Şəhidlər Xiyabanı necə
yarandı?
Azərbaycan
radiosunun "Xəbərlər" redaksiyasında işlədiyim
zaman üç qrupa bölünərək növbə ilə
proqramın məsuliyyətini öz üzərimizə
götürür, həmin günün verilişlərinə
məsul olurduq. 1990-cı il yanvarın 19-u idi. Axşam saat
19:00 radələri olardı. Mərhum jurnalist Qəzənfər
Qəribovdan başqa rəhbərlik etdiyim qrupun bütün
üzvləri getmişdilər. Həmin gün saat 21:00-də
efirə çıxacaq "Günün səsi"
proqramı üçün 6 dəqiqəlik şərh
hazırlamışdım. Həmin şərhdə xalq hərəkatının
liderlərinin mövqeyi qabardılmış, Dağlıq
Qarabağda baş verən hadisələrlə əlaqədar
hökumətin fəaliyyətsizliyi çox ciddi tənqid
olunmuşdu.
Təxminən
saat 20:20 radələri olardı. Qəzənfər Qəribovla
birlikdə mikrofon qovluğunun üzərində son redaktə
işlərini yekunlaşdırırdıq. Özümüz
də tələsirdik. Mərkəzi Komitənin önündə
artıq bir neçə saat idi ki, izdihamlı mitinq davam
edirdi. Bizə də xəbər çatmışdı ki, bu
gün nəsə gözlənilir. Hətta MK-nın
yanında dar ağaclarının qurulduğunu söyləyənlər
vardı. Qəfil boğuq bir partlayış səsi
eşidildi və işlədiyimiz otaqda işıqlar
söndü. Nə baş verdiyini kəsdirə bilmədik. Dəhlizə
çıxdıq. İşıqlar yanırdı. Stolu
götürüb dəhlizə qoyduq. Son redaktə işlərini
tamamladıq və mən mikrofon qovluğunu diktor
otağına apardım (Proqram saat 21:00-da efirə
çıxırdı). "Günün səsi"nin efirə
çıxmasına təxminən 7-8 dəqiqə
qalırdı. İçəridə kimsəni görmədim.
Bu vaxt baş proqram direktoru Zöhrab müəllim mənə
yaxınlaşdı:
-Səyyad,
sən getmə. Ola bilsin ki, efirə sən çıxasan.
Yusif Muxtarov, deyəsən, gecikir.
Mən təəccüblə
onun üzünə baxdım. Çünki "Günün səsi"
verilişi redaksiyanın əməkdaşlarından kimsəyə
həvalə olunmurdu. Onu efirə peşəkar diktorlar təqdim
edirdilər. Qısa söhbətdən sonra mən Zöhrab
müəllimlə birlikdə yayım otağına daxil
oldum. Birdən Yusif Muxtarov göründü. O:
-Yollar
yaman tıxacdı. Gəlmək mümkün deyil deyib,
mikrofon qovluğunu məndən aldı.
Mən isə
qaça-qaça birinci mərtəbəyə
düşüb Dağüstü Parkdan enərək
MK-nın qabağına gəldim. Mitinq
başlamışdı. Çıxış edənlər
respublika və SSRİ rəhbərliyinin ünvanına kəskin
tənqidlər söyləyir, vəziyyətdən
çıxış yolu ilə bağlı öz mövqelərini
bildirirdilər. Meydan da "Günün səsi"
verilişi səsgücləndirici ilə yayımlanır
dı. Dağlıq Qarabağda erməni separtizminin törətdiyi
dəhşətlərdən söhbət
açılırdı. "Günün səsi" sona
yaxınlaşırdı. Proqramın sonunda mənim həmin
gün üçün hazırladığım reportaj səsgücləndirici
ilə yayınlanmağa başlandı. Özüm də məəttəl
qalmışdım. Bunu kim təşkil etmişdi? Niyə
etmişdi? Hələ də mənim üçün bu məsələ
qaranlıqdı.
Gərgin
ictimai-siyasi proseslər, erməni separatizminin günbəgün
azğınlaşması fonunda Azərbaycan xalqı 20 Yanvar
faciəsinə itələnmişdi. Yanvarın 18-19-da AXC
nümayəndəsi ilə Sov. İKP MK katibi Girenko, Bakı
qarnizonunun rəisi general Sokolov, Azərbaycan Kp MK-nın ikinci
katibi Polyaniçko, həmçinin Moskvadan gəlmiş digər
vəzifəli şəxslərlə görüş
olmuşdu. "Azadlıq" radiosu saat 11-ə işləmiş
- faciənin başlamasına təxminən 2 saat
qalmış AXC ilə hərbçilərin
danışıqlarının baş tutmamasını və
ordunun gecə şəhərə girəcəyini
bildirmişdi. O vaxt AXC real vəziyyəti qiymətləndirə
bilməmiş, nəticədə işğalçı
ordunun şəhərə girməsinə vəsilə
olmuşdu.
