ATİ-dən ATMU-ya: 9 ilə bir nəzər...
22 dekabr
2014-cü il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycan Turizm İnstitutunun
(ATİ)bazasında Azərbaycan Turizm və Menecment
Universitetinin (ATMU) yaradılması barədə
imzaladığı müvafiq sərəncam
ölkə rəhbərinin Azərbaycanın gələcəyi
ilə bağlı düşüncələrinin,o cümlədən
diqqət və qayğısının cəmiyyətə
ünvanladığı növbəti inkişaf göstəricisidir,
desək yanılmarıq. Bu eyni zamanda 9 yaşlı ATİ-nin
yeni statuslu spesifik təhsil ocağı kimi uğurlu fəaliyyətini dövrün tələblərinə
uyğun davam etdirməsi deməkdir.
Bu bir
faktdır ki, fəaliyyətə
başladığımız
ilk illərdən ATİ kollektivinin daha çox iş
görmək arzusuna rəğmən mövcud maddi-texniki
bazanın məhdudluğu nəzərdə tutduğumuz həlli
vacib məsələlərin həllini çətinləşdirirdi.
İnanırıq ki, məhz sərəncamda nəzərdə
tutulan məsələlərin reallaşması Azərbaycan
iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaq
üçün böyük imkanlar açacaq. Digər tərəfdən,
məsələ yalnız turizmlə məhdudlaşmır.
Turizm və Menecment Universitetinin yaradılması o deməkdir
ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin
başqa sahələrində də kadr
hazırlığı ilə bağlı bu ali təhsil
ocağının üzərinə vəzifələr
qoyulur. Ümumi götürsək, bu universitetdə təhsilin
bütün mərhələləri üzrə turizm və
menecment üzrə kadrlar hazırlanacaq. Yenilik fəaliyyət
dairəsini genişləndirəcək.
Açığını deyim ki, ATİ mövcud baza çərçivəsində
olan mümkün həddə qədər gəlib
çatmışdı, bundan sonrakı inkişafdan
ötrü əlavə nəfəsə ehtiyac duyulurdu. Yeni il
və Dünya Azərbaycanlılarının Həmrəylik
Günü ərəfəsində möhtərəm
Prezidentin belə bir sərəncam imzalaması bizi sevindirməklə
yanaşı, üzərimizə böyük məsuliyyət
qoyur. Bu, böyük bir etimaddır və onu doğrultmaq
üçün artıq qüvvələr səfərbər
olunur.
Ümummilli
lider Heydər Əliyevin uğurlu neft strategiyası ilə
tarixi inkişaf şansı qazanmış və ötən
20 il ərzində böyük tərəqqi yolu keçmiş Azərbaycan
Respublikasında qeyri-neft sektorunun inkişafı
strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan
olunmuşdur. Keçən dövr ərzində məqsədyönlü
dövlət siyasəti nəticəsində ölkəmiz
turizm sahəsində böyük nailiyyətlər əldə
etmişdir. Belə ki, 2003-cü ildən bu günə kimi Azərbaycanda
turizm şirkətlərinin sayı 74-dən 170-ə,
mehmanxanaların sayı 96-dan 530-a, yerləşdirmə yerlərinin
sayı 9569-dan 35 minə, turizm sahəsində
çalışan işçilərin sayı 2678-dən
9051-ə, ölkəyə gələn turistlərin sayı
767.500-dən 2 milyona çatmış, bir sözlə, turizm
göstəriciləri ən azı 3-5 dəfə
artmışdır. Müvafiq olaraq, qeyd edilən dövr ərzində
turizm gəlirləri 57,7 milyon ABŞ dollarından 1479,0 milyon
ABŞ dollarınadək artmışdır. Bu irəliləyiş,
ilk növbədə turizm sahəsində dövlət siyasətinin,
müvafiq dövlət proqramlarının uğurlu icrası
nəticəsində mümkün olmuşdur.
