Azərbaycan əsilli
Türkiyə alimi: böyük ədəbiyyatşünas
Əbdülbaqi Gölpınarlı
Əslən Azərbaycandan - Şəkinin
Gölbulaq köyündən olan Əbdülbaqi
Gölpınarlı Türkiyədə çox yaxşı
tanınan ədəbiyyatşünas alim, dini-mənəvi
islami görüşləri, geniş tərcüməçilik
fəaliyyəti ilə tarixdə, yaddaşlarda qalan parlaq təfəkkür
sahiblərindən biridir. Azərbaycan ziyalılarından
çoxu, yəqin ki, ilk dəfə onun adını 1958-ci ildə
Məhəmməd Füzulinin vəfatının 400 illiyi
münasibəti ilə keçirilən tədbirlərdə
eşitdi.
Ə.Gölpınarlı dinləyicilərə
və oxuculara hər yerdə
Türkiyə alimi kimi təqdim olunub, onun əsli və nəsli,
dədə-baba yurdu haqqında məlumat verməyi lazım
bilməyiblər. Azərbaycan alimlərinin Füzuli
haqqında yazdıqları elmi-tədqiqat işlərində
də Ə.Gölpınarlıdan ətraflı bəhs etmək,
onun yaradıcılığında mühüm yer tutan Azərbaycan
mövzusundan söz açmaq çox da yada düşməyib.
Ə.Gölpınarlının
atası XIX əsrin sonlarında-XX əsrin əvvəllərində
Türkiyənin tanınmış ziyalılardan olan yazar
Əhməd Agah Əfəndidir. Əhməd Agah Əfəndinin
atası İzzət Mustafa oğlu Azərbaycanda - Gölbulaq
kəndində anadan olub, 1877-1878-ci il Rusiya-Türkiyə
savaşı zamanı Bursaya gedib, bir müddətdən sonra
da oradan İstanbula köçüb.
Yeri gəlmişkən, qeyd edək
ki, Gölbulaq kəndi Cəfərabad-Şəki yolunun
üstündə yerləşən, zəngin tarixi ənənələri
olan, orta əsrlərdə bir sıra döyüşlərə
şahidlik etmiş yaşayış məskənidir.
Əhməd Agah Əfəndinin
yazarlıq fəaliyyəti İstanbulda nəşr olunan
"Tərcümani-həqiqət" adlı qəzetdə
formalaşıb. Bu qəzet Türkiyənin uzunömürlü
mətbuat orqanlarından biridir. İlk nömrəsi 26 iyun
1878-ci ildə, son nömrəsi
isə 11 fevral 1921-ci ildə çap edilib.
Əhməd Agah Əfəndi bu qəzetin
aparıcı müxbirlərindən biri idi, hətta mətbuat
aləmində "Şeyxül-Mühabirin" (müxbirlərin
şeyxi - N.N.) kimi anılırdı.
Ə.Agah Əfəndi İstanbulda əslən
Dağıstandan olan Aliyə Şöhrət xanım ilə
evlənib. Ailənin doğulan ilk uşaqları hələ
körpə ikən həyatdan köçüblər. Ailə
başçıları 12 yanvar 1900-cü ildə Kadırqa səmtində dünyaya gələn növbəti
körpəyə Mustafa İzzət adı verirlər. Bu,
körpənin babasının (atasının
atasının-N.N.) adı idi. Ailənin əvvəlki uşaqları çox
yaşamadığı üçün, uzunömürlü
olsun, deyə onu sonralar Əbdülbaqi adı ilə
çağırıblar ("baqi" sözünün bir
neçə mənası var, onlardan biri də "əbədi"
deməkdir-N.N.)
Ə.Gölpınarlı
yaxşı təhsil ocaqlarında, yaxşı müəllimlərdən,
yaxşı təhsil alıb. O, ilk təhsilini İstanbulun
Babiali yoxuşundakı Təhsin Əfəndi İlkokulunda, orta təhsilini "Mənbəül-İrfan"
məktəbində alıb.
