Ədəbi irsimizin dəyərli səhifəsi
– İbrahim Tahir yaradıcılığı
XIX əsrin sonu, XX əsrin birinci yarısında
yaşamış, zəngin ədəbi irsə malik,
yaradıcılığında klassik ədəbiyyatın ənənələrini
yaşadan şairlərimizdən biri də İbrahim Tahir
Musayev (1869-1943) olub. XIX əsr Qarabağ ədəbi mühitində
böyük nüfuza malik olan Mir Möhsün Nəvvab
özünün “Təzkireyi-Nəvvab” adlı əsərində
şeir-sənət ocağı Şuşa şəhərində
dünyaya gəlmiş şairi şəxsən
tanıdığını, təzkirəsi tərtib olunarkən
onun 22-23 yaşlı “xoş əhvallı, düz əxlaqlı”
bir gənc olduğunu və “Tahir” təxəllüsü ilə
şeirlər yazdığını göstərib. Gəncliyində ticarətlə də məşğul
olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr
olunan əksər qəzet və jurnallarla əməkdaşlıq
qurub, ardıcıl olaraq şeirləri, publisist məqalələri
ilə çıxış edib. Onun
yazılarının mövzu dairəsi kifayət qədər
geniş idi, o lirik şeirlər yazır, şeir və məqalələrində
geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə,
maarifə çağırır, milli istiqlal arzularını
tərənnüm edirdi. Bir müddət Şuşa
məktəbində tarixdən dərs demiş şair ötən
əsrin iyirminci illərinin ortalarından Bakıya
köçüb, burada paytaxt mətbuatı ilə daha da
sıx əməkdaşlıq edib. Onun çoxsaylı
yazıları “Şərqi-rus”, “Molla Nəsrəddin”,
“İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Sədayi-həqq”,
“Dəbistan”, “Yeni kənd” və başqa mətbuat
orqanlarında dərc edilib. Qeyd etmək
lazımdır ki, şair mətbuatda çap etdirdiyi geriliyi, ətaləti,
nadanlığı qamçılayan satirik şeirləri ilə
də tanınırdı. Maraqlıdır
ki, İ.Tahir bir sıra məsələlərə münasibətdə
biri-biri ilə əks mövqelərdə dayanan C.Məmmədquluzadənin
“Molla Nəsrəddin” və Əli bəy Hüseynzadənin
“Füyuzat” jurnallarında yazıları ilə
çıxış edir, hər iki redaksiya əməkdaşları
ilə dostluq əlaqələri saxlayırdı. Onun C.Məmmədquluzadə ilə dostluğuna dair
maraqlı faktlar mövcuddur. Xalqı milli
birliyə, həmrəyliyə çağıran şair millətin
ziyalılarını bir-birinə
yaxınlaşdırmağı, mübahisə düşərkən
onları barışdırmağı özünə borc
bilirdi. O, “Şərqi-rus” qəzetinin 1903-cü il, 38-ci
sayında çap etdirdiyi məqaləsində “Şərqi-rus”
və “Kaspi” qəzeti əməkdaşları
arasındakı münaqişədən narahat olduğunu
bildirmiş, onları sülhə
çağırmışdır.
XX əsrin
əvvəllərində əsl milli ziyalı kimi
yetişmiş İbrahim Tahir Sovet dövründə
yaşadığı 23 il ərzində, demək olar ki,
unudulub, onun əsərləri mətbuatda işıq
üzü görməyib. Bunun əsas səbəbi
onda idi ki, şair bir çoxları kimi yeni quruluşu mədh
edən şeirlər yazmamış, ömrünün son
dövrlərində əsasən lirik şeirlər
yazmışdı.
Hazırda
İbrahim Tahirin zəngin ədəbi irsi S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivində, AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunda saxlanılmaqdadır. Əlyazmalar
İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə
doktorları Raqub Kərimov və Əli Məmmədbağıroğlu
şairin əlyazmalarını ətraflı
araşdırmış, onun iri həcmli poetik irsini geniş
ön sözlə 633 səhifəlik kitabda çap
etdirmişlər. İ.Tahirin qız nəvəsi
Akif Quliyev böyük həvəslə işin texniki tərəflərini,
redaktorluğunu öz üzərinə
götürmüşdür.