Turizm,
çoxfunksiyalı mahiyyəti ilə sahələrarası
iqtisadi katalizator rolunu oynaması, öz növbəsində
yeni turizm istehsal sahələrinin yaradılması, orta və
kiçik sahibkarlığın inkişafı, regionlarda əhalinin davamlı məşğulluğunun,
gəlirlərin artırılması, regional
uyğunsuzluqların aradan qaldırılması kimi
mühüm iqtisadi funksiyaları ilə də diqqəti cəlb
edir. Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin
iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı
kimi daha çox tanınmasına böyük təsir edir. Bu
uğurlu nəticə özünü ölkənin beynəlxalq
reytinqlərində də göstərmişdir.
Görülmüş
işlər Dünya İqtisadi Forumunun 2013-2014-cü il
üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda
da öz əksini tapmışdır. Hesabata əsasən, Azərbaycan
rəqabətlilik reytinqinə görə 148 dövlət
arasında 7 ballıq şkala üzrə 4.51 bal toplayaraq 39-cu mövqedə qərar
tutmuşdur. Bu göstərici ilə
Azərbaycan MDB ölkələri arasında yenə ən
yüksək nəticəyə nail olmuşdur. Ümumilikdə
ölkəmizin illər boyu reytinqinə nəzər
saldıqda Azərbaycanın inkişaf sürəti,
dinamikası, daim inkişafda olan möhkəm iqtisadiyyata,
regionda böyük potensiala sahib olması, MDB məkanında ən
rəqabət qabiliyyətli və xüsusi əhəmiyyətə
malik dövlət kimi təşəkkül tapması
aydın görünür və bu da onun beş il ərzində
30 pillə irəliləməsinə səbəb olmuşdur.
Əsas məqsəd
bu sürətli inkişafı dayanıqlı etmək və
ölkənin ÜDM-dəkı sektoral paylarının optimal
rəngarəngliyinə nail olmaqdır. Elmi hesablamalara görə,
öz inkişafı ilə 60-dan çox sektora pozitiv təsir
göstərən turizmin qeyri-neft sektorunda aparıcı sahələrdən
biri kimi seçilməsi və ön plana çəkilməsi
bu baxımdan böyük tarixi addım olmuşdur.
Azərbaycanda
turizm sahəsindəki
davamlı inkişafın nəticəsi kimi, peşəkar
kadrlara olan ehtiyac da sürətlə artmışdır və
bu ehtiyacın təmin olunması məqsədilə 10 il əvvəl
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli
925 nömrəli Fərmanı və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli
45 nömrəli Qərarı ilə Azərbaycan Turizm
İnstitutu yaradılmışdı. Azərbaycan Turizm
İnstitutu (ATİ) 15 sentyabr 2006-cı il tarixində 200 tələbə,
1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə
başlamışdı. Hazırda 3 fakültə, 10 kafedrada
11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1527 nəfər,
magistraturada 146 nəfər, doktoranturada 69 nəfər, ikinci
ali təhsildə 27 nəfər və ilk peşə-ixtisas təhsili
üzrə Bakı Turizm Peşə Məktəbində (BTPM)
12 ixtisas üzrə 460 şagird təhsil alır. Beləliklə,
bu gün ATİ ailəsində bütövlükdə 2229 gənc
turizm sahəsi üçün müxtəlif səviyyəli
mütəxəssis kimi hazırlanmaqdadır.
ATİ
keçən bu dövrdə qarşıya qoyulmuş vəzifəyə
uyğun olaraq yüksək səviyyəli kadr
hazırlığını həyata keçirmək
üçün bütün qüvvələrini səfərbər
etmiş və müəyyən uğurlar
qazanmışdır. ATİ-də hər zaman tədris
prosesində maksimum dərəcədə şəffaflığın,
məzmunda tətbiqilik və beynəlmiləllik prinsiplərinin
təmin edilməsinə səy göstərilmişdir.
