Mənəvi dəyərlərə işıq salan əsər

 

SADIQ ELCANLININ "ZÜLMƏT" ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

 

Çoxsaylı, yetkin romanlar müəllifi istedadlı yazıçımız Sadıq Elcanlının "Zülmət" əsərinin redaktoru və naşiri olduğumdan bu əsəri çox diqqətlə oxumuşam. Əvvəlcə birnəfəsə oxuduğum romanı, təzədən naşir gözüylə təkrarən oxumalı oldum. Və bu dəfə əsərin psixoloji dərinliyi, personajların özünəməxsus dərin fərdi cizgiləri, az qala bədii tip səviyyəsinə qalxa biləcək surətlərin daxili aləmimdə baş verən bütün sarsıntılar məni öz dünyamdan qopardı. Hadisələrin axarına düşdüm.

 

Sadıq Elcanlının yazıçı böyüklüyü ondadır ki, o təkcə hadisə danışmır. Bu hadisənin ictimai-siyasi, fərdi-psixoloji mahiyyətini açmağa, onu törədən səbəblərin mənbəyini aramağa çalışır. "Zülmət" romanında yazıçı buna yüksək səviyyədə nail olmuşdur.

 

Onun təhkiyə tərzi bədii çalarlarla zəngindir. Əsərin hər hansı cümləsini, ifadəsini örnək gətirsək, müəllifin bədii ifadə vasitələrinin bütün imkanlarından ustalıqla yararlanmağının şahidi olarıq.

 

Əsərin aparıcı surəti, baş qəhrəmanı Xasay Xaspoladov - Butay Eləhmədovdur. Hadisələr onun ətrafında cərəyan edir. Bir ömürdə ikiləşən təbiət, ikiləşən ad... Uşaqlıqdan amacında olduğu böyüyüb ad-san qazanmaq yanğısı, varlanmaq ehtirası, sayılıb-seçilmək, doğulduğu kəndə, onu tanıyanlara acıq vermək niyyəti, özünə qarşı qibtə oyatmaq hissi...

 

Universitetin Şərqşünaslıq fakültəsinə qəbul olub, orada adi tələbələrdən biri olan Butayda özünə vurğunluq pik həddə çatır. Doğulduğu kənddə özünü başqa cür təqdim etməyə çalışır. Guya o, institutu bitirəndən sonra böyük vəzifələrə şanslıdır, dərs aldığı alimlər onu Universitetdə saxlamaq istəyirlər və s.

 

Bax bu şöhrət hissi, seçilmək, kimlərəsə özünü tanıtmaq ehtirası axırda onu cinayətə sürükləyir, qatilə çevirir.

 

Kənddə ağır zəhmətlə, min bir əzabla qazandığı - cibinə qoyub şəhərdə səadət axtarışına çıxan bədbəxt qızın pullarına sahiblənir, qır-qızılına yiyələnir.

 

Öldürüb sahibsiz meyitini parkda qoyub qaçır. Ölkəni tərk edir, özünə başqa sənəd ala bilir, adını dəyişib yad ölkədə şöhrət pillələrini addımlaya-addımlaya vətəninə başqa adla, elmi titulla, bir vaxtlar həsrətində olduğu seçilən ad-sanla qayıdır. Onu irəli çəkirlər, vəzifə verirlər. Lakin... Bax romanın əsas ideya xətti də, yazıçının qabartdığı məna və məzmun da bu "Lakin"dədir.

 

Xasayın - Butayın əsl faciəsi də bundan sonra başlayır. Şəhərdə sayılıb-seçilən vəzifə, bərli-bəzəkli kabinet, qəbul otağında əyləşən çiçək yanaqlı katibə qız, ətrafında hər vəchlə onun etimadını qazanmaq, qəlbinə yamaq istəyən müavinlər... Dəniz sahilində tikdirdiyi villa, xidməti maşın, sürücü, bir sözlə bir insana gərək olacaq hər şey...

 

Ancaq onun qəlbindəki mübhəm sirr vahimə, keçmişi fikirləşməmək cəhdi, balasının bəlalarına, sarsıntılarına dözməyib özünü asan anası, qəlbinə çökən ucu-bucağı görünməyən sonsuz zülmət...

 

O, az qala dəli olmaq ərəfəsindədir. Xəyalları ilə həqiqəti ayırd edə bilmir. Fikrində söhbətləşdiyi qocanı "Niyə onu kabinetə buraxdın" deyə katibəni danlayır, onu işdən çıxaracağı ilə hədələyir. Atasız, yetim katibə qız xəstə anasını da aldığı az maaşla dolandırır. Odur ki, bu hədədən sarsılır, psixoz halına düşür. Avtobusda tanımadığı qadına öz vəziyyətini danışır, ondan təskinlik alır. Nəhayət, yad qadınla söhbəti onu ümidli sabaha çıxarır. Yad qadın Qəribə yazıçının çox məharətlə qurduğu süjet xəttini çox qəribə, mən deyərdim qeyri-adi bir axara yönləndirir.