İbrahim Tahirin ədəbi irsinə poetik əsərləri
– qəzəl, qəsidə, mürəbbe, müxəmməs,
müsəddəs, təzmin, tərcibənd, tərkibbənd,
məsnəvi və rübailəri, müxtəlif məzmunlu
əsərləri, mənzum məktubları, sabiranə
şeirləri daxil edilmişdir. Bu əsərlərin əksəriyyəti
klassik üslubda yazılmış lirik şeirlər olsa da,
burada azadlığa, milli həmrəyliyə, istiqlala səsləyən
şeirlər də az deyil. Xalqı
üçün azadlığı ən böyük nemət
hesab edən şair deyirdi:
Verir hər
yerdə qanun olsa insaniyyət insanə,
Cahanda ən gözəl nemətdir hürriyyət insanə.
İ.Tahir
oxucusuna etiraf edir ki, onu həmişə narahat edən ən
böyük dərdi xalqının, millətinin taleyidir:
Xəyali-mülkü
millətdir, əgər sorsan, bənim dərdim,
Bilirsənmi nədir fikrü xəyali-millət insanə?
Şair
böyüyüb boya- başa çatdığı, təlim-təhsil
aldığı dövrün, mühitin təsiri altında
klassik ədəbi irsə bağlı bir adam
olmuş, əsərlərini də klassik üslubda
yazmışdır. Ümumiyyətlə, XX əsrin
20-30-cu illəri mədəniyyət, ədəbiyyat tariximizdə
çox maraqlı dövrdür. Bir tərəfdə
klassik irsi, muğam, tarı ortadan götürməyi tələb
edən daha gənc proletar şairlər meydan sulayır, digər
tərəfdə isə mütərəqqi yeniliyi qəbul edən,
lakin klassik ədəbiyyat tərəfdarı olan nisbətən
yaşlı nəslin nümayəndələri öz
yaradıcılıqlarını davam etdirir, “zamanın tələbi
ilə ayaqlaşa bilmədikləri” üçün əksər
hallarda mədəniyyətdə, ədəbiyyatda cərəyan
edən hadisələrə seyrçi mövqedə
qalmağa məcbur olurdular. İ.Tahir təbii
ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi
cərəyanından kənarda qalmış, onu
Yazıçılar İttifaqına üzvlüyə qəbul
etməmişlər. İ.Tahirlə eyni vaxtlarda
yaşamış şairlərdən oxşar taleyi
yaşayanlar az olmamışdır.
Bakı ədəbi mühitinin görkəmli nümayəndəsi,
“Məcməüs-şüəra” ədəbi məclisinin
üzvü Məşədi Azər Buzovnalı ana dili ilə
bərabər fars, cığatay (orta əsrlər özbək
ədəbi dili) dillərində, klassik Şərq şeiri
üslubunda əsərlər yazmış, eyni zamanda Nizaminin
“Məxzənül-əsrar” poemasını, “Yeddi gözəl”
poemasının bir hissəsini, Sədinin
“Gülüstan”ından bir neçə hekayəti, “Bustan”dan
birinci üç babı, Firdovsinin “Şahnamə”sindən
bir neçə dastanı, Xaqani, Hafiz, Xəyyam əsərlərindən
seçmələri dilimizə tərcümə etmişdir. Ədib dünya ədəbiyyatı incilərindən
“Kəlilə və Dimnə”ni, “Yusif və Züleyxa” əsərini
nəzmə çəkmişdir. Sovet
hakimiyyətinin ilk onilliklərində “Zamanın nəbzini
tutan”, Sovet quruluşunun səsinə səs verən əsərlər
yazmadığından onun yaradıcılığı uzun
müddət diqqətdən kənarda qalmış, əsərləri
son illərdə çap edilmişdir.