Ölkəmizdə
yeni iş yerlərinin açılması ilə yüksək
intellektli mütəxəssislərə tələbat
artdıqca, təbii olaraq, ali təhsildə keyfiyyətin əhəmiyyəti
də gündəmə gəlir. Bir neçə ildir ki,
ölkənin ali təhsil ocaqlarında tədrisin Bolonya
prosesinin tələbləri əsasında həyata
keçirilməsinə başlanıb. Bu yenilik digər ali təhsil
ocaqlarında öncə eksperiment kimi tətbiq edildiyi halda,
ATİ Bolonya prosesini həyata keçirən ilk təhsil
müəssisələrindən biri olmuşdur. Tədrisin bu
prinsiplər əsasında təşkili ATİ-nin Avropa təhsil
müəssisələri ilə sərbəst əməkdaşlığına
şərait yaradıb. Belə ki, ATİ Avstriyanın İMC
Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistr
hazırlığı sahəsində ikili diplom
proqramını uğurla həyata keçirməklə
yanaşı, Avropanın digər ali məktəbləri ilə
də sıx əməkdaşlıq etməkdədir.
"Tədris-təlim-təcrübə-tədqiqat"
modelinə üstünlük verən ATİ bir çox beynəlxalq
təşkilatlarda da layiqincə təmsil olunur. Belə ki,
institutumuz 2011-ci ildən BMT-nin Dünya Turizm Təşkilatının
"qoşulmuş üzvü", 2012-ci ildən isə "Bilik Şəbəkəsi"nin
üzvü kimi qurumun təşkil etdiyi tədbirlərin fəal
iştirakçısıdır.
ATİ
Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət
üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi
Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin
Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz
Hövzəsi Ölkələri Universitetləri
Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin
Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər
İttifaqı (AUDEM) və digər təşkilatların
üzvüdür. ATİ tərəfindən 30 xarici ali məktəb,
34 beynəlxalq təşkilat və şəbəkə ilə
əlaqələr qurulub və müvafiq müqavilələr
imzalanıb.
Ölkənin
digər ali təhsil ocaqlarından fərqli olaraq, ATİ tələbələrinin
öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində
möhkəmləndirmək imkanı da mövcuddur. ATİ tələbələrinin
əksəriyyəti Türkiyə, İsrail, Şimali Kipr
Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda yay
tanışlıq və peşə təcrübəsi
keçirlər.
ATİ-dən
bu günədək 1064 nəfər məzun olub, lakin turizm
sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min
nəfərdən çoxdur. Sektorda işləyənlərin
əlavə təhsil proqramı və qısamüddətli
kurslar vasitəsilə ixtisasartırmasına, yenidənhazırlanmasına
(ixtisas dəyişməsinə) nail olmaq üçün
müvafiq işlər görülməkdədir. Belə ki,
artıq 30-dan çox sənaye nümayəndəsi ATİ-də
əlavə təhsil proqramı üzrə təhsil alır.
Bununla bərabər, bacarıqlı xidmət personalının
hazırlanması üçün 2008-ci ildə ATİ-də
Təlim mərkəzi yaradılmışdır. Mərkəz
tərəfindən Bakı ilə yanaşı, turizm
potensialının yüksək olduğu bölgələrdə
də "Bələdçi", "Turoperator və
turagent" və "Qeydiyyat/Ön büro" peşə
istiqamətləri üzrə kurslar təşkil olunmuşdur.
Bələdçi kurslarını bitirmiş şəxslər
üçün Beynəlxalq Turizm Bələdçiləri
Federasiyası ilə birlikdə HOT 1 təlimi təşkil
edilmiş və beynəlxalq sertifikatlar
alınmışdır.
Tələbələrimiz
dərsdənkənar vaxtlarında ölkədə
keçirilən mühüm tədbirlərdə “Avroviziya”
Musiqi Yarışmasında, YUNESKO-nun Bakı Sammitində, mədəniyyətlərarası
dialoq forumlarında, Grans Montana, Davos İqtisadi Forumunun
Bakı Regional Forumunda fəal iştirak etmiş və ölkəmizdə
keçiriləcək Avropa Olimpiya Oyunlarında da
böyük könüllü korpusu ilə iştirak edəcək.
