Milli dəyərlərə sadiqlik və peşəkarlıq örnəyi

 

Hər insanın iki dünyası var: yaşadığı dünya və yaşatdığı dünya. İnsanın ağlı, zəkası, mənəvi fəzilətləri və özünü ifadə forması yaşadığı dünyada yeni bir dünya yaradır. Bu mənada, insan həm də mövcud olduğu zamanın, tarixin, mədəniyyətin məhsuludur.

 

Dünyada həm də yaratmaq naminə yaşamaq, Azərbaycanı Rusiya mətbuatında layiqincə təmsil etmək, Qarabağ  həqiqətlərini dünyaya yaymaq, öz qələmi ilə düşmənlə vuruşmaq, vətənin dərdinə yanmaq, bu günün və sabahın modelçilərini yetişdirmək... Bu, kamillik zirvəsinə yüksələn 65 yaşlı yazıçı-publisist, Vasif  Səmədovun ömür yoludur.

 

Azərbaycanın Əməkdar jurnalisti, “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “ Araz” mükafatlarına sahib, “Oqonyok” jurnalının laureatı, Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi  “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edən Vasif Səmədov heç də hamar olmayan, şərəfli bir ömür yolu keçib.

 

Ömür kitabını səhifələyirik: Masallıda yaşanan uşaqlıq və ilk gənclik çağları, ADU-nun Jurnalistika fakültəsindən keçən tələbəlik, Ukraynada keçən əsgərlik illəri, “Azərbaycan pioneri”nin səhifələrindən başlanan, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsindən, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer” qəzetlərindən keçən, “Oqonyok”dan və “Literaturnaya qazeta”dan şaxələnən jurnalistlik fəaliyyəti, “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti...

 

Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi Vasif Səmədov 45 ildən artıq  fəaliyyəti dövtündə xalqımızın dünəni və bu günü haqqında həqiqəti, Azərbaycan elm və mədəniyyətinin uğurlarını, bu nailiyyətlərin qazanılmasında müstəsna xidmətləri olan həmvətənlərimizi dünyaya tanıtdırmış, ermənilərin apardığı məkrli siyasətə qarşı vətəndaş təəssubkeşliyi ilə  mübarizə aparmış bir qələm adamıdır. Onun  bir neçə dilə tərcümə olunmuş, müxtəlif ölkələrin geniş oxucu kütlələrinə çatdırılmış, 20 Yanvar faciəsini təsvir edən “Müdaxilə”, Azərbaycanın milli qəhrəmanlarının, müqəddəs şəhidlik zirvəsinə yüksələn vətən övladlarının həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitablarının tarixi, siyasi, tərbiyəvi dəyəri olduqca böyükdür.  Publisistik yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə məşğul olan Vasif müəllim öz zəngin təcrübəsini təəbələrlə bölüşməkdən heç zaman yorulmayıb. O, beynəlxalq jurnalistikanın nəzəri məsələlərinə dair elmi məqalələrin, “Beynəlxalq kütləvi informasiya vasitələri”  dərsliyinin müəllifidir.

 

Azərbaycanın jurnalistika tarixində özünəməxsus yeri və çəkisi olan Vasif Səmədov informasiya blokadasını qıran, Qarabağ həqiqətlərini dünyaya yayan ilk jurnalistlərimizdəndır.  Xalq şairi Bəxtiyar Vahabzadənin və professor Nurəddin Rzayevin “Azərbaycan jurnalistikasının dünyada səsi” adı məqaləsində qeyd edildiyi kimi, Vasif Səmədov bu sahədə müstəsna yaradıcılıq və təşkilatçılıq fəaliyyəti ilə seçilən, böyük və danılmaz xidmətləri  olan bir söz adamıdır.

 

“Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın xüsusi müxbiri kimi Vasif Səmədov müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi sahəsində uğurlarımızın və mövcud problemlərimizin, xüsusilə Qarabağ probleminin tarixi ədalət prinsipi əsasında həlli, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində respublika rəhbərliyinin apardığı siyasətin düzgün, qərəzsiz işıqlandırılmasında öz prinsipiallığı və obyektivliyi ilə seçilib. Akademik Cəlal Əliyevin qeyd etdiyi kimi, V.Səmədov öz yazıları ilə xalqının, ölkəsinin mənafeyinə xidmət edən vətəndaş mövqeyini, jurnalist obyektivliyini və fədakarlığını, yüksək intellekt və mədəniyyətini daim təsdiq edib, geniş oxucu kütləsinin rəğbətini, məhəbbətini qazanıb.

