Krımın Türk tarixi
2014-cü
ilin fevralından başlamış məlum Ukrayna hadisələri
Krım problemini artıq bir xalqın taleyinə təsir
göstərən lokal xarakterli məsələ çərçivəsindən
çıxararaq, regional və qlobal sabitliyə real təhlükə
yaradan qlobal problemə çevirmişdir. Təəssüf
ki, bu proseslərdə ən böyük zərbəyə məruz
qalan geo-siyasi mübarizənin əks cinahlarında dayanan
supergüclər deyil, məhz Krım türkləridir.
SSRİ dağıldıqdan sonra Krım yarımadası
muxtar qurum kimi Ukraynanın tərkibində geniş hüquq və
azadlıqlar əldə etmişdi. Belə bir şəraitdə
Krım türklərinin öz mədəniyyətini, tarixini,
dilini qorumaq və inkişaf etdirmək üçün ciddi
maneə yox idi. Obyektivlik naminə qeyd etməliyik ki, tam
istiqlaliyyətə qovuşmasalar da, muxtariyyətin verdiyi
imkanlardan istifadə edərək, Krım türkləri
Ukraynanın tərkibində özlərini daha rahat hiss edirdilər.
Lakin Ukraynanın Qərbə doğru geopolitik seçim etməsi
ilk növbədə regionun ən həssas bölgəsi olan
Krımı növbəti dəfə faciəyə
uğratdı. Öz dil və din qardaşına revanşist
mövqe sərgiləyən Rusiya yenidən oyanmış
imperialist maraqlarını bölgədə təmin etməyin
bir vasitəsi kimi Krımı hədəf seçdi. Tarixin
vurduğu yaraları sarımağa macal tapmamış
Krım türkləri yenidən imperiya boyunduruğu altına
düşdülər. Hadisələrə yalnız XX əsr
prizmasından, yəni yalnız öz mənafeyinə
uyğunluq mövqeyindən baxaraq, Krımın 1954-cü ildə
Sovet İttifaqı tərkibində Ukrayna Sovet Sosialist
Respublikasına verildiyini bəhanə gətirən Rusiya
Krımı yenidən işğal etdi. Tarixi gerçəklikləri
saxtalaşdırmaqdan çəkinməyən rus millətçiləri
bu işğalı Rusiyanın “tarixi qələbəsi”
adlandırsa da, Krımın türk tarixi qarşısında
istər hüquqi və istərsə də mənəvi
müstəvidə bu işğala haqq qazandırmaq
mümkün deyil.
2014-cü
ilin martında Krım yarımadasında təşkil
edilmiş qondarma referendum Krımı yenidən Rusiyanın
inzibati sərhədləri çərçivəsinə
qaytardı. Rusiyanın hakim dairələri bu referendumun “şəffaf”,
əhalinin böyük əksəriyyətinin iştirakı
ilə keçirildiyini iddia etdilər. Iki yüz ildən
artıq müddətdə Rusiya imperiyasının tərkibində
təqiblərə, işgəncələrə,
ayrı-seçkiliyə məruz qalmış bir toplum
hansı əsaslarla yenidən imperiya
asılılığına düşməyə “hə” deyə
bilərdi?! Odur ki, qondarma referendumun keçirilməsindən
dərhal sonra Krım Tatarları Məclisi Baxçasarayda
toplaşaraq yarımadanın ərazisində Krım Tatar
Muxtar Vilayətinin yaradıldığını elan etdi. Bu
addım əslində, heç bir beynəlxalq hüquq
normasına sığmayan qeyri-qanuni anneksiyaya etiraz
nümayişi idi. Muxtariyyət elan edilməsi ilə
bağlı beynəlxalq ictimaiyyəti, BMT-ni, Avropa
Şurasını, ATƏT-i, İslam Konfransı Təşkilatını
rəsmi şəkildə məlumatlandırmaqla Məclis
yarımadada baş verən ilhaq prosesinin Krım türklərinin