Yanvarın
19-da axşam saat səkkizdə AXC nümayəndəsinin
(Etibar Məmmədovun) televiziya ilə
çıxışı nəzərdə tutulmuşdu. Bu məlumat
AXC nümayəndəsinin həmin gün Polyaniçko ilə
görüşü ərəfəsində
yayılmışdı. Sonradan bəlli oldu ki, televiziya ilə
AXC tərəfdən tətilin dayandırılaraq yolların
açılması, mərkəzin isə Vəzirovun
istefasını qəbul etməsi elan ediləcəkmiş.
Lakin danışıqlarda razılıq əldə etmək
mümkün olmamışdı.
Bakıda
fövqəladə vəziyyətin tətbiq edilməsi
Moskvanın "Zaman" televiziya proqramı ilə elan edilməli
idi. Saat 19-30-da televiziyanın enerji bloku
partladıldığından Azərbaycan xalqı bu məlumatı
eşidə bilmədi. Radionun saat 21-də efirə
çıxan "Günün səsi" proqramında isə
belə bir məlumat oxundu: "Texniki nasazlıq üzündən
televiziya verilişləri qısa müddətə kəsilib,
təmir işləri aparılır. AZ. TV-nin işi tezliklə
bərpa olunacaq". Bu, Azərbaycanın və SSRİ-nin
keçmiş rəhbərlərinin xalqa qarşı törətdikləri
daha bir xəyanətkarlığın nümunəsi idi.
Sonralar mən
20 Yanvar faciəsi ilə bağlı geniş, analitik xarakterli
yazılar yazıb, onları mətbuatda dərc etdirdim.
Çox qaranlıq mətləblərə, zənnimcə,
işıq salındı.
Qanlı
Yanvarın xronikası isə belə idi.
Xronika-yaddaş
Azərbaycan
Kp MK-dan:
Xəbərverildiyi
kimi, 1989-cu il d kabrın 31-də - 1990-cı il yanvarın 2-də
Naxçıvan MSSR ərazisində görünməmiş
hadisələr olmuş, bunun nəticəsində Sovet -
İran sərhədinin onlarca kilometr uzanan nəzarətsiz
zolağı dağıdılmış, mühəndis-texniki
qurğular, rabitə xətləri və sərhəd
vışkaları məhv edilmişdir.
Baş
vermiş hadisənin səbəblərini yoxlamaq və qanuna
zidd olan bu hərəkətlərin nəticələrini
öyrənmək üçün respublika da istintaq qrupu
yaradılmış və işləyir. Həmin qrupa Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinin, Respublika
Daxili İşlər Nazirliyinin və Respublika
Prokurorluğunun məsul işçiləri daxildir.
lll
"SSRİ-nin
dövlət sərhədi haqqında" qanunun
Naxçıvan MSSR ərazisində kobud surətdə
pozulması barəsində SSRİ Ali Soveti Rəyasət Heyətinin
qərarı.
SSRİ
Ali Sovet Rəyasət Heyəti Naxçıvan MSSR ərazisində
SSRİ-nin dövlət sərhədi rayonunda kütləvi
iğtişaşlar və şuluqluqlar məsələsini nəzərdən
keçirərək qərara alır:
1.
Sovet-İran sərhədinin həmin sahəsində vəziyyətin
sabitliyinin zəifləməsinə, sərhəd obyektlərinin
dağılmasına və SSRİ dövlət sərhəd
rejiminin pozulmasına səbəb olmuş şuluqluq və
"SSRİ-nin dövlət sərhədi haqqında"
qanunun kobud surətdə pozulması faktları qətiyyətlə
pislənilsin.
2. Nəzərə
alınsın ki, Azərbaycan SSR-in və Naxçıvan
MSSR-in dövlət orqanları dağılmış sərhəd
obyektlərini bərpa etmək üçün sərhəd
xidməti bölmələri ilə birlikdə təcili tədbirlər
görsünlər, hüquq-mühafizə orqanları isə
"SSRİ-nin dövlət sərhədi haqqında"
qanunun kobud surətdə pozulması faktları ilə əlaqədar
istintaq aparırlar və müqəssir şəxslər məsuliyyətə
cəlb edilirlər.
3.
