Sənət adamları haqqında “Sənət
hekayələri”
Biz
özümüzdən asılı olmayaraq, ara-sıra uzaq
zaman məsafəsində yaşamış müdriklərin
ibrətamiz kəlamlarına söykənib fikrimizi sübuta
yetirməyə çalışırıq. Bu təbii, məntiqi,
eləcə də qanunauyğun bir haldır. Çünki həmin
kəlamlar zamanın sınağından keçmiş,
özünü doğrultmuş, bu və ya digər fikrin
çözülməsində, təsdiq edilməsində
inanılmış etalon qiymətləndirmə
ölçüsünə çevrilmişdir. Elə bu səbəbdən
də dünya klassiklərinin nə vaxtsa söylədikləri
ibrətamiz hikmətli sözlərə, fikirlərə
üz tuturuq. Şirazlı həyatsevər müdrik, İran
şairi Sədi belə hesab edirdi ki, insan ən azından
doxsan il ömür sürməlidir. O, insan ömrünün
bu doxsan ilini üç bərabər hissəyə bölərək
onların müəyyən zaman çərçivəsində
funksiyalarını müəyyənləşdirməlidir.
Şirazlı şairin fikrincə, insan ömrünün
birinci otuz ilində həyatı dərk edib öyrənməli,
bilik əldə etməlidir. İkinci otuz ilində müstəqil
olaraq dünyanı gəzib dolaşmalı, onun mahiyyətini
dərk etməyə çalışmalıdır. İnsan
ömrünün son otuz ilini isə yaradıcılığa
həsr etməlidir. Ona görə belə etməlidirlər
ki, döymə sənətin ustaları öz sevgi, məhəbbət
hisslərini böyük məharətlə gümüş və
mis təbəqələri üzərinə hopdurduqları
kimi, onlar da bu dünyaya, bu dünyanın insanlarına olan
ülvi sevgi hisslərini nəyinsə üzərində
yadigar qoyub gedə bilsinlər.
Müdrik,
ibrətamiz fikirlər müəllifi olan Sədi Şirazidən,
onun söylədiyi fikirlərdən artıq bizi uzaq bir zaman məsafəsi
ayırır. İndi biz texnika və texnologiyaların
çox sürətlə inkişaf etdiyi, anbaan dəyişdiyi
xaotik bir əsrdə yaşayırıq. Ola bilsin ki, Şərq
müdrikinin nə vaxtsa söylədiyi bu obrazlı ifadəsi
indi çoxlarına arxaik və köhnəlmiş
görünsün. Əlbəttə, bu təbiidir.
Çünki bu gün bizim bir vaxtlar təsəvvür
etdiyimiz, əl işlərinə yaxşı bələd
olduğumuz döymə üsulu ilə işləyən,
gümüş və mis materiallar üzərində qiymətli
sənət nümunələri yaradan nə həmin ustalar
var, nə də həmin nümunələri satmaq
üçün münasib Şərq bazarı. Elə bunun nəticəsidir
ki, indi döymə sənəti ilə məşğul olan
ustalar da, istifadə etdikləri gümüş və mis
materialları da, onların böyük sevgi və məhəbbətlə
yaradıb gələcək nəsillər üçün
yadigar qoyub getdikləri bənzərsiz əl işləri də
yoxa çıxıb.
İndi
super texnologiyalar və onun əvəzsiz bəhrəsi olan
super internet dövrüdür. İnsanlar hər şeyi – qəzet
və jurnalları da, bədii ədəbiyyatı da, kinonu da,
musiqini də, rəsm nümunələrini də, elmə və
tarixə aid kitabları da internetdə axtarıb tapırlar,
tanış olub oxuyurlar, surətini çıxarırlar. Amma
gəlin etiraf edək: həmin məqamlarda, internet olmayan
dövrlərdə aldıqları estetik zövqü, ləzzəti
ala bilmirlər. Mən yazıçı-publisist Mustafa Çəmənlinin
bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə çapdan çıxmış “Sənət
hekayələri” kitabını (“Aspoliqraf”, 2014) oxuyandan sonra
belə qənaətə gəldim.