iradəsi xaricində baş verdiyini bir daha bəyan etdi. Məhz
o gündən etibarən Krım türklərinin hüquq və
azadlıqları uğrunda mübarizə aparan şəxslərin
öz doğma yurdlarını tərk etməyə məcbur
edilməsi və Krım Tatar Milli Məclisinin sədri Mustafa
Krımoğlunun yarımadaya qayıdışına yasaq
qoyulması hazırda Krımda real durumun nə qədər
acınacaqlı olduğunu göstərir. Bu barədə Britaniynın
məşhur “The Sunday Times” qəzeti yerli əhaliyə istinadən
məlumat verir ki, “... Krım tatarlarının
hüquqlarının kobudcasına pozulmasına qarşı hər
hansı formada etiraz edilməsi insanların həyatı
bahasına baş gələ bilər. Krımın qeyri-qanuni
anneksiyasına qarşı çıxan bir çox fəalların
itkin düşməsi və ya qeyri-müəyyən şəraitdə
öldürülməsi hallarına tez-tez rast gəlinir.” Bu,
artıq Krım türklərinə qarşı başlanan
repressiya siyasətinin yeni dalğasından xəbər verir.
Təəssüf
doğuran digər məqam ondan ibarətdir ki, müasir
dünya siyasətinin əsas oyunçuları Ukrayna ətrafında
baş verən proseslərdən maksimum siyasi divident əldə
etməyə çalışmaqdadırlar. Bu isə son nəticədə
Krım türklərinin hüquq və
azadlıqlarının beynəlxalq miqyasda müdafiəsini
arxa plana keçirir. Həmin dairələr Ukraynanın ərazi
bütövlüyünü dəstəklədiklərini,
Rusiyanın beynəlxalq hüquq normalarını
pozmasını pafoslu şəkildə bildirsələr də,
siyasi gərginliyin mərkəzində dayanan Krım türklərinin
bir millət olaraq muxtariyyət statusunda mövcudluq haqqının
tanınmasına, onların pozulmuş hüquqlarının bərpasına
dəstək verməyə heç də həvəsli
görünmürlər. Avropa İttifaqı Parlamentinin qəbul
etdiyi 13 mart 2014-cü il tarixli Qətnamədə Krımda
keçirilmiş referendumun qeyri-qanuni olduğu bildirilsə də,
etnik azlıq adlandırılan, əslində,
yarımadanın əhalisinin əhəmiyyətli qismini təşkil
edən Krım türklərinin hüquq və
azadlıqlarının təmin edilməsinin zəruriliyi barədə
heç bir müddəaya rast gəlinmir. Yalnız BMT Baş
Assambleyası tərəfindən 27 mart 2014-cü ildə qəbul
edilmiş Bəyannamədə Ukraynanın ərazi
bütövlüyünə dəstək ifadə edilməklə
yanaşı Krım türklərinin pozulmuş
hüquqlarının da bərpa edilməsinin vacibliyi qeyd
edilmişdir.
Krımın
türk tarixinin formalaşmasında böyük rol
oynamış Osmanlı imperiyasının sələfi kimi
Türkiyənin Krım məsələsində qəti
mövqe nümayiş etdirməməsi də təəssüf
hissi doğurur. Krım türkləri haqlı olaraq Türkiyədən
daha ciddi dəstək əldə edəcəklərini
gözləyirdilər. Bu, həm də böyük türk
dünyasının aparıcı dövləti kimi Türkiyənin
tarixi-mənəvi borcu idi. Lakin Türkiyənin Krım
böhranı meydana çıxdığı zamandan bu
günədək sərgilədiyi siyasi mövqe onu deməyə
əsas verir ki, Türkiyənin Ukrayna və Rusiyaya münasibətdə
yürütdüyü xarici siyasət koordinatlarında
Krım türkləri həlledici amil kimi nəzərə çarpmır.