SSRİ Nazirlər Sovetinə tapşırılsın ki, sərhədyanı
rayonların əhalisinin qaldırdığı konkret məsələlərin
həlli üçün Azərbaycan SSR-nin respublika və
yerli dövlət orqanlarının iştirakı ilə tədbirlər
görsün.
SSRİ
Ali Sovetinin sədri M.Qorbaçov
Moskva,
Kreml 10 yanvar 1990-cı il "Kommunist" qəzeti, 11 yanvar
1990-cı il, ¹ 9
lll
10 yanvar
1990-cı il
Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin iclası keçirilir.
İclasda Ermənistan SSR-nin Ali Soveti qeyri-konstitusion orqan -
Dağlıq Qarabağın "milli şurası" ilə
birgə 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarı
fitnəkar hərəkət, yenidən qurma əleyhinə
siyasi təxribat, suveren Azərbaycan Sovet Sosialist
Respublikasının daxili işlərinə aşkar
müdaxilə kimi qiymətləndirilir.
Azərbaycan
SSR Ali Sovetinin Rəyasət Heyəti seçicilərin və
xalqın
iradəsini ifadə edərək SSRİ Ali Soveti tərəfindən Ermənistan SSR
Ali Sovetinin konstitusiyaya zidd qərarlarına siyasi və
hüquqi qiymət verilməməsini yolverilməz sayır.
lll
Yanvarın
13-də Bakıda baş vermiş hadisələrlə əlaqədar
olaraq Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd,
SSRİ Ali Soveti İttifaq Sovetinin sədri E.M.Primakov,
Sov.İKP MK katibi A.N.Girenko, SSRİ Nazirlər Soveti sədrinin
müavini V.X.Doqujiev Bakıya gəlib. İş dövriyyəsi
fasiləsiz olan Bakı müəssisələrinin kollektivlərindən
yığıncaqlar keçirilmiş və bura da zəhmətkeşlər
respublikanın paytaxtında şuluqluqların təşkilatçılarının
hərəkətlərini kəskin surətdə pisləmiş,
şəhərdə qanunçuluğun və asayişin
möhkəmləndirilməsini tələb etmişlər.
"Kommunist"
qəzeti, 16 yanvar 1990-cı il,
¹ 13
lll
Azərbaycan KP MK bürosunda "Bakıda vəziyyət və şəraiti normal hala salmaq üçün təxirəsalınmaz tədbirlər haqqında" məsələyə baxılmışdır. Qəbul edilmiş qərarda deyilir ki, yanvarın 13-də Bakıda törədilmiş iğtişaşlar nəticəsində faciəli hadisələr baş verib. Adamlar, əsasən ermənilər cinayətkarların əlində həlak olmuş, onlarca adam yaralanmışdır. Qərarda o da qeyd olunmuşdur ki, Azərbaycan KP MK -in son tələfatına gətirib çıxaran cinayətkar əməlləri, zorakılıq hərəkətlərini qətiyyətlə pisləyir. Ləyaqətə, həyata qəsd edilməsinə heç nə ilə haqq qazandırıla bilməz. Bu, Azərbaycan xalqının mənəviyyatı, insansevərlik ənənələri ilə bir araya sığmır.
Bakı Şəhər Partiya Komitəsinin fövqəladə plenumu olub.
Plenumda E.Primakov, A.Girenko və Ə.Vəzirov iştirak etmişlər. Plenumda deyilib ki, hüquqazidd hərəkətlər nəticəsində demokratikləşdirmə, yenidənqurma üçün real təhlükə yaranıb.
E.Primakov və A.Girenko AXC-nin rəhbərləri ilə görüşmüşlər. Görüşdə bildirilmişdir ki, vəziyyəti normal hala salmaq, qanunçuluğu və hüquq qaydasını təmin etmək üçün böyük tədbirlər görülməlidir.
Azərinform
Bakı Şəhər partiya Komitəsinin müraciəti
Əziz bakılılar! Qardaşlar və bacılar!
Bizim işimiz haqq işidir. Çünki xalqımız öz torpağını, öz şərəfini, öz milli mənliyini qoruyur. Ancaq biz xalqımızın, şəhərimizin adına qara ləkə yaxılmasına yol verməməliyik. Qırğın bizim yolumuz deyil. Mübarizəmizi dinc yolla davam etdirməliyik. Azərbaycan xalqının sıx birliyi bu gərgin günlərdə ən kəsərli islahımız olmalıdır. Sizi birliyə, yekdilliyə, sağlam fikrə çağırırıq. Düşünülməmiş hərəkətlərə yol verməyin, ağıl, dərrakə, vahid iradə bizim şüarlarımız olmalıdır. Yalnız bunun sayəsində biz bütün məqsədlərimizə çata bilərik.