XX əsrin
30-cu illərində istedadlı şair – tərcüməsi
kimi tanınan İ.Tahir də Şərqin böyük
klassikləri Ömər Xəyyam, Əfzələddin Xaqani,
Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və
başqalarının əsərlərini uğurla tərcümə
etmişdir. O, 1939-cu ildə Nizami adına
Ədəbiyyat və Dil İnstitutu ilə
bağladığı müqavilə əsasında Nizaminin
“Məxzənul-əsrar” poemasını hərfi tərcümə
etmişdir. İ.Tahir Firdovsi yaradıcılığı ilə
ciddi məşğul olmuş, “Şahnamə” əsərinin
bir sıra dastanlarını (“Rüstəm və Söhrab
dastanı”, “Səd Vəqqasın İrana hücumu”, “Qubad və
Məzdək dastanı”) uğurlu tərcümə
etmişdir. 1934-cü ildə Ruhulla Axundovun elmi redaktoru ilə
“Azərnəşr” tərəfindən 5000 tirajda nəşr
edilmiş “Şahnamə”nin “Zöhhak və Gavə”, “Səyavuş”
dastanlarının hərfi tərcüməsi ilə
yanaşı nəzmə çəkilməsi də ona həvalə
edilmişdir.
İbrahim Tahirin şeirlərini oxuduqca, onun klassik poeziya
ilə necə sıxı tellərlə bağlı
olduğunu, ədəbiyyat tarixini mükəmməl bildiyini
görürük.
Füzuli-saheyi-nəzmin
ədibi-yektası,
Onunla
başladı əşari-türkün əhyası
– deyən şairin dahi Füzulidən daha
çox təsirləndiyini, onun şeirlərinə nəzirələr
yazdığını görürük. İ.Tahir
Əlişir Nəvainin təsiri ilə cığatayca da
şeirlər yazmışdır. Ədibin
yaradıcılığından bəhrələndiyi sənətkarlardan
biri də osmanlı şairi Nədimdir
(1681-1730). Bu barədə o, yazır:
Əsri-halın,
Tahira, bir şairi-mümtazısan,
Şuxiyi-təb`in
Nədimə eyləmiş həmta səni....
Bir Nədim
İstanbulun var, Qafqazın bir Tahiri,
Şairi-şirinzəbandır saheyi-tənzirdə.
İbrahim
Tahir əsərlərində özünü klassik
poeziyanın görkəmli nümayəndələri ilə müqayisə
etmişdir. Məsələn, o özünü zəmanəsinin
Həssan Sabiti adlandıraraq deyir:
Həssani-zaman
olduğumu xəlq bilirdi,
Tahir kimi məddahü qəzəlxanın olursam.
Və
yaxud şair özünü böyük fars şairi Hafiz
Şirazidən daha “səxavətli”olduğunu belə
sübut edir:
Əgər
bir xalə Hafiz bəxş edüb şəhri-Səmərqəndi,
Mən olseydim o bir xalə verərdim kişvəri-Hindi.
Şair
klassik poeziyaya rəsmi orqanlarda, yaradıcı birliklərdə
marağın azadlığı bir dövrdə qəzəlxan
olduğu ilə fəxr edərək yazırdı:
Qələmi
göstərir ecaz yazan dəmdə qəzəl,
Söylə
kimdir qəzəl ustadı ola Tahir tək?
Bu qəzəlguluqda,Tahir, pəhləvan bir fitrətəm,
Bir qəzəlgu varsa, gəlsin, durmasın meydanıma.
Əsərlərindən
görünür ki, sənəti lazımınca dəyərləndirilməsə
də, şair ümidsizləşməmiş, öz
yaradıcılığına, istedadına imanını
itirməmişdir:
Sızıldaram
dəhəni-qəmdə ney kimi, Tahir,
Cahanı
titrədəcək gücdə bir təranəm var...
Bənəm
ol şairi-şirinsüxən kim, həddi-zatimdə,
Şəkərlər saçmışam əhli-dilə
təb`i-rəvanımla.
Şairin yaradıcılığında qəzəl
dilinin sadələşməsi, müasir dilə
yaxınlaşması prosesinin davam etdiyini görürük. Qəzəlin
ruhu saxlanılmaqla, əruz vəzninin tələblərinə
riayət edilməklə mürəkkəb ərəb-fars mənşəli
tərkiblərin yerini ana dilimizdən, danışıq dilindən
gələn söz və ifadələr əvəz etməyə
başlamışdı. Bu baxımdan da
şairi haqqında danışdığımız Azər
Buzovnalı, Əliağa Vahid və başqaları ilə
müqayisə etmək olar.