Halbuki təkcə türk dünyasının bir
parçası olan Krımın deyil, eyni zamanda, Türkiyənin
özünün geopolitik maraqları və beynəlxalq siyasətdə
Türkiyənin mövqeyinin güclənməsi
baxımından bu məsələyə daha konstruktiv və
daha qətiyyətli yanaşmaq zərurəti aydın
görünür. Dünya türklüyünə bu haqqı
tanıyan və tanıdan ən kəsərli arqument isə
elə Krımın türk tarixidir.
Krımın
türk tarixi – türk birliklərinin Avrasiyanın şərqindən
qərbinə doğru yayılmalarının ilk dövrlərindən
başlayır. XIII əsrə qədər Krım yarımadası,
əsasən, Roma və Bizans imperiyalarının təsir dairəsində
olsa da, bir çox tarixi mənbələr bu bölgəyə
türksoylu qıpçaqların gəlişinin hələ
V-VI əsrlərdən etibarən
başladığını təsdiq edir. Sonrakı əsrlərdə
digər türk tayfalarının da Krım yarımadasına
yayılması daha geniş vüsət alaraq,
yarımadanın etnik mənzərəsini tamamilə türklərin
xeyrinə dəyişmişdi. Nəticədə, XIII əsrin
əvvəllərindən Krım ərazisində
ardıcıl olaraq Türk, Monqol, Qızıl Orda hakimiyyətləri
mövcud olmuşdur. Tarixən türklərin
yayıldıqları ərazilərdə zəngin dövlətçilik
ənənələrinin əsasını qoyması
Krımdan da yan keçməmişdi. Qızıl Ordanın əhəmiyyətli
dərəcədə zəifləməsindən istifadə
edən Krım türkləri I Hacı Girayın rəhbərliyi
ilə 1441-ci ildə tarixdə ilk dəfə müstəqil
Krım xanlığının əsasını qoydular.
1453-cü ildə Konstantinopolun fəthi bütün regionda
geosiyasi durumu türklərin xeyrinə dəyişdi.
Yaranmış əlverişli şəraitdən istifadə
edən Krım xanlığı Osmanlı imperiyası ilə
ittifaqa girməklə düşmənlərə qarşı
güclü cəbhə formalaşdırmağa nail oldu.
1475-ci ildə Krım xanlığı Osmanlı
imperiyasının təbəəliyinə keçsə də,
geniş miqyasda muxtariyyət hüquqları əldə edərək,
XVIII əsrin sonlarına qədər öz dövlətçiliyini
qoruyub saxlaya bildi. Beləliklə, ötən ən azı
beş yüz il ərzində bu regiona türklərin ruhu
hopmuşdu.
Özünün
avantürist çıxışları ilə tanınan rus
siyasətçisi V. Jirinovskinin Krımın adının dəyişdirilməsi
ilə bağlı irəli sürdüyü təklif də
təsadüfən səsləndirilmir.Türklərin Krım
yarımadasında uzun müddətdən bəri məskunlaşdığını
göstərən başlıca faktlardan biri elə bu
yarımadanın adı ilə bağlıdır. Zaman
keçdikcə linqvistik transformasiyaya uğrayan türk
kökənli “Qırım” (qala), “Qurum” (müdafiə),
“Qurimaq” (qorumaq) ifadələri sonda Krım olaraq türk
toponimləri arasında özünə yer
tapmışdır. Bu coğrafi məkanın istər mədəniyyətində,
istər tarixində türk izləri çox aydın şəkildə
indi də görünməkdədir. Krımın özünəməxsus
cəhətlərindən biri də tarixən burada məskunlaşmış
müxtəlif türk qollarının və qruplarının
qaynayıb-qarışmasından yaranmış türk birliyinin
təşəkkül tapması idi. Bu baxımdan,
Krımı böyük və rəngarəng türk
dünyasının bütün zənginliklərini
özündə əks etdirən unikal etnotarixi və etnomədəni
məkan hesab etmək olar.