Sakitliyi, əmin-amanlığı qoruyun. Şəhərimizdə xoşagəlməz əməllər törədilməsinə yol verməyin. Xalqımızın nəcib adını, birliyini qoruyun. Bakının təmiz adını uca tutmaq hər birimizin borcudur.
"Kommunist" qəzeti, 17 yanvar 1990-cı il, ¹14
lll
13 yanvar
Bakının Azadlıq meydanında mitinq keçirilir. Mitinqdə AXC-nin Milli Müdafiə Şurasının yaradıldığı elan olunur.
"Kommunist" qəzeti, 16 yanvar 1990-cı il, ¹ 13
lll
Kreml də Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirilir. İclasda Dağlıq Qarabağ Muxtar vilayətində və başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında məsələ müzakirə olunur. SSRİ daxili işlər naziri V.Bakatin, SSRİ baş prokuroru A.Suxari, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Kryuçkov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Q.Voskanyan məlumat verirlər.
Müzakirələrin nəticələri üzrə Mixail Qorbaçov "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında" SSRi Ali Soveti Rəyasət Heyətinin fərmanını imzalayır.
1990-cı il yanvarın 15-də yerli vaxtla saat 23-dən Dağlıq Qarabağ Muxtar vilayətinin, Azərbaycan SSR-nin ona bitişik rayonlarının, Ermənistan SSR Gorus rayonunun ərazisində, habelə Azərbaycan SSR ərazisində SSRİ-nin dövlət sərhədi boyunca sərhədyanı zonada fövqəladə vəziyyət elan edilir.
lll
17 yanvar
Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında mitinqlər davam edir.
Y.Primakov, A.Giren ko və Ə.Vəzirov Xalq Cəbhəsinin liderləri ilə danışıqlar aparırlar. Y.Primakov MK-nın binası qarşısındakı mitinqdə çıxış edir və xalqı qorumaq üçün Bakıya ordu gətirildiyini bildirir. Onun çıxışına razılıqla qarşılanır.
lll
18 yanvar
Bakıda şayiələr baş alıb gedir. Mitinqlər ara vermir. Əhali Sovet əsgərlərinin şəhərə top-tüfənglə girəcəyinə inanmır.
lll
19-20 yanvar
Azərbaycan Televiziyasının mərkəzi enerji bloku partladılır.
Azərbaycan KP MK-nın binası qarşısında keçirilən mitinqdə qərara alınır ki, şəhərə giriş yollarındakı barrikadalar möhkəmləndirilsin. Rus əsgərlərinin Bakıya girməsinin qarşısı bu yolla alınsın.
lll
Yanvarın 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin, SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri hərbi silah və texnikanın müxtəlif növlərindən atəş aça-aça ayrı-ayrı istiqamətlərdən Bakıya daxil olur, dinc əhaliyə qarşı misli görünməmiş cinayətkarlıq əməlləri törədirlər. Çoxlu ölən və yaralanan olur.
lll
Bakı şəhərinin komendantı general-leytenant V.Dubinyakın I saylı əmri ilə gecə saat 23-dən səhər 6-dək qadağan saatı elan edilir.
Şəhidər Xiyabanının necə yaranması ilə bağlı Dəfn Komissiyasının üzvü Azər Nəbiyev bunları mənə deyib:
"Yanvarın 20-də, dan yeri söküləndə MK-nın qarşısında matəm mitinqi başlanmışdı. Mən təxminən saat 8 radələrində ora gəldim. Adamlar şok vəziyyətində idilər. Elə mən özüm də nə edəcəyimi kəsdirə bilmirdim. Bu zaman yaşadığım ərazinin sahə həkimi ağlaya-ağlaya mənə yaxınlaşıb soruşdu ki, Azər müəllim, bu nə müsibət idi başımıza gəldi? Onun az qala qeyri-adi hönkürtüsü ətrafdakıların diqqətini cəlb etdi.
