Şəxsiyyətin
harmoniyası
...Orta məktəbdə
ədəbiyyat dərslərində bədii əsərlərlə
tanış olan şagirdlər, kinofilmlərə
baxan yeniyetmələr gözəl düşüncələr,
ülvi xəyallarla yaşamağa başlayır, özlərini
gələcəkdə bədii əsərlərin qəhrəmanları
kimi görmək istəyir, müsbət obrazlara bənzəməyə
çalışırlar. Belə hissləri mən
də keçirmişəm. Bu mənada Süleyman Rəhimovun
"Mehman", Mehdi Hüseynin "Alov", eləcə də
Cəmşid Əmirovun, İlyas Əfəndiyevin əsərlərinin
baş qəhrəmanları o zamankı dövrümüzdə
yeniyetmələrin sevimli personajları idi. Elə
indi də gənclər hüquq-mühafizə orqanlarında
işləməyə daha çox üstünlük verirlər.
Bizim
vaxtımızda bu, daha çox romantik hisslərlə
bağlı idi. İndi zaman dəyişib.
Gənclər peşə, ixtisas seçəndə
təkcə romantik duyğuları nəzərə
almırlar.
...Qələm
adamı ilə tanışlıq qəzetdən, məqalədən,
kitabdan başlayır. Mən onunla tanış
olmağa gedəndə barəsində kifayət qədər
məlumatım var idi. Təkcə onu demək bəs
edər ki, o, artıq dördüncü rayon idi ki, prokuror işləyirdi.
Bilirdim ki, bədii, publisistik və elmi
yazılar yazır, bir neçə kitabı
çıxmışdır. Peşəkar
hüquqşünas, tanınmış simadır. Mənim
üçün maraq doğuran əsas məqam bu idi ki,
prokuror işlədiyi rayonlarda onu həmişə
"Mehmana" bənzədiblər...
Ancaq qəlbimin
hansısa bir küncündə bir hiss baş qaldırıb mənə
pıçıldayırdı: "Mehman varsa deməli
"Qaloş" da olacaq, hələ onun havadarı da". Allahdan istəyirdim ki, "Mehman"a bənzəsə
də eyni taleyi bölüşməsinlər. Hətta,
müxtəlif zaman kəsiklərində yaşasalar da belə...
...Şəxsi tanışlıq məndə
böyük təəssürat yaratdı. Ləyaqətli bir prokurorla tanış olmuşdum. Həqiqətən
müasir dövrün "Mehman”ını
görürdüm. Süleyman Rəhimovun qəhrəmanı
kimi yaşayan, işləyən, düşünən Mobil
İsmayılov...
Ayrılanda bir-birimizə kitablarımızı bağışladıq. Sonralar arabir
görüşür, əsasən yaradıcılıqla
bağlı, eləcə də həyati söhbətlər
edirdik.
Mobil
İsmayılovun görünən zahiri tərəfindən,
eləcə də iç dünyasından qəzetlərdə
çox yazılar gedib. Əslində
yazılanlar hələ azdır. Yəqin
ki, yenə də yazılacaq. Mənim də
ürəyim doludur. Mən də onun daxili
aləmindən danışmaq istəyirəm. Hərtərəfli dünyagörüşünə
malik Mobil müəllimlə istənilən mövzuda söhbət
etmək mümkün idi. O, daxilən çox zəngin, səmimi,
fərqli mədəniyyət sahibidir. Onun
üçün həyatda əsas məsələ mənəvi
amillərdir. Bu adam heç vaxt şəxsi
mənafe güdmürdü. Bir də ki, mən
onda liderlik keyfiyyətləri müşahidə edirdim. İnsanlar onunla daim təmasda olmaq istəyirdilər.
Biz "ziyalı" sözünü tez-tez işlədirik. Ziyalılıq
özündə mənəviyyat anlayışına daxil olan
ən gözəl keyfiyyətləri birləşdirir. Mobil İsmayılov şəxsiyyətində və
fəaliyyətində əxlaq prinsiplərini qoruyub saxlayan
nadir ziyalılarımızdandır. Onunla
hər bir ünsiyyət insanın qəlbindəki
işığı daha da artırır, müsbət
emosiyalara kökləyir.
Mobil müəllimi yaxından tanıyanlar, onun
dostları deyirlər ki, zaman onu dəyişdirə bilməyib. Hansı şəraitdə
olursa-olsun o, daim ziyalı missiyasını yerinə yetirməyi
bacarır.
Yazılar,
kitablar da adamlar kimidir, ya onlarla dost olursan, özünə həmsöhbət
tapırsan, ya da uzaqlaşırsan...