İslam
dininin türklərin məskunlaşdığı
bütün ərazilərdə əsas etiqad vasitəsinə
çevrilməsi də Krımdan yan keçməmişdi.
İslam dini Krım xanlığında dövlət dini
statusuna malik idi. Lakin islamın yayıldığı digər
ərazilərdə fəaliyyət göstərən mədrəsələrdən
fərqli olaraq, Krım mədrəsələrində təkcə
Quran öyrədilmirdi, eyni zamanda, astronomiya, ritorika, hüquq
elmi də tədris olunurdu. Krım xanlığının
paytaxtı olmuş, toponim kimi türk dilinin estetik gözəlliyini
bu günədək yaşadan Baxçasaray həm də məşhur
elm və ədəbiyyat mərkəzi kimi
tanınırdı.
Krım
xanlığının ərazisi Krım türklərinin
kompakt yaşadığı bugünkü Krım
yarımadasından daha geniş ərazini əhatə edirdi.
XVII əsrdə Krım xanlığı Ukraynanın cənub
ərazilərinin böyük qismini və Rusiyanın
hazırki cənub-qərb ərazilərini əhatə edirdi.
Hətta orta əsrlərə aid bir çox mənbələr
Krım xanlığının yüksəlişindən təşvişə
düşən rusların XVI-XVII yüzilliklərdə
Moskvanın müdafiə qalalarını möhkəmləndirdiyi,
Moskva ətrafında əlavə istehkamlar inşa etdiklərii
barədə məlumat verirlər. O zamankı Krım
türklərinin heç ağlına da gəlməzdi ki, nə
vaxtsa bu qala divarlarının içində Krımın
türk tarixini dəyişməyə yönəlmiş,
insanların doğma yurdlarından kütləvi
sürgününə səbəb olacaq çirkin və xəyanətkar
qərarlar veriləcək. Bu proses isə artıq XVIII əsrin
sonundan etibarən özünü göstərirdi. Krım
xanlığının 1784-cü ildə Rusiya
imperiyasının asılılığına düşməsi
ilə bölgənin inzibati sərhədləri imperiya
maraqlarına uyğun şəkildə dəyişdirildi,
parçalandı, etnik rusların bu əraziyə kütləvi
şəkildə köçürülməsi ilə
Krım türklərinin assimilyasiya siyasətinə start
verildi.
Əslində
Avropanın bu ərazisində geopolitik üstünlük
uğrunda mübarizənin tarixi daha əvvəllərə
söykənir. Yerləşdiyi əlverişli geopolitik məkan
Krımı daim diqqət mərkəzində, təlatümlü
siyasi proseslərin içində saxlamışdır. Hələ
orta əsr Avropasının müharibə strateqləri
Krımı regionda hərbi, siyasi üstünlüyün əldə
edilməsi üçün açar nöqtələrdən
biri hesab edirdilər. Orta əsrlərdən bu günədək
Avropanın siyasi xəritəsi, bütövlükdə siyasi
münasibətlərin xarakteri tamamilə dəyişsə də,
Krım yarımadası əlverişli geopolitik məkan kimi
öz aktuallığını bu günə qədər
saxlamaqdadır. Krıma nəzarət bütün Qara dəniz
hövzəsinə nəzarət etmək anlamını verir.
1853-1856-cı illərdə müttəfiq Fransa, Britaniya və
Osmanlı imperiyaları ilə Rusiya imperiyası arasında
baş vermiş məşhur Krım müharibəsinin də
əsas səbəbi elə bu idi. Müharibənin əsas məqsədi
Rusiya imperiyasının Qərbə qarşı
ekspansiyasının qarşısını almaq olsa da,
Krım türklərinə münasibətdə daha ciddi əks
effekt verdi. Müttəfiq güclər bu müharibədən
üstünlüklə ayrılsa da, Krım türkləri
növbəti müharibə alovundan, Rusiyanın imperialist qəzəbindən
yaxa qurtarmaq üçün digər qonşu dövlətlərə
köç etmək məcburiyyətində qaldılar. Əslində,
Krım türklərinin kütləvi şəkildə digər
ərazilərə məcburi qaydada köçürülməsi
də elə bu dövrlərdən başlayıb. O zamandan
150 ildən çox vaxt keçsə də, bu çəkişmələrin
doğurduğu yaralar Krım türklərinin köksündə
bu gün də hiss olunmaqdadır.
