinin
Y.Saratov küçəsindəki
kiçik binasında
növbə çəkirdik. Mən yuxum gəldiyini hiss edəndə çıxıb
dəhlizdə gəzişirdim,
Yalçın müəllim
isə yazıb-pozmaqda
davam edirdi. Gecə saat 2-yə işləyəndə qeyrət
məni boğdu və müəllimə kişiyanə təklif etdim ki, o evinə
getsin mən növbəni
tək yola verərəm. Yalçın müəllim mənim
bu “kişi” təklifimi təbəssümlə
qarşıladı və
yüngülvari izah elədi ki, belə məsul növbə də bir meydandır və onu qoyub
getmək olmaz. Ona qulaq asa-asa
mən “kişi”ni nə vaxt yuxu apardığını
bilmədim. Bir də Yalçın
müəllim məni
astaca, mehribanlıqla silkələyib oyadanda gördüm ki, hava yavaş-yavaş işıqlanır. Gözlərindən
yuxu tökülən
müəllim bildirdi ki, indi o, radioya
gedir, qəzetlərin
xülasəsini yazacaq,
oradan da qayıdıb birinci saat dərsə girəcək...
lll
Yalçın Əlizadənin jurnalistlik
fəaliyyəti radio ilə
sıx bağlı olub. 1962-ci ildə Universitetin Jurnalistika bölməsini bitirdikdən
sonra bir müddət radioda çalışıb, reportyorluq
edib, redaktor və şöbə müdiri olub. Efirə bir-birindən maraqlı reportaj və oçerkləri gedib, daim axtarışda olan bacarıqlı jurnalist kimi qeyri-adi insanlarla müsahibələr aparıb,
görkəmli elm xadimlərinin
efir portretini yaradıb. Çalışdığı kollektivdə tezliklə
böyük hörmət
sahibi olub, biliyi, bacarığı, istedadı ilə çoxlarından fərqlənib.
Nəhayət, “Xəbərlər” baş redaksiyasının
baş redaktoru vəzifəsinə irəli
çəkilib, radionun
çox mühüm,
hər dəqiqəsi
yüksək məsuliyyət
tələb edən informasiya işinə rəhbərlik edib. Radioda Hacı Hacıyev, Valid Sənani, Bəhram Gözəlov, Aydın Qaradağlı, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Ramiz Mustafayev, Sabutay Quliyev, Altay Zahidov kimi parlaq
jurnalist, diktor və radio xadimləri ilə çiyin-çiyinə
çalışıb.
Bakı Dövlət Universitetində
Jurnalistika bölməsi
fakültəyə çevrildikdən
sonra zəngin jurnalist təcrübəsi
olan müəllimlərə,
həm nəzəriyyəni
yaxşı bilən,
həm də öz sahəsinin peşəkarı olan jurnalistlərin tədris işinə cəlb edilməsi zərurəti yaranmışdır. Bax belə bir vaxtda Yalçın Əlizadəni Jurnalistika fakültəsinə müəllimliyə
dəvət edilib.
Radio və televiziya
jurnalistikasından dərs
deməyə və elmi axtarışlar aparmağa başlayıb.
Ölkəmizdə ilk dəfə
Azərbaycan radiosunun tarixini araşdırıb,
tanınmış televiziya
nəzəriyyəçisi Moskva Dövlət Universitetinin Televiziya və Radio jurnalistikası
kafedrasının müdiri,
professor, həmyerlimiz Ənvər
Bağırovun rəhbərliyi
altında namizədlik
dissertasiyası müdafiə
etdi. Tezliklə fakültədə yeni yaradılmış televiziya, radio jurnalistikası
və tərcümə
kafedrasının müdiri
seçilib.
Bu dövrdə praktik
jurnalistika fəaliyyətini
davam etdirən, televiziya və radio üçün maraqlı
ssenarilər yazan Yalçın müəllim
elmi araşdırmalarını
da davam etdirib. İlk dəfə “Radio jurnalistikası” dərsliyini
yazıb, bu kursun xüsusi proqramını hazırlayıb.
Daha sonralar “Azərbaycan efiri: tarix və müasirlik”
kimi sanballı monoqrafiyanı ortaya qoyub, neçə-neçə
dissertanta və aspiranta elmi rəhbərlik edib.
lll
İnsanın hansı mənəvi keyfiyyətlərə sahib olması,
o, vəzifə başında
olanda daha aydın üzə çıxır. Bu mənada
professor Yalçın Əlizadə
Jurnalistika fakültəsində
uzun illər dekan vəzifəsində çalışarkən yüksək
əxlaq sahibi olduğunu, hansı ictimai ideallara xidmət etdiyini, mənəvi təmizliyini,
dürüstlüyünü və başqa parlaq mənəvi keyfiyyətlərini nümayiş
etdirə bilib.
Əslində Jurnalistika fakültəsində başqa cür olmaq da mümkün deyil, çünki bu tədris ocağı yaranandan burada Həsən Şahgəldiyev, Nəsir İmanquliyev kimi ləyaqətli jurnalistlər dərs deyib. Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Akif Rüstəmov kimi peşəkar qələm sahibləri və parlaq mənəviyyat adamları fakültənin dekanları olublar. Ona görə də burada dekan vəzifəsini tutmaq daim rentgen şüaları altında olmaq deməkdir: sənin hər addımın görünür, izlənir və qiymətləndirilir. Nəcabətli bir ailədən çıxmış Yalçın müəllim də öz sələflərinin yolu ilə gedərək Jurnalistika fakültəsində əxlaqi varisliyi məharətlə təmin edə bildi. Nəzərə alsaq ki, onun dekanlığı mürəkkəb keçid dövrünə, insanların əxlaq və psixologiyasında ciddi tərəddüdlərin baş qaldırdığı bir dövrə düşmüşdü, onda bu böyük şəxsiyyətin fakültədə əxlaqi dəyərləri hansı mənəvi gücün hesabına saxladığını anlamaq olar. Təbii ki, bu asan başa gəlmir, bəzən səndən küsür, inciyir və daha çox da güzəşt, nöqsanlara göz yummaq, yumşaqlıq və mərhəmət umurlar...
lll
Yalçın müəllimdə mənim müşahidə etdiyim çox parlaq keyfiyyətlər var: şəxsi ləyaqət hissini yüksək tutar, çox qürurludur, gözü toxdur və həmişə nəfsinə hakimdir, ömründə kimsənin qabağında əyilməz, layiq olmayan adamı tərifləməz, zərrə qədər də kiçilməyi özünə rəva görməz, istedadlı adamlara dəyər verər, öz həyat prinsiplərinə sadiq qalar, gənclikdən bu yana dostluq etdiyi insanları həmişə yüksək qiymətləndirər, ehtiyacları varsa, hər zaman onlara əl uzadar. Dünyasını dəyişmiş dostlarından birinin dara düşmüş övladı üçün necə böyük əziyyətlərə qatlaşmasını, hansı qapıları döyərək onu fəlakətdən xilas etməsini görəndə, yaxud ədalətsizliklə üzləşmiş tələbəsinin müdafiəsinə qalxmasını müşahidə edəndə ürəyimdə həmişə ona minnətdarlıq hissi yaranıb.
Əslində də mənim ona minnətdarlıq borcum var, çünki 1998-ci ildə məni Bakı Dövlət universitetində ştata girməyə və yenidən fakultədə dərs deməyə, məhz professor Yalçın Əlizadə təkidlə dəvət edib...
Qulu Məhərrəmli
525-ci qəzet.-
2015.- 17 yanvar.- S.19