"Baxdım bu
dünyanın pəncərəsindən..."
"Miniatür hekayələr yazıram. Mənə elə gəlir ki, indi iri əsərlər oxunmur. Xatirələrimi də yazıram. Özü də elə yazıram ki, kitabı açanda hansı hissəsini oxumaq istəsən, digəri ilə heç bir əlaqəsi olmasın, başa düşülsün. Kitabın adı "Baxdım bu dünyanın pəncərəsindən..." olacaq". Rəhmətlik Aslan müəllim bu sözləri son müsahibələrinin birində demişdi...
Həmin kitabı sağlığında nəşr etdirmək ona qismət olmadı. Lakin vəfalı həyat yoldaşı Gözəl xanım mərhum yazıçının bu arzusunu da gerçəkləşdirib. Aslan Qəhrəmanlının "Baxdım bu dünyanın pəncərəsindən..." kitabı bu günlərdə, onun vəfatının birinci ildönümü ərəfəsində çapdan çıxıb.
Kitabda yazıçının xatirələri, hekayələri, pyesləri, şeir və tərcümələri, parodiyaları toplanıb. Kiçik həcmli xatirə və hekayələrdə mərhum yazıçı şahidi olduğu hadisələri, yaxınları və dostları ilə bağlı əhvalatları qələmə alıb. Kitaba vaxtilə geniş populyarlıq qazanmış üçhissəli - "Səni axtarıram", "Məni bağışla", "Səndən xəbərsiz" televiziya pyesləri ilə yanaşı, bu seriyanın davamı olan "25 ildən sonra" pyesi də daxil edilib. Tərtibçilərin fikrincə, ictimai yükü, mənəvi-əxlaqi çağırışları ilə bu gün də aktuallığını qoruyub saxlayan bu pyeslər dördlüyünü müasir rejissor yozumu, aktyor oyunu və televiziya standartları ilə yenidən ekranlaşdırılması mümkündür.
Aslan Qəhrəmanlı bədii yaradıcılığında nəsr və dramaturgiyaya üstünlük versə də, poeziyaya da biganə qalmayıb. Xatirələrində qeyd etdiyi kimi, şeir də yazıb, özü üçün... Hətta rus dilindən şeirlər tərcümə edib... Bir çox Azərbaycan şairlərinin şeirlərinə yazdığı parodiyaları bir neçə il əvvəl kiçik bir kitabçaya yığaraq oxucuların mühakiməsinə verib və bu cəsarətli, nisbətən orijinal yaradıcılıq cəhdlərini ömrünün son günlərinədək davam etdirib. "Baxdım bu dünyanın pəncərəsindən..." kitabında da mərhum ədibin bu qəbildən olan poetik yaradıcılıq nümunələri də verilib.
"Baxdım bu dünyanın pəncərəsindən..." - layiqli vətəndaş, ziyalı, alim, müəllim və yazıçı ömrü yaşamış Aslan Qəhrəmanlının düşüncə və duyğularını, həyata baxışını və mənəvi qənaətlərini özündə ehtiva edən bu kitab, inanırıq ki, oxucuların marağına səbəb olacaq.
525-ci qəzet.-
2015.- 20 yanvar.- S.7.