Yazıçı-publisist
Mustafa Çəmənlinin yaradıcılığına
çoxdan bələdəm. Olduqca istedadlı və əməksevər
bir yazardır. İndiyə qədər xeyli sayda romanı,
povesti, hekayələri, publisistik yazıları
toplanmış kitabları işıq üzü
görüb. Zaman-zaman radio dalğalarında görkəmli Azərbaycan
musiqiçilərinin həyat və yaradıcılıqlarına
həsr edilmiş musiqili verilişləri, hekayələri, səhnələşdirilmiş
ədəbi-bədii əsərləri səslənib. Bu
gün yazıçının həmin əsərlərinin əksəriyyəti
radionun “Qızıl fondu”nda qorunub saxlanılır və
ara-sıra səsləndirilir.
Mustafa
Çəmənlinin “Sənət hekayələri”
kitabında onun görkəmli sənət adamlarının həyat
və yaradıcılığına həsr edilmiş hekayələri
toplanıb. Yeridir deyək ki, dünyanın başqa ölkələrində
bu janrda yazılmış ədəbi-bədii və
publisistik nümunələr çoxdan mövcuddur. Bunun
Rusiyada ən məşhur nümayəndəsi ümumxalq məhəbbəti
qazanmış yazıçı Konstantin Paustovski idi. Onun
Fyodor Şalyapinin, İssak Levitanın, Fridrix Şillerin,
Xristian Andersenin, Taras Şevçenkonun və onlarca başqa sənətkarların
həyat və yaradıcılığından bəhs edən
bir-birindən maraqlı, oxucular tərəfindən
böyük məhəbbətlə qarşılanan sənət
hekayələri var. Hətta bu yazıçının həmin
sənət haqqında hekayələri ayrı-ayrı dönəmlərdə
yazıçı və tərcüməçilər tərəfindən
dilimizə çevrilib “Yaxın və uzaq adamlar”,
“Qızıl qönçə” adları altında ayrıca
kitab şəklində çap edilmişdir. Həmin əsərlər
ədəbi-bədii, bəzən isə bədii-publisistik
formada qələmə alınmışdır. Elə bu
xüsusiyyətlərinə görə də həmin sənət
hekayələri ədəbi-bədii, fəlsəfi-estetik
yükləri ilə oxucuların zövqünü
oxşayır. Hətta mən deyərdim ki, istedadla, yüksək
peşəkarlıqla yazılmış kamil bədii əsər
təsiri bağışlayır.
Bu yerdə
bir həqiqəti açıqlamaq yerinə düşərdi.
Bildiyimiz kimi, uzaq-yaxın ölkələrdən fərqli
olaraq, Azərbaycan ədəbi aləmində sənət
hekayələri yazan qələm sahibləri barmaqla
sayılacaq qədər azdır. Onlar cəmi 5–6 nəfər
ola, ya olmaya. Yazıçı-publisist Mustafa Çəmənli
də bu 5–6 nəfərdən biri, həm də birincisidir.
Əlbəttə, bu qənaətə gəlməyə də,
bu fikri söyləməyə də
yazıçı-publisistin ortaya qoyduğu fundamental “Sənət
hekayələri” kitabı əsas verir (Burada onun böyük
zəhmətin bəhrəsi olan “Leyli və Məcnun” – 100 il
səhnədə” bədii ensiklopediyasını da
xatırlatmaq istərdik).
Sənətə
və sənətkara sonsuz sevgi hissi ilə yazılmış
həmin kitab “Səsləri əbədiləşdirmək
istedadı” (Ziyadxan Əliyev) adlı önsözdən,
“Yaddaşlardan yaddaşlara”, “Sənət hekayələri”,
“Portret esselər” bölümlərindən ibarətdir. Adətən,
önsöz bu və ya digər kitaba daxil olmağa, onu oxuyub mənimsəməyə
ilk bələdçi olur. Respublikanın Əməkdar incəsənət
xadimi, sənətşünas Ziyadxan Əliyevin həmin kitaba
yazdığı dəyərli önsöz məhz bu qəbildəndir.
Kitabın əlyazmasını diqqətlə oxuyan, analitik təhlildən
keçirib fikir və qənaətini ümumiləşdirən
sənətşünas sonda yazıçı-publisistin və
onun yazdıqlarının real portretlərinin konturlarını
sözlə belə cızır: “Uzun illər ərzində
oxucusu olduğumuz Mustafa Çəmənlinin sənətlə
bağlı ədəbi nümunələrinin ilk
baxışda janrını, bütünlükdə isə
onların estetik tutumunun böyük ədəbiyyata, əhatəliliyi
birmənalı olan jurnalistikaya və yaxud təhlil və tədqiqə
yönəlik musiqişünaslığa aid olduğunu müəyyənləşdirmək
bir qədər çətindir desək, yəqin ki,
yanılmarıq. Belə ki, həcmindən asılı
olmayaraq, onların hər birində özünəməxsus
dramaturji xəttə köklənmiş yazıçı
müdrikliyini, jurnalist “diriliyi”ni və musiqişünas tədqiqatçı
nəfəsini duymaq mümkündür. Qənaətimizcə,
məhz yaradıcılığına xas olan bu
çoxşaxəli tutum onu başqa musiqi tədqiqatçılarından
fərqləndirir...”