Çar
Rusiyasının süqutuna səbəb olmuş 1917-ci il
Oktyabr İnqilabı digər türk toplumları kimi Krım
türklərinin də dövlətçiliyinin bərpası
üçün tarixi fürsət yaratmışdı.
Krım azadlıq hərəkatının nümayəndələri
bu fürsətdən yararlanaraq qısa müddətə olsa
da, Krım türklərinin azadlıq arzusunu gerçəyə
çevirməyi bacardılar. 1917-ci ilin dekabrında Krım
Tatarları Qurultayının təşəbbüsü ilə
Krım Xalq Respublikasının yaradıldığı elan
edildi. Lakin bolşeviklərin yarımadada baş verən
prosesləri ideoloji təhlükə mənbəyi kimi
gördüklərindən tezliklə Krım Xalq
Respublikasının süqutu üçün bütün
imkanlar səfərbər edildi. Krım türklərinin
istiqlal mübarizəsini elə beşiyindəcə boğmaq
üçün yarımadada növbəti repressiya
dalğası başladı. Təsadüfi deyil ki, bu hadisələrdən
sonra bölgədə etnik təmizləmə və
ruslaşdırma siyasəti daha ardıcıl və daha qəddarcasına
həyata keçirilməyə başladı. Sonrakı
onilliklərdə də bu repressiyaları davam etdirmək
üçün Stalin rejimi hətta müharibə şəraitindən
sui-istifadə etməkdən belə çəkinmədi.
Stalin rejimi Krım yarımadasının SSRİ
üçün geopolitik önəmini anlayaraq, sərəncamında
olan bütün şər vasitələrlə bu bölgədə
rusların sözsüz hegemonluğunu təmin etməyi
qarşısına məqsəd qoymuşdu. Türk
dünyasının Qərbə açılan pəncərəsi
rolunu oynayan Krımın türk əsilli əhalisi isə bu
yolda əsas maneə kimi görülürdü. Eyni zamanda,
Krım türklərinin Türkiyə ilə olan coğrafi və
mənəvi yaxınlığı Stalin rejimini narahat etməyə
bilməzdi. Gələcəkdə bu bağlılıqdan
doğa biləcək istiqlal mübarizəsini istisna etmək
üçün totalitar hakimiyyət Krım türklərinin
kütləvi deportasiyası yolunu seçdi. O zaman “vətənə
xəyanət” kimi qondarma ittihamla üz-üzə qalan
Krım türkləri onlara qarşı yürüdülən
çirkin siyasətə müqavimət göstərmək
iqtidarında deyildilər. 10 may 1944-cü ildə Beriya tərəfindən
Krım türklərinin guya Hitler Almaniyası ilə əməkdaşlıq
etməsi haqqında saxta iddia irəli sürüldü. Bu
iddia ilə rəsmi olaraq Krım türklərinin
deportasiyasına başlanıldı, kütləvi
köçürmə planı çox qısa zaman kəsiyində
həyata keçirildi. Təkcə 18-22 may tarixlərində
(cəmi 4 gün ərzində!) 200 min türk (bəzi mənbələr
bu rəqəmin 400 min olduğunu bildirir) öz dogma torpaqlarından
sürgün edildi. Sərt iqlimi ilə seçilən
Daşkənd, Səmərqənd, Əndican, Fərqanə
vilayətləri Krım türklərinin məcburi
yaşayış məskənlərinə çevrildi.
