Yaddaşıma yazılan Qara Yanvar

 

 

 

1990-cı ilin o şənbə gecəsində başının üstünü almış qəfil fəlakət hərəni bir yerdə yaxaladı - küçədə, həyətdə, yollarda, maşında, daha haralarda. Üç gün təbiətin özü şəhidlərə yas tutdu. Bozardı, qaraldı, tufan elədi, ağladı. Gözlərindən gildir-gildir leysan tökdü. Evlərin pəncərələrindən qara bayraqlar asıldı. Adamlar matəm libası geyindilər. Ürəklər qan ağladı, gözlər qan-yaş tökdü, bütün Azərbaycan yas tutdu. Necə sarsılmayasan!

 

O vahiməli gecədən hələ bir neçə gün əvvəl havada insanı üşüdən bir boz soyuqluq, süstlük, kədər vardı. Sanki ürəyi qubar bağlayan təbiət hər şeyi qabaqcadan duymuşdu, göyün üzündə matəm çadırını qurmuşdu, yamanca dolmuşdu. Sən demə, ana təbiət övladlarının vayına, yasına oturacaqdı, gözlərindən sel-su axıdacaqdı...

 

O yanvardan bu yana bir şeyi müşahidə etmişəm: kimi dindirirsən, kimə o gecədə gördüklərini, başına  gələnləri  söylədirsən, hamısı o günlərin ab-havasını, tankını-topunu, qan qoxulu gecələrini, səhərlərini söhbətlərində elə canlandırır, elə odlu-odlu, yana-yana danışır ki, elə bil hələ o qara-qorxular canlarından çıxmayıb.

 

O gün Bakının siması, büsbütün dəyişdi: adamları, binaları, ağacları da şəhid oldu. Bakı şəhid gedənlərinə şahid oldu. Bu faciələri görən insanlar, hətta o gecənin üzünə doğulan körpələr öz tarixlərinə, Bakının müsibətinə şahid oldular.

 

Faciələrimizin anası olan o məşum şənbə gecəsi, arxasınca sürünən matəm günləri Bakı camaatının gözlərinin qarşısında iki rəngin mövcudluğu ilə müşayiət olundu: qara qırmızı. O gün minlərlə vətəndaşımız kimi mənim müşahidələrimin içindəki hadisələr göz yaddaşımda iki rənglə çəkilmiş, heç vəchlə hafizəmdən silinməyən tabloda yaşayır. 20 Yanvar faciələri haqqında düşünəndə ilkin olaraq yadıma xalqın sarsıntılarını, ağrısını, naləsini müşayiət edən qara geyimlər Dağüstü Parka gedən yollara, qəbirlərin üstünə səpilmiş qırmızı qərənfillər düşür. Bir o tarixi vəsv edən neçə-neçə poetik nümunələrin arasında çox sevdiyim şair Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeirindəki sızıltılı sətirləri xatırlayıram...

 

Bu günahsız qanlara,

 

Bu didilmiş canlara,

 

Bu cansız cavanlara

 

Ağla, qərənfil, ağla!

 

O günlər radioda səsləndirilən matəm havası, qaboyun yanıqlı səsi, tütəyin, tarın, kamançanın iniltisi ürəkləri yandırıb-yaxırdı. Arada təkrar-təkrar səslənən, xalqımıza verilən başsağlığı hamını için-için ağladırdı.  Sonrakı günlərin üzüntüsü, arxasınca gələn qırx mərasiminin ağrısıyla yaşayan insanlar küçələrə axışırdı. Harda yas məclisi vardısa,  ora tələsirdilər. O gün 20 Yanvar metrosunun ətrafı da ziyarət yeriydi. O gecə orda da böyük faciə yaşanmışdı, oğullarımızın qanı küçələrə tökülmüşdü. Həmin gün o ərazidə ölənlərin, yaralananların əyin-başından tökülmüş nişanələr ortalığa qoyulmuşdu. Adamlar  bunları küçələrdən, ağacların altından, evlərin ətrafından  yığmışdılar. Ayaqqabı, corab tayı, şərf, qana bulaşmış cib dəsmalı, nələr, nələr. Analar, bacılar bu nişanələrin üstündə ağı deyirdilər. Bir qadın qolunun üstündəki qanlı paltonu həmin nişanələrin üstünə ataraq yanındakına deyirdi:

 

- Bu paltonu o gecənin səhərisi günü qapımızın ağzında gördüm. Ora-bura boylandım, həyətə çıxdım, yiyəsini tapmadım. Götürüb saxladım. Fikirləşdim, bəlkə yiyəsi yaralanıb, hansısa xəstəxanada yatır, sağalandan sonra paltosunun arxasınca gələr. Ha gözlədim, gəlmədi, bildim ki...