Sənətşünas
daha dərinə gedərək yazıçının və
onun yazdıqlarının çoxlarına bəlli olmayan daha
yeni məziyyətlərinin portretini çəkir. Minor və
major ahənglə, rənglə çəkilmiş bu portret
olduqca canlı, canlı olduğu qədər də
polifonikdir: “Mustafa Çəmənli
yaradıcılığının fərdiliyi bir tərəfdən
maraq dairəsinin genişliyidirsə, digər tərəfdən
onun hadisələrə münasibətində
zamansızlığa nail olmasıdır. Fikrimizcə, bunu
şərtləndirən başlıca səbəb müxtəlif
mövzulu yazılarında araşdırdığı sahəyə
yüksək bələdçiliyini nümayiş etdirməsi,
bədii üslubunda – yazı manerasında müdrikliklə
emosionallığı qoşalaşdırmağa nail
olmasıdır...” Müəllifin “Sənət hekayələri”
kitabında toplanmış bədii-prublisistik yazılarda da
vurğuladığımız məziyyətlərə
şahidlik etmək mümkündür”.
Söhbət
sənət hekayələrindən getdiyi üçün bir
önəmli məsələni xatırlatmaq yerinə
düşərdi. Bildiyimiz kimi, sənət hekayələri
iki istiqamətdə – bədii, yəni yazıçı təxəyyülünün
gücü və bir də konkret faktlar əsasında qələmə
alınır. Yazıçı təxəyyülünün
gücü ilə yazılmış sənət hekayələri
yazara imkan verir ki, bu və ya digər sənət adamı
haqqında bilib duyduqlarını ümumiləşdirib bədii
formada oxuculara çatdırsın. Burada müəyyən həqiqətəuyğunluq
da ola bilər, yazıçı fantaziyasından
yaranmış görüntülər də. Bir sözlə,
yazıçı belə nümunələr yaratmaqda azad və
müstəqildir. Əsas məsələ odur ki, haqqında
söhbət açdığı sənət
adamının bədii obrazını yaradıb öz
oxucularına çatdıra bilsin.
Konkret
faktlar əsasında qələmə alınmış sənət
hekayələrinin yazılış texnologiyası isə bədii
sənət hekayələrindən tamamilə fərqlidir.
Burada sərbəstlikdən daha çox fakt ətrafında
fırlanmağa məcbursan. Daha dəqiq desək, sənət
adamı fakt çevrəsində, onunla harmonik vəhdətdə
verilməlidir. Bu isə yazardan böyük istedad, səriştə,
məharət və səbir tələb edir.
Yazıçı-publisist Mustafa Çəmənlidə bu
önəmli keyfiyyətlərin hamısı bir küll
halında çoxdan bir-biri ilə qaynayıb
qovuşmuşdur. Elə bunun nəticəsidir ki, onun həm ədəbi-bədii,
həm də sənədli sənət hekayələrində
bədii və faktoloji materiallar bir-birini üstələyib
qızıl ölçü tarazlığını pozmur.
Əksinə, bir-birini həm tamamlayır, həm də tarazlayıb
daha oxunaqlı edir.
Mustafa
Çəmənlinin haqqında yazıb “Sənət hekayələri”
adlı kitaba topladığı ayrı-ayrı bədii-publisistik
nümunələr Azərbaycanın ən məşhur sənətçilərinə
həsr edilib. Onun əsas qəhrəmanları Azərbaycan
musiqi sənətinin bünövrə qoyanları – Üzeyir
Hacıbəyli, Müslüm Maqomayev, Bülbül və
sonralar həmin sənət mühitində yetişib
formalaşmış onlarla məşhur sənətçilərdir.
Çox təbii ki, onların həyat və
çoxçalarlı yaradıcılıqları
ayrı-ayrı dönəmlərdə musiqişünaslar tərəfindən
dəfələrlə dərindən tədqiq edilib öyrənilmiş,
həm də haqlarında kitablar yazılmışdır.
