Müharibə və onun nəticələrinə təsir edən amillər

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Britaniyalılar öz qəddarlığını və vandalizmini onunla izah edirdilər ki, ABŞ təcavüzkar kimi çıxış edərək, müharibəni elan etməklə ona başlamışdır. Vaşinqton dağıntılara məruz qalsa da, hökumətin yerləşdiyi məkan olmasını davam etdirdi, baxmayaraq ki, paytaxtın başqa şəhərə köçürülməsi barədə də təkliflər mövcud idi.

 

Vaşinqton tarixdə bircə dəfə, özü də bircə günlüyə işğala məruz qaldı və bir daha heç vaxt öz ərazisində düşmən əsgərini görmədi. Yəqin ki, amerikanlar da yaponlar kimi təbiətin əliaçıqlığına minnətdar olmalı idilər. Bütövlükdə isə müharibə 1814-cü ilin dekabrında Gent sülh müqaviləsi ilə başa çatdı.

 

Hitler ordusunun Rusiya qışından, qarından, sərt şaxtasından, yağışın payızda əmələ gətirdiyi və texnikanın hərəkətini çətinləşdirən palçığından necə böyük əzab çəkdiyi, çətinliklərlə üzləşdiyi yaxşı məlumdur. Almanların iki böyük məğlubiyyətində – Moskva ətrafındakı və Stalinqrad döyüşlərində Sovet əsgərinin fədakarlıqla vuruşması ilə yanaşı təbiətin də alman qoşunlarına amansızlıq göstərməsi heç də sirr deyildir. Nazik paltarda olan alman zabitləri və əsgərləri sərt şaxtaya və soyuğa dözə bilmirdilər. Hitler Sovet ordusunun qələbəsinin əhəmiyyətini azaltmaq üçün hər şeyi Rusiyanın sərt qışının üstünə yıxırdı. Lakin 1943-cü ilin iyununda Kursk vilayətindəki məşhur Proxorovka tank döyüşündə Sovet ordusunun böyük qələbəsi onun bu izahlarını alt-üst etdi. Alman ordusu SSRİ ərazisi ilə geri çəkildikcə, ilin fəsillərindən asılı olmayaraq ağır məğlubiyyətlərdən yaxa qurtara bilmirdi.

 

Hitler SSRİ-yə xaincəsinə hücum edərkən Bismarkın Rusiyaya müdaxilənin təhlükəliliyi barədəki vəsiyyətinə məhəl qoymasa da, öz qoşunlarını əlavə sınağa çəkəcək stixiyanın yenilməz qüvvəsini nəzərə almalı idi. Britaniyanı əzmək, diz çökdürmək üçün əlavə resurslara sahib olmaq və qələbə çalmaq ümidi ilə Rüsiyaya yürüşə başlasa da, onun həm də ildırım sürəti ilə gedəcəyini əsas götürsə də, təbiətin də öz ferz qambitini işə salmaqla, istənilən ən yaxşı planı da poza bildiyini o, hökmən nəzərə almalı idi.

 

Təbiət avantürist xarakterli Hitlerə də başqaları kimi ağır və onu məhvə aparan dərsin verilməsində heç də öz sehrliliyini əsirgəmədi.

 

İşğal müvəqqəti xarakter daşıyır

 

Müharibələrdə müvəqqəti ərazi işğalı sonralar ağır nəticələrə səbəb olur. Əksər müharibələrin tarixi bu mülahizənin düzgünlüyünə şübhə yeri qoymur.Başqasının qanına susamaq, ərazisini işğal etmək həvəsi uzun sürmür, bəzən həmin dövlətin, hətta xalqın tarix səhnəsindən yoxa çıxmasına gətirb çıxarır.

 

Qədim dünyada Assuriya ( b. e. ə. XIV – IX əsrlər) müharibə aparmaqla Mesopotamiyanı və qonşu ölkələri işğal etmişdi. Həmin cəmiyyətin qaydaları qəddarlıq üzərində qurulmuşdu. Assuriya çarları qan axıtmaqdan həzz alırdılar. Bu dövlətdə qan tökmək hərisliyi adamların şüuruna təlqin edilirdi, onların xarakterinin mühüm cəhətinə çevrilirdi. Hətta ov səhnələrinin təsviri də bu məqsədə xidmət edirdi.

