Bizim işimizin
mühüm bir hissəsi jurnalist sorğularının obyektiv
və operativ cavablandırılmasına sərf olunur
“2014-cü
ildə əmək münasibətləri və sosial
müdafiə müstəvisində aktuallaşmış məsələlərin
həllinə yönələn islahatlar kursu cəmiyyətin
maraqlarını təmin etmiş oldu”
Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin “APA-Economics”ə müsahibəsi
- 2014-cü il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyatında hansı yeni addımlarla, mühüm hadisələrlə yadda qaldı?
- Ötən ili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) həyatında sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, əmək və sosial müdafiə sahəsində mühüm islahatların həyata keçirildiyi zəngin bir dövr kimi xarakterizə etmək olar. Xüsusən də Azərbaycan Prezidentinin bu sahə ilə bağlı ötən il imzaladığı 10-dan çox fərman və sərəncam nazirliyin fəaliyyətində ciddi islahatlara, sosial müdafiə işinin gücləndirilməsində mühüm addımların atılmasına şərait yaratdı.
Məsələn, dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamları nazirlik tərəfindən uğurla icra olunaraq, 2014-cü ilədək növbəyə dayanmış 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin minik avtomobilləri ilə təminatı başa çatdırıldı və artıq 2014-cü ildə növbəyə dayanmış belə şəxslərin avtomobillə təminatına başlanıldı. Ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verildi. Məlum olduğu kimi, cənab Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Artıq bu sərəncamın icrası işləri çərçivəsində ilkin mərhələ kimi 52 rayonda 353 ədəd fərdi evin tikintisinə başlanılıb.
Digər tərəfdən, möhtərəm dövlət başçısının müvafiq fərman və sərəncamları ilə ötən il orta aylıq Prezident təqaüdü müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb. Həmçinin bir sıra yeni təminat növləri (beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə ayda 67 manat sosial müavinətdən əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdünün təyin olunması və s.) yaranıb. Bu və qeyd etmədiyimiz digər mühüm sosial müdafiə tədbirləri ilə yanaşı, ƏƏSMN ötən il əmək və sosial müdafiə sahəsində əhəmiyyətli islahatların aparıldığı bir qurum kimi də cəmiyyətin diqqətini cəlb edib.
Qeyd edim ki, ƏƏSMN-nin xidməti kontingenti yalnız sosial təminat növləri ilə təmin olunanlar götürüldükdə təqribən 1,5 milyona yaxın insanı əhatə edir. Nazirliyin işləyən əhalinin əmək hüquqlarının təminatına dövlət nəzarətinə cavabdeh qurum olduğunu da nəzərə alsaq, bu kontingentin daha geniş olduğunu görərik. Ona görə də 2013-cü ilin son aylarından etibarən nazirlik tərəfindən başlanan və 2014-cü ildə uğurla davam etdirilən, həm əmək münasibətləri sferasında, həm də sosial müdafiə müstəvisində kifayət qədər aktuallaşmış məsələlərin həllinə yönələn islahatlar kursu ümumən cəmiyyətin maraqlarını təmin etmiş oldu.
Tətbiq olunan yeniliklər əmək və sosial hüquqlar sistemi və onun tətbiqi mexanizminin təkmilləşməsi, fəaliyyət sahələrində müasir idarəetmə üsullarının formalaşması, xidmətlərin şəffaf müstəvidə, ünvanlılıq prinsipi üzrə və ictimai nəzarət şəraitində təşkili, həssas qruplarla iş təcrübəsində səmərəliliyin artırılması və s. kimi mühüm prioritetləri əhatə edir. Hələ 2013-cü ilin sonlarında mühüm sosial təminat növləri, yəni müharibə əlillərinin avtomobil, müharibə əlilləri və şəhid ailələrinin mənzil növbəliliyi siyahılarının, ünvanlı dövlət sosial yardımı alanların siyahılarının və s. cəmiyyətə açıqlanması bu təminat sahələrində şəffaflığın təminatı üçün ilk addımlar olaraq əhali tərəfindən rəğbətlə qarşılandı.