Bu günədək
ATİ-dən 1031 bakalavr və 33 magistr olmaqla cəmi 1064 nəfər
məzun olmuş, onlardan 97 nəfəri (94 bakalavr və 3
magistr) ATİ ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi
Elmlər Universitetinin diplomunu almışdır. Məzunların
əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində
uğurla fəaliyyət göstərirlər. Məzunlar
öz təşkilatlarını - Azərbaycan Turizm
İnstitutunun Məzunları Assosiasiyasını (ATİMA)
yaratmış və onu qeyri-hökumət təşkilatı
kimi dövlət qeydiyyatından keçirmişlər.
Erasmus
Mundus Proqramı çərçivəsində əməkdaşlarımızın
müsabiqə yolu ilə xarici universitetlərə ezam
olunması, təhsil ilə yanaşı, əhəmiyyətli
tədqiqatların aparılması da təmin olunub və indiyədək
50-dən çox əməkdaş bu imkandan istifadə edib. Həmçinin,
institutun əməkdaşları Avropa İttifaqının
TEMPUS proqramı çərçivəsində həyata
keçirilən 3 layihədə fəal iştirak edirlər.
Fulbrayt, Robert Boş Fondu, CİM, Fransa İnstitutu
proqramları çərçivəsində ATİ-yə dəvət
olunmuş ingilis, alman, fransız və ispan dilini tədris edən
xarici mütəxəssislər də təlim və tədris
prosesində yaxından iştirak edirlər.
2008-ci ildə
BMTİP və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Azərbaycan ali təhsil müəssisələri
arasında ilk olaraq ATİ-də Tədqiqat və
İnkişaf Mərkəzi qurulmuşdur. Bu günədək
mərkəzdə Avropa Komissiyası, BMTİP, GTZ, BMU,
IUCH/POSC, GFA, Almaniyanın Ekologiya Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ATİB,
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası və digər təşkilat
və qurumların dəstəyi ilə ölkəmizin turizm
potensialının araşdırılmasına dair 20-dən
çox tədqiqat layihəsi həyata keçirilmişdir.
ATİ-nin gələcək inkişaf perspektivində bu mərkəzin
turizm üzrə Elmi-Tədqiqat İnstitutuna çevrilməsi
nəzərdə tutulur.
ATİ-də
aparılan tədqiqatlar hər il ənənəvi olaraq təşkil
olunan tələbələrin və tədqiqatçıların
respublika və beynəlxalq elmi-praktik konfranslarda elmi ictimaiyyətə
təqdim edilir. Bu ildən ATİ Avrasiya məkanı ölkələrinin
turizm tədqiqatçılarının iştirak edəcəyi
ənənəvi elmi konfransı təşkil etməyi
planlaşdırır.
ATİ-də
aparılan tədqiqatları, ümumilikdə ölkədə
turizm və xidmət sahəsində elmi tədqiqatları
toplamaq və yaymaq üçün 2013-cü ildə
ATİ-nin "Turizm və qonaqpərvərlik tədqiqatları"
elmi jurnalı təsis edilmiş və onun artıq 5 sayı
çapdan çıxmışdır. Jurnal artıq iqtisad,
tarix elmləri, sənətşünaslıq və
memarlıq elmləri üzrə Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının dissertasiyaların əsas nəticələrinin
dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin
siyahısına daxil edilmiş, digər sahələr üzrə
də tanınma üçün müvafiq işlər
görülür.
ATİ,
ilk növbədə turizm və qonaqpərvərlik sahəsində
ixtisaslaşdığı üçün bu sahədə
ölkənin əsas elmi və pedaqoji mərkəzi kimi
üzərinə düşən vəzifələri yerinə
yetirməyə çalışır. Belə ki, turizm sahəsində
tədris olunan bütün fənlərin proqramları tərtib
edilmiş, 154 adda tədris-metodiki vəsait
hazırlanmış, nəşr üçün rəsmi
icazə alınmış və institut hesabına nəşr
olunmuşdur.
Elektron
universitet ideyası çərçivəsində ATİ-nin
aidiyyəti şöbələri Maliyyə və Təhsil
nazirliklərinin sifarişi ilə "SİNAM" şirkətinin
hazırladığı "FERABİ" proqramı ilə
təchiz olunmuş ilk ali təhsil müəssisəsindən
biridir.