 

Qadın sözünü tamamlaya bilmədi, hönkürdü, bəlkə tamamlamaq istəmədi, "ölüb" deməyə dili gəlmədi.

 

O paltoya necə yiyəsiz deyək? Axı, onun da sahibi varmış, o da yiyəsinin boyuna, qamətinə yaraşırmış. Görəsən, paltonun sahibi yaşdaymış, qocaymış, ya cavan? Evliymiş, yoxsa subay? O igidi necə vurublar? bilək. Axı, palto bu suallara cavab verə bilməzdi. Yəqin ağır yaralanıbmış, sürünərək, ya da səntirləyə-səntirləyə özünü o qadının yaşadığı evin qapısı ağzına çatdırıb. Bəlkə odlu güllə içini yandırırmış, son gücünü toplayıb paltonu əynindən çıxarıb ki, yanğısı soyusun, bir udum sərin hava udsun. Bir Allah bəndəsi imdadına çatıb, götürüb xəstəxanaya aparıb. Bəlkə yaraları sağalıb, ölümün pəncəsindən qurtarıb. Sağalıbsa, min şükür, daha paltomu yada düşər? Yoxsa...

 

Mən o paltonu qırx gün əzizləyə-əzizləyə saxlayan qadın kimi  adamın iliyinə işləyən o buz təki soyuq, xəncər kimi iti, acı kəlməni dilimə gətirə bilmədim.  Nədənsə, paltonun yiyəsinə o qorxulu sözü deyə bilmədim. Axı insan hər şeyini itirsə belə, ümidindən əl götürə bilmir. qədər yaşayırsa, ümid ömrü boyu onunla yol gedir...

 

Hər il o günün anım tarixində Şəhidlər Xiyabanına axan insan selini, qəbirlər üstə qoyulan qan rəngində qərənfilləri görüncə qəhər məni boğur. Qulaqlarımda ürəyi köz-köz edən ağılar, hönkürtülər uğuldayır. Arzuları qönçədəykən quruyan cavanların dağı yandırır sinəmi. İnsanlar axın-axın, güllər qucaq-qucaq. İnsanlara baxıram, güllərə baxıram, bir qəbirlərə. Az qalıram qışqıram, haray salam:

 

-  Ehey-y, insanlar, dənizi unutmayın, Xəzəri yaddan çıxartmayın. Kəfənsiz dəfn olunanlara da səpin o qərənfillərdən. Adları bilinməyən, qəbirləri qazılmayan şəhidlərin ruhu bizdən inciyər...

 

Bilmirəm, o günlər izdihamın başı üstündən Xəzərə göz qoyan olubmu?  Mənsə, gözlərimi dənizdən yığa bilmirdim. Allah, mən o vaxtkı kimi dənizi belə dərdli, küskün, matəm içində görməmişdim.  İlahi, bəlkə dəniz yarandığı gündən belə hala düşməmişdi. Xalqın dərdləriylə yüklənmişdi dəniz. Ağrıların, göz yaşlarının içindəydi Xəzər.

 

Dənizə yazığım gəldi. Dənizin müsibətinə ağladım. Dəniz yaman ağlatdı, yaman göynətdi məni. Elə bildim Xəzər hamımızı qoynuna alıb, uyumuşuq sularında. Dərd-sərli insanlarla yüklənib dəniz. Qanımızı yuya-yuya, ləpələriylə ağılar deyə-deyə müsibətimizi çəkir. Nəfəs dərə bilmir, amma haray salmır. Dəniz, dəniz dözümündə, dəniz əzəmətində qalır - təmkinlidi axı. Həmin anlarda ürəyimdən keçirirdim, yaxşı ki, xalqımın dərdini çəkən öz dənizi varmış. Belə düşünəndə ürəyimdə əməlli-başlı  toxtaqlıq duydum...

 

Heç vəchlə unutmadığım o şənbə gecəsi, qara yanvar günləri yüzillərlə əzilən, incidilən xalqımızın qara oyanışıydı. Şəhidlərin sinəmizə çəkilən dağı, müsibəti, təklənib məhvə məhkum olanlarımızı, hamımızı  bir yerə cəm elədi. Dərd yaxınlaşdırdı bizi. Şəhid gedənlərin ruhu anda çəkdi bizi...

 

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm tariximizin bir qəhrəmanlıq səhifəsi kimi yaşayır. Bu tarix bizə belə bir inamı da diqtə edir: İgidlərin qanı yerdə qalmayacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İnşaallah!

Şəfəq Nasir

525-ci qəzet.- 2015.- 20 yanvar.- S.8.