Jurnalistikaya məşhurlaşmaq, şöhrət qazanmaq xətrinə gəlməmişəm”

 

 

Tanınmış jurnalist İmran Bədirxanlının 50 yaşı tamam olur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən İmran Bədirxanlı “Səhər” (parlament müxbiri), “Zaman” (baş redaktorun müavini), “Həftə” (redaktor), “Gün səhər” (şöbə müdiri) qəzetlərində, STV (xəbər redaktoru) telekanalında çalışıb.

 

 2005-ci ildən İctimai Teleradionun əməkdaşı olan İmran Bədirxanlı əvvəl radioda müxtəlif səpkili verilişlərə müəlliflik və aparıcılıq, telekanalın “TV-1” jurnalına redaktorluq edib. Hazırda “Carçı-Film” Yaradıcılıq Birliyinin böyük redaktorudur.

 

– İmran müəllim, bir də gözünüzü açdınız ki, yaş 50-ni haqlayıb... Ya bəlkə səhv edirik: ömür heç də bir göz qırpımında keçmir...

 

– Haqlayıb nədir, lap basmarlayıb. Hər göz qırpımı bir andır, ömür də anlardan ibarətdir. Ömür yolumuz isə o anların düzümüdür. Həmin yolu hərə bir cür qət edir. Biri göyün yeddinci qatında, super avialaynerin VİP salonunda, digəri yerdə, bahalı CİP-in arxa oturacağında, üçüncü isə daşlı-kəsəkli kənd yolunda ləngər vura-vura yeriyən yük maşınının “podnojkasında” gedir. Amma əsas məsələ sonuncu dayanacağa o sərnişinlərdən hansının necə və nə ilə çatmasıdır. 

 

– 50 yaşda bu sual yersiz görünməz yəqin: yaşın nə fərqi var?

 

– Kiminçünsə var, kiminçünsə yoxdur. Mənim fikrimcə, insanın bir xoşbəxtliyi də öz yaşını yaşamağı bacarmasıdır. Siz elə bilirsiz hamı öz yaşını hiss edir? Yox, elə deyil. Ətrafımızda ömrünün çağlarını ilin fəsilləri kimi dəyişik salan, özünü yanlış ünvanlarda axtara-axtara son mənzilinə əliboş gedən o qədər insan var ki.

 

Bir qədər dərindən düşünəndə görərik ki, həyat elə hər yaşda maraqlıdır. O məşhur mahnıda deyildiyi kimi, sadəcə biz onu anlayıb-duymağı, özümüz də bir zərrə gözəllik yaratmağı bacarmalıyıq...   

 

– Xaçmazın Həsənqala kəndində doğulub boya-başa çatmış İmranı Bakıya, universitetin Jurnalistika fakültəsinə, media aləminə nələr çəkib gətirdi?

 

– Hər halda jurnalistikaya səhranın bəyaz günəşinin cazibəsinə aldanıb məşhurlaşmaq, şöhrət qazanmaq xətrinə gəlməmişəm. Necə deyim ki, şablon çıxmasın? Məni jurnalistikaya görüb-duyduqlarımı qələmə almaq istəyim, bir də yuxularımda mənə bu yolu göstərən O Gözəgörünməz qüvvə gətirib! Nə mənə qədər, nə də məndən sonra kəndimizdə bu peşənin qulpundan yapışan olmayıb, yoxdur. Amma çox istərdim ki, açdığım bu cığıra daha bir həsənqalalı düşsün.

 

Rayon qəzetində ilk yazım çap olunanda altıncı sinifdə oxuyurdum, on üç yaşım vardı. Həmin gün o yeniyetmə İmran mütləq jurnalist olacağına qərar verdi. İki il əmək stajı tələb olunan Jurnalistika fakültəsinə əsgərlikdən sonra, iyirmi bir yaşımda daxil olmuşam. Tofiq Rüstəmov, Nurəddin Babayev, Qulu Xəlilov, Nəsir İmanquliyev, Famil Mehdi, Nəriman Zeynalov (qəbirləri nurla dolsun), mətbuatımızın canlı korifeyi Şirməmməd Hüseynovdan jurnalistikanın nəzəriyyəsini, səksəninci illərin dövri mətbuatında imzalarını intizarla gözlədiyimiz Rafael Nağıyev, Şakir Yaqubov, Adil Qaçayoğlu, Yusif İsmayıl, Elman Qədirov, Cavid Xaspolad, Rusvat Bayramovdan isə necə yazmağı öyrənirdik.

 

Qismət elə gətirdi ki, ilk iş yerim “Səhər” gündəlik informasiya qəzeti, ilk redaktorum da Şakir Yaqubov oldu. Bu ustad sənətkarın yetirməsi olmağımla fəxr edirəm.