ATİ-nin
Kitabxana-İnformasiya Mərkəzinin fondunda turizm və tətbiqi
elmlər sahəsi üzrə institut tərəfindən
çap edilmiş, ATİ-yə hədiyyə olunmuş və
xaricdən alınmış 12 mindən çox informasiya
daşıyıcısı toplanmışdır. Mərkəz
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
İRBİS-64 avtomatlaşmış kitabxana-informasiya sistemi
ilə təchiz edilmiş və müxtəlif elektron kitabxana
şəbəkələrinə qoşulmuşdur.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 06.12.2011-ci il tarixli 192
nömrəli Qərarı ilə 11 saylı Bakı Peşə Liseyi ləğv
edilərək, onun bazasında
Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı
Turizm Peşə Məktəbi
yaradılmışdır. Qısa müddət ərzində
müvafiq yenidən təşkil olunma işləri həyata
keçirilmiş və Bakı Turizm Peşə Məktəbi 05 yanvar
2012-ci ildən normal fəaliyyətə başlamışdır. 12 ixtisas üzrə hər il təxminən
500 şagird qəbul edən BTPM-dən bu günədək 845 nəfər məzun olmuşdur.
Hazırda məktəbdə 460 nəfər şagird təhsilini
davam etdirir. Məktəbin idman zalı müasir tələblərə
uyğun təmir edilmiş, binada fibro-optik kabelləşmə
aparılmış, video müşahidə sistemi yaradılmışdır. BTPM-də dərslərin praktik
baxımından gücləndirilməsi üçün Mədəniyyət
və Turizm Nazirliyinin və BMT-nin İnkişaf
Proqramının birgə icra etdiyi "Bakı Turizm Peşə
Məktəbinin dəstəklənməsi" layihəsi
çərçivəsində məktəbdə turizm
ixtisaslarına müvafiq sinif otaqları yaradılmış,
avadanlıqlarla təchizat təmin edilmiş, 25 noyabr
2013-cü il tarixindən etibarən müvafiq treninqlərə
başlanılmış və hazırda bu tip təlimlər
davam etdirilir.
Bir
sözlə, 2006-cı ildən bəri həmkarlarımızın
böyük işi və Mədəniyyət və Turizm
Nazirliyinin maddi-mənəvi dəstəyi
nəticəsində institut ali təhsil məkanında
özünə layiqli yer tutmuş, məzmunca universitet kimi fəaliyyətini
qura bilmişdir. Sevindirici haldır ki, ATİ-nin universitetə
çevrilməsi təklifi ölkə Prezidenti tərəfindən
bəyənilmiş və 22 dekabrda bununla bağlı sərəncam
imzalanmışdır. Bu qərarla cənab Prezident təhsilə,
ölkənin turizm və digər xidmət sahələrinə
olan diqqətini bir daha nümayiş etdirmişdir.
Ölkənin
sürətli iqtisadi inkişafının
davamlılığının təmin olunması strategiyası
çərçivəsində "Qara qızılı
insan qızılına çevirmək" ideyası çərçivəsində
atılmış son mühüm addım olan Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasına uyğun olaraq ölkədə təhsilin
bütün pillələrində ciddi və köklü dəyişikliklərin
həyata keçirilməsi nəzərdə tutulub.
Məhz
bu tədbirlər çərçivəsində ATİ-nin
bazasında yeni yaradılmış Azərbaycan Turizm və
Menecment Universitetinin üzərinə böyük iş
düşür. Bu, ölkə prezidnetinin təhsilə,
turizm sektorunun inkişafına, ümumiyyətlə ölkədə
müasir menecment təcrübəsinin tətbiqinə verdiyi
böyük dəstək olmuşdur.