Şeirlərinin mövzu dairəsi kifayət qədər
geniş olsa da, İbrahim Tahir ilk növbədə lirik
şairdir. Biz onun əsərlərində məhəbbət
lirikasının diqqətəlayiq nümunələrini
görürük. Şeirlərindən birində
şair sevgilisinin məsumluğundan, onun üçün hamıdan
əziz olduğundan belə danışır:
Can deyərdim
kim sana, candan bahalı olmasan,
Lalələr, güllər, çiçəklərtək
həyalı olmasan.
Və
yaxud:
Səmayi-hüsndə
bir bədri-kamilim sənsən,
Hüzuri-bəzmi-səfa, rahəti-dilim sənsən.
Əl
üzmüşəm sənə nisbət ilim, günümdən
bən,
Mənim yeganə pənahım, günüm, ilim sənsən.
Məşuqəsinin
dodağından danışan İ.Tahir sırf
danışıq dilindən gələn sözlərin
köməyi ilə orijinal təşbih yaratmışdır:
Degil xəta
bu ləbi-yarı bənzətsəm əgər,
Şəkər tozu səpilən bir
lalıxlamış zoğala.
Klassik
şeirin bütün tələblərinə cavab verən
şairin qəzəllərinin dilində yeni dövrün, XX əsrin
əvvəllərinin ruhunu duymaq olar:
Çoxdan
qalıb yolunda, gözüm, bəklərəm səni,
Gəl kəndimi yetir bana, ey yar, nə yerdəsən?
Bəzən
aşiqi ilə sərt davranan məşuqə barədə
belə beyt də oxuyuruq:
Bənimlə xahişi ol məhvəşin savaş kimidir,
O şuxi-qönçəfəmin sanki bağrı daş kimidir....
Lirik şair olmasına baxmayaraq, İ.Tahir heç bir zaman yaşadığı dövrün ictimai problemlərinə qarşı laqeyd yazılmamış, yaradıcılığında həmişə həyati prinsiplərinə sadiq qalmışdır. Şeirlərindən görürük ki, o Sovet quruluşunu sidqi-ürəkdən qəbul edib, ona mədhiyyələr oxuyan proletar şairlərindən olmamışdır. Sovet dövründə onun tanınmamasının, əsərlərinin çap olunmamasının elə əsas səbəbi də bu olmuşdur. İ. Tahir yaradıcılığının ən yetkin, kamil dövrü Sovet hakimiyyəti illərinə təsadüf edr. Əqidəsinə sadiq şairin həyatının son onillklərində başını aşağı salıb, sifariş qəbul etməyərək öz istədiyi kimi şeirlər yazması onun yenilməzliyinin, yüksək mənəvi keyfiyyətlərinin sübutudur. Bu həyat tərzimi, belə şeirləri dolayısıyla müəllifin dövrünə münasibəti, bir etiraz forması kimi də qəbul etmək olar. Şeirlərindən birində şairin-əgər yarım olmasaydı, bu dünyadan əl çəkərdim-deməsi də diqqətəlayiqdir:
Dünya! Bu qədər meyl edərmidi sənə Tahir,
Yar olmasa, yar olmasa, yar olmasa səndə.
Həyatdakı
bütün çətinliklərinə baxmayaraq
özünü vətən bağının
bülbülü adlandıran şair düzgün əqidədə,
yalandan uzaq, həqiqət yolunda, doğru yolda olduğuna
inanmış, hamıya da elə bunu arzulamışdır:
Məncə
həmişə kardadır doğru yol gedən,
Yol
doğru yol degilsə, onu kim qəbul edər?
İnanırıq ki, vətənimizin müstəqilliyinə
yenidən qovuşduğu müasir dövrdə İbrahim
Tahirin yaradıcılığı əsl qiymətini alacaq,
onun adı ədəbiyyat tariximizdə layiqli yerini
tutacaqdır.
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.26.