Yaradıcı şəxsiyyətin
bütövlüyü və ucalığı
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM ASLAN QƏHRƏMANLININ VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLUR
...Aslan
müəllim haqda keçmiş zamanda danışmaq mənim
üçün çox çətindir. Onunla
1967-ci ildən başlayan tanışlığımız
sonralar möhkəm dostluğa çevrildi. Bir kollektivdə çalışdıq, eyni binada qonşu
olduq. Bu illərlə bağlı çox xatirələrim
var: onların bir qismi Aslan müəllimi görkəmli elm
adamı kimi, bir qismi peşəkar müəllim kimi, bir qismi
rəhbər kimi, bir qismi ədəbiyyat adamı kimi, bir qismi
ailə başçısı kimi və bir qismi isə onu
dost, yoldaş və qonşu kimi xarakterizə edir.
Aslan müəllim çox istedadlı
riyaziyyatçı idi. Bununla bağlı yaddaşımda qalan
hadisələrdən birini xüsusi qeyd etmək istəyirəm.
O, Milli
Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi
işçi kimi çalışırdı və elmlər
namizədi alimlik dərəcəsi almaq üçün
dissertasiya müdafiə etmişdi. Həmin
dövrdə elmi işlər müdafiədən sonra təsdiq
olunmaq üçün keçmiş SSRİ-nin paytaxtına
- Moskvaya Ali Attestasiya Komissiyasına göndərilirdi. Aslan müəllimin dissertasiya işi Moskvaya
çatdıqdan sonra oradan da rəy verilməsi
üçün Novosibirsk Elm Mərkəzinə göndərilir.
Həmin Mərkəzdə işləyən
riyaziyyat üzrə çox məşhur bir akademik onun elmi
işinə rəy verməli idi. Bu məsələ
xeyli gecikdiyi üçün Aslan müəllim özü
Bakıdan Novosibirskiyə getməli olur. Akademik çox
qısamüddətli görüşdə ona ingilis dilində
bir elmi məqalə verir və deyir ki, bunu tərcümə et, sonra elmi işinlə bağlı söhbət
edərik.
Aslan müəllim ingilis dilini bilməsə də, bunu
akademikə söyləməyə lüzum görmür. Elmi mərkəzdəki
kitabxanalardan birinə gedir və orada lüğət vasitəsilə
məqaləni ingiliscədən ruscaya tərcümə edir.
Rusiyalı akademik tərcüməni oxuduqdan
sonra Aslan müəllimə elmi işindən heç bir sual
vermədən müsbət rəy yazır və dissertasiya təsdiqini
alır.
Vaxtilə
Aslan müəllimlə bir qrupda ali təhsil
alan, sonralar riyaziyyat üzrə akademik olan bir nəfər
indiki Bakı Dövlət Universitetinin müəllimləri təkmilləşdirmə
kursunda dərs deyirdi. O dövrdə ali məktəb
müəllimləri hər 5 ildən bir təkmilləşmə
kurslarına getməli idilər. Aslan müəllim
də indiki Neft Akademiyasının "Tətbiqi
riyaziyyat" kafedrasının dosenti idi və növbəti təkmilləşmə
kursuna getmişdi. Akademik birinci dərsə girəndə
Aslan müəllimi də dinləyicilər arasında
görür və hal-əhval tutandan sonra deyir: "Ay Aslan, mən
sənə yeni nə deyəcəyəm, get,
kursun axırında gələrsən".
Çox təəssüf ki, Aslan müəllim elmi
yaradıcılıqla sonralar məşğul olmadı. Əgər məşğul
olsa idi, çox böyük elm adamı kimi daha yüksək
ad-san qazanardı.
Aslan Qəhrəmanov peşəkar müəllim idi. Həm
savadı, həm davranışı, həm geyimi ilə həmkarlarına
nümunə göstərməyi bacarırdı. Uzun illər
bir sıra ali təhsil ocaqlarında
işləmiş və hər yerdə də tədris
qaydalarına dürüst əməl edən, dərslik, dərs
vəsaiti və tədris-metodiki təminatın
hazırlanması sahəsində müqayisəolunmaz dərəcədə
peşəkarlıq göstərən bir müəllim kimi
tanınmışdı.
Yadımdadır, mən Moskvada Mərkəzi
Riyaziyyat-İqtisadiyyat İnstitutunda aspirant olan vaxt o da Rostov
Dövlət Dəmiryol İnstitutunun Bakı filialında
müəllim kimi çalışırdı. Vəziyyət
elə gətirir ki, müəyyən neqativ hallara yol verilməsi
ilə əlaqədar həm baş institutdan, həm də
hüquq-mühafizə orqanlarından filiala yoxlamalar gəlir.
Aslan müəllim istisna olmaqla, demək olar ki,
filialın bütün əməkdaşları ilə
bağlı neqativ faktlar aşkarlanır. Nəticədə
həmin şəxslər işdən
çıxarılır, hətta bəziləri ciddi cəzalandırılır
da... İnstitut rəhbərliyi Aslan müəllimə
etimad göstərərək onu Bakı filialına direktor təyin
edir. Həmin dövrdə Aslan müəllimi
hətta Rostova qəbul və dövlət imtahanlarını
götürməyə dəvət edir, dərsliklər, dərs
vəsaitləri, proqramların hazırlanması ilə
bağlı yaradıcılıq komissiyalarına daxil edirdilər.