Əlbəttə, belə olan halda onların həyat və
yaradıcılıqları haqqında yeni söz demək,
oxucunu maraqlandırıb qəlbinə yol tapmaq çox
çətindir. Amma qəribə və maraqlıdır ki,
Mustafa Çəmənli buna nail ola bilib. Fikrimizcə, bu
işdə ona ən yaxşı yardımçı
yazıçı-publisist istedadı, bədii-publisistik
materialdan ustalıqla istifadə edib onları harmonizə və
sintezləşdirmə məharəti olub. Bu baxımdan onun
Üzeyir Hacıbəylidən bəhs edən “Ürəyimdə
qalan sözlər” və “Müslüm Maqomayevi xatırlayarkən”
bədii-publisistik nümunəsi xüsusi maraq doğurur.
Çünki həmin bədii-publisistik nümunədə bu
dahilər haqqında indiyə qədər bildiklərimiz yox,
bilmədiklərimiz gerçəkləşdirilibdir.
Bildiyimiz
kimi, hər bir sənət nümunəsinin yaxşı və
pisliyini müəyyənləşdirib qiymətləndirən
bir etalon göstərici olur. Bu, yazı-pozu işində də
belədir. Adətən, bədii, eləcə də bədii-publisistik
əsərlərə qiymət verərkən bir neçə
önəmli cəhət önə çəkilir. Nədir
bu önəmli cəhətlər? Hər şeydən öncə
mövzu yeniliyi, təzə qəhrəman
tapıntısı, bədii, yaxud bədii-publisistik ifadə
yeniliyi və forma orijinallığı. Çox
maraqlıdır ki, Mustafa Çəmənlinin adıçəkilən
“Sənət hekayələri” adlı kitabında toplanan
bütün bədii və publisistik nümunələr bu
akademik tələblərə cavab verir. Bununla yanaşı,
bütün varlığı ilə xalq ruhunun
daşıyıcısına çevrilir. Bu baxımdan
yazıçının “İlk Azərbaycan Rəqs
Ansamblı” bədii-publisistik nümunəsi xüsusi maraq
doğurur. Burda mövzu da, qəhrəmanlar da, bədii-publisistik
ifadə də, forma da yenidir. Müəllif bu bədii
nümunədə təkcə yazar kimi yox, həm də
çox səriştəli tədqiqatçı və
araşdırıcı kimi çıxış edir.
Çox uzaq bir zaman kəsiyində yaşamış, indi fəaliyyət
göstərməyən rəqqasə və rəqqasları
arayıb axtarır, müəyyən faktları üzə
çıxarmaq üçün toz basmış arxivlərə
baş vurur. Və nəticədə diqqətçəkən
fundamental bir araşdırmanın nəticələrini ortaya
qoyur. Azərbaycanda ilk professional rəqs ansamblının ilk
yaradıcısının Əşrəf Səfərov
olduğunu, rəqs ansamblının ilk dəfə 1935-ci ildə
yaradıldığı faktını üzə
çıxarır. Və indiyəcən geniş oxucu
kütləsi tərəfindən yaxşı tanınmayan rəqqasə
və rəqqasları fəaliyyət göstərdikləri əski
zaman fonunda zəngin yaradıcılıq və tərcümeyi-halları
ilə birlikdə çağdaş günlərimizin
oxucularına təqdim edir. Oxucu Əlibaba Abdullayev, Əminə
Dilbazi, Məhərrəm və Fərəc Cavanşirov
qardaşları, Gülrux Zaidova, Böyükağa Atababayev,
Hacı Ağayev, Leyla Bədirbəyli, Şəfiqə
Əmirova, Xanımbacı Həmidova, Qüdrət
Əmiraslanova, Tutu Həmidova, Roza Cəlilova, Şövkət
Ələkbərova, eləcə də bu rəqs
ansamblını, xor qrupunu tənzimləyən və
müşayiət edən Cahangir Cahangirov, Qılman Salahov, Rəşid
Əfəndiyev, Məmmədağa Muradov barədə indiyə
qədər bizə bəlli olmayan qiymətli faktlar üzə
çıxarır. Bu keyfiyyətlər müəllifin
“Aşqabad Azərbaycan teatrı”, “Cəfər Cabbarlı və
musiqi”, “Xalq musiqisində müharibə ovqatı”,
“Muğamlarımızda “bayat” gizlinləri”, “O illərin nəğmələri”
adlı bədii-publisistik nümunələrində də
özünü qabarıq büruzə verir.
Bu yerdə
bir önəmli faktı da qeyd etmək yerinə düşərdi.