ƏƏSMN-nin ötən ilki fəaliyyətində ən uğurlu yeniliklərdən biri kimi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqini qeyd etmək olar. Prezident cənab İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası olaraq, qısa müddətdə mükəmməl proqram təminatına malik belə bir sistemin hazırlanması və “Elektron hökumət” portalı üzərindən istifadəyə verilməsi bu gün hətta beynəlxalq təşkilatlar tərəfindən ümumən ölkəmizin mütərəqqi bir təcrübəsi kimi dəyərləndirilir. Artıq bir çox ölkələrə bu sistem nümunə kimi göstərilir. Ona görə ki, bu yeni sistem ölkənin əmək bazarı kimi geniş bir fəaliyyət sahəsinə çevik və birbaşa dövlət nəzarətinin təmin edilməsinə, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına səbəb olmaqla, qeyri-leqal əməyin qarşısının alınmasında, işçilərin gələcək sosial təminat, eləcə də layiqli pensiya təminatı üçün hüquqi əsasın formalaşmasında əhəmiyyətli vasitəyə çevrilib.
Qeyd olunan sistemin tətbiqi nəticəsində ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən göstərilən elektron xidmətlərinin sırasına daha 3 yeni e-xidmət növü də (“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış”) əlavə olunub. Onlardan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üzrə e-xidmət istifadəyə verildiyi vaxtdan bəri ən yüksək istifadəçi sayına malik olması ilə seçilir. “Elektron hökumət” portalı üzərindən göstərilən 336 elektron xidmətə dair ümumi istifadə sayının (595596 ədəd) 40,4 faizi məhz bu üç e-xidmətin payına düşür.
Ötən il əlillik müayinəsi və ünvanlı sosial yardım təyinatı prosedurlarının avtomatlaşdırılması üçün yeni elektron sistemlərin yaradılmasına başlanılması da bu sahələrdə şəffaflığın təmin olunmasına, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılmasına yönələn yeni addımlardır. Bunlarla bərabər, ötən il əmək, əlillik və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi, beynəlxalq əməkdaşlıq və digər sahələrdə praktik önəm kəsb edən mühüm işlər aparılıb.
- Görülən hər bir iş eyni zamanda cəmiyyətə müvafiq məlumatların təqdim edilməsi, aidiyyatı sahələrlə bağlı KİV-ə informasiya açıqlığının təmin olunması ilə tamamlanır. Bu baxımdan nazirliyin KİV-lə əlaqələri necə qurulur?
- Ümumiyyətlə, ictimaiyyətlə əlaqələrin açıq cəmiyyət prinsiplərinə uyğun səviyyədə və işlək müstəvidə təşkili istənilən bir qurum, o cümlədən ƏƏSMN üçün cəmiyyət qarşısında mütəmadi hesabatlılığın, cəmiyyətə məlumat açıqlığının təmin olunması, digər tərəfdən öz fəaliyyəti ilə bağlı ictimai rəy və təşəbbüslərin, eləcə də cəmiyyət üzvlərinin fərdi münasibətlərinin öyrənilməsi və nəzərə alınması baxımından ən vacib vasitədir. Bizim şöbənin fəaliyyəti də bu mühüm faktorlara əsaslanmaqla, nazirliyin ictimaiyyətlə əlaqələrində sanki bir körpü rolunu oynayır. Eyni zamanda, ƏƏSMN rəhbərliyinin, şəxsən nazir Səlim Müslümovun nazirliyin ictimaiyyətlə əlaqələrinin, xüsusən KİV-lə əməkdaşlığının yüksək səviyyədə təşkilinə, mediaya məlumat açıqlığının təmin olunmasına xüsusi diqqətini və prinsipial münasibətini bizim fəaliyyətimiz üçün mühüm əsas və stimul kimi qeyd edə bilərəm.
Təbii ki, ötən il ƏƏSMN-nin bütün fəaliyyət sahələrində gördüyü işlər, həyata keçirdiyi geniş islahatlar, vətəndaş müraciətlərinin yerində və obyektiv araşdırılması məqsədilə bölgələrdə keçirilmiş vətəndaş qəbulları və s. barədə KİV vasitəsilə ictimaiyyətin mütəmadi məlumatlandırılması şöbəmizin ümumi iş rejiminin ana xəttini təşkil edib. 2014-cü il ərzində nazirliyin fəaliyyət sahələrinə dair 500-ə yaxın press-reliz və məlumat hazırlanaraq KİV-lərə təqdim edilib. Nazir və nazirliyin digər rəsmi şəxslərinin yazılı və elektron KİV-də ümumilikdə 100-dən çox məlumat xarakterli müsahibələrinin, çıxışlarının yayılması, habelə həmin dövrdə nazirliyin fəaliyyəti barədə mütəmadi şəkildə mətbuat konfranslarının, brifinqlərinin keçirilməsi təmin olunub. Yəni ötən il bütün səylərimiz ona yönəlib ki, nazirliyin işgüzar ruhuna uyğun fəaliyyət göstərək və KİV-i görülən işlərlə bağlı daha dolğun və ardıcıl şəkildə məlumatlandıraq. Əminliklə deyə bilərəm ki, KİV-lərlə qarşılıqlı inam və səmimiyyətə söykənən əməkdaşlıq təcrübəmiz və işgüzar, islahatçı bir qurumun mətbuat xidməti kimi həmişə KİV vasitəsilə cəmiyyətə deməyə yeni sözümüz var.