Sonralar indiki ADNA-nın "Tətbiqi riyaziyyat"
kafedrasında, Azərbaycan Universitetində o, belə şəffaf,
yaradıcı fəaliyyəti ilə hamının
böyük rəğbətini qazanmışdı.
Aslan
müəllim "Azərbaycanın vergi jurnalı"nın yaradıcılarından biri olub və
bu elmi jurnalın baş redaktoru kimi səmərəli fəaliyyət
göstərib. Vergi sistemi başqa sahələrlə
müqayisədə Azərbaycan reallığı, xalqı və
dövləti üçün yeni bir sahə olduğundan onun
haqqında biliklər, məlumatlar çox az
idi. Hətta bir iqtisadi kateqoriya kimi peşəkar
iqtisadçılar üçün də müəyyən
çətinliklər mövcud idi.
Hər
yerdə olduğu kimi, burada da Aslan müəllim qısa
müddətdə, demək olar ki, bu sahənin mütəxəssisinə
çevrildi və vergilər sahəsində biliklərin
populyarlaşdırılması, əhalinin maarifləndirilməsi,
məlumatlandırılması sahəsində çox
böyük və vacib işlər gördü.
Bu gün
elə bir sahə yoxdur ki, vergi sistemi qədər elmi və
pedaqoji, maarifləndirici və s. kimi ədəbiyyatlarla təmin
olunsun.
Bu sahədə
3-5-ci, 6-8-ci, 9-11-ci siniflər üçün dərsliklər,
bakalavr və magistr təhsili üçün dərsliklər,
"Vergi mədəniyyəti" və nəhayət,
"Vergi Ensiklopediyası" kimi iri həcmli kitablar
hazırlanıb şagirdlərin, tələbələrin və
geniş oxucu kontingentinin istifadəsinə verilib. Bu işlərdə Aslan müəllimin əməyi
ölçüyəgəlməzdir, bu əməyin dəyərini
müəyyənləşdirmək
mümkünsüzdür.
Burada mən, xüsusilə 3-5-ci siniflər
üçün "Vergilərin əhəmiyyəti və
ya yeddi nağıl axşamı" və "Vergi mədəniyyəti"
kitablarını qeyd etmək istərdim.
Görkəmli psixoloq alim, professor Əbdül Əlizadə,
tanınmış pedaqoq, professor Əjdər Ağayev həmin
dərsliyi uşaq ədəbiyyatı sahəsində yeni janr
adlandırıblar. Bu kitabda həm nağıl dilində vergi, maliyyə,
bank, xəzinə, pul və s. kimi anlayışlar haqqında
məlumatlar verilir, həm tarixi personajlardan, həm də ədəbiyyatda
mövcud olan vergi ilə bağlı nümunələrdən
misallar gətirilir. Dərslik hazırlanarkən
Aslan müəllim şairlərə müraciət etdi, onlar
vergilərə həsr olunmuş şerlər yazdılar və
onları kitaba daxil etdik.
"Vergi mədəniyyəti" kitabı ilə
bağlı bir neçə kəlmə qeyd etmək istərdim. Bir gün Aslan müəllimə
dedim: "Mən bir vərəqə elə boş vaxtımda
"dövlət" yazdım, sonra isə "var-dövlət"
yazdım və çox maraqlıdır ki, burada həm məna
eyniliyi və həm də müxtəlifliyi var. Bu
"var" "dövlət" sözünün əvvəlinə
necə düşüb?" Beləliklə, cəmiyyət,
dövlət, iqtisadiyyat, vergi və s. haqda müzakirələr
aparıldı və nəticədə orijinal, o dövr
üçün dünya ədəbiyyatında mövcud
olmayan, çox zəngin və dolğun informasiya mənbəyinə
malik kitab meydana çıxdı.
Burada Aslan müəllimin çox maraqlı bir qənaətini
diqqətinizə çatdırmaq istəyirəm.
Bizə ali məktəblərin iqtisadiyyat də
rsliklərində
"iqtisadiyyat" əvəzinə "ekonomika"
sözünü "oykos" (ev təsərrüfatı) və
"nomos" (qanun, qayda) sözlərinin birləşməsi
kimi, yəni ev təsərrüfatının idarə edilməsi
- "evdarlıq" kimi izah edirdilər.
Əslində isə "iqtisadiyyat" ərəb
sözü olub "qəsədə"dən (yönəlmək,
qənaət etmək, çatmağa çalışmaq) əmələ
gəlib.