 

Qəribə obrazı "Zülmət"in işıq, nur şəlaləsidir. Xasay Xaspoladovun ən ağır məqamında dadına çatır bu nur, işıq şəlaləsi. Onun zülmət çökmüş qəlbində ilk sevgini, tələbəlik illərinin əlçatmaz, ünyetməz sevgisini yenidən şölələndirir. Artıq get-gedə "Zülmət" işıqlanmağa başlayır. Qəribə dünyaşöhrətli arxeoloq-alimin qoca professorun ömür-gün yoldaşıdır. Professor Qəribənin ögeyliyini, yadlığını, kimnənsə görüşməyini hiss edir, içini şübhələr gəmirir, bir zaman etdiyi səhvə - özündən 25 yaş kiçik cavan qızla evlənməyinə yanıb-yaxılır, yumşaq divana çöküb qovrula-qovrula qalır. Zülmət ömrünü-gününü çulğayır.

 

Zülmət elə Qəribədən də yan keçmir. Qoca ərini müxtəlif bəhanələrlə aldadıb köhnə tələbə yoldaşı Xasayla sevgi dolu görüşlərindən sonra uzun müddət özünə gələ bilmir. Qəlbinə qatı qaranlıq çökür və hər dəfə bu zülmət-qaranlıq arınıb gedəndə Xasayla yeni görüşə can atır. Qəribə ilə Xasayın bu görüşləri nəhayət həqiqi bir məhəbbətin, içdən, könüldən, qandan-ilikdən gələn alovlu bir məhəbbətin adına-ünvanına çevrilir.

 

Hadisələrin bu cür məzmununa varmağım əbəs deyil. Məqsədim var, yazıçının sətiraltı verdiyi məna və mətləblərə açar salmaq istəyirəm. Xasayın - Butayın ən ağır məqamında onun kabinetinə varid olan Qəribə - tələbəlik illərinin əlçatmaz sevgisi onu bütün daxili sarsıntılardan, ağrı və əzablardan xilas edir. Yazıçı burada məhəbbətin hansı gücə və qüvvəyə qadir olduğunu məhəbbət haqqında heç nə danışmadan oxucularına çatdırır.

 

Xasay - Butay Qəribə ilə yaxınlıqdan, illərlə ürəyinin bir küncündə küllənib qalan hisslərini təzədən közərtdikdən sonra qərara alır: Keçmişin canüzən bütün təəssüratlarını açıb ona danışsın, qəlbinə, ürəyinə ən ağır yük olan cinayətini də, dəyişən adını da, yad ölkədə onun axtarışına çıxan bədbəxt anasıyla təsadüfi görüşünü də, kənddə müəllim işlədiyi vaxt gördüyü ürəkbulandırıcı hadisələri də birər-birər açıqlasın, heç nəyi Qəribəsindən gizləməsin. Xasay - Butay yaxşı bilir ki, onun ürəyini bu qatı zülmətdən ancaq məhəbbət, ilkinliyi ilə, ülviliyi ilə onu bir ömür göynədən, ağrıdan, dünyasını alt-üst eləyən Qəribənin qeyri-adi məhəbbəti xilas edə bilər. Məhəbbət dünyada hər şeyə qadir olan ayrıca bir dünyadır. İnsanın ali bir varlığa çevrilməsi, tanrıya qovuşmaq arzusu da ancaq və ancaq bu ali hissin - məhəbbətin gücü ilə mümkün ola bilər. Bu mənada yazıçı öz obrazlarının üstə məhəbbət işığı saçır, onu bəlirləyir, duruldur, həyat eşqi, arzu və amallarla süsləndirir.

 

Kənddə hamıdan seçilən Xanı müəllimlərin, Şükürlərin ürəyinə yaddır bu cür hisslər. Onlar gözəlliyə öz heyvani iştahasının - şəhvətinin gözü ilə baxırlar.