 

Yaxud, Hett dövləti ( b.e.ə. XVIII – XII əsrlər ) Misirlə rəqabətdə müharibələrə meyl edirdi. Hett çarı bir şəhəri viran qoymuş, onun torpağını şumlatdırmış, orada zəhərli bitkilər əkmişdi ki, həmin ərazidə düşmənləri bir daha şəhər sala bilməsinlər. Bu, həmin dövr üçün ilk bioloji silah idi. Hettlər yeni silah da icad etmişdilər, döyüş arabasının təkərlərini arxadan ortaya gətirmişdilər. Bu ona möhkəmlik, iki döyüşçünü daşımaq imkanı vermişdi. Belə araba əslində müasir tank kimi idi, düşmən qoşunlarının içərisinə soxula bilirdi. Ona görə də hettlər b. e. ə.  XIII əsrin ortalarında Misir faraonu  II Ramzesə Kadeş döyüşündə qalib gələ bilmişdilər. II Ramzes isə vətəninə qayıtdıqdan sonra saxtakarlıqla özünün qalib gəldiyini geniş təbliğ etməyə başladı. Bəzi tarixçilər isə döyüşdən sonra həmin dövrün bu iki fövqəldövləti arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, heç bir tərəfin qalib gəlmədiyi mülahizəsini irəli sürürlər.

 

Karfagen isə Aralıq dənizi regionunda, əslində o dövrün dünyasında ağalıq etmək eşqinə düşdüyünə görə b. e. ə. 264 – cü ildən başlayaraq  bütövlükdə yüz ildən çox bir müddətdə üç dəfə Roma ilə ölüm-dirim savaşı aparmış və hər dəfə də məğlub olmuşdu. Axırıncı müharibə özünü intihar xarakteri daşımış, Karfagen məhv olmaqla, tarix səhnəsini tərk etmişdi. Xalq da Karfagen hakimiyyətinin böyük iddiasının qurbanına çevrildi. B. e. ə. 146-cı ildəki III Puniya müharibəsində qalib gələn romalılar Karfagenin yarım milyon əhalisinin əksəriyyətini məhv edib, əlli min nəfərini əsir götürüb, bu gözəl şəhəri yandırdıqdan sonra, hettləri təqlid edərək, şəhərin ərazisini şumlayıb, duz səpmişdilər ki, orada heç nə bitməsin.

 

Tarixin dəhşətli ironiyası ondadır ki, nəinki bu dövlətlərdən, heç onların xalqlarından, assuryalıların kiçik, həm də dağınıq qalıqları nəzərə alınmasa, qədim keçmişin dumanlı xatirələrindən başqa heç nə qalmadı. Bu siyahıya b. e. ə. VI əsrin sonlarında Roma üçün böyük təhlükəyə çevrilən etruskları da əlavə etmək olar.

 

İmperiyalar bir qayda olaraq müharibələr, qan tökülməsi hesabına yaranırdı. Qədim Roma çox əraziləri işğal etsə də, həm də qurbanlar verməyə məcbur olurdu. Kişi cinsindən  olan qədim romalılar müharibədə həlak olur, qadınlar isə uşaq doğanda ölürdülər. Müasir dövrdə isə təcavüzkar ordunun əsgərləri döyüşdə həlak olur, onların arvadları və uşaqları isə yoxsulluqdan, ölkənin müflisləşməsindən ölürlər.

 

İnsan qırğını hesabına başa gələn imperiyaların taleyi də öz faciələri ilə maraqlıdır. Nə Assuriyadan, nə Hett imperiyasından, nə Qədim Roma imperiyasından bir əsər- əlamət qalmadı. Böyük Karlın yaratdığı Qərb imperiyası da, Napoleonun Avropa imperiyası da eyni sonluqla üzləşdi. Çox təəssüf ki, tarixin dərsləri ağılsız adamlar üçün heç vaxt ibrət nümunəsi ola bilmir.

 

Hitler ən azı Avropa ağalığı iddiasında idi, yapon militaristləri isə Yaponiyanın Asiyaya hökmran olacağına ümid bəsləyirdilər, əvəzində isə öz ölkələrinin işğal edilməsi kimi bir layiqli “mükafata” layiq görüldülər. Bu həqiqəti bütün imperiyaların taleyi bir daha təsdiq edir. Müharibələr, qəddarlıqlar hesabına yaranan imperiyalar bəzən başqa bir müharibənin nəticəsində dağılır, yoxa çıxırdı. Təkcə I Dünya Müharibəsindən sonra dörd imperiya – Avstriya- Macarıstan, Osmanlı, Almaniya və Rusiya imperiyaları tarixdən silindi. Müstəmləkə ölkələri xalqlarının milli-azadlıq hərəkatı Britaniya imperiyasının da dağılmasına səbəb oldu, 1960-70-ci illərdə Afrika qitəsi müstəmləkəçilik boyunduruğundan birdəfəlik xilas oldu.  Ümumiyyətlə, imperiyalar tarixi qanunlar əsasında dağılır.