 

– Və peşman deyilsiniz jurnalistikanı özünüzə peşə seçməkdə...

 

– Qətiyyən! Eşitdiyini, gördüyünü beyindən, ürəkdən keçirib mövzuya, janra uyğun üslubda, ürəyəyatımlı və yaddaqalan formada qələmə alıb oxucuya, dinləyiciyə, tamaşaçıya çatdırmaq! Bu yaradıcı proses mənimçün çox maraqlıdır. Həmin proses müəllifdən təkcə savad və dünyagörüşü yox, həm də istedad tələb edir.

 

Məhz yaradıcılıq prizmasından yanaşsaq, şairlə, yazıçı ilə müqayisədə jurnalistə daha böyük bacarıq və istedad lazımdır. Müqayisəmə görə yazıçı və şair dostlarım məndən inciməsinlər, onlar üçün söz obrazlaşdırılan, duyğusallaşdırılan, təşbeh, mübaliğə, bənzətmə, istiarə və sairəylə süslənən, epik, poetik janrlarda İlahi kəlmədir.

 

Filoloq üçün söz elmi araşdırma sahəsidir.

 

Biz jurnalistlər üçün isə söz, bütün bunlardan bəhrələnməklə yanaşı, həm də silahdır. Konkret obyektə, yaxud subyektə tuşlanan silah! Əgər bu silah professional atıcının əlindədirsə, onda güllə düz hədəfə dəyəcək. Yox, silahı həvəskara, diletanta etibar ediblərsə, bu halda bütün darağı boşaltsa da, güllələr hədəfdən yan keçəcək. Bax, mən bu prosesdən – qələmi, mikrofonu nişangaha sərrast tuşlamaqdan zövq alıram. Ötən iyirmi üç ildə buna nə dərəcədə nail olmuşam, bunu artıq oxucum, dinləyicim, tamaşaçım deyə bilər. 

 

– Siz jurnalistikanın müxtəlif sahələrində çalışmışınız – qəzet, jurnal, radio əməkdaşı olmusunuz, indi də televiziyadasınız. Hansı daha önəmli gəlir sizə, hansı sahə daha maraqlıdır?

 

– Hamısı. Gördüyüm işin mahiyyəti eyni, xarakteri fərqli olsa da, hamısında həvəslə, zövqlə çalışmışam. Üst-üstə on ilə yaxın gündəlik qəzetlərdə işləmişəm. Sütül reportyorun peşəkar qələm sahibinə çevrilməsi, professionallaşması üçün qəzet mərhələsini çox vacib sayıram. Xüsusilə də fəaliyyətin başlanğıcında. Hesab edirəm ki, jurnalistin peşəkar vərdişləri (istər qəzet və jurnalda, istərsə də radio və televiziyada) yaza-yaza formalaşmalıdır. Leksikonun zənginləşməsi, fərdi üslubun, təsvir-təhkiyə vərdişinin, ələlxüsus da müşahidə, analitik düşüncə qabiliyyətinin yaranıb-formalaşması məhz qəzetdə baş verir. Bu, aksiomdur.

 

Operativliyinə görə radio və televiziya qəzeti üstələsə də, redaktədən və korrektədən keçən məqaləmin səhifəyə yerləşdirilməsindən aldığım zövqü heç də reportajımın, verilişimin efirə buraxılmasından keçirdiyim sevinc hissindən az saymıram.

 

Bu yay İctimai Teleradionun on yaşı, bu yeni media institutunda jurnalist fəaliyyətimin on ili tamam olacaq. Radioda veriliş aparıcısı, jurnal redaktorluğundan sonra yeddi ildir əcnəbi filmlərin tərcüməsi və redaktəsi ilə məşğulam. Kinoya həvəsim hələ tələbəlik illərindən başlayıb. O vaxtlar Tenqiz Abuladzenin, Andrey Tarkovskinin, Eldar Ryazanovun filmlərinə resenziyalar yazırdım. Yəni kinematoqrafiyadan azdan-çoxdan xəbərim vardı. Amma dublyaj tamam başqa aləmdir. Xarici filmin görüntüdən, səsdən tərcümə edilməsi isə əlahiddə sənətdir. Bu iş tərcüməçidən həm də aktyorluq bacarığı tələb edir. Filmdə bəhs edilən hadisənin iştirakçısına çevrilmədən, əsərin qəhrəmanları ilə tərəf-müqabil olmadan o dialoqları çevirmək, onları ana dilimizdə səsləndirmək mümkün deyil. Sən də gərək o qəhrəmanlarla birgə ölüb-diriləsən...

