“Mağara” - (hekayə)
Gecə yağmağa başlayan yağış səhərə
yaxın qəfildən kəsdi. O, yağışı bəhanə
edib işə getmək istəmirdi, amma indi bu mümkün
olmayacaqdı.
– Sən
necə adamsan?! Bu gecə demədinmi, sabah
bütün günü bir yerdə olacağıq?! Getmə işə. – Ürkək-ürkək ona
baxan arvadı gözlərilə, az qala, yalvardı.
O bilmədi,
sözünə sahib çıxmamaqda onu günahlandıran
arvadına nə cavab versin.
“Alınmır ki, alınmır. Heç nə barədə
düşünməmək, heç nəyin dərdinə
qalmamaq, qayğıdan, narahatlıqdan kənar, bircə
gün də olsun, yaşamaq – alınmır”.
Bu
düşüncələrlə indi o öz iş
otağına girmək üçün dəhlizi sağa
dönəcək, əlini cibinə salıb otağın
açarını çıxaracaqdı.
Qapını açıb içəri girdi. Otaqdakı dəyişiklik
o dəqiqə diqqətini çəkdi. Otağın
küçəyə açılan yeganə pəncərəsindən
əvvəllər onun heç vaxt görmədiyi bir
xalça asılmışdı və bu xalça pəncərənin
üzünü tamamən tutmuşdu. Belə
ki, pəncərə heç görünmürdü. Xalçanın canlı naxışları, rəsmləri
var idi. Xalçada təsvir edilən yer
bir bazar küçəsi idi, bu bazar küçəsində
sağda, solda balaca dükanlarda canlı görünən
adamlar ciddi-cəhdlə alış-verişlərini edirdilər.
Gözlərini xalçadakı rəsmdən ayıra
bilmirdi. Kim gətirib bu xalçanı asıb bura? Bu haranın küçəsidi? Burada indi hansı zəmanə, hansı əyyamdır?
Bu sualların bir cavabı yox idi.
Xalçada təsvir edilən bazara şübhə və
həsrətlə baxıb keçdi xalça ilə üzbəüz
qupquru yerdən dizlərini qucaqlayıb oturdu. Otağa
hardansa soyuq dolurdu. Üşüyən
kimi oldu.
İlk əvvəl nənəsi yadına
düşdü. Nənəsini xatırlayandan sonra
üzünü görmədiyi babası və babası ilə
bağlı o qəribə əhvalat. Bu
dükanların birində onun babası alver edə bilərdi.
Bu dükanların biri papaqçı dükanı ola bilərdi. Babasının
günlərin bir günü müəmmalı şəkildə
yox olması nənəsinin uşaq vaxtı ona
danışdığı sehirli bir nağıl kimi
yadından çıxmamışdı.
Xalçadakı bu bazarın canında nə sirr
vardısa, elə bil, ona gizlin işarələr göndərirdi. Onu, bir
növ, ahənrubə kimi öz içinə çəkirdi.
Heyiflər olsun ki, onun yaşadığı
şəhərdə artıq belə bazarlar yoxdur. Nə vaxtsa olmuşdu, indi yoxdur. Bu şəhər
də bir zamanlar başqa şəhər idi, yavaş-yavaş
elə dəyişdi ki, heç kim duyuq
düşmədi. Nənəsi o itib getmiş
şəhərdən, babasından elə maraqlı əhvalatlar
danışardı ki. Babasının papaq
dükanı vardı. Özü tikib elə
dükandaca özü satardı. Aşqabad elindən
qaragül dərisi gələrdi məxsusi Hacı Rahimin adına. Orada quzunun dərisini
anasının qarnındaca üzüb boğazından
çıxarırlar. Əsl qaragül bu
idi. Başqa dəriyə Hacı Rahim
yaxın düşməzdi. Nəinki şəhərin
say-seçmə adamları, dörd ətrafdan imkanlı
adamlar papağı ancaq Hacı Rahimə sifariş verərdilər.
...O
artıq böyüyüb məktəbə getməyə
başlamışdı. Günlərin bir
günü qoca nənəsi düşündü ki, daha
zamanı qalmayıb, vaxt yetişibdi və o, illərlə
ürəyində saxladığı sirri, nəhayət ki,
açıb nəvəsinə deməlidi. Anlarmı, anlamazmı – onu Allah bilər. Yadında saxlasa bəsidi, indi anlamasa da, sonra anlar.
Başqa çarə yox idi.
Və
günlərin bir günü artıq bəlli bir qərara gələndən
sonra dünyada hamıdan çox sevdiyi mehriban, əziz,
üzü-gözü büzüşmüş nənəsi
aynabənddə oturub titrək barmaqlarıyla tütün
çubuğuna ot basıb doldurdu və
kibriti çəkdi. Bir an duruxub qaldı,
gözünü oddan ayıra bilmədi. Odun
işığına baxdıqca baxdı. Nəhayət,
çubuğundakı otu yandırıb
tüstüsünü arzu-kamla ciyərlərinə çəkdi.