 

Yalançı imperiyaların ömrü isə daha qısa olur. Mərkəzi Afrika Respublikası 1960-cı ildə müstəmləkəçilikdən azad olduğu halda, daha çox kannibalizmə meyli ilə “məşhurluq” qazanan prezident Jan Bedel Bokassa hakimiyyətdə olanda ölkənin adını dəyişdi. Özünün  imperator adlanması üçün vur-tut 8 milyon əhalisi olan kiçik bir dövləti 1976-cı ildə uydurma qaydasında imperiyaya çevirdi. Üç il sonra Bokassa vəzifəsi ilə vidalaşdıqdan sonra bu adlar bütünlüklə ləğv edildi. Neoimperializm eşqinə düşənlər qoy bu biabırçı faktı nəzərdən qaçırmasınlar.

 

Müasir dövrdə başqa xalqın torpağını zəbt etmək anomaliya hesab olunur. Təəssüf ki, düşmənçilik toxumu səpən bəzi qatı millətçilər bu iyrənc məqsədi də məqbul hesab edir, qonşuların torpaqlarına sahib olmağa can atırlar. Bu yolla əslində onlar öz xalqını da fəlakətə sürükləmiş olurlar.

 

Təcavüzə meyl edən xalqın dostu və qonşusu olmaq çətindir. Belələri fürsət düşən kimi xəyanətə əl atmaqdan çəkinmir, dostluğa qara nankorluqla cavab verməyə adi hal kimi baxır.

 

Qatı erməni millətçiləri tarixin təkərini daim geri  döndərməyə can atırlar. Onların öz ideyalarını həyata keçirmək cəhdi, sönmüş vulkan üzərində çiçək ləki salmağa bənzəyir. Görən vulkan oyananda bu ləkin taleyi necə olacaqdır?

 

Qatı millətçilik daim münaqişə toxumu səpir, müharibə tonqalını alovlandırmağa cəhd edir. Mazoxist təbiətli bu şəxslər insanları sürüyə döndərmək istəyirlər ki, onlardan öz alçaq niyyətləri üçün istfadə edə bilsinlər. Təəssüf ki, bəzi xalqlar aldadılmaya məruz qalır, yalan dumanına gömülürlər. Buna nail olanlar təkcə qonşusuna qarşı deyil, öz xalqına da xəyanət etmiş olurlar. Bu o vaxt daha iri miqyas alır ki, həmin iyrənc prosesə dövlət özü istiqamət verir.

 

Riyakarlıqdan uzaq olan xalqı isə əsasən tarixdə öz sağlam mənəvi izini qoymuş ayrı- ayrı şəxslərlə müqayisə etmək olar. Axı həmişə vicdanlı adamlar olmuşdur, əvvəlki dövrlərdə belə şəxslər ya müqəddəslər siyahısına daxil edilirdi, yaxud da tonqalda yandırılırdılar. Məgər vicdanlı xalq ona qarşı törədilən xəyanətin əzablarını anlaşılmayan laqeydlik hesabına uzun illər boyu çəkməlidirmi? Axı vicdanlı, sülhsevər xalqın layiq olduğu münasibəti ummağa tam haqqı vardır.

 

Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmaqla, uzun illərin mirası olan Dağlıq Qarabağa və işğal edilmiş digər ərazilərinə dair problemlə üzləşmişdir. Dağlıq Qarabağı Azərbaycan ərazisindən qoparmaq üçün Ermənistan müharibə ilə yanaşı hər cür vasitələrə də əl atılır. Ancaq unudur ki, heç bir dövlət öz ərazisinin parçalanmasına nəyin bahasına olursa-olsun yol vermək istəmir. Bunu XIX əsrdə real separatizmlə üzləşmiş Amerika Birləşmiş Ştatlarının tarixi təcrübəsi də sübut edir. 1861-1865-ci illərin Vətəndaş müharibəsində yeddi ştatın Birlikdən ayrılması ilə ayrıca dövlət – Konfederatı yaratmış Cənub separatçıları məğlub oldular və ABŞ-ın ərazi bütövlüyü və birliyi qorunub saxlandı. Həmin dövrdə ABŞ prezidenti olmuş Abraham Linkoln ümumiyyətlə separatizm barədə fikir yürüdərək demişdi ki, əgər azad və demokratik ölkələr parçalanmaqda davam etsə, yalnız elə ölkələr qalacaq ki, oonlar separatistlərə səs hüququ verməyəcəklər, başqa sözlə o ölkələr ki, oranı “möhkəm əl” idarə edir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməklə yanaşı, onun əhalisinin hüquqlarına tam təminat vəd edir. Ona görə də tarixi və hüquqi ərazisinin parçalanması ilə heç cür razılaşa bilinməz. İndiki mərhələdə müharibə qızğın şəkildə getməsə də, hələ başa çatmamışdır. Nə qədər ki, işğal edilmiş torpaqlar azad olunmamışdır, bu müharibənin sona çatdığını güman etmək olmaz.

