Bakıda Miniatür Kitab Muzeyi
Ginnesin Rekordlar Kitabında
“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
“Qafqazinfo”nun məlumatına görə, muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova AzərTAc-a bildirib ki, 30 ildən artıq müddətdə formalaşmış kolleksiya bu gün də yeni nüsxələrlə zənginləşir.
Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir. Burada ən nadir eksponatlar Yaponiyanın Tokio şəhərindəki “Toppan” nəşriyyatında buraxılmış dörd mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış dörd mikrokitab (bu nəşrlərdən biri 2,0x2,9 mm formatında, qalan üçü 3,5x3,5mm formatındadır).
Muzeydə saxlanılan miniatür kitab nüsxələrindən 2913-ü bütün tələblərə tamamilə uyğun gəlir. Məsələn, bu kitabların ölçüləri 75x75 mm-dən çox deyil – miniatür kitabın müasir standartı məhz belədir. Kitabların xeyli hissəsinin ölçüləri 100x100 mm-dən çox deyil. Bu da keçmiş SSRİ-də miniatür kitab standartlarına uyğundur.
2015-ci il yanvarın 21-də
Ginnesin Rekordlar
Kitabının rekordlar üzrə menecerlər
komandasından alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, miniatür kitabların dünyada
ən böyük kolleksiyası hesab olunub. Yaxın vaxtlarda Zərifə Salahovaya “Guinness World Records” sertifikatı
təqdim ediləcək.
Xatırladaq ki, bundan əvvəl
miniatür kitabların
ən böyük kolleksiyası Nikuncu R.Vaqadinin kolleksiyası hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab toplamağa müvəffəq olub.
S.Abdullayeva
525-ci qəzet.-
2015.- 23 yanvar.- S.7.