 

Vaxtilə “Literaturnaya qazeta”nın baş redaktoru olmuş Lev Quşşinin dediklərinə diqqət yetirək: “Vasif Səmədov jurnalistikaya yeni münasibətdə bizim hamımız üçün müəyyən dərəcədə nümunə, örnək oldu: elə bir münasibət ki, burada yazının özü deyil, məhz son nəticə –  oxucu marağı, sözün kəsəri və səmərəliliyi önə çıxır”.

 

Xalq yazıçısı Anar Vasif Səmədovun jurnalistlik fəaliyyətinin iki məqamına toxunaraq göstərir ki, o həm istedadlı və işgüzar qələm sahibi, həm də dərdlərimizlə tək qaldığımız dövrdə Qarabağ ağrımızla bağlı keçmiş SSRi-nin mərkəzi mətbuatında işıq üzü görən yazıların müəllifi – vətənpərvər  jurnalistdir.

 

Vətənpərvərlik Vasif Səmədov publisistikasının əsas mövzusu təşkil edir. 1990-cı ilin Qanlı Yanvar günlərində informasiya blokadasına salınmış, təcrid edilmiş Azərbaycanın gerçəkliklərini, ölkədə baş verən misli görünməmiş faciələr haqqında həqiqətləri keçmiş SSRİ-nin ən çox oxunan mətbu orqanlarından biri olan “İzvestiya” qəzeti vasitəsi ilə dünyaya car çəkmək bacarığı, peşəkarlığı və jurnalist ləyaqəti bu dəyərli insanın vətən sevgisini əks etdirirdi. Ermənilərin anti-Azərbaycan təbliğatının hökm sürdüyü bir vaxtda – 1996-cı ildə “Oqonyok” jurnalının bütöv bir nömrəsinin Azərbaycan Respublikasına, onun bu gününə və tarixinə, nailiyyətlərinin və problemlərinin təhlilinə həsr edilməsi, ən əsası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazisinin 20 faizinin işgal edilməsi, bu təcavüzün ağır nəticələri barədə materialların yer alması Vasif Səmədovun  vətəndaş mövqeyinin bariz nümunəsi idi. Qeyd etmək lazımdır ki, “Oqonyok” jurnalının yüz illik tarixi ərzində bir nömrənin xüsusi buraxılışı, həm də postsovet məkanından olan bir  respublikaya həsr olunması ilk təcrübə, tarixi hadisə idi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni təqdimat mərasimində söylədiyi nitqdə  qiymətləndirərək demişdi: “Bu, sadəcə olaraq, jurnalın bir nömrəsi deyil, Azərbaycan haqqında kitabdır, həm də çox yaxşı kitabdır”.

 

Rusiya Jurnalistlər İttifaqının üzvü Vladimir Zaselskinin sözləri ilə desək, “Vasif Səmədovun “Oqonyok” jurnalının bir nömrəsinin Azərbaycana həsr olunması ideyası Azərbaycan və rus xalqları arasında dostluğun sönməməsi, əksinə, daim işıq saçması üçün çox faydalı idi”. Onun bu addımı Azərbaycan və Rusiya dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməklə bərabər, həm də iki qonşu xalqın mədəniyyətinin koordinasiya olunması baxımından çox önəmli idi.

 

Vasif Səmədovun publisistikasının gücü səmimiyyətində və obyektivliyindədir. Yazıların sadə, axıcı və lakonik dili, müqayisəli təhlil mədəniyyəti, dəmir məntiq V.Səmədov yaradıcılığını şərtləndirən əsas məziyyətlərdəndir. Onun qələmindən çıxan məqalələrin siyasi, ideoloji, mənəvi mahiyyəti, məzmun konkretliyi daim diqqəti cəlb edib. Onun “Oqonyok” jurnalında Azərbaycan xalqının mənəvi dəyərlərini, mental xüsusiyyətlərini ifadə edən yazıları elmi-fəlsəfi təhlili ilə seçilir. Yazıçı-publisistin müxtəlif səpgili məqalələrindən milli ruh, mənəvi dəyərlərə bağlılıq, Qarabağ dərdi, torpaq həsrəti boylanır.