Azərbaycan Turizm və Menecment
Universiteti ATİ-nin varisi olaraq, mövcud ixtisaslar qalmaqla və
yeni ixtisaslaırn açılması şərtilə
yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab
verən, öz akademik şəhərciyi olan, beynəlxalq akkreditasiyadan
keçən, 25-dən çox ixtisas üzrə təxminən
6-8 min tələbəsi olan, "tədris-təlim-təcrübə-tədqiqat"
modelinə əsaslana turizm və digər xidmət sahələrində
aparıcı dövlət ali təhsil müəssisəsinə
çevrilməyi planlaşdırır.
Azərbaycanda
turizm və digər xidmət sahələrində əldə
olunan inkişafın davamlılığını təmin
etmək, o cümlədən, yeni istifadəyə verilən,
ilk növbədə mədəniyyət, idman, təhsil və
səhiyyə müəssisələrinin yüksəkixtisaslı
menecerlərə olan ehtiyacının ödənilməsi
üçün bu sahədə kadr hazırlığına
önəm vermək əsas diqqət mərkəzindədir.
Akademik şəhərcik tikilənədək mövcud
ixtisaslara pilot formasında yeni ixtisaslar əlavə edərək,
universiteti yeni mərhələyə hazırlamaq nəzərdə
tutulub. İlk olaraq qarşıdan gələn tədris ilində
əsas gündəm maddəsi -mədəniyyət menecmenti
sahəsində kadr hazırlığına diqqəti
artırmaq olmuşdur. Belə ki, Azərbaycanın
böyük mədəniyyət və istifadə edilməmiş
mədəniyyət sənayesi potensialı mövcuddur.
Ölkədə mövcud olan muzeylər, teatrlar, rəsm
qalereyaları, tarixi-etnoqrafik qoruqlar, rayonlarda tikilib istifadə
verilmiş Heydər Əliyev mərkəzləri, mühafizə
olunan 7000-dək yerli, ölkə və dünya əhəmiyyətli
tarix və mədəniyyət
abidələri, rayon və şəhər
tarix-diyarşünaslıq muzeylərinin menecmenti üzrə
kadrların hazırlanmasına, həmçinin, ölkədə
təşkil olunan beynəlxalq festivalların (Qəbələ,
İpək Yolu Şəki, Üzeyir Hacıbəyli, Qara
Qarayev, Mstislav Rastropoviç, Bakı Caz, Aşıq,
Muğam, Teatr və s.) yüksək səviyyədə təşkili
üçün kadr hazırlığına ehtiyac gündən-günə
artır. Mədəniyyət idarəçiliyi üzrə
menecerlərin hazırlanması bizə bu sahədə səmərəli
idarəetməni təşkil etməyə və ÜDM-də
mədəniyyətdən gələn gəlirləri
artırmağa imkan verəcək. Ona görə 2015-ci il
üçün tələbə qəbulunda bakalavr ixtisası olaraq
"Muzeyşünaslıq, arxiv işi və abidələrin
qorunması" ixtisasında qəbul planı
artırılmış, həmçinin magistratura səviyyəsində
yeni ixtisas olan "Mədəniyyət iqtisadiyyatı"
ixtisasına qəbul planı təqdim edilmişdir. Eyni
zamanda, bakalavr, "Menecment"
ixtisasının mövcud qəbulunun bir qrupunun indiki qaydalar
çərçivəsində ixtisas fənlərini mədəniyyət
sahəsinə aid etməklə mədəniyyət menecmenti
istiqamətini gücləndirməyi
düşünürük.
Növbəti
illərdə tədricən idman, təhsil, səhiyyə, tədbirlər
və s. sahələrdə menecment ixtisasları üzrə həm
bakalavr, həm də magistr kadrların hazırlanması əsas
hədəflərdəndir.
Təbii
ki, turizm bizim universitetin əsas aparıcı istiqaməti
olaraq qalacaq və bu sahədə təhsilin bütün səviyyələrində
kadr hazırlığını həyata keçirmək əsas
işimiz olacaq. Amma bu sahədə də kadr hazırlığında
köklü dəyişikliklər etmək fikrindəyik.
Birinci
iş turizm təhsili üçün müvafiq infrastruktur
yaratmaqdır. Bu, universitetin əsas tədris şəhərciyinin
və regional filiallarının, təcrübə
bazalarının yaradılması yolu ilə mümkün
olacaqdır. Bu məqsədlə Prezident sərəncamına
uyğun olaraq təkliflər hazırlanmışdır.