 

– 2005-ci ildə “Gün səhər” qəzetində çalışarkən Hacı Məmmədov qrupunun cinayətlərindən bəhs edən “Qan çanağı – Qarabulaq” araşdırma silsiləsinə görə “Media açarı” mükafatı almısınız. Bu tipli araşdırma yazmağa yenə həvəsiniz varmı?

 

– Həvəsim də var, enerjim də, istəyim də! Təki həmin reportaja, korrespondensiyaya, araşdırmaya çəkiləcək əziyyətin, ortaya qoyulacaq yaradıcılıq məhsulunun layiqincə qiyməti verilsin. Bu sözün hər iki mənasında. Qərbdə istər yazılı, istərsə də elektron mediada daha çox dəyərləndirilən, ən yüksək qonorarla mükafatlandırılan məhz araşdırma layihələridir, jurnalist təhqiqatlarıdır. Təəssüf ki, bizdə bu tip araşdırmalara sosial sifariş yoxdur. Bu, artıq medianın deyil, cəmiyyətin problemidir...  

 

– Son 10 ildə internet jurnalistikası da həyatımızın bir parçasına çevrilib. Bəziləri belə fikirləşir ki, internet mediası qəzetlərin belini qırdı...

 

– Yəni o bəziləri düşünür ki, qəzetin beli bu qədər incədir? Mən elə düşünmürəm. Qəzet jurnalistikanın əlifbasının yarandığı bir media məbədidir. Həm də ən qədim institutdur! Ən azı bu səbəbdən çap məhsulunun tamamilə aradan çıxması mümkün deyil. Düzdür, iyirmi-otuz il əvvəlki kimi bu gün qəzet köşklərinin qarşısında növbələr yoxdur, müasir qəzetləri də qırx, otuz, iyirmi, hətta on beş əvvəlki mətbu nəşrlərlə müqayisə eləmək olmaz. Böyük əksəriyyətinin informasiyanı, məqaləni təqdimetmə üsulları bərbad, jurnalistika elminin qayda-qanunlarından uzaq, dilləri də redaktəsiz, qüsurlu və pintidir. Bəli, peşəkarlıq çatmır. Qələminə və şəxsiyyətinə dərin hörmət bəslədiyim araşdırıcı alim, jurnalist Vasif Quliyev demiş, indikilərin doxsan faizi divar qəzetləridir. Elə həmin əksəriyyətin niyə, nə məqsədlə, hansı oxucu kütləsi üçün nəşr olunduğu bəlli deyil. Amma sayları az olsa da, oxunan qəzetlər var. Bunlar o nəşrlərdir ki, redaksiyalarında bir-iki nəfər professional, peşəsini sevən qəzetçi çalışır.

 

İnternet mediaya gəldikdə, həmin divar qəzetlərindəki qüsurlar özünü ən kobud şəkildə göstərir. Fakta, hadisəyə yanaşmada “xaltura” baş alıb gedir. Amma burada da bir-iki istisna tapmaq olar. Dilimizin saflığını qoruyan, jurnalistika prinsiplərinə ciddi riayət olunan azsaylı informasiya portallarından biri, bəlkə də birincisi “Media forum” saytı idi. Təəssüf ki, indi onun haqqında keçmiş zamanda danışmağa məcburuq...  

 

– Bugünkü media aləmində Sizi ən çox narazı salan nədir? Bəs nələrdən, belə demək mümkünsə, həzz alırsınız?

 

– Qəzetlər, saytlar barədə yuxarıda danışdıq. İcazənizlə, sualınıza elektron medianın nümunəsində cavab verərdim. Səhv etmirəmsə, dördüncü kursda oxuyurduq, Bakıya gəlmiş bir qrup alman jurnalisti fakültəmizin qonağı idi. Aralarında Almaniyanın ZDF ictimai telekanalının əməkdaşı da vardı. Ona belə bir sual verdim ki, siz xəbərlərə, analitik proqramlara aparıcıları hansı meyarla işə götürürsüz? Dedi ki, biz həmin proqramların aparıcılarını ən azı beş il qəzet təcrübəsi olan müxbirlərin arasından seçirik. Yəni bizdən fərqli olaraq onlara efirdə “betonsifət” modellər, “qar kraliçaları” yox, hadisənin içini tamaşaçıya çatdırmağı bacaran təcrübəli jurnalist lazımdır. Bu zaman həmin teleaparıcı məndən də qoca, altmış-yetmiş yaşlarında ola bilər. Uzağa niyə gedək, Türkiyənin nüfuzlu telekanallarının xəbər aparıcılarına fikir verin. Əksəriyyəti saç-saqqalı ağarmış ixtiyar qocalardır. Müasir tamaşaçı məhz belə insanlara etibar edir, onların dilindən səslənən xəbərə, şərhə inanır.