 

Vaxtilə öz xalqını qanlı müharibəyə cəlb edən erməni millətçi ziyalıları artıq hörmətdən düşmüş, nüfuzlarını xeyli itirmişlər. Onlar milləti mənəvi qanqrenaya məruz qoymuşdular. Ermənistandakı  “müharibə partiyası” da hakimiyyətdə özünü artıq rahat hiss etmir. İndi onların yerini öz xalqının gələcəyi yaxından düşündürən həqiqi ziyalılar tutmalıdır  və bu sülhsevər qüvvə işğal müharibəsi siyasətinə qəti yox deməlidir. Axı ədalətsiz işğal müharibələrində müxtəlif ingilis ziyalıları da Britaniyaya məğlubiyyət arzu edirdilər, hətta faşist Almaniyasında da bəzi vətənpərvərlər Üçüncü Reyxə məğlubiyyət diləyirdilər, çünki onlar uzaqgörənliklə Almaniya ərazisində 1945-ci ilin yazının dəhşətlərinin baş verməsini istəmirdilər. Məgər erməni ziyalıları arasında ciyərləri qatı millətçilik havası ilə zəhərlənməmiş adamlar yoxdurmu? Onlar öz səslərini qaldırsalar, erməni xalqı da, müharibə törədənlərin onu hansı uçuruma ünvanladığını aydın dərk edəcəkdir.

 

Azərbaycanlılar düşmənçiliyin davam etməsinin, vendettaya çevrilməsinin tərəfdarları deyillər, bu şərtlə ki, ermənilər də eyni mövqedən çıxış etmək təşəbbüsü göstərsin. Belə vəziyyət o vaxt mümkün ola bilər ki, Ermənistanda düşmənçiliyə rəvac verənlər siyasətdən uzaqlaşdırılıb, idarəetmə xalqın öz torpağında, həm də öz qonşusu ilə dinc şəraitdə yaşamağı hər şeydən üstün tutan siyasi qüvvələrə etibar edilsin.

 

Azərbaycan əraziləri hökmən işğaldan azad olunmalıdır. Bu sülh yolu ilə baş verməsə, alternativin necə olacağı heç kəs üçün sirr olmamalıdır. Bu heç də fantom hədəsi deyildir, əlavə qan axıdılmaması üçün işğalçılara edilən, həm də Azərbaycan xalqının iradəsini ifadə edən rəsmi xəbərdarlığın əks-sədasıdır, idrak qulağı ağır eşidənlər üçün həmin bəyanatın sadəcə olaraq yenidən səslənməsidir.

 

Ədalətin zəfəri naminə Allah da öz qüdrətini nümayiş etdirə bilər. Bibliyada göstərildiyi kimi, Misirdəki qul həyatından xilas olmağa çalışan yəhudilərə mane olan faraonun ölkəsinə Allah çox sayda bəlalar göndərmişdi, indi də O, özgə torpağını əsarətdə saxlayanlara bəlalar bəxş edə bilər. Öz çirkin niyyətlərinə görə Allahını da dananlar bu ehtimala rişxəndlə baxa bilərlər. Təbiətin işğalçıları məruz qoyduğu ağır cəzalar isə yuxarıda sadalanan misallardan aydın görünür. Təcavüzkarlar həm də torpaq sahiblərinin başqa vasitələrə əl atacağı imkanını  nəzərdən qaçırmamalıdırlar. Bu bəlanın onları haqlayacağına, təəssüf ki, hələ də ciddi yanaşılmır, axı troyalılar da heç öz çarlarının qızı Kassandranın xəbərdarlığına qulaq asmayıb, fəlakət qapısını döymüşdülər. Troyanın faciəli aqibəti isə Homerin dühası hesabına hamıya yaxşı bəllidir. Siqnalları aydın şəkildə gələn sabahın bədbəxtliyinə bu gün göz yummaq böyük qəbahətdir və qədim romalılar demişkən: “ignoratia non est argumentum” – “cahillik heç də səbəb deyildir”.

 

Son

 

noyabr, 2014-cü il

 

Telman Orucov

525-ci qəzet.- 2015.- 24 yanvar.- S.27.