– Dinlə
məni, quzu bala. Dediklərimi unutmayasan. –
Nənəsi onun keçəl başını dizinin
üstünə sıxıb tumarlamağa başladı. O
başa düşdü ki, arvad uzun bir hekayət
danışmağa hazırlaşır. Ləzzətdən
gözləri süzülüb getdi.
...Babası
Hacı Rahimin dayısı Xaşal Qurbanı sel aparan il idi. Uzun-uzun leysan
yağışlar yağırdı. Hacı
Rahim o gecə eyni qaydayla yağmağa başlayan
yağışa yenə təəccüb elədi. Təəccübünə səbəb o idi ki,
baxanda bilinmirdi, pəncərə arxasından
gördüyü bu yağış sütunları göydən
yerə enir, yoxsa yerdən göyə qalxır.
– Yenə
başladı yağmağa. Sabahacan bu leysan kəsməz.
Sabah bütün gün də yağsaydı...
– Hacı Rahim əlini əlinə sürtdü, gözlərini
qıyaraq pəncərədən küçəyə bir
daha diqqət etdi.
Arvadı
Sayad yorğan-döşəyi rahlayırdı, tənbəl-tənbəl
soruşdu:
–
Yağsa, neyləyəsiydin ki?!
–
Heç bir şey. Bazara çıxmazdım.
İstərdinsə, sənlə bir yerdə
mağaraya gedərdik. Nə dersən?
– Səninki
elə gəzmək olsun, harasa getmək olsun. – Sayad nazla cavab verdi. –Hüsigilə də xəbər verəkmi? – Hüsi qapıbir qonşuları
idi.
– İstərsən, deyərik, istəməzsən, demərik. – Hacı Rahim
bu Hüsi söhbətini uzatmadı. Bəlli
oldu ki, mağaraya Sayadla tək getmək istəyir.
Səhərisi gün yağış eynən o şəkildə
yağmağına davam elədi. Hacı Rahim ki,
arvadına söz vermişdi, bazara çıxmasın və
onu mağaraya aparsın, sözünün üstündə
durdu. Hazırlıqlarını
görüb əllərində xurcun evdən
çıxdılar. Həyətdəki
faytona qaşqa atı qoşub düzəldilər yola. Yağış hələ də
yağmağındaydı.
Mağara dedikləri şəhərin kənarındakı
Alaca dağın döşündə bir məşhur
görüş yeri idi. Vaxtaşırı imkanlı adamlar, sevgililər,
dost-yoldaşlar yığışıb bura istirahət
adıyla gəlir, xüsusən, yayın isti günlərində
içi sərinliklə dolu mağaranın dərinliklərinə
doğru getdikcə gedir, oralarda bir balaca gölə bənzər
yer vardı, ətrafında yer tapıb süfrə
açır, səsli-küylü məclis qurur, qaranlıqda
şamları yandırır, kefə baxırdılar. Mağaranın divarları bu yerdə xeyli hamar idi,
bu hamar divarlara şam işığından uzun-uzun kölgələr
düşüb oynayırdı.
Əsas məsələ mağaranın gün ərzində
birinci kimin tərəfindən tutulması idi. Buranın
yazılmamış qanunu var idi. O da bu idi ki, mağara
birinci gələn cütlüyün ixtiyarında olardı. Birinci gələn cütlük qalib ədasıyla
mağaranın ağzına bir bardaq su qoyardı. Yəni,
sonra gələn götürüb bu sudan
içdikcə içə bilər, amma mağaraya girə
bilməz. Geri dönməlidi. Mağaranın bu günlük sahibi artıq var. Bu
bir bardaq suyun qanunu hələ bir dəfə də
pozulmamışdı. Bardağı
aşırıb üstündən keçən
olmamışdı.
Fayton dağ ətəyinə çatar-çatmaz gənc
Sayadın sinəsi başladı gup-gup vurmağa. Ürəyinə
qara-qura fikirlər girdi ki, bu gün nəsə baş verəcəkdir,
çox nahaq eləyib onlar bu gün bura gəldilər. Hacı Rahim isə faytonçunun yerində xeyli diqqətli
oturmuş və fikri-zikri, elə bil, ancaq qaşqa atın
yüyənində idi. Sayad daha dözmədi,
arxa oturacaqdan irəli əyilib əllərilə Hacı
Rahimi qucaqladı, bir istədi qışqırsın, gəl
qayıdaq evimizə, istəmirəm bu gün mağaraya girməyək.
Nə illah elədi, qışqıra bilmədi,
ağzından zorla çıxan titrək səsini də, o səsə
bürünmüş sözləri də yağan
yağış alıb islada-islada uzaqlara apardı.
