"Gözlə məni" - Ülvi Bünyadzadənin öz
şeirimi, yoxsa tərcüməsimi?
Böyük
rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı,
Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət
mükafatı laureatı olan Konstantin Simonovun (1915-1979) yaradıcılığından
söz düşərkən, ilk olaraq "Gözlə məni!" ("Jdi
menya!") şeirini
xatırlayırıq. Halbuki indi qeyd etdiyim fəxri
adlarının heç birini bu şeirə görə
almayıb.
Böyük
Vətən müharibəsinin başlanğıcından hərbi
jurnalist kimi çalışmağa başlayan K.Simonov
payız aylarında "Jdi menya" ("Gözlə məni")
şeirini yazır. O, bu şeirini öz sevgilisinə həsr
etsə də, "Jdi menya" müharibədə vuruşan
ərlərini gözləyən bütün qadınların
andına çevrilir.
"Gözlə
məni" şeiri poetik gücünün təsiri ilə
dünyanın bir çox dillərinə, özü də dəfələrlə
tərcümə olunaraq yayılıb.
Elə
o illərdə Səməd Vurğun bu şeir haqqında
fikirlərini belə ifadə edib:
"Konstantin Simonovun "Gözlə məni"
şeiri milyonlarla adamı dərindən həyəcanlandırdı.
Çox saf və dərin bir səmimiyyətlə
aşılanmış olan
bu şeir Böyük Vətən müharibəsi
iştirakçılarının bir çoxunu
düşündürən fikirlərə sanki
bir cavab idi".
Qarşılıqlı olaraq, Səməd Vurğunun
"Mən tələsmirəm", "Şair, nə tez
qocaldın sən...", "Gödəkcə" şeirlərinin
ruscaya şedevr tərcümələrinin müəllifi
K.Simonovun Azərbaycan ədəbiyyatına sevgisini bircə
misalla yada salmaq istəyirəm: "Səməd gözəl
şair, mərd insan və ədalətli dost idi. O, həqiqi xalqlar dostluğunun, şairlər
arasındakı dostluğun nə demək olduğunu çox
gözəl bilirdi. Məhz buna görə də ölkəmizin
hər yerində və onun hüdudları xaricində Səmədin
çoxlu dostları vardı...".
Təsadüfi deyil ki, şeir 1942-ci il, yanvarın
14-də dərc ediləndən dərhal sonra ayrı-ayrı
xalqların, o cümlədən, Azərbaycan ədəbiyyatında
da təsirli əks-sədaları eşidildi. Təbii ki, Azərbaycan
ədəbiyyatında Süleyman Rüstəm heç də
ondan geri qalmayan "Ana və poçtalyon"u yazdı. Yəni,
Azərbaycan şeiri də bu kimi nümunələrlə zirvəyə
doğru özünə cığır
açmışdı.
Nəğmə
olub dodaqlarda səslənən "Gözlə məni"
şeirinin Azərbaycan dilində xeyli sayda uğurlu tərcümə
nümunələri var, yəqin ki, hələ bundan sonra da
olacaq. Çünki araşdırma zamanı məlum oldu ki,
nisbətən yaşlı nəsillə
(Ə.Kürçaylı, X.R.Ulutürk, Anar, İsa
İsmayılzadə, S.Məmmədzadə və s.)
yanaşı müasir dövrümüzdə poeziya aləminə
gələn qələm sahibləri də (S.Babullaoğlu,
Valeh Mirzə, X.Əfəndiyeva
və s.) həmin şeiri dilimizə tərcümə ediblər.
Ötən
əsrin 90-cı illərində ədəbiyyata gələn
gənclər arasında xüsusi dəst-xətti olan Ülvi
Bünyadzadənin dünya ədəbiyyatından xeyli tərcümələri
(18 müəllifdən 20 tərcümə) məlumdur və
bu əsərlər müxtəlif vaxtlarda (1990, 1991, 1993, 2005
və s. illərdə) istər dövri mətbuatda, istərsə
də kitablarında oxuculara təqdim edilib.
Qeyd
edim ki, Ülvinin mütaliə məhəbbətinin
qaynağı atası olub: aralarındakı ədəbi
mübahisələr, ədəbi yeniliklərlə
tanış olaraq hər söhbətində atasını
heyrətləndirmək marağı, oxuduğu əsərlərin
təsiri, təbii ki, onun yaradıcılığında da
özünü göstərib.
Konstantin
Simonovun "Gözlə məni" şeirinin təsir dairəsinə
düşən şairlərdən biri də Ülvi
Bünyadzadə olub. Bu əsərin təsiri ilə öz
"Gözlə məni" (1987) şeirinimi yazıb, yoxsa,
elə həmin əsəri tərcümə edib?
1993-cü
ildə Ülvinin "Gənclik" nəşriyyatında
çap olunan kitabı "Bir
ölümün acığına" adlandırılıb.
Bir məsələni xüsusilə qeyd etməyi özümə
borc bilirəm: 20 yaşlı tələbə Ülvi
1990-cı il hadisələri zamanı şəhid olub. Hadisədən az sonra təskinlik xatirinə onun əlyazma
şeirlərindən bir neçəsini, o cümlədən,
"And"ını mətbuatda
dərc etdirdim. Bunların içərisində "Anam
da, övladlarım da məni qəmgin xatırlasın" sətirləri
ilə başlayan bir şeiri diqqətimi xüsusilə cəlb
etdi. Bu, şeirdən çox ağıya bənzəyirdi. Elə
ağı kimi də düşünüb heyrətləndim
ki, necə olub özünə belə bir şeir həsr edib.