SSRİ Dövlət Müdafiə Komitəsinin qərarında
Krım türklərinin Özbəkistana
köçürülməsi qeyd olunsa da, onların bir hissəsi,
eyni zamanda, Qazaxıstan, Tacikistan və Urala sürgün
edilmişdi. Deportasiya qurbanlarının təxminən
yarısı köçürmə planının həyata
keçirildiyi müddət ərzində öz həyatını
itirdi. Əslində bir toplumun total məhvinə hədəflənmiş
bu iyrənc akta soyqırımdan başqa bir ad vermək
mümkün deyildi. Bir türk yurdundan ucsuz-bucaqsız ölkənin
hər tərəfinə sürgün edilmiş Krım
türkləri 40 ildən çox müddətdə yurd həsrəti
ilə yaşamağa məcbur oldular. Sovet rejimi bununla kifayətlənməyərək,
daha bir tarixi ədalətsizliyə qərar verdi: Krım və
Türk məfhumlarını birdəfəlik bir-birindən
ayırmaq və deportasiya edilmiş yerli əhalinin gələcək
nəsillərini bu torpaqlara yadlaşdırmaq
üçün Krım yarımadasında mövcud olan əksər
türk toponimləri dəyişdirildi. Əsas məqsəd nəyin
bahasına olursa olsun tarixi gerçəkliyi
saxtalaşdırmaqla yarımadada türk izini itirmək idi.
Lakin
amansız repressiya dalğası Krım türklərinin mənəviyyatını,
iradəsini sındıra bilmədi, öz tarixi köklərinə
bağlılığını qıra bilmədi. Bəlkə
də Krım türklərinin yerinə digər toplum olsa idi,
assimilyasiya təhlükəsindən qurtula bilməzdi. Amma
Krım türkləri daha şərəfli və keşməkeşli
mübarizə yolunu seçdilər: Öz kimliklərinə
və tarixi keçmişlərinə sadiqlik nümayiş
etdirərək nəyin bahasına olursa olsun vətənlərinə
qayıtmaq yolunu!
Keçən
əsrin 80-ci illərində Sovet imperiyasının zəifləməsi
ilə Krım türklərinin milli mübarizəsi aktiv
fazaya keçdi. SSRİ-nin dörd bir tərəfinə səpələnmiş
Krım türklərinin təşkilatlanaraq Moskvada davamlı
nümayişlər təşkil etməsi sonda öz bəhrəsini
verdi. SSRİ rəhbərliyi Krım türklərinin vətənə
xəyanət “ittihamını” rəsmən ləğv etdi.
Beləliklə, öz yurdlarından didərgin
salınmış Krım türkləri 43 ildən sonra
doğma torpaqlarına qayıtmağa başladılar. Onlar
geri qayıtdığı zaman heç də hər şey əvvəlki
kimi deyildi. Dağıdılmış, simasını
itirmiş ata yurdları, sonradan məskunlaşdırılmış
yabançı toplum, rusdilli əhalinin dominantlığı,
Krımın həqiqi keçmişini silmək məqsədilə
sistemli şəkildə həyata keçirilmiş tədbirlərin
doğurduğu acı mənzərə... Lakin
ağrılı-acılı günlərə tarixin sınaq
gözü ilə baxan Krım türkləri özlərinin
yenilməz ruhu ilə təkcə türk insanının
deyil, bütövlükdə bəşər
övladının əyilməzlik, qəhrəmanlıq və
nikbinlik nümunəsinə çevrilməyi bacardılar.