 

Vasif Səmədov bu gün Qərb mediasının bizə qəbul etdirmək istəyi  “jurnalistin vətəni olmur” fikrinin əksinə olaraq, peşəkar jurnalist olmaqdan öncə, ləyaqətli vətəndaşdır. Almaniya televiziyasının  rejissoru Ştefan Fişer  “Stalker və dost” adlı məqaləsində yazır: “20 il ərzində müxtəlif  “stalker”lərlə – yaxşıları ilə də, pisləri ilə də, vicdanlıları ilə də, vicdansızları ilə də işləmişəm. Amma inanın, bütün bu illər ərzində elə bir insana rast gəlməmişəm ki, öz ölkəsini, vətənini, xalqını mənim azərbaycanlı stalkerim Vasif Səmədov qədər ürəkdən, candan sevsin... Vasiflə fəaliyyətimizin ilk vaxtları idi. Onunla kabinetdə oturub söhbət edirdik. Birdən dedi: “Bura bax, Ştefan, mən öz ölkəm haqqında, burda baş verən hadisələr haqqında çox şey bilirəm. Çoxunu danışacam, çoxunu sənə göstərəcəyəm. Amma məndə elə informasiyalar var ki, onları sənə heç zaman verməyəcəyəm!”  Razılaşarsınız ki, artıq şərhə ehtiyac yoxdur. Necə deyərlər, no comment. Sadəcə, bir informasiyanı qeyd etmək istəyirəm ki, həqiqi vətənpərvər Vasif  Səmədovun da böyük əməyi, xidməti olan “Odlar diyarı” filmi Almaniyada böyük uğur qazanmışdı. Bundan başqa o, İsveçrə televiziyasının Azərbaycana həsr etdiyi daha bir filmin ssenari müəlliflərindən biri olub.

 

Vasif müəllim bu gün də böyük amalı uğrunda yazıb yaradır: yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi gərgin araşdırmaların, yorulmadan aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.

 

Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaq, onları beynəlxalq qurumların qərarlarına hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək – bu böyük və dəyərli tədqiqatın əsas mahiyyəti budur.

 

Vasif müəllimi bir jurnalist kimi xalqa sevdirən onun vətənpərvərliyi, milli ləyaqəti, torpaq təəssübkeşliyidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran isə fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. Vasif müəllim sədaqətli dost, nəfsinə sahib Allah adamı, ədalətli, sözübütöv, həssas, prinsipial, qayğıkeş, xeyirxah, qonaqpərvər insandır. Onu səciyyələndirən, xarakterizə edən bu xüsusiyyətləri təkcə həmvətənləri, tanınmış Azərbaycan ziyalıları, doğmaları və dostları deyil, həmçinin fəaliyyət göstərdiyi kollektivin – “Oqonyok”, “Literaturnaya qazeta”, “İzvestiya”,  həmçinin  digər mətbu orqanların tanınmış simaları, səlahiyyət sahibləri, rus jurnalistləri – Lev Quşşin, Oleq Moroz, Anatoli Orlov, Aleksandır Sıqanov,Valeri Konovalov kimi ünlü simalar da etiraf və təqdir edirlər. Bu insani keyfiyyətlər kontekstində professor Cahangir Məmmədlinin danışdığı bir detalı xatırlamaq yerinə düşər: “Universitetin Jurnalistika fakültəsində Vasif Səmədovla görüş keçirilirdi. Tələbələrlə çox səmimi söhbət-dialoq vaxtı kamera yoxluğu ucbatından görüşün lentə alınmadığını hiss edən Vasif müəllim səhəri gün tələbələrə bir videokamera göndərdi”.

 

Başqa bir məqam. Professor Nazim Hüseynlinin onun haqqında yazdığı bu sözləri oxuyub təsirlənməmək olmur: “Anasına olan ölçüyəgəlməz məhəbbəti məni Vasif müəllimə bağlayan ən böyük amillərdən biridir. İnsan ürəyində nə qədər böyük ana sevgisi olarmış! Onun hər sözünün əvvəli də, axırı da anadır”. Bəli, hər şey ilk sevgidən – ana məhəbbətindən başlayır. Ana sevgisi böyüyərək, torpaq eşqinə, vətən məhəbbətinə, amala, məsləyə çevrilir.

 

Müdriklik zirvəsini fəth edən Vasif Səmədovun 65 il addımladığı ömür yollarına nəzər saldıq.  Deməyə bir söz qalır, əziz müəllimimiz: həyat eşqiniz, yaradıcılıq enerjiniz tükənməsin.

 

Leyla RƏŞİD, BDU-nun Jurnalistika fakültəsinin əməkdaşı, doktorant

525-ci qəzet.- 2015.- 24 yanvar.- S.30.