- KİV-lərdə yayımlanan aidiyyatı məlumatların monitorinqi necə aparılır? Bu monitorinqlin nəticələri barədə nə deyərdiniz?
- İstər kağız, istərsə də elektron KİV-lər şöbə tərəfindən hər gün nəzərdən keçirilir və ƏƏSMN-nin iş sahələri ilə bağlı yayımlanan məlumatların gündəlik monitorinqi aparılır. Sevindirici haldır ki, ƏƏSMN-nin fəaliyyətində son bir ildə şəffaflığın təminatı, əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan mükəmməl islahatlar, sosial müdafiə tədbirlərin ictimai nəzarətin artırılması üçün görülən məqsədyönlü işlər, əhaliyə elektron xidmətlərin təşkili, vətəndaş müraciətlərinin yerində və obyektiv araşdırılması və s. nazirliyin cəmiyyətdə nüfuzunun yüksəlməsinə səbəb olub. Bu isə eyni zamanda ƏƏSMN ilə bağlı KİV-lərdə müsbət məzmunlu və təqdiredici materialların geniş yayılmasında özünü göstərir. Hazırda ölkə KİV-ində ƏƏSMN-nə islahatçı, işgüzar bir dövlət qurumu kimi böyük maraq və diqqət mövcuddur və nazirlikdən hər gün yeni bir məlumatın gözlənilməsi media orqanları üçün təbii hala çevrilib. Biz də düşünürəm ki, bunun qarşılığında lazımi işləri görürük.
-Bəs haqqınızda qeyri-səhih, yanlış məlumatlar yayıldıqda nə kimi tədbirlər görürsünüz?
-Belə hallar az-az baş verir. Əsasən qeyri-peşəkar jurnalist yanaşmalarından
irəli gələn bu cür hallarda
biz aidiyyatı məsələ
ilə bağlı düzgün və obyektiv məlumatı müvafiq KİV-ə təqdim
edirik. Əgər o KİV həqiqətən
media prinsiplərinə sadiqdirsə
və peşəkar səviyyəyə malikdirsə,
öz oxucusuna səhih məlumat vermək amalına xidmət edirsə, yalan məlumatı doğrusu ilə əvəzləyir, əks
halda yox.
- Sizə ünvanlanan jurnalist sorğuları çoxmu olur? Onların cavablandırılmasında nə
kimi çətinlikləriniz
olur?
- Gündəlik işimizin mühüm bir hissəsi ƏƏSMN-nin səlahiyyətlərinə dair
məsələlərlə bağlı jurnalist sorğularının obyektiv
və operativ şəkildə cavablandırılmasına
sərf olunur. Ötən il
yalnız şifahi şəkildə KİV və
vətəndaşlar tərəfindən
şöbəyə ünvanlanan
2500-dən artıq sorğu
cavablandırılıb.
Biz bütün sorğuların
nazirliyin aidiyyəti vəzifəli şəxsləri
tərəfindən təsdiq
edilmiş rəsmi formada və daha az vaxt ərzində cavablandırılmasını təmin
edirik. Bu sahədə
çətinliklər yoxdur,
sadəcə iş var və biz də onları yerinə yetiririk.
- ƏƏSMN-nin rəsmi
internet portalında demək
olar ki, hər gün yeni məlumatlar yerləşdirilir. Ümumiyyətlə, portalla bağlı
fəaliyyətiniz necə
qurulub?
-Nazirliyin rəsmi internet resursu olan www.mlspp.gov.az
internet portalının bütün
bölmələrinin işləkliyinə,
bölmələr altında
təqdim olunan materialların nazirliyin aidiyyatı şöbələrinin
mütəxəssisləri ilə birgə yenilənməsinə şöbə
tərəfindən daimi
nəzarət olunur. Xüsusən də portalın “İctimaiyyətlə
əlaqələr” bölümünün
“Xəbərlər” və
“Son press-relizlər” alt-bölmələrindəki
məlumatların gündəlik
yenilənməsi həyata
keçirilir. Bizim KİV-lərə
göndərdiyimiz məlumatlar
bu alt-bölümlərdə
də təqdim olunur. Ötən il ərzində
həmin alt-bölmələrdə
ümumilikdə 500-dən çox
məlumat yerləşdirmişik.