Şəhərciyin yaradılması regionlardan tələbələrin
daha çox cəlb edilməsinə, beynəlxalq əlaqələrin
genişlənməsinə, xarici universitetlərlə daha
intensiv tələbə və müəllim mübadiləsinin
həyata keçirilməsinə, fasiləsiz təhsilin təmin
olunmasına, tələbələrin asudə
vaxtlarının səmərəli təşkilinə, tələbələrin
turizm üzrə dərslərini keçə biləcəkləri
təlim oteli, restoranı, mətbəxinə malik
olmalarına, elektron
kitabxananın yaradılmasına, peşə
hazırlığının inkişaf etdirilməsinə,
xarici dillərin öyrənilməsi prosesinin səmərəliliyinin artırılmasına,
"ömür boyu təhsil" konsepsiyasının daha
effektli həyata keçirilməsinə, bir sözlə
universitetin daha rəqabət qabiliyyətli olmasına imkan
yaratmış olasaqdır. Yeni ixtisasların
açılması, mövcud ixtisaslar üzrə daha
çox tələbə qəbulunun həyata keçirilməsi,
xüsusilə fənn kabinələrinin, texnoparkların,
laboratoriyaların yaradılması, təcrübə sahələrinin,
müasir kitabxananın qurulması kimi bir çox planların
reallaşması bu şəhərcikdə mümkün
olacaqdır. Qida məhsulları mühəndisliyi, nəqliyyat
servisi, Turizm və Otelciliyin ayrı iki ixtisas kimi
inkişafı bu çərçivədə həyata
keçə biləcək. Bu akademik şəhərcikdə
qurulacaq tədris infrastrukturu bizə bu sahədə beynəlxalq
səviyyədə kadr hazırlanması və akkreditasiya
prosesində uğur qazanmağımıza imkan vermiş
olacaqdır.
Müasir
təhsil infrastrukturunun yaradılması bizə hazırkı
ixtisaslarla yanaşı, beynəlxalq təhsil sistemində
mövcud olan tətbiqi elmlər universitetlərində olan
mühəndislik, biznes və sosial elmlərlə bağlı
bir çox ixtisasların tədrisinin tədrici təşkili
planlaşdırılır. Akademik şəhərciyə
malik olması yaxın 10 ildə burada 25-dən çox bakalavr, həmçinin magistratura və
doktorantura proqramı üzrə
10 minədək tələbəyə təhsil verməyə
imkan yaradacaqdır.
Təhsildə
Sosial-psixoloji xidmət, Psixologiya, Antropologiya,
Kitabxanaçılıq və informasiya, Dövlət və
ictimai münasibətlər, Sənətşünaslıq,
Dekorativ sənət, Qrafika, Dizayn, Dünya iqtisadiyyatı,
Mühasibat uçotu və audit, Sənayenin təşkili və
idarə olunması, Dövlət və bələdiyyə
idarəetməsi, Kommersiya, Kompüter elmləri, Poliqrafiya
mühəndisliyi, İstehlak mallarının ekspertizası,
marketinqi və s. ixtisasları gələcəkdə
kadr hazırlığı üçün
planlaşdırılan ixtisaslardır.
İxtisaslar
və onlara qəbul planları turizm və digər xidmət
sahələrində əmək bazarının
ehtiyaclarına, ölkəmizdə aparılan davamlı
inkişaf siyasətinin tələblərinə uyğun tərtib
ediləcək. Həmçinin yeni status və akademik şəhərcikdəki
şərait bizə xaricdən tələbə cəlb edilməsinə
də imkan verəcəkdir ki, bu da ölkəmizdə təhsil
biznesinin və heyətin inkişafının
stimullaşması baxımından çox vacibdir.
Digər
mühüm bir istiqamət Azərbaycanda aparılan regional
inkişaf siyasətinə uyğun olaraq ölkənin
ayrı-ayrı regionlarının tələblərinə
müvafiq universitet filiallarının və peşə məktəblərinin
açılmasıdır.
