"Mənim ağ göyərçinim” nümayiş olunub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, tamaşadan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov və başqaları çıxış edərək tamaşaçılara qara Yanvar hadisələri haqqında məlumat veriblər.
Nəzərinizə çatdıraq ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq təqdim olunub.
İki saata yaxın davam edən ikihissəli tamaşa iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm edir.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Qeyd edək ki, səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları canlandırıblar.
S.Abdullayeva
525-ci qəzet.-
2015.- 22 yanvar.- S.7.