Ə.Gölpınarlı
rüşdiyyə məktəbinin son sinfində oxuyarkən atası
dünyasını dəyişib. Təhsilinə ara verən
məktəbli işləməyə məcbur olub. O, bir
müddət İstanbulda kitabçılıqla məşğul
olub, sonra isə Çorumun Alaca ilçəsindeki Mənbəi-İrfan
İbtidai Məktəbində müəllimlik və idarəcilik
fəaliyyəti göstərib. 1922-ci ildə İstanbula
dönüb, imtahan verərək son sinfinə girdiyi
İstanbul Erkək Müəllim Məktəbini, ardından
da İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin
türk dili və ədəbiyatı bölümünü
professor Köprülüzadə Məhmət Fuat bəyin nəzarətində
hazırladığı və ona ithaf etdiyi "Məlamilik və
Məlamilər" adlı buraxılış işi ilə
1930-cu ildə bitirib. Əsərin ithaf yerində
yazılıb: "Bu əsərimi türk ədəbiyyatı
tarixini quraraq gəncliyə elm yollarını göstərən
və çalışmaq zövqü verən şərqşünaslığımızın
banisi əziz ustadım professor doktor Köprülüzadə
M.Fuat bəy əfəndiyə ithaf edirəm".
Təəssüf ki, sonralar müəllimlə
tələbə arasında anlaşılmazlıq baş verir
və onların əlbir elmi fəaliyyətinə son qoyulur.
Ə.Gölpınarlı
sonralar yazdığı məqalələrin birində
bu soyuqluğu və ayrılığı
F.Köprülüzadənin közü həmişə
öz tərəfinə çəkməsi və müəlliminin
liderlik iddiası ilə əlaqələndirir.
Ə.Gölpınarlı ədəbiyyat
öyrətməni olaraq Konya, Kayseri, Balıkəsir, Kastamonu
və İstanbuldakı Heydərpaşa Liseyində
çalışıb. Ankara Universitetinin dil və
Tarix-Coğrafya fakültəsində fars dilindən mühazirələr
oxuyub. Doktorluq mənsəbinə çatandan sonra həmin
fakültədə mətnlər şərhindən dərs
deyib. İstanbul Universitetinin ədəbiyyat fakültəsində
islam-türk təsəvvüf tarixi və ədəbiyyatı
dərsləri verib. 1945- ci ilin aprelində
"kommunistlik"də günahlandırılaraq, Türk Cəza
Qanununun 142-ci maddəsi ilə həbs edilib; 318 gün həbsxanada
yatdıqdan sonra -1946-cı ilin fevralında ona bəraət
verilir və A. Gölpınarlı yenidən müəllimlik fəaliyyətinə
qayıdır. 1949-cu ildə öz istəyi ilə təqaüdə
çıxır. Əslində bu,
Ə.Gölpınarlının yaşadığı cəmiyyətin
yaramaz qayda-qanunlarına qarşı ziyalı kimi etiraz səsi
idi. Tədqiqatçılardan biri
Ə.Gölpınarlını tam anlamıyla aydın bir
ziyalı kimi qiymətləndirib.
Ə.Gölpınarlının ailə həyatı
uğursuz olub. O, 1926-cı ilə aid tərcümeyi-halında
yazır: " Evləndim, boşadım, adını da,
tarixini də unutdum, bir daha evlənmək
niyyətim yoxdur".
Ə.Gölpınarlı 1982-ci il
avqust ayının 25-də dünyadan köçüb, Seyid
Əhməd Dərəsi Məscidinin qəbiristanında dəfn
edilib.
lll
Ə.Gölpınarlı elmi
yaradıcılığa gənc yaşlarından
başlamışdı. O, əqidə və məsləkinə görə
Osmanlı sufiliyinin təmsilçisidir.
1931-ci ildə
yayımladığı "Məlamilik və məlamilər"
adlı əsəri ilə özünü tanıdan
Gölpınarlı "Türkşünaslıq məcmuəsi",
"Şərqşünaslıq məcmuəsi" və İstanbul Universitetinin
"İqtisad fakültəsi məcmuəsi"nin bir
sıra nömrələrində, digər dərgi və qəzetlərin
səhifələrində maarifləndirici yazılarla
çıxış edib. İslam Ensiklopediyası və
Türk Ensiklopediyası
üçün çeşidli məqalələr
yazıb. Divan ədəbiyyatına
aid çalışmaları elm adamlarının diqqətini
cəlb edib. "Divan Ədəbiyyatı Bəyanındadır"
(1945) adlı kitabı ilə ədəbiyyat aləmində məşhurlaşan
Ə.Gölpınarlı
M.Füzuli, Yunis İmrə, Nədim, Mövlana Cəlaləddin,
Şeyx Qalib kimi söz ustalarının ədəbi irsinin
türk oxucularına çatdırılmasında misilsiz
işlər görüb.