Bildiyimiz kimi, sovetlər dönəmində professional bəstəkar
təhsili olmayan istedadlı musiqiçilərin bəstələdikləri
mahnıların efirə və ekranlara çıxmasına,
bu musiqi nümunələrinin müəlliflərinin efirdə
adlarının səslənməsinə ciddi qadağa
qoyulmuşdu. Şahid Əbdülkərimov, Bəhram Nəsibov,
Ələkbər Tağıyev, Habil Əliyev, Əlibaba Məmmədov,
Xosrov Fərəcov, Mir Kazım Asanlı (Sarəng), Zöhrab
Abdullayev, Qafar Namazəliyev, Novruzlu İsgəndər,
Hacıbaba Həsənov bu dediklərimizə canlı
misaldır. Onların bəstələdikləri, görkəmli
ifaçıların repertuarlarında özlərinə
geniş yer tapan, tez-tez səslənən və xalq tərəfindən
böyük məhəbbətlə qarşılanan həmin
mahnılar dinləyici və tamaşaçı
auditoriyasına müəlliflərinin imzası ilə deyil,
xalq mahnısı adı ilə təqdim olunurdu. Bu da
istedadlı bəstəçilərə çox pis təsir
göstərib onların özlərinə inamlarını
öldürürdü.
Müəllifin
bu kitabında onların bir neçə nəfəri
haqqında, daha dəqiq desək, Xosrov Fərəcov, Mir
Kazım Aslanlı (Sarəng), Zöhrab Abdullayev, Qafar Namazəliyev,
Novruzlu İsgəndər və eləcə də Habil
Əliyev, Əlibaba Məmmədov, Hacıbaba Həsənov
haqqında olduqca maraqlı bədii-publisistik nümunələr
verilmişdir.
Bu bədii-publisistik
nümunələr sənət və sənətkar
haqqında yazılmış adi yazı deyil, totalitar rejimin
tüğyan etdiyi dövrlərdə yaradıcı
adamların başlarına gətirilən oyunları
bütün çalarları ilə özündə əks
etdirən bir güzgüdür. Biz bu güzgüdə təkcə
incidilən həmin istedadlı adamları deyil, həm də
onların fonunda əski zamanın ideoloji-siyasi mənzərəsini,
onun törətdiyi fəsadları görürük.
Bildiyimiz
kimi, musiqi sahəsi mürəkkəb və çətin, həm
də olduqca müəmmaları, tapmacaları çox olan bir
sahədir. Bu müəmmaları, tapmacaları açmağa
nə qədər ki, qadirsən, deməli, o qədər də
yaşayırsan.
Azərbaycanın
musiqi tarixində mövcud çətinlikləri keçən,
müəmma və tapmacaları açmağa
çalışan xeyli sənətkar olmuşdur. Deyilənlərə
misal kimi, Hüseynqulu Sarabskini, Əhməd bəy
Ağdamskini, Xan Şuşinskini, Əli Zülalovu, Cahan
Talışınskayanı, İsmayıl Eloğlunu, Sona
Mustafayevanı, Şirzad Hüseynovu, Gülxar Həsənovanı,
Adil Gərayı, Əbülfət Əliyevi, Sara Qədimovanı,
Şövkət Ələkbərovanı, Kamil Əhmədovu,
Simuzər Hətəmovanı, Gülağa Məmmədovu,
Elman Bədəlovu, Yaqub Məmmədovu, Mürşüd Məmmədovu,
Şahmalı Kürdoğlunu, Ramiz Hacıyevi, Qədir
Rüstəmovu və bu ənənəni öz
yaradıcılıqlarında qoruyub saxlayan və davam etdirən
Habil Kamanı, Əlibaba Məmmədovu, Arif Babayevi,
Süleyman Abdullayevi, Canəli Əkbərovu, Ramiz Quliyevi,
Ağaxan Abdullayevi, Mənsum İbrahimovu, Nəzakət
Teymurovanı göstərmək olar. Mustafa Çəmənlinin
“Sənət hekayələri” kitabında Milli Musiqi sənətimizin
inkişafında misilsiz xidmətləri olan və öncə
adları çəkilən həmin sənətkarlar barədə
bir-birindən maraqlı bədii-publisistik nümunələr
özlərinə geniş yer tapmışdır. Çox
maraqlıdır ki, müəllif bu sənətkarların
gördükləri işləri sadalamaqla, aldıqları
mükafatları qabartmaqla işini bitmiş hesab etmir, “insan qəlbinin
mühəndisi”, “iç dünyalarının psixoloqu” kimi
onların daxili aləmlərinə nüfuz edib ürəklərinin
kardioqramını çıxarır. Bu kardioqramlardan
aydın olur ki, onların çoxunun şöhrətlə
süslənmiş həyatı, ömrü heç də
bizim təsəvvür etdiyimiz kimi təmtəraqlı deyil.