 

Kəndlərdə oğlan dərdindən, əsl ər dərdindən qarıyan çiçək təbəssümlü Cəmilələr Xanı müəllimlərin ardıcıl gedişlərindən, təhrikedici yalvarışlarından bezikib, bu şəhvət hisslərinin xatirinə "hə" deməyə məcbur olurlar. Evlərdə qarıyan qızlar - cəmiyyətin, çağdaş günümüzün bəlası, yurdu atıb gedən oğullarımız, kəndə-kəsəyə yadlaşan, şəhərlərdə küncdə-bucaqda özünə yer eləməyə çalışan, çox zaman da yad ölkələrdə səadət axtarışına çıxan ərənlərimiz məhz sizin ucbatınızdan kəndlərimizdə məhəbbət alovuyla yanıb-yaxılan Cəmilələrimiz, möhtəkir, pozğun Xanı müəllimlərin ucuz yeminə çevrilir. Yazıçı bu ağrılı hadisələri yana-yana təsvir edir. Cəmiyyətin bu qaranlıq dönüm-döngələrinə işıq salır. Oxucularını hər şeydən - həyatda baş verən bütün eybəcərliklərdən hali etməyə çalışır. "Çalışır" sözü burada yerinə düşmədi, deyəsən, hali edir, aşkarlayır, bu yöndə ruhunun qaranlıq yollarını günəş işığına bələyir, ay nurunda çimizdirir. Şükürlər, Xanı müəllim kimilər döyülməyə, tapdanmağa, hətta ölümə məhkumdurlar. Onlar el-oba içində urvatsız, şərəfsiz ömür sürənlər, başqalarının namusuna həqarətlə baxanlardır. Onlar üçün həyatda ən əziz şey puldur, müftə qazanılan, zəhmətsiz əldə olunan pul! Onlar ancaq bu pulun vasitəsi ilə namussuz işlərə yönlənir, el-oba içində dırnaqarası hörmətli görünürlər. Butay Eləhmədov - Şükürlərin Xanı müəllimlərin tutduğu yola qəlbən yad olsa da, məhz elə onların "sayə"sində yolundan azır, evdə qarıyan kənd qızı Şameli öz tamahı naminə o dünyaya göndərir.

 

İctimai bərabərlikdən uzaq düşən şəhər və kəndlərimiz, giriftar olduğumuz ictimai bəlalar, sosial uyğunsuzluqlar Sadıq Elcanlının yazıçı gözündən yayınmır. O bütün bunları çox incə şəkildə, bədii priyomlarla nəsr dilinin bütün imkanlarından yararlana-yararlana, özünün dediyi kimi söyüdlərin yamyaşıl alovuna bürünə-bürünə təsvir edir.

 

Sadıq Elcanlı kənddə böyüdüyündən kənd həyatına yaxşı bələddir. Müşahidələri, təsvirləri yerli-yerindədir. Cümlələri dumduru bir bulaq suyu kimi axıb gedir və oxucuları da öz axarına tabe edir. Butayın - Xasayın doğulduğu kənddə baş verən hadisələr, oradakı insanlar, canlı xarakterlər, kəndin ictimai-siyasi mühiti, sosial qayğıları çox diqqətlə izlənilir, əyri yollarla möhtəkirlik və çox hallarda dələduzluqla hamıdan yaxşı yaşayan Şükürlərin acı sonluqla bitən ömrü, həyatı olduqca düşündürücüdür. Yazıçı son dərəcə inandırıcı bədii detallarla istər kənddə, istərsə də şəhərdə, hər yerdə doğruluğun, düzlüyün, haqqın-ədalətin qələbəsini "təmin edir", süjet xəttinə xələl gətirmədən, çox məqamlarda baş verən hadisələrə heç yazıçı münasibətini bildirmədən məqsədinə nail olur. Onun təsvir etdiyi personajlar mənfi-müsbət, pis-yaxşı tərəfləri ilə maraqlı təsir bağışlayır, həyati təsvir olunduğundan canlı və cəlbedici olur. Bu cəhətdən Butay-Xasay obrazı ədəbiyyatımızda-nəsrimizdə tam yeni obrazdır. Onun bədii təhlilə gələn və gəlməyən cizgiləri yazıçı sənətkarlığının kamilliyindən, mükəmməlliyindən xəbər verir.

 

Nəhayət, qeyd etməliyəm ki, "Zülmət" mifoloji-fantastik romandır. Hadisələrin gedişində real həyat irreal qaynaqlara söykənir. Yazıçı təxəyyülünün yerə-göyə meydan oxuyan genişliyi yad planetlərin sivilizasiyasına qovuşur, qocalığın əlində əsir-yesir qalan, özündən yaşca çox-çox kiçik ömür-gün yoldaşının xəyanəti ilə üzləşən, yetimləşən, tənhalıq girdabına yuvarlanan qəhrəmanı - arxeoloq alim Yalçın Qarabudaqlını yenidən cavanlaşdırır. Xasay Xaspoladovu, Qəribəni onların ağır bir məqamında necə deyərlər kəndirlərinin qırılan yerində görüşdürür.