Ə.Gölpınarlının
M.Füzuli haqqında ilk elmi işi oxuculara 1930-cu ildə
"Türk Nəşriyyat Yurdu" tərəfindən
çatdırılıb. 162 səhifəlik bu əsərin
ikinci cildi 1932-ci ildə çap olunub. 1958-ci ildə Bakıda
M.Füzulinin vəfatının 400 illiyi keçiriləndə
Ə.Gölpınarlının adı azərbaycanlı alim
kimi demək olar, yada düşməmişdi. Halbuki bu tədbirdən
bir neçə il əvvəl -1948-ci ildə Türkiyədə
Ə.Gölpınarlı M.Füzulinin 432 səhifəlik
divanını çap etdirmiş, ona geniş bir müqəddimə
yazmışdı. Bu divanın II və III nəşrləri
müvafiq olaraq 1961-ci və 1985-ci illərdə çap
olunub. Divan 1669-cu ildə köçürülmüş
nüsxə əsasında tərtib edilib. Çox güman
ki, Ə.Gölpınarlıya göstərilən bu
etinasızlıq divanın girişində M.Füzulinin türk şairi kimi qələmə
verilməsi ilə əlaqədar olub.
Maralıdır ki,
Ə.Gölpınarlı 1932-ci ildə "Azərbaycan Yurd
Bilgisi" jurnalında da “M.Füzuli haqqında" məqalə
ilə çıxış edib.
Ə.Gölpınarlı M.Füzulinin "Səhhət və
Mərəz" əsəri haqqında ilk söz deyən tədqiqatçılardan
biridir. O, "Səhhət və Mərəz" əsərini
yenidən tərcümə edib, onu 1940-cı ildə
fransız dilində yazılmış 4 səhifəlik xülasə ilə (cəmi 44 səhifə
) İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun məcmuəsində
dərc etdirib.
Ə.Gölpınarlı Türkiyədə
Molla Nəsrəddini elmi şəkildə təbliğ edən ən səviyyəli tədqiqatçılardandır.
"Hoca Nəsrəddin" kitabında Azərbaycanda Molla Nəsrəddin
kimi tanınan müdrik insan
haqqında müasir oxucular üçün maraqlı
görünəcək nümunələr çoxdur. Ədəbiyyatşünaslarımızın
bu istiqamətdə ciddi elmi araşdırmalar aparmaları arzu
olunur.
Ə.Gölpınarlı Türkiyənin
təhsil sistemində bir neçə dərslik müəllifi
kimi də tanınır. O,
"İmtahan.Monoloq" (1925), "Mühasibati-Əxlaqiyyə"
(1926-1927), "Yurd bilgisi" - 4-cü sinif (1927), "Yurd
bilgisi" - V sinif (1927-1928), "Cümhuriyyət
çocuğunun din dərsləri (Səbri Eşatlı ilə
birlikdə) - III,IV,V siniflər (1928) " və sair dərsliklərlə
türk məktəblilərinin təfəkürünü və
mütaliə dairəsini xeyli genişləndirib.
Ə.Gölpınarlının Səbri
Eşatlı ilə birlikdə yazdığı "Yavrumun
tarix kitabı" dərsliyi 1930-cu ildə iki dəfə nəşr
edilərək məktəblilərə
çatdırılıb.
Görkəmli alim nəşr
edilmiş 114 kitabın, 404 məqalənin müəllifidir.
O, əsərlərinin bir qismini Rəmzi Əczi ləqəbi
ilə çap etdirib.
Ə.Gölpınarlı Quranı
türk dilinə tərcümə edən Azərbaycan əsilli
ziyalılardan biridir. Onun elmi
yaradıcılığının yüksək səviyyədə
öyrənilməsi ədəbi ictimaiyyətimizi ciddi
düşündürməlidir.
Azərbaycanda
Ə.Gölpınarlının xatirəsinin əbədiləşdirilməsi,
şərqşünaslıq fakültəsinin tələbələri
üçün Ə.Gölpınarlı təqaüdünün
təsis edilməsi də arzu olunan işlərdəndir.
Nazim
NƏSRƏDDİNOV, Əməkdar müəllim, Təhsil
Nazirliyi EMŞ-nin Azərbaycan dili və ədəbiyyatı
bölməsinin üzvü
525-ci qəzet.-
2015.- 23 yanvar.- S.6.