Bu məlumatlar həm də ingilis dilinə tərcümə olunaraq yerləşdirilir.
Digər
tərəfdən müvafiq
kateqoriyalardan olan şəxslərin mənzil
və minik avtomobilləri ilə növbəlilik siyahıları,
eləcə də mənzil və minik avtomobilləri ilə təmin olunmuş vətəndaşların
siyahıları, ünvanlı
dövlət sosial yardımı alan
ailələrin siyahıları
saytda müvafiq adlar altında yerləşdirilib ki, bunlar da həmin
sahələrdə şəffaflığın
təminatına yönəlib.
Həmçinin nazirlik tərəfindən
hazırlanan normativ-hüquqi
aktların layihələri
portalın “Qanunvericilik”
bölməsinin “Qanunvericilik
layihələri” alt-bölümündə
ictimai müzakirəyə
çıxarılıb. Burada da məqsəd əmək və sosial müdafiə sahəsində qanunvericiliyin
təkmilləşdirilməsi işlərində cəmiyyətin
iştirakının təmin
olunmasıdır. Sonrakı
mərhələdə həmin
layihələrlə bağlı
ictimaiyyətin rəy
və təklifləri
layiheler@mlspp.gov.az e-mail ünvanı vasitəsilə qəbul olunur və nazirliyin aidyyəti strukturuna təqdim edilir.
Nazirlik tərəfindən həyata
keçirilən bütün
sosial təminat növləri üzrə qanunvericilik aktları, bu təminat növlərindən yararlanmaq
üçün tələb
olunan sənədlərin
siyahıları da portalın “Fəaliyyət
və xidmətlər”
bölməsindəki müvafiq alt-bölmələrdə
altında yerləşdirilib.
Portalla əlaqəli digər bir sıra işlər
də görülür.
- Cəmiyyətə məlumatların
təqdim olunmasında
sosial şəbəkələrə
də önəm verirsinizmi?
- Əlbəttə, bu gün sosial şəbəkələrlə iş cəmiyyətin təkcə məlumatlandırılması
deyil, həm də ictimai rəyin öyrənilməsi
baxımından önəmlidir.
Ona görə də ƏƏSMN-nin rəsmi facebook səhifəsi və
twitter hesabı daim yenilənir. Nazirliyin fəaliyyət istiqamətləri
üzrə keçirilən
bütün tədbirlər
barədə məlumatlar,
foto və video materiallar mütəmadi olaraq həmin səhifələrdə təqdim
olunur.
Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə
vətəndaşların aidiyyəti
üzrə müraciətləri
də cavablandırılır. Ötən
il ümumilikdə
2000-dən çox belə
müraciəti cavablandırmışıq.
Youtube kanalında isə bu müddətdə
ƏƏSMN-nin tədbirlərinə
dair 200-ə yaxın videosüjet yerləşdirilib.
Ümumiyyətlə, cəmiyyətlə
əlaqələrin təşkili,
ictimai rəy və təkliflərin öyrənilməsi üçün
səmərəli ola biləcək bütün vasitələrdən
istifadəyə önəm
veririk.
Son olaraq bildirim ki, 2014-cü ili
uğurlu iş təcrübəsi ilə
yola salan ƏƏSMN
2015-ci ildə də yeni-yeni nailiyyətlər əldə etmək əzmi ilə fəaliyyət göstərir.
Xüsusən də bu il ünvanlı dövlət
sosial yardımlarının
avtomatlaşdırılmış sistem üzrə təyinatı prosesi işlərinin tam yekunlaşdırılması,
müharibə əlilləri
və şəhid ailələrinin mənzillə
təminatı işlərinin
sürətləndirilməsi, fəaliyyət sahələrində
müasir iş üsullarının tətbiqinin
genişləndirilməsi və
s. kimi vacib işlərin görülməsi
nəzərdə tutulur.
İşsiz və işaxtaranların, eləcə
də sosial cəhətdən həssas
qrupların məşğulluğunun
təminatı sisteminin
hüquqi bazasının
təkmilləşdirilməsi və əhaliyə məşğulluq xidmətlərinin
müasirləşdirilməsi, sosial müdafiə əhəmiyyətli yeni obyektlərin istifadəyə
verilməsi də bu il görüləcək mühüm
işlər sırasında
olacaq.
525-ci qəzet.- 2015.- 17 yanvar.- S.13.