Krım,
eyni zamanda, ümumtürk intellektual hərəkatının
ocaqlarından biri kimi tanınır. Krım türk
dünyasına bir sıra parlaq zəka sahibləri, siyasi fikir
xadimləri bəxş etmişdir. Təkcə türk
dünyasının deyil, eyni zamanda, bütün islam
coğrafiyasının siyasi, mədəni islahatlara,
müasirləşməyə ehtiyacı olduğunu
açıq dillə, aydın bir məntiqlə ifadə
etmiş və bütün həyatını bu zərurətin
gercəkləşməsinə həsr etmiş İsmayıl
bəy Qaspıralı həmin mütəfəkkirlərdən
biri olmuşdur. Onun təsis etdiyi və 35 il ərzində fəaliyyət
göstərmiş “Tərcüman” qəzeti türk
xalqlarının birliyi ideyasının yayılmasında
xüsusi rol oynamışdır. İsmayıl bəy
Qaspıralının “Dildə, fikirdə, işdə birlik!”
şüarı həmin birliyin yaradılmasının rasional
əsaslarını və istiqamətlərini müəyyən
etmişdir. Eyni zamanda, İsmayıl bəy Qaspıralı
türk və islam dünyasının maarifçilik hərəkatının
nümayəndələri ilə sıx münasibət
yaradaraq bu coğrafiyada təhsil sisteminin universal və
dünyəvi xarakter almasına öz töhfəsini
vermişdir. Məkanca nə qədər bir-birindən uzaq
olsa da, eyni amal uğrunda mübarizə İsmayıl bəy
Qaspıralının türk dünyasının digər
görkəmli şəxsiyyətləri olan Həsən bəy
Zərdabi, Əlimərdan bəy Topçubaşov ilə
münasibətlərini sarsılmaz dostluğa
çevirmişdir. İki qədim türk yurdu olan Krım və
Azərbaycanın mənəvi
bağlılığını göstərən digər
tarixi fakt türk dilçiliyinin inkişafında önəmli
yer tutmuş Bəkir Çobanzadənin 14 il ərzində
Krım-tatar-türk ədəbiyyatı və dilçiliyi
sahəsində fəaliyyətini məhz Bakıda davam etdirməsidir.
Keçmiş Sovetlər məkanında türkologiya sahəsində
ilk elmlər doktoru olmuş Bəkir Çobanzadə də təəssüf
ki, digər aydınlar kimi Stalin repressiyalarının ilk
qurbanlarından oldu.
Krım
torpağının yetişdirdiyi III İslam Geray (29-cu
Krım xanı, 1644-1654), İsmayıl bəy
Qaspıralı, Noman Çelebicihan (1917-1918-ci illərdə
Krım türkləri milli hərəkatının lideri,
Krım Milli Hökumətinin sədri), Bəkir Çobanzadə,
Cengiz Dağcı (müasir Krım yazıçısı)
kimi görkəmli şəxsiyyətlər təkcə
Krım yarımadasında yaşayan türklərin
özünüdərki, mədəniyyəti, ictimai-siyasi
fikrinin inkişafı üçün deyil, bütövlükdə
türk dünyasının intibahı üçün
çalışmışlar. Bu, həm də Krımın
tarixən türk coğrafiyasının ayrılmaz
parçası olduğunu tam aydınlığı və
genetik bağlılığı ilə sübut edir.
Krım ətrafında
cərəyan edən proseslərin beynəlxalq hüquq
normalarının, xüsusilə də Krım türklərinin
hüquq və azadlıqlarının kobud surətdə
pozulması fonunda baş verdiyi bu günün danılmaz
gerçəyidir. Digər bir gerçəklik isə ondan
ibarətdir ki, bu gün Krım türkləri öz iradəsi
ilə formalaşmayan siyasi mühitdə yaşamaq məcburiyyətindədirlər.
Ukraynanın tərkibində olduğu dövrdə də
Krım türkləri onlara verilmiş muxtariyyət
hüquqlarından istifadə etsələr də, faktiki olaraq
onların hüquq və azadlıqları tam təmin edilməmişdi.
