Şəhidlər verdik, Azadlıq qazandıq

 

 

 

Siseronun bir kəlamını xatırlayıram: "Mən ya vətənimin rifahı üçün yaşamalı, ya da onunla birlikdə məhv olmalıyam". Tarix deyir ki, Siseron bu kəlamı deməmişdən çox-çox əvvəllər xalqımızın tale cığırdaşı olub.

 

Şəhidlik xalqın yaşam, var olma düsturudu...

 

Gülüstan müqaviləsi ilə ikiyə bölünmüş xalqımızın azadlıq mübarizəsi yerə-göyə sığışmırdı. İmperiyanın gücü-qüdrəti, silahı-yarağı, cəza üsulları xalqımızın iradəsini sarsıtmağa qadir deyildi, "Yatmış vulkan" (M.Araz) oyanmışdı. Xalq zülm, əsarət, milli gözəgötürməzlik buxovunu sındırmaq, dağıtmaq üçün ayağa qalxmışdı. İmperiya bu hərəkatı özünə dar ağacı bilirdi. Belə olmasaydı bu həddə quduzlaşmazdı; son nəfəs ərəfəsində canlılar bir qədər dirçəlir, son nəfəsin ömrünü uzatmaq üçün hər şeyə əl atır...  

 

1990-cı ilin 19 yanvar gecəsi qaranlığın o üzündən bir işıq sızırdı. O işıq xalqın Vətən sevgisiydi, milli heysiyyət nuruydu. Küçələrə axışanlar bu işığın, bu nurun zərrələriydi...

 

O gecə Azərbaycanımızın sərhədlərinin o üzünə daş ələnməliydi, ələnmədi. Sərhəddin bu üzünə güllələr ələndi. O gecə gördüyünü öldürən, bir güllə mənziliycə uzaqda olanları, ağacı, daşı-divarı, ötüb keçən maşınları yaralayan Ölüm əlində qırmızı bayraq, şəhərimizə girdi. Şəhərə girən kimi əl-qol açdı, yaraqsız olduğumuzu görüb daha da quduzlaşdı...

 

İki yüz illik əsarət zənciri qırılmaqdaydı. Xalq azadlıq mücadiləsi üçün Cavanşir hünəriylə, Xətai cəsarətiylə, Cavadxan qətiyyətiylə ayağa qalxmışdı. Bu nəhrin, bu axının qarşısını almağa imperiyanın gücü çatmayacaqdı. Axı:

 

Zülmün topu var, gülləsi var, qələsi varsa,

 

Haqqın da yenilməz qolu vardır, dönməz üzü vardır!

 

Xalq xalq olduğunu zaman anlamında dünəninə dirsəklənib təsdiqləyirdi. Hər ürək bir qəzəb kürəsiydi, hər ürək bir sevgi beşiyiydi. Bu qəzəb imperiyaya ünvanlanmışdı, bu sevgi Vətənin adına ad olmuşdu...

 

...Küçələr səngəriydi, barrikadaydı. İmperiyanın döyüş texnikalarının bu gecəki gəlişinin qarşısını bu səngərlər, bu barrikadalar əngəlləyə bilməyəcəkdi. Bu, imperiya xislətinə, müstəmləkəçiliyi davam etdirmək arzusuna xalqın etirazıydı.

 

Rus ordusu nələr törətmədi? Görünməmiş vəhşilik elədi rus ordusu. Yüzlərlə günahsız vətəndaşımız qətlə yetirildi, yaralandı. Yaralılara kömək eləyənlərimiz, "Təcili yardım" maşınlarımız güllələndı. Rus imperiyası xalqımızın milli mücadilə, azadlıq istəyi önündə qədər gücsüz olduğunu təsdiqlədi.   

 

Xalqlar həbsxanası olan SSRİ xalqımızın iradəsi qarşısında diz çökürdü. Oğullarımızı, qızlarımızı, həkimlərimizi şəhid eləsə diz şökürdü...

 

19 yanvar gecəsi bu biçim vəhşiliyin üstünü ört-basdır edə bilməyəcəkdi...

 

Qanlı şənbə gecəsi dünyaya da, tarixə də barmaq qıcadı: "Zamanında qılıncı yağı boynunda itilənən xalqın min-min illik şərəfli tarixini nədən unutdunuz? Qılınc çalanların qollarını bir müddət zülümlə, səbrlə korşaltmışdınız. O babanız öldü!"...

 

Babəkin qolu o gecə kəsildi, Nəsiminin dərisi o gecə soyuldu. Koroğlu o gecə qocaldı. Cavid o gecə şərə düşdü. Məmməd Əmin o gecə "Azərbaycan!" deyib gözlərini yumdu. O gecə bir daha təsdiqləndi ki, torpaq, uğrunda ölən varsa, Vətəndi...

 

O gecə atılan 60 min güllə azadlıq hərəkatımızı səksəndirə bilmədi...

 

O gecə də, o gecəyə əmzik verənlər də zaman-zaman lənətlənəcək...

 

Milli ruhun, milli-xəlqi heysiyyətin imperiya xislətinə meydan oxuduğu o  gecədən 25 il keçir. Neçə 25 illər keçsə də nə o gecə, nə də o gecə şəhid olanlarımız unudulmayacaq.

 

Xəlil Rza Ulutürk deyirdi: Boğmaq mümkün olmayacaq aşıb-daşan ruhumuzu. İmperiya anladı ki, bu xalqın azadlıq istəyini boğa bilməyəcək. Boğa bilmədi də! Şəhidliyimiz azadlıq mübarizəmizin imzası oldu....

 

O gecənin nələr çəkdiyi gecənin qaranlığı çəkiləndən sonra bilinəcəkdi, arşını əyilən dünya "ölüm mənimiydi..." deyibən saçını yolan anaları görəcəkdi, üz-gözünə əl atan bacıları görəcəkdi, bağrına daş bağlayıb göz yaşını kirpiklərində donduran ataları görəcəkdi. Hökumət Evindən Dağüstü Parkacan çiyinlərdə aparılan şəhidlərimizə qədərsiz ehtiramı da görəcəkdi. Gəmilərin sahilə çırpılan hönkürtüsünü də eşidəcəkdi. Onda dərk edəcəkdi ki, bu millətə zaval yoxdu. Qısqırdılmış Ölüm məğlub olub qayıtdı...

 

Şəhidlər verdik, azadlıq qazandıq...

 

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2015.- 20 yanvar.- S.8.