Mənim Mobil müəllimlə münasibətlərim
çox keçmədi ki, dostluğa çevrildi. Və mən
Mobil İsmayılovun daxili aləminə daha dərindən bələd
oldum. Həssas, diqqətcil, təvazökarlıq
kimi şəxsi keyfiyyətlərə malik Mobil müəllimin
özünə, işinə qarşı çox ciddi, tələbkar
olduğunu da sezirdim.
Mobil İsmayılov şəxsiyyəti getdikcə məni
daha çox heyrətləndirirdi. Tez-tez baş tutan
söhbətlərimiz məni hər dəfə məftun
edirdi. Mən bu dərəcədə geniş mütaliəli,
erudisiyalı, çox dəyərli bir qanun keşikçisinə
ilk dəfə idi ki, rast gəlirdim: gözəl insan, sədaqətli
dost, səmimi yoldaş, yüksək intellektə və dinləmə
mədəniyyətinə malik müsahib, etibarlı
sirdaş, heç kəsin təsəvvür belə edə
bilmədiyi qədər sadə və təvazökar bir qanun
keşikçisi -bir prokuror.
2012-ci ildə
Mobil müəllimin atası-tanınmış dövlət
xadimi olmuş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
işlədiyi dövrlərdə Zəngilan, Ağcabədi və Beyləqan rayonlarında raykom
katibi işləmiş mərhum Vahid İsmayılov barəsində
poemam işıq üzü gördü. Bu poema
mənim qəlbimin səsi, vicdanımın harayı sayəsində
ərsəyə gəldi. Çoxlarına
bəllidir ki, keşməkeşli həyat yolu keçən,
ömrü faciəli sonluqla bitən mərhum Vahid
İsmayılov böyük şəxsiyyət olmaqla
yanaşı, həm də yüksək əxlaqi dəyərlərə
malik şərəf və ləyaqət sahibi olmuşdur.
Mobil İsmayılov da məhz bu nəhəng
bulağın göz yaşıtək dupduru, büllur kimi pak
çeşməsidir.
Yazılan
nə varsa, əgər şəxsiyyəti tamamlamırsa, səmimi
qəbul edilə bilməz...
Mobil İsmayılovun uğurlu örnəkləri ilə
fəxr etdiyimiz bir vaxtda qəflətən eşitdim ki, Mobil
müəllim gözlənilmədən prokurorluq
orqanlarından getməsinə qərar verib. Öz təşəbbüsü
ilə öz raportu əsasında... Zamanın
çətinliklərinə baxmayaraq mən Mobil
İsmayılovu həmişə nikbin görmüşəm.
Ona görə də onun bu gedişinə əvvəl
həm təəccübləndim, həm də çox təəssüfləndim.
Daha sonda isə içimdə acı bir qəhər
baş qaldırdı. Desəm ki,
prokurorluğun ən samballı isimlərindən biri getdi,
şişirtməyə yol vermərəm. Hər dəfə söhbətlərimizdə bu məsələyə
toxunuruq. Mənim maraq dolu suallarıma Mobil müəllim:
"-İndi hamı hər şeyi bilir. Bir də
ki, mənim barəmdə qəzetlərdə gedən
yazılarda bütün bu suallara cavab tapmaq
mümkündür"-deyə təbəssümlə cavab
verir. Özü bu barədə
açıq danışmaq istəməsə də Mobil
müəllimin qəfil gedişinin səbəblərini təxminən
mən də anlayıram. Əlbəttə,
bu başqa bir mövzunun söhbətidir. Hər halda
böyük amala, məqsədə xidmət edən bir şəxsin
gözlənilməz bu addımı... Nə isə... Barmaqla
sayılacaq prokuror, kişi getdi... Amma niyə?! Mənim
tanıdığım Mobil müəllim o kişiliərdən
biri, bəlkə də birincisi idi. O, bu addımı
atmazdı. Onun buna bir azərbaycanlı oğlu
kimi mənəvi haqqı da yox idi. Ən
azı ona görə ki, o, öz xalqına qəlbən
bağlı, onu sevən, özünü sevdirməyi bacaran,
geniş xalq kütləsinin, o cümlədən
ziyalıların və xüsusilə də yazarların -qələm
sahiblərinin böyük rəğbətini qazanmış
bir prokuror, bir insan idi. Ulu Öndər
demişkən o, ömrünün qalan hissəsini də
hüquq-mühafizə orqanlarında yüksək post tutmaqla
-çalışmaqla öz xalqına
bağışlamalı idi. O, bunu öz istəyinə
müvafiq olmasa belə, onu bir qanun keşikçisi kimi, qəlbən
sevən geniş xalq kütləsinin, dəyərli
ziyalıların istəyi müqabilində etməli idi. Bir qələm sahibi kimi ancaq təəssüflənirəm,
həm də daha çox. İncikdimi, deyə
bilmərəm? Bəlkə həqiqəti
görməyə adət etməmiş gözlərin bəd nəzərlərindənmi,
ölmüş vicdanlarının harayını eşitmək
istəməyən tıxanmış qulaqların
karlığındanmı, korşalmış
düşüncələrdənmi, ilahi ədaləti öz
istədiklərinə alət edənlərin biganəliyindənmi,
yoxsa daşlaşmış qəlblərin bəhrələndiyi
allahsızlıq sindiromundanmı küskün idi, demək
çətindir. Bəlkə də elə
öz qəlbinin səsinə, harayına qulaq asıb bu
orqandan uzaqlaşmaq, dincəlmək istədi?! Belə tez? Başa düşə bilmirəm! Ancaq xalqımızın və dövlətimizin
Mobil müəllim kimi çox dəyərli insanlardan kifayət
qədər bacarıqlı qanun keşikçilərindən
həmişə ehtiyacı olub və bu gün də var.