Zaman onların həyat ömürlüyünə müxtəlif
rəng çalarları ilə rəngarəng ovqatlı
yazılar həkk edibdir. Burda sevinc də var, kədər də.
Burda uduş da var, böyük itki də. Burda yarı yolda
qalıb vurnuxmaq da var, şöhrət zirvəsinə
yüksəlib hamıya yuxarıdan aşağı baxmaq da.
Kitab
müəllifinin istedadı və ustalığı
ondadır ki, öz qəhrəmanlarının sənətlərinə
və daxili dünyalarına bu prizmadan baxa bilib. Sənətlə
sənətkarı harmonik vəhdətdə verib.
Çalışıb ki, sənətkarı robot kimi yox,
düşünüb-daşınan, başqaları kimi
sevinci, kədəri, dərdi olan insan kimi təqdim etsin. Və
yeridir deyək ki, o, son nəhayətdə buna nail olub. Elə
bunun nəticəsidir ki, Mustafa Çəmənlinin sənət
hekayələrinin, oçerklərinin, esselərinin musiqili qəhrəmanları
həyatın onlara bəxş etdiyi ən xarakterik xüsusiyyətləri
ilə birlikdə, vəhdətdə oxucuya təqdim edilir. Və
bu xarakterik xüsusiyyətləri ilə də yadda qalır.
Yazıçı
Mustafa Çəmənlinin qəhrəman seçimi də
orijinaldır. Onun sənət haqqında hekayələri təsadüfi
ifaçılara yox, sənətdə böyük sənət
irsi qoymuş, məktəb yaratmış azman sənətkarlara
həsr edilmişdir. Bu baxımdan xanəndə Məşədi
Məmməd Fərzəliyevə həsr edilmiş “Səs qərib
olmur”, Üzeyir Hacıbəyli böyüklüyündən
söz açan “Borc”, Xan Şuşinski
ağayanalığını özündə canlandıran
“Şur dərsi”, Yavər Kələntərlinin bənzərsiz
ifalarını bizə qaytaran “Nəğməli xatirələr”,
eləcə də Şövkət Ələkbərova şəxsiyyətinə
və yaradıcılığına həsr edilmiş “Oxu,
gözəl...”, Əbülfət Əliyevin ömür və
sənət dünyasını bütün çalarları
ilə canlandıran “Son görüş” hekayələri
xüsusi maraq doğurur.
Biz xaotik bir zamanda, rənglərin bir-birinə qarışıb əcayib-qərayib rəng yaratdığı, musiqi şoularının tüğyan etdiyi bir dövrdə yaşayırıq. İndi “Dumanlı Albion”u xatırladan bu xaotik aləmdə, yaxşı sənətkar, mükəmməl sənət tapmaq çox çətindir. Əlbəttə, bu gələcək musiqimizin və digər sənət nümunələrimizin inkişafı, varisliyin qorunub saxlanılması üçün çox təhlükəlidir. Çox şükürlər ki, belə bir məqamda musiqi sənətimizin təəssübkeşi Mustafa Çəmənlinin “Sənət hekayələri” kitabı ortaya qoyuldu. Bu kitab bir növ əsl sənətin və sənətkarın nə və kim olduğunu özündə əks etdirən musiqi dərsliyidir.
Bu yerdə, yazının əvvəlində dediyimiz kimi, dünya şöhrətli şair Sədi Şirazini xatırlamamaq olmur. İnsan ömrünü üç bərabər hissəyə bölüb hər otuz illik yaş dövründə nələrlə – axırıncı otuz ilini isə bütünlüklə yaradıcılıqla məşğul olmasını tövsiyə edir. Yazıçı Mustafa Çəmənli hələ bu bölgünün ikinci mərhələsindədir. Çox güman ki, o bundan sonra daha böyük yaradıcılıq uğurlarına nail olacaq və öz əsərləri ilə musiqi sənətimizə yeni-yeni töhfələr bəxş edəcəkdir.
Möhbəddin Səməd
525-ci qəzet.- 2015.- 24 yanvar.- S.22.