60 yaşın mübarək, Məzahir Avşar!

 

 

 

Əzizim Məzahir, 60 yaşın mübarək!

 

Sənin 60 yaşın olmasını Ramiz Rövşənin yazısından bildim. Mən də səni - xalqımızın, millətimizin dəyərli övladını 60 yaş münasibətilə ürəkdən təbrik edirəm, sənə cansağlığı və mənalı ömür arzulayıram, yaradıcılığında uğurlar diləyirəm!

 

Əzizim Məzahir, tale, qismət elə gətirib ki, uzun illər görüşə bilməmişik. Məncə, 20 ildən çox olar. Son dəfə Bakıda görüşdük, deyəsən, Kəlbəcərin işğalından sonra idi. Vahid Təhməzov, Rəşad Məcid, sən və mən. Vahidin ölümü məni çox sarsıtdı. Ürəyində problemlər olduğunu mənə də demişdi. Mən də dedim, gəl Moskvaya, əlimdən gələni eləyəcəyəm, ürəklə zarafat olmaz. O da söz verdi, amma gələ bilmədi. Çox heyfslənirəm, hələ özümü qınayıram də, gərək onu zorla da olsa gətirəydim Moskvaya. Heç kəs bilməsə də, sən bilirsən ki, Vahidlə biz necə yaxın dost idik. Hər dəfə Bakıya gedəndə, harda oluramsa, gözlərim Vahidi axtarır.

 

Məzahir, sənin uzun müddət sorağını ala bilmədim, sonra Rəşad Məciddən öyrəndim ki, Türkiyəyə getmisən, Konyadakı Səlcuq Universitetində çalışırsan. Bir necə dəfə səni aradım, amma əlaqə yarada bilmədim.

 

Məzahir, səninlə tanışlığımız ötən əsrin 70-ci illərin ortalarına gedib çıxır. Onda ikimiz də Bakıda oxuyurduq. Sən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin Monumental rəssamlıq bölümündə, mən isə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda oxuyurdum. Sən istedadlı rəssam, heykəltəraş, qeyri-adi davranışa malik olduqca savadlı, mütailəni sevən, mən isə az-maz çap olunan, poeziya aləmində kövrək addılar atan, şeirləri ədəbi mühitdə az-maz müzakirə edilən, bir neçə xırda yazısı olan söz adamlarından biriydim. Sonra elə oldu ki, sən Leninqrada, mən isə Moskvaya təhsil almağa getdik.

 

1978-ci ildən sən Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündə təhsil alırdın. Mən də Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil oldum. İkimiz də - sən 1984-də, mən isə 1985-ci ildə müvəffəqiyyətlə təhsilimizi başa vurduq. Tələbə olduğumuz illərdə mən Leninqrada gedir, sən isə Moskvaya mənim yanıma gəlirdin. Bu da bəlkə də bizim qürbətdə darıxmamağımız üçün,bir-birimizə mənəvi dayaq, həyan olmaq üçün atdığımz addımlar idi. Tələbə yataqxanamızdakı otağım həmişə qonaqlı-qaralı olardı. Eh, kimlər gəlib-getmədi yanıma, Məzahir. Yadındamı sən gələndə də bütün tələbə dostlarımız başına toplaşmışdıq. Otağımda, kitab rəfimin yanında S.Vurğunun böyük, gözəl portretini və sənin mənə yazıb verdiyin böyük bir şəklini yan-yana asmışdım. Bir dəfə tələbə dostlarımızdan biri soruşdu ki, bu Marksın şəklini niyə divardan asmısan. Mən də dedim ki, onun "Kapital" əsərini oxudum, çox xoşuma gəldi, ona görə şəklini asmışam. İndi şəklini gördüm, heç nə dəyişməyib, həmin görkəm, həmin müdriklik, həmin baxışlar, dəyişən bircə saqqalın, saçın rəngidir, bəyazlaşıb, daha da nurlanıb.

 

Hələ Sovetlər dönəmində qəribliyin dadını bildik. Sovet vaxtı Moskva ümumi ölkənin paytaxtı və elmi mərkəzi idi, Leninqrad ikinci paytaxt hesab olunurdu. Biz daim biliyə, elmə,sənətə can atdığımıza görə məhz qürbətdə yaşamalı olduq.

 

O vaxtdan da dərk eləyirdik ki, qürbət nə qədər yaxşı görünsə də, Vətənin yerini verə bilməz. İkimiz də söz vermişdik ki, doğma Azərbaycanımıza qayıdacağıq. Öz xalqımıza, millətimizə, candan artıq sevdiyimiz Vətənimizə xidmət eləyəcəyik. Amma bunu eləyə bilmədik. Qürbətdə yaşayaraq millətimizin adını yaşatdıq, millətimizə yalnız başucalığı gətirdik, onu dəyərincə, layiqincə təmsil elədik. Bir-birimizi tanıyandan Azərbaycan eşqiylə yaşamışıq. Amma deyirlər,sən saydığını say, gör fələk nə sayır. Mən yaxşı gələcək ümidi ilə qürbətdə yaşamaq məcburiyyətində qaldım. Sən isə vətənə qayıtdın. Üstündən neçə illər keçdi, yenə üz tutdun qürbətə. Ancaq neyləmək olar, hərənin öz qisməti var. Bizim də qismətimiz beləymiş.