Belə
ki, 2013/2014-cü tədris ilində Azərbaycan
Respublikasının ali, orta ixtisas və texniki peşə təhsili
müəssisələrini turizm ixtisasları üzrə təxminən
1029 nəfər bitirib ki, onlardan da 272-si ali təhsil üzrə,
480-i orta ixtisas təhsili üzrə, 277-si isə texniki
peşə təhsili üzrə təhsil alanlar olub.
Hazırda respublikada 50-dək yeni mehmanxananın və irihəcmli
mehmanxana komplekslərinin inşası davam etdirilir. Mövcud
530 otelin peşəkar turizm kadrlarına böyük
ehtiyacı var. Təkcə Şahdağ Qış-Yay Turizm
Kompleksi tam işə düşən zaman 5000-dən çox
işçiyə ehtiyac yaranacaq. Eyni zamanda, Qəbələ
rayonunda artıq qismən istifadəyə verilmiş
"Tufan" Dağ-Xizək Turizm Kompleksində də 5000-dən
çox iş yerinin yaradılması nəzərdə
tutulur. Turizmin inkişafı üçün mövcud olan dəyərləri
qorumaq, bütün regionlarda turizmin
balanslaşdırılmış səviyyədə
inkişafını təmin etmək, düzgün idarəetmə
və turizm ehtiyatlarından səmərəli istifadə
mexanizmlərini qurmaq üçün respublikanın
bütün bölgələrində müasir tələblərə
cavab verən, rəqabətə davamlı turizm xidməti sahələrinin
yaradılması zərurəti nəzərə alınaraq,
yaxın 10 ildə ölkədə yerləşdirmə yerlərinin
sayının ciddi ölçüdə artırılması
nəzərdə tutulur. Məhz bu ehtiyacı ödəmək,
regionlarda inkişafı peşəkarlarla davamlı etdirmək
üçün işlər görmək lazımdır.
Turizm sənayesinin
inkişafı ilə bağlı aparılmış tədqiqatların
nətcələrinə görə 2020-ci illərdə turizm təhsilinin
müxtəlif səviyyələri üzrə, təxminən,
ixtisaslaşmış 70-75 min nəfərə ehtiyac
olacaqdır ki, bu ehtiyacı qarşılamaq üçün
kompleks tədbirlər görüləcək.
Regionların sosial-iqtisadi inkişafı, əhalinin iş təminatının yaxşılaşması, tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi və onların əlavə gəlirlərinin artırılması və iş təcrübəsi toplaması baxımından regional peşə məktəblərinin də açılması gündəmdədir. Hesab edilir ki, keyfiyyət problemi daim öndə tutulmaqla tezliklə kütləvi kadr hazırlığı prosesinə başlanmalı, yaxın on il ərzində ən azı 5 rayonda (Xaçmaz, Zaqatala, Göygöl, Şəmkir və Masallıda) regional turizm peşə məktəbləri, həmçinin 3 şəhərdə (Masallı, Xaçmaz və Naxçıvan) filiallar yaradılmalıdır. Bu filiallar və peşə məktəbləri tədricən işə başlamalı, regionun aqrar sənaye imkanlarını, qonaqpərvərlik və mətbəx mədəniyyətini, regionun aparıcı turizm növünü özündə ehtiva etməlidir. Ən vacib məqamlardan biri isə, bu məktəblərin təcrübə bazasının, aqroturizm sənaye parkının yaradılmasına nail olmaqdır.
Arzularımız çoxdur... 9 il tarixilik baxımından o qədərdə böyük dövr sayılmasa da bu gün ATMU ailəsi olaraq ölkə prezidentinin ATİ- nin yeni statusla fəaliyyətini davam etdirməsi barədə imzaladığı müvafiq sərəncamı kollektivimizə etimadın, eyni zamanda böyük məsuliyyətin göstəricisi kimi qəbul edirik.
Cəfər Cəfərov
525-ci qəzet.-
2015.- 22 yanvar.- S.4.