Müxtəlif mənalarda işlənən "qəsədə"
sözündən həm də "qasid", "məqsəd",
"qəsd" sözləri yaranıb. Bütün
bu sözlərin kökündəki qənaətcillik, istəyə
ən qısa zamanda çatmaq, kəsə yolla getmək mənaları
ilk baxışda fərqli görünsə də, əslində,
onların ümumi cəhətləri daha çoxdur. Bir
işi ən az müddətə görmək
vaxta, kəsə yolla getmək isə məsafəyə qənaət
deməkdir. Məktub aparan, müəyyən
tapşırığı kiməsə çatdıran adam "qasid" adlanır. O, heç bir yerdə
ləngimədən öz məqsədinə nail olmağa
çalışır, yola və zamana qənaət edir. Ona görə "qasid" sözünü ərəblər
həm də "qənaətcil" mənasında işlədirlər.
Yeri gəlmişkən,
klasik ədəbiyyatımızda şeirin yığcam bir
"qəsidə" forması da var. "İqtisad" sözü
isə ərəb dilində, eyni zamanda həm "qənaətcillik",
həm də "təsərrüfat" deməkdir,
"iqtisadiyyat" həmin sözün cəm halıdır.
Biz Aslan müəllimin bu yanaşmasını
"Vergi mədəniyyəti" kitabının iqtisadiyyat
bölməsinə daxil etmişik.
Eyni zamanda Aslan müəllimlə birlikdə
yazdığımız "İqtisadi-riyazi üsul və
modellər", "Ekonometrika" kimi dərsliklər uzun
illərdir universitetlərdə dərslik kimi istifadə
edilir.
Aslan
müəllimin ensiklopedik biliyi, orijinal düşüncə tərzi
vardı, sadə, təvazökar, təmənnasız adam idi. Qəbul etdiyi qərarı
heç vaxt dəyişməzdi. "Azərbaycanın
vergi jurnalı"na 7 il 7 ay və 7
gün rəhbərlik etdikdən sonra bu vəzifədən
azad edilmək üçün ərizə yazdı və
heç bir tövsiyəyə, təklifə baxmadan qərarının
üstündə dayandı.
Mən
dörd il Azərbaycan Universitetinə rəhbərlik
etdikdən sonra yenidən Vergilər Nazirliyinə qayıdarkən
universitetə yeni rəhbər kimi Aslan müəllimin namizədliyini
verdim. Amma bilirdim ki, əvvəlcədən desəm,
razı olmayacaq. Elmi Şuranı yığdım: məqsədim
həm kollektivlə xudahafizləşmək, həm də
Aslan müəllimi təqdim etmək idi.
O, elə
əvvəllər də, jurnalın redaktorluğundan
çıxandan sonra da bu universitetdə müəllim işləyirdi.
Kollektiv onu, o da kollektivi yaxşı
tanıyırdı. Mən yeni rektorun Aslan
müəllim olacağını elan etdim və bu seçimin
düzgünlüyünə, onun universitetdə olan şəffaflığı,
təmənnasızlığı layiqincə
qoruyacağına əminliyimi bildirdim. Rəhmətlik
heç nə demədi və orada razı oldu.
Düzü, sonradan onun könlünü almaq
üçün çox əmək sərf etdim. Amma dəyərdi,
universitetin mənafeyi onu tələb edirdi. Mən əminəm ki, Aslan müəllim məhz onu
əsas götürüb etiraz etmədi. Amma çox
qısa müddətdən sonra bu vəzifədən də
getməyi qərara aldı və bu qərarını da belə
əsaslandırdı ki, çoxlu yarımçıq işlərim
var, onları başa çatdırmalıyam...
Aslan müəllimin ədəbi
yaradıcılığı haqqında söz demək ədəbiyyatşünasların
işidir və hesab edirəm ki, gənc ədəbiyyatçılarımız
onun ədəbi irsini araşdıracaqlar. Yalnız bir
faktı deyim ki, Aslan müəllim dərsliklər üzərində
işləyərkən bütün tərcümələri
- istər şeir, istər hər hansı bədii material
olsun - hazır istifadə etməyə razı olmazdı,
özü orijinaldan tərcümə edərdi.
Azərbaycan Universitetinin himnini hazırlamaq lazım idi. Mən bir
çox adamlara müraciət etdim. Xeyli mətnlər
toplandı. Lakin Aslan müəllimin
yazdığı şeir seçildi və onun sözlərinə
çox dəyərli bəstəkarımız Səyavuş
Kərimi musiqi bəstələdi. Mən
deyərdim ki, çox gözəl bir sənət əsəri
yarandı.
Aslan
müəllim gözəl ailə başçısı,
yaxşı dost, qayğıkeş yoldaş və mehriban
qonşu idi. Biz onunla, eyni zamanda 30 ilə
yaxın bir binada, bir blokda yaşamışıq. Bir dəfə də olsun münaqişə
iştirakçısı olmağını görməmişəm.
Yaxşı şahmat oynayırdı. Hərdən axşamlar həyətə düşər,
şahmat oynayardıq.
...Təəssüf
ki, amansız xəstəlik Aslan müəllimi tez haqladı və
ona yarımçıq qalmış işlərini başa
çatdırmağa imkan vermədi.
Onun nurlu,
işıqlı xatirəsi qəlbimizdə daim
yaşayacaqdır!
Akif MUSAYEV
AMEA-nın müxbir üzvü,
iqtisad elmləri doktoru, professor
525-ci qəzet.-
2015.- 20 yanvar.- S.6.