Su bardağını mağaranın ağzına
qoydular. Sayad özü ilə gətirdiyi şalların
birini, al qırmızı olanını Hacı Rahimin
çiyninə saldı, o biri yaşıl şalı isə
öz çiyninə atdı. Onlar həm
özləri bir-birinə qısıldılar və həm də
mağaranın içərisinə doğru addımları
bir-birinə dolaşa-dolaşa yol getməyə
başladılar.
...Nənəsi
söhbətin bu yerinə çatanda nəfəsini dərdi.
Sönmüş çubuğunu təzədən
yandırdı. Yenə kibritin oduna
sulanmış gözlərini qırpmadan baxdı, baxdı,
sonra yanıqlı bir ah çəkdi.
...Sayad
mağaradan tək-tənha, tir-tir titrəyərək
çıxdı. Özündə-sözündə
deyildi. Hacı Rahimə nə oldu, nə olmadı, o
mağarada nə baş verdi, nə baş
vermədi, bu kişi hara yox oldu – Sayad sonralar onu sorğu-suala
tutanlara hətta düz-əməlli bir cavab tapıb verə
bilmədi. Şübhələnməyənlər
“Allah bilən məsləhətdi” söylədilər,
şübhələnənlər fikir içində “lənət
şeytana” deyib barmaqlarını dişlədilər. Qərəz,
o boyda kişi bir parça əppək
olub çəkildi qeybə, yox oldu getdi.
– Biz
sağa döndük, – nənəsi ilk dəfə idi,
bunları danışırdı deyin, sözünə aramla
davam elədi. – Balaca, gözdən uzaq bir cığır
vardı, əsas yoldan çıxıb bu cığıra
düşdük. Hacı bu
cığırı, mən elə bilirəm,
tanıyırdı. İnamla əlimdən
tutub məni bir balaca meydançaya gətirib
çıxartdı. Meydançanın bu
tərəfində biz durmuşduq, o biri tərəfində
bazar var idi. Adamlar hay-küylə
alış-veriş edirdilər. Hacı bu
mənzərədən duruxmuşdu. Bir kəlmə
söz demədən, ruhlar kimi məlul-məlul son dəfə
mənə baxdı və əlimi buraxıb səndirləyə-səndirləyə
bazardakı adamlara tərəf getdi. Çiynindəki
qırmızı şalını ki, görürdüm,
heç düşünmədim ki, mən onu itirə bilərəm.
Amma o qəflətən bazardakı adamlara
qarışıb yox oldu. Adamlar, elə
bil, onu uddular. Mən qırmızı
şalı bir daha görmədim. Qışqırmaq
istədim, səsim çıxmadı. Dalınca
qaçmaq istədim, ayaqlarım tutuldu. Bazar
da, adamlar da başladılar yavaş-yavaş gözümün
qabağında əriyib yox olmağa. Qorxumdan
yerimdə donub qalmışdım. Bir onu
bildim ki, hövlnak geri döndüm, getdiyim yolla gəlib
çıxdım mağaranın ağzına. Su
bardağının yanında yerə çöküb bu sudan içdikcə içdim, sonra huşumu
itirdim. Gözümü açanda artıq evdə
idim. Mağaraya bizdən sonra gələnlər
məni alıb evimizə gətirmişdilər. Evdə gözümü açar-açmaz
“Hacı, Hacı” çağıra-çağıra ora-bura
çox baxdım, düşündüm ki, yəqin, mənimlə
zarafat edir. Hacı heç yerdə yox idi.
Bir daha mən onu görmədim.
Bu hadisədən çox-çox illər sonra Təbrizdən bir nəfər qonaq gəlmişdi, başında qaragül dərisindən papaq vardı. Sayad arvad baxan kimi dedi:
– Onun işidi, o tikib. – Dedi və rahatca köksünü ötürdü.
...O, qətiyyətlə ayağa qalxdı və xalçanı pəncərənin üstündən dartıb yerə saldı. Pəncərədən o tərəfə açılan mənzərə eynən xalçadakı rəsmin artıq canlı təkrarı idi, başqa şey deyildi. Bazar küçəsinin səsi-küyü otağı doldurmağa başladı. Bütün bunları o sanki gözləyirdi. Rahat-rahat köksünü ötürdü. Qətiyyən təəccüb və tərəddüd etmədən ayağını atıb birinci mərtəbədəki iş otağının açıq pəncərəsindən o tərəfə keçdi və birbaşa bazarın içinə düşdü.
Ayağı yerə dəyən kimi canının hər məsaməsinə isti qan yayılmağa başladı. Vücuduyla hiss elədi ki, bura qədər doğma yer dünyanın heç hansı guşəsində ola bilməz. Birdən duruxdu və yadına saldı ki, vaxtı azdı. Bazar onu ahənrüba kimi çəkib içinə salmadan evə tələsməlidi. Çünki arvadı Sayad siyahı verib, bazardan alacağı əti, düyünü, mer-meyvəni evə çatdırmaq lazımdı, axşama qonağı var.
Kamal Abdulla
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.23.