Səs himni - (şeir)

 

Xalq şairi, əziz qardaşım Zəlimxan Yaqubun 65 illiyinə

 

 

 

Zəlimxan, səsini qısma, sən allah,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

Adama gələr, Ucadan gələr,

gəlir, Allahdan - Ucadan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Zəlimxan, gəl bizi aldatma belə,

Al dizin altına, al, qatla, belə!

Zəlimxan, bağrımı çatdatma belə,

Qoy sənə gəlir, Ucadan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Gurlasın, olmasın dünən, qoy səsin,

Olsun hər bir səsi yenən, qoy səsin!

Ölsəm, öldürərlər-  denən, qoy səsin,

Qaracaoğlantək  bacadan gəsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Bu səs cələngmidir güldən, çiçəkdən,

Bu səs yaranmışdır vətən deməkdən!

Hərdən Koroğludan, hərdən Babəkdən,

Hərdən Bəzirgan yox, Xocadan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Bu səs bu  millətin, xalqın səsimi?

Zəlimxan, Zəlimxan, qaldır səsini!

Bu qədər ağlatma, güldür səsini,

Qoy uca olana uca şan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Qardaş, ulduzmu var can ulduzutək,

Doğdun o ulduzun sən ulduzutək!

Parlasın yenə Dan ulduzu tək,

Obaşdan ... gündüzdən, gecədən gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Vermə öz səsini havayı... suya,

Suyu su saysalar  a hayıf, suya!

Qarışsın torpağa, havaya, suya,

Uşaqdan, cavandan, qocadan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Çıxsan uşaq kimi çıx, Ağaca çıx,

Sıxsan göz yaşını sıx, Ağaca sıx!

Baxsan indən belə bax, Ağaca bax,

Səsin ad yazdığın haçadan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Görən tapılarmı  aransa  insan,

Hardadı halallıq... haramsa insan?!

İnsanın qanını soransa insan,

İnsanın canına necə can gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Oğul istəyirəm ola sənintək,

Ola istəyirəm Lələ, sənintək!

Oğul istəyirəm elə sənintək,

Bir olub, məclisə beş adam gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

O Haqdan aldığın dərsindən sonra,

Gəl, indi gəl şeir yaz, səndən sonra!

Sən Vaqif, Ələsgər, Vurğundan sonra,

Qaldırdın göylərə hecanı... hara!

Yenə gələn uğur hecadan gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Sən uzaq gedənsən, azca gedən yox,

Sən pələng bədənsən, xəstə bədən yox!

İstərəm dünyaya Həccə gedən yox,

 

Özü başdan–başa Hac adam gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

 

Millətin Eşqi var, Eşqi, sən kimi,

Sevəsən torpağı, daşı sən kimi!

Baratın səsini eşidən kimi,

Səsin öz yerinə, necəsən, gəlsin,

Zəlimxan, qoy səsin ucadan gəlsin!

Həmişə Allahdan - Ucadan gəlsin!

 

Barat VÜSAL

525-ci qəzet.- 2015.- 22 yanvar.- S.7.