Anam da, övladlarım da
Məni
qəmgin xatırlasın,
Qoy ən
əziz dostlarımsa,
Həmişəlik
yadırğasın.
Bir
ocağın ətrafında
Mənə
ehsan paylasınlar.
Qoy
lap məni "bəxtsiz" - deyə
Bənzətsinlər
bir yazığa.
Ancaq
gözlə, gəlməliyəm,
Bir ölümün acığına.
Şeirin altında yazılma tarixi 1987-ci ilə aid idi. Bu il 20 yaşlı Ülvinin 45 illiyinə bir kitab hədiyyə etmək istədim. Dünya ədəbiyyatından etdiyi
tərcümələrindən - şeir və hekayələrdən ibarət
"Qəhərlənmiş könlüm" adlı bir kitab hazırlayaraq
nəşriyyata təhvil
verdim.
Bundan
5-10 gün sonra İctimai Televiziyanın "Yadigarlar" verilişi üçün bəzi əlyazmaları hazırlamaq
məqsədilə Ülvinin
arxiv qovluqlarına yenidən nəzər salmalı oldum. Ötən
25 ildə 4, ya 5- ci dəfə idi ki, həmən
qovluqları sahmanlayırdım,
amma başa çatdıra bilmirdim, dözməyib yarı-yarımçıq
yığışdırırdım.
Bu dəfə baxanda təsadüfən 3-4 vərəqdə
"Gözlə məni"
şeirinin qaralamaları,
sonra makinada rus əlifbası ilə yazılmış nüsxəsi əlimə
keçdi. Yuxarıda
qeyd etdiyim ağı-şeirin misralarını
bu mətnin sonunda görüncə matım-qutum qurudu. Deməli, tərcümə
əsərinin bir hissəsini indiyəcən
Ülvinin öz əsəri
kimi təqdim etmişəm. Düzü
utandım, "Ülvinin
ruhunu incitmişəmmi?"
- deyə fikrə getdim. Amma o zamanlar hadisələr elə cərəyan edirdi ki, adam
az qala özü-özünü
unudurdu, onda qala bu şeirin
kimə məxsus olduğunu biləsən. Məni çaşdıran məqam
şeirin Ülvinin öz dəst-xətti ilə yazılması və əsl müəllifin adının
qeyd edilməməsi idi (adətən o, bütün tərcümələrində
müəllifin adını
başda yazıb).
Bir də həmin günlər Ülvi ölümdən
yaman çox danışırdı, bu
mövzuyla bağlı
şeirlər yazırdı,
yəni, özündə-sözündə
olmaması mənim də fikrimi çaşdırmışdı. Amma "ağı" adlandırdığım
həmin sətirləri
oxuduqca ya bir yarımçıqlıq,
ya da haradasa
xatırlamağa çalışdığım
nə isə bir məqam məni tərpədirdi.
Budur, düz 25 ildən sonra rastıma çıxdı, özü
də əlimin altında ola-ola. Gec də olsa, daxilən
sakitləşmək üçün
səhvimi düzəltməyə
ehtiyac duydum. (Amma çox-çox
üzülürəm ki,
bu şeiri onun dünya ədəbiyyatından tərcümələr
kitabına daxil edə bilmədim). Həmin tərcüməni tam halda,
əlyazma qaralamaları
ilə birgə diqqətinizə çatdırıram.
Konstantin
SİMONOV
Jdi menya!
Jdi menya, i ya
vernus,
Tolko oçen jdi.
Jdi, koqda navodyat qrust,
Jeltıe dojdi.
Jdi, koqda sneqa metut,
Jdi, koqda jara.
Jdi, koqda druqix ne jdut,
Pozabıv vçera.
Jdi, koqda iz dalnix
mest
Pisem ne pridet,
Jdi, koqda uj nadoest
Vsem, kto vmeste jdyot.
Jdi menya, i ya
vernus,
Ne jelay dobra
Vsem, kto znaet naizust,
Çto zabıt pora.
Pust poveryat sın i mat
V to, çto net menya,
Pust druzya ustanut jdat,
Syadut u oqnya,
Vıpyut qorkoe vino.
Na pomin duşi…
Jdi. İ s nimi zaodno
Vıpit ne speşi.
Jdi menya, i ya
vernus,
Vsem smertyam nazlo.
Kto ne jdal menya, tot pust
Skajet: -
Povezlo,-
Ne ponyat ne jdavşim im,
Kak sredi oqnya
Ojidaniem
svoim
Tı spasla menya.
Kak ya vıjil budem
znat
Tolko mı s toboy-
Prosto tı umela jdat,
Kak nikto druqoy.
lll
Gözlə məni!
(Ülvi Bünyadzadənin
tərcüməsi)
Gözlə məni, gözlə,
gülüm,
Gəlməliyəm, gələcəm də.
Gözlə məni, gözlə,
könlün
Qəm gölündə dincələndə
Gözlə məni, bürküdə
də,
Gözlə qarda, dumanda da.
Gözlə məni, gözlə,
yenə,
Hamı məni unudanda.
Gözlə məni, gözlə,
gözlə,
Təsəllisiz qalsan belə.
Bezdirsə də gözləməyin.
Dost-qohumu yenə
gözlə.
Kim ki, sənə "unut" deyir,
Umma ondan hörmət, gülüm.
Sən həyatın özündən
də,
Gözləmə mərhəmət, gülüm.
Anam
da, övladlarım
da
Məni
qəmgin xatırlasın,
Qoy ən əziz dostlarımsa
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy lap məni "bəxtsiz"
- deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm,
Bir
ölümün
acığına.
1987
Almaz ÜLVİ
Filologiya elmləri doktoru
525-ci qəzet.-
2015.- 20 yanvar.- S.7.