Heç bir halda onun öz tutduğu mövqeyindən
uzaqlaşması məqbul hesab edilə bilməz. Bu Sizin istəyiniz, bəlkə də dolayısı
yolla istəyinizdir, Mobil müəllim. Bəs
görəsən hüquq-mühafizə orqanlarının
yüksək qüdrət sahibləri bu gedişlə niyə
belə tez razılaşdılar -qərar verdilər?! Qoy bütün qanunun keşiyində dayanan el
oğullarımız məndən inciməsinlər. Onların da nə gözəl qanun
keşikçisi, nə də gözəl insan olmalarına
kölgə salmaq niyyətində deyiləm. Həm də bu fikirdən çox-çox
uzağam. Ən azı ona görə ki,
bu külək, heç kəsin gözləmədiyi halda onu
da cənginə alıb apara bilər. Gözəl
qanun keşikçisi də olmaq olar, gözəl insan da.
Ancaq öz peşə mədəniyyətini ən
yüksək əxlaq dəyərləri ilə birləşdirib
onun zirvəsində dayanan bir prokuror kimi işlədiyi
bütün rayonlarda geniş xalq kütləsinin dərin rəğbətini
qazanmış Mobil İsmayılov olmaq çətindir.
Bu dünyada insanın ən böyük var-dövləti,
sərvəti ləyaqətlə yaşamaqdır. Siz də buna
nail olmusunuz, Mobil İsmayılov! Siz işdən
çıxandan sonra barənizdə fikir bildirmək istəyənlər,
yazmaq istəyənlər az qala növbəyə
durub. Bundan böyük xoşbəxtlik ola
bilərmi, Mobil müəllim?! Sizin portret cizgilərinizi
yaradanlar hələ çox olacaq.
Şəxsiyyətin
harmoniyası...
Siz xarici görünüşünüzün, daxili aləminizin,
həyat fəlsəfənizin və ağlınızın
harmoniyasına gəlib çatdıqdan sonra prokurorluqda fəaliyyətinizi
dayandırdınız ki, bu da hər adama nəsib olmur. Bax, budur bənzərsiz həyat yazısı, tale
yazısı! Bax budur, həyatınızın
bənzərsiz simfoniyası. Bu simfoniyaya
kimlər tərəfindən, nə vaxt və necə
"qara rəng"in qatılması bəlli olmur. Öz Müəllifinin şifrəsi ilə şifrələndiyindən
onu bilmək də məhz ona məxsusdur. Bir nikbin adam olmaq etibarı ilə mən həmişə
"İlahi ədalət"in varlığına inanır
və inanmayanları ağıldan kəm, naqis insanlar
adlandırmışam. Əminəm və Sizi də əmin
etmək istərdim ki, insan həyatının dadlı, həzin
simfoniyasına "qara rəng" qatanlar bu Böyük
Varlığın, qəzəb maşının qorxunc təkərlərinin,
gec yaxud da tez, giriftarı olacaqlar. Sizin düşüncələrinizin
fəlsəfəsi, öz iç dünyanızın mənəvi
gözəlliyi və onun zahiri təzahürü olan pak, təmiz,
sadə və təvazökar insanlığınızla həmahənglik
-harmoniya təşkil edir. Ömrü belə bir harmoniyada
yaşamaq hər adama qismət olmur, Mobil müəllim!
Əfrahim ABBAS
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı laureatı
525-ci qəzet.-
2015.- 22 yanvar.- S.8.