 

Əsərdə Sərdaba haqqında geniş söhbət açılır. Avtobusda, qatarda insan sıxlığından nəfəsi tıncıxan qocalar Sərdaba qaranlığına enib meyit aparan qocalarla əvəzlənir. Əslində Sərdaba əsərin ruhuna çökmüş mifoloji bir məkandır. Sərdaba Xasay Xaspoladovun beynində fikir və düşüncələrində möhkəm yer eləmişdir. Öldürdüyü günahsız Şamel, onun oğul kimi rəzilliyinə dözməyib, nəsə qorxunc, xoşagəlməz sirri olduğunu, elə buna görə də başqa ada sahibləndiyini sezən, duyan bundan hövüllənib özünü asan anası Xasay üçün Sərdabanı yaddan çıxmağa qoymur, bütün varlığını, hüşunu, diqqətini ona kökləyir, ona çəkir. Xasay Xaspoladovun başçılıq etdiyi rayon ərazisində qədim Sərdabanın tapılması da onun bu ovqatını - Sərdaba ovqatını təzələyir, Sərdaba əsərin süjet xəttini, ideya və məzmununu, mahiyyət və mənasını açmağa xidmət eləyən bir bədii vasitədir.

 

Elə yad planetdən gələn, başqa bir sivilizasiyanın daşıyıcıları olan oğlan və qız da qoca professorla Sərdaba qaranlığında görüşürlər. Bu mənada Sərdaba həm keçmiş, həm bu gün, həm də gələcəkdi. Sərdaba bütün zamanları bir-birinə calayan körpüdür. Ölülərin qoyulduğu məkan dirilərin düşüncə, beyin, təfəkkür qaynağıdır.

 

Xasay Xaspoladov artıq ondan hamilə qalan Qəribəni dəniz sahilindəki villasına köçürmüş, aylarla gizli görüşlərə çağırdığı bu xanıma halallıq statusu vermiş, onunla qanuni ər-arvad ömrü başlamışdır. Belə bir xoş məqamda motorlu qayıqla dəniz gəzintisinə çıxan cütlüyü qəfil vahimə, ölüm təhlükəsi çulğayır. Qayığın motoru qəflətən sönür, külək başlayır, başsız qayığı dənizin içərilərinə doğru sürükləyir. Onların - Xasayın və Qəribənin çığırıb, səs-küy salıb sahildəkiləri haraylamaqdan başqa bir əlacı qalmır. Elə bu an xilaskar - yenicə cavanlaşmış, sağlam, cəsur, həyat eşqi ilə çağlayıb daşan Yalçın Qarabudaqlı - gənc professor tanımadan, bilmədən dənizdə batanların harayına çatır. Xasay Xaspoladov da onu tanımır, amma Qəribə bu oğlanın professorun cavanlığı ilə eyniliyindən əndişələnir, sarsılır, oxam-oxam olur. Gənc, qüvvətli xilaskarı görən Xasay Xaspoladov ona yalvarmağa, rüşvət, pul, maşın vəd etməyə başlayır. Ancaq cavan professor onu intiqama çəkir, vəd etdiklərinin heç biri ilə razılaşmır. Təkcə bir söz deyib durur. Deyir ki, bu yaxşılığın əvəzində ancaq yanındakını verməlisən. Bu səhnə əsərin kulminasiya nöqtəsidir. Xasayın da, bu əsəri oxuyanların da gərginlik keçirdiyi ən ağır anlardır. Onlardan uzaqlaşan gəncin inadından dönməyəcəyinə əmin olan Xasay Xaspoladov artıq bu alçaldıcı təkliflə razılaşır. Bu razılıq hamilə qadınını varından yox eləyir. Əzir, sındırır, alçaldır, xəyanətinin əvəzini qaytarır. Əslində Xasay Xaspoladov Qəribədən betər günə düşür. Məncə, yazıçı bu hadisə ilə əsərin tam mahiyyətini açıqlamış, həyatda haqqın-ədalətin, düzlüyün-doğruluğun, halallıq deyilən ilahi hissin, düşüncənin yetərli qələbəsinə nail olmuşdur. Əgər o, mifoloji qatlara enməsəydi, fantastik duyğulara meydan verməsəydi, hadisələri real axarına buraxsaydı, əsər pessimist bir ovqatla sonuclanardı. Onda oxucunun əli yerdən-göydən üzülərdi. Köhnə caninin, qatilin, indiki məmurun boşatdırdığı professor arvadı ilə xoşbəxt həyat keçirməsi ona möhkəm "yer" eləyərdi.

 

"Zülmət" insanlığa, ləyaqətə, halallığa, düzlüyə çağırışdır.

 

"Zülmət" insan qəlbinin qaranlıq dünyasına işıq salan günəş şüasıdır.

 

"Zülmət" real həyatdan götürülən irreal dolaylardan keçib gələn həyat dərsidir.

 

"Zülmət" çağdaş nəslimizdə layiqli yerini tutan kamil bir sənət əsəridir.

 

 

Musa Ələkbərli

525-ci qəzet.- 2015.- 22 yanvar.- S.6.