 

Məzahir, lap çoxdan yazdığım misralarım yadıma düşdü:

 

Qismətimə yazılıbdı uzaqlar,

 

Ömrün qışı, ömrün yayı - sazaqlar,

 

Sinəm üstə mizrab ağlar, saz ağlar,

 

Mənim yolum, cığırım da beləymiş.

 

Gözləmirdim, dövran gəldi tərsinə,

 

Oğulsansa, ona tablaş, gər sinə,

 

Kim səs verər tənhalığın səsinə,

 

Mənim səsim, sorağım da beləymiş!

 

Öz dünyama sarılıram mən fağır,

 

Zaman məni eləyibdi qanbağır,

 

Qələmimdən qəm ələnir, qəm yağır,

 

Oda düşən varağım da beləymiş!

 

Çimir etməz, qərib könlüm oyaqdı,

 

Dəlidağdan ürəyimə qəm axdı,

 

Öz üstümə şölə saçmır nə vaxtdı,

 

Özələyən çırağım da beləymiş!...

 

Tələm-tələsik yola saldığımız bu illər ərzində yaddaşımızda acılı-şirinli xatirələrimiz çox qalıb. Vətəndə yaşamaq, yaratmaq var olmaq hər sənət adamına nəsib olan deyilmiş, qardaş. Amma əminliklə deyə bilərəm ki, harda olduqsa, haraya getdiksə təmiz və dürüst yaşadıq. Millətimizin adına xələl gətirən bir işə qol qoymadıq.

 

Biz tutduğumuz heç bir işdən, heç vaxt peşman olmayacağıq. Təbii ki, nələrsə eləyə bilmişik, nəyəsə nail olmuşuq. Gücümüz çatan yükdən yapışdıq. Amma bizi eşidən olmadı, bizə məhəl qoyan tapılmadı. Biz səninlə "palaza bürün, elnən sürün" prinsipi ilə yaşaya bilmədik. Bəzən fikirləşirəm ki, hamı necə, mən də elə olum. Amma sonra görürəm ki, yox, bu mümkün deyil. Məzahir biz, bir sənət adamları kimi öz bəxtimizdən, taleyimizdən küsməliyik. Başqa heç kimdən küsməyə, inciməyə haqqımız yoxdur. Sonra da fikirləşirəm ki, biz bu taleylə razılaşmayıb nə edəcəyik ki? Hər bir insanın yaşadığı ömrün yaxşısı da, pisi də onun özünə aiddi. Bunun üçün mən də, sən də özümüzdən yox, amma həyatımızdan razı qalmalıyıq. Və bir daha təkrar edirəm ki, tutduğumuz heç bir işdən peşman olmayacağıq. Dediyimiz hər bir sözün arxasında dayanan adam olmuşuq. Adımızı, ləyaqətimizi həmişə qorumuşuq. Heç vaxt kiməsə xəyanət etməmişik. Gördüyümüz hər bir işi ürəklə, vicdanla, namusla yerinə yetirmişik. Nə özümüzü, nə ətrafımızdakı insanları heç vaxt aldatmamışıq. Necə varıqsa, elə olmağa çalışmışıq. Və düşünürəm ki, nə yaxşı, biz beləyik. Sən sənət yolunda, mən isə ədəbi yaradıcılıq yolunda uzun illərdən bəri öz sözümüzü demişik.

 

Qürbətdə yaşamaq, vətəndən ayrı düşmək o demək deyil ki, vətəndən xəbərsiz olduq. Qəribin hüznlü baxışlarından içində nələr çəkdiklərini duymaq olur. Çətindi, çox çətindi qəribçilik. Məsləhət etməyə, dərd bölməyə bir adam tapmaq olmur, söz deməyə çox az, adda-budda adam qalıb, Məzahir. Səni anlayan, səni duyan olmayanda adamı dəhşət bürüyür. Minlərin, milyonların içində gəzib dolaşsan da, özünü təklikdə, qürbətdə, qəriblikdə hiss edirsən. Vətən öz insanları ilə, o insanların birgə fəaliyyəti, əlaqələri, bir-birinə münasibəti, məhəbbəti, rəğbəti ilə  vətən olur. İnsan onda vətənsiz olur, onda ölür ki, onun səsini bir kəs eşitmir, harayına hay verən kimsə tapılmır. Bu illər ərzində nələr görmədik, nələr eşitmədik. Ortaya bir "Qarabağ kartı" atdılar, yurdumuzu-yuvamızı taladılar, çox-cox bəlalar gəldi başımıza...

 

Məzahir, vallah Ramiz Rövşən düz deyir, onunla razılaşıram: sən də, Cavanşir Quliyev də, digər boyük sənət adamları kimi Vətəninizdə yaşamalısınız, biz də sizinlə bərabər. Ümumiyyətlə Azərbaycanda və onun hüdudlarından kənarda qalan sənət, mədəniyyət, elm, düşüncə adamları, yaradıcı ziyalılar yaxşı olardı ki, öz vətənləində yaşayaydılar. Bu hər bir Azərbaycan vətəndaşını düşündürməlidir, narahat etməlidir, şübhəsiz ki, ziyalıları, intellektual səviyyəli adamların vətəndə yaşamağı millətimizin yalnız və yalnız xeyirinə ola bilər.

 

Məzahir, əzizim, səni bir daha ürəkdən təbrik edirəm, bağrıma basıram, öpürəm və sənə xoşbəxt həyat, şən günlər, sağlamlıq arzulayıram!

Nəsib NƏBİOĞLU

525-ci qəzet.- 2015.- 23 yanvar.- S.8.