Adamlar başımıza toplaşdılar. Hamı bir-birinin üzünə baxır, bir-birlərinə sual verirdi: "Niyə belə oldu? İndi nə edək, neyləyək, kimə müraciət edək?". Doğrusu, MK-nın qabağına toplaşanların hamısı gecəki müsibətdən, şəhid olmuş adamlardan danışırdı. Bu zaman bir nəfər dilləndi: şəhidləri Dağüstü Parkda dəfn etmək lazımdır. Bu, Nəriman Əliyev idi. Eşitdiyim təklif şəxsən mənim ürəyimdən oldu. Sabir Rüstəmxanlıdan eşitmişdim ki, 1918-20-ci illərdə erməni daşnakları tərəfindən öldürülən soydaşlarımız Dağüstü Parkda dəfn olunublar. Sonradan onların cəsədləri çıxarılıb başqa-başqa yerlərdə basdırılıb. Bu tarix bir də təkrar olunmasın deyə biz Nəriman Əliyevin təklifinin həyata keçirilməsinə cəhd göstərmək qərarına gəldik. Bu zaman tanımadığım bir adam üzünü mənə tutub dedi ki, Azər müəllim, işə başlamaq lazımdır. Gəlin komissiyanın tərkibini müəyyənləşdirək. Cibimdən kağız-qələmi çıxarıb birinci öz adımı yazdım. O biri adamlar da adlarının Dəfn Komissiyasına salınmasını xahiş etdilər.
Beləliklə, qısa bir müddət də aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov. Sonradan təklif olundu ki, Şeyxülislam Allahşükür Paşazadəni də komissiyaya daxil edək. Qüdrət Əbdül Səlimzadəni komissiyanın sədri seçdik.
Beləcə, azadlıq qurbanlarının indi uyuduqları sahə o vaxt müəyyən olundu. Bundan sonra xalq könüllü olaraq qəbirlərin qazılmasına başladı. Məsələ bundadır ki, bizim heç bir göstəriş - filan olmadan, ürəyimizin səsi, qəlbimizin hökmü ilə başladığımız bu xeyirxah iş çoxlarının xoşuna gəlməmişdi.
Məlum Ali Sovetin fövqəladə sessiyası başlayanda mən ayaqqabılarımın palçığını da silmədən Ali Sovetə - iclas zalına daxil ola bildim. Gördüyümüz işlər barədə məlumat verdim.
Rayon katiblərindən kimsə ayağa durub çox qəzəbli bir şəkildə üzünü mənə tutub dedi: "Siz niyə özbaşına iş görmüsünüz?
Biz indi məcburuq ki, qazılmış qəbirləri dolduraq". Nə deyə bilərdim? Sözsüz ki, qəzəbimi boğa bilmədim. Məni ağılsız adlandırırsınız, - dedim, siz ağıllı olun, gedin qəbirləri doldurun. Adını və sayını bilmədiyiniz adamların yaxınlarına başsağlığı vermək istəyirsiniz. Lakin hərəkətlərinizlə dedikləriniz heç bir məntiqə sığmır.
Sessiyaya sədrlik edən Bəxtiyar Vahabzadə mənə tərəfdar çıxaraq üzünü o adama tutub dedi ki, sizə ayıb olsun! Bu sözlərdən sonra hörmətli şair iclasa sədrlik etməkdən də imtina etdi. Qalan vaxtda mərhum İsmayıl Şıxlı sessiyanın iclasına sədrlik etməyi öz boynuna götürdü.
lll
Sovet qoşunlarının Azərbaycan paytaxtını işğal etməsi nəticəsində rəsmi rəqəmlərə görə Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, külli miqdarda dövlət və şəxsi əmlak talan edilmişdir. Görünməmiş faciə baş vermişdi. Qan tökən ordu uşaqları, qocaları, qadınları, təcili yardım maşınlarını güllə -baran etmiş di. Qəddarlığın həddi-hüdudu olmamışdı. Şəhidlər Xiyabanında bədən orqanlarının biri və ya bir neçəsi olmayan şəhidlər dəfn edildi. Xiyabanın lap kənarında naməlum bir qəbir var. Bu qəbirdə ayrı-ayrı adamların əzaları dəfn edilib: orada qol da var, qıç da var, göz də var.
Tarixin ironiyasına baxın ki, Azərbaycan xalqını qanına qəltan edən Qorbaçov bir neçə ildən sonra "Dünyada sülhün qorunmasında xidmətlərinə görə" Nobel mükafatına layiq görüldü.
Bu həmin Qorbaçov idi ki,1987-ci ildə Heydər Əliyevi SOV.İKP MK. Siyasi Bürosu üzvlüyündən və SSRİ rəhbərliyindən uzaqlaşdıra bilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də həmin dahi şəxsiyyət idi ki, Qanlı Yanvarın ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilən dəhşətli qırğını və faciəni dünyaya bəyan etmişdi, Azərbaycan ətrafında yaradılan informasiya blokadasını yarmışdı. Sonralar böyük öndər əvvəl Naxçıvan Ali Məclisində, daha sonra isə Azərbaycan Milli Məclisində Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verdi.
Səyyad AĞBABALI
525-ci qəzet.- 2015.- 20 yanvar.- S.4;8.