 

Tok-şouların aparıcılarından isə danışmağa dəyməz. Efirdə ağlaşmalı yas mərasimləri düzənləyən, “palatka toyları”, bayağı mədəni-kütləvi yubiley tədbirləri təşkil edən, şou əhlinin yataq otağının rənginə, itinin-pişiyinin menyusuna qədər ictimai müzakirəyə çıxaran dırnaqarası telejurnalistlər çoxluq təşkil edir. Bu millətin zövqünü başqa nə cür korlamaq olar? Ekrandakı bayağılıq kütləvi zövqsüzlüyə aparır.

 

Vallah, ailə ilə bir yerdə rahat baxa biləcəyimiz proqramlar yenə Azərbaycan Televiziyasında, “Mədəniyyət” kanalında, təvazökarlıqdan kənar saymayın, bir də elə bizim İctimai Televiziyadadır.

 

...Həzdən danışsaq, mənimçün birinci yerdə musiqi gəlir. İstər klassik, istərsə də müasir musiqi olsun, janr fərqi də yoxdur. Bizim milli musiqimiz olduqca çoxçalarlı və zəngindir. Üzeyir bəyin, Fikrət Əmirovun, Cahangir Cahangirovun əsərlərini, Tofiq Quliyevin, Xəyyam Mirzəzadənin, Elza İbrahimovanın bəstələrini saatlarla dinləyə bilərəm. Əcnəbilərdən son zamanlar nədənsə Şopen, bir də Vivaldi ürəyimə yatır.

 

– Ata yurduna, kəndinizə tez-tez getmək imkanı olurmu? Kəndə gedəndə hansı hissləri keçirirsiniz?

 

– Şəhərdə olanda kənd üçün, kəndə gedəndə şəhər üçün darıxmaq hissini yəqin çoxları yaşayıb. Amma müəyyən yaş dövründən sonra bu hiss dəyişir, deformasiyaya uğrayır. İnsan yaşlaşdıqca təbii olaraq ilkinə, əzəlinə qayıtmağa can atır. Yəqin bu, Yaradanın canlı xəlq etdiklərinin hamısına verdiyi ümumi bir cəhətdir. Burada yaddaşımızda silinməz izlər buraxmış uşaqlıq çağının xüsusi çəkisi, rolu var...

 

Üçüncü mikrorayondan Həsənqalaya yüz yetmiş beş kilometrdir. Yəni elə də böyük məsafə deyil, iki saatlıq yoldur. Orta hesabla ayda bir dəfə doğma yurda baş çəkirəm. Son illər hər dəfə o yolu ölçəndə səbrim tükənir, ürəyim uçunur, uça-uça gedirəm. Uçub gedib qonuram yetmiş doqquz yaşlı anam Gülzar xanımın dizinin üstünə. Əvvəlcə damarları palıd köklərinə bənzəyən əllərindən, sonra nurlu çöhrəsindən öpürəm, sonra da uzun-uzadı çeşmə kimi dupduru gözlərinə baxıram. O gözlərin içində özümü tapıram, onda ürəyim yerinə qayıdır, kövrəlirəm, rahatlanıram.

 

...Atam Qeysəd kişi on iki il əvvəl dünyasını dəyişib. Cəmi altı sinif təhsil görmüş, sovxozda sıravi fəhlə, suçu işləyən kəndli aşıq musiqisini, muğamlarımızı dinləməkdən doymazdı. Musiqiyə sevgim atamdan gəlir, dilə-ədəbiyyata, yazı-pozuya meylim isə anamdan. Kənd kitabxanasında işlədiyi o vaxtlar evə gətirdiyi hekayələr kitablarını acgözlüklə oxuyardım.

 

– Özünüzə bir yubiley sualı verəsi olsanız, nə soruşardınız İmran Bədirxanlıdan?

 

– “Mən kiməm? Hardayam? Hara gedirəm?” Bunlar bir ay əvvəl doxsan illiyini bütün ölkənin qeyd etdiyi müəllimimiz Şirməmməd Hüseynovun suallarıdır. Üzünü biz tələbələrinə tutub deyərdi ki, hər dəfə il dəyişəndə bu sualları özünüzə verin, cavablarını tapsanız, deməli, özünüzü tapacaqsız. Elə bilirsiz yarım əsrin kürəyini yerə vuran İmran üçün bu suallara cavab tapmaq asan işdir?..

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2015.- 17 yanvar.- S.18.