Krım türklərini məyus edən Ukrayna hökumətinin
Krım ətrafında baş verən proseslərə
çox gec reaksiya verməsi, guya Rusiya ilə açıq
konfliktə girməmək üçün hərbi qüvvələrini
Krımdan asanlıqla çıxarması, ölkənin
parçalanmasına gətirib çıxaran hadisələr
fonunda təslimçiliyə bərabər qətiyyətsizlik
nümayiş etdirməsidir. Ukrayna parlamenti tərəfindən
Krım türklərinin Ukraynanın yerli əhalisi kimi
hüquq və azadlıqlarına tam təminat verilməsi
haqqında qərar da yalnız Krımın ilhaqı prosesinə
start verildikdən sonra qəbul edildi. Proseslər artıq
geridönməz xarakter almışdı və bu çox gecikmiş
bir qərar oldu. Beləliklə, Krım ətrafında
yaranmış hazırki situasiya onu deməyə əsas verir
ki, Krım türkləri üçün artıq Ukrayna
hakimiyyəti də nə zamansa onların hüquq və
azadlıqlarını tam təmin edəcək qədər səmimi
görünmür. Krımda keçirilmiş qondarma
referendumu dəstəkləməməsi isə Kremlin Krım
türklərinə qarşı revanş götürməsinə
əsas vermişdir. Rus imperializminin öz siyasi opponentlərinə
qarşı amansızlığı onun cəmi 300 illik
dövlətçilik tarixindən yaxşı məlumdur. Bu
baxımdan, Krım türklərinin hüquq və
azadlıqlarının təmin olunması uğrunda
apardıqları mübarizə yeni mərhələyə -
“Olum ya Ölüm” mərhələsinə qədəm
qoymaqdadır. Qüvvələr nisbəti müqayisə gəlməz
dərəcədə fərqli olsa da, “ümid ən sonda
ölür” deyiblər. Dünya dəyişir. Bu gün Rusiya
ətrafında baş verənlər təsadüfi deyil. Bu
hadisələr keçən əsrin 90-cı illərində
başlamış imperiya süqutunun sonundan xəbər verir.
O zaman Sovet İttifaqının çökməsi hələ
imperiyanın çökməsi deyildi. Hələ indi
Ukraynanın Avropa Birliyinə inteqrasiya yolunu seçməsi ilə
imperiyanın dirçəlməsinə bəslənən son
ümid ölməkdədir. Krımın
işğalını, Ukraynanın cənub-şərq vilayətlərinin
təsir altında saxlanmasını şərtləndirən
əsas səbəb də məhz budur. Lakin bu gün beynəlxalq
siyasətdə cərəyan edən proseslər elə məcrada
dərinləşə bilər ki, mövcud tendensiya Krım
türklərinin tarixən yaşadığı
etnocoğrafi ərazidə daha geniş müstəqillik
uğrunda mübarizəsinə və bu mübarizənin real
nəticələr verməsinə yol aça bilər. Gələcəyin
siyasi tarixi bu imkanların gerçəkləşməsi
istiqamətindədir. Bu gün və gələcəkdə
Krım türklərinin qarşısında dayanan ən
ümdə məqsəd tarixi ədaləti bərpa etmək
- Krımın türk tarixini yenidən onun özünə
qaytarmaqdır. İndiyə qədər tarixin bütün
acı sınaqlarından keçmiş krımlılar bu
çətin missiyanın da öhdəsindən gəlməkdə
israrlı görünürlər. Sözsüz ki, Krım
türkləri bu mübarizədə bilavasitə türk
dövlətlərinin, bütövlükdə isə beynəlxalq
birliyin dəstəyini bütün gücü ilə hiss etməlidir.
Yalnız bu yolla Krım türkləri qarşılarına
qoyduqları missiyanı gələcəkdə gerçəkləşdirə
və hələliksə getdikcə daha təhlükəli
xarakter almaqda olan yeni repressiya dalğasını önləyə
bilərlər. Bu müqəddəs mübarizə
yollarında dünya türklüyünə və Krım
türklərinə tükənməz güc və yenilməz
iradə arzusu ilə...
Cavanşir
Feyziyev
525-ci qəzet.-
2015.- 23 yanvar.- S.2;4.