“Zövq etalonu” – Koko Şanel
O, XX əsrin
“moda ikonu”, bütün dünyanın “zövq etalonu”dur. 88 il ömür sürüb. Onun
hazırladığı libasları Avropanın və
Amerikanın birinci xanımları geyiniblər. İlk dəfə
1912-ci ildə “Moda evi”ni açıb. Onun
məşhur stili on minlərlə qadın üçün
eleqant obrazın etalonuna çevrilmişdi... Şöhrət,
pul, ad-san – hər şey vardı onda. Ancaq o nə həyat
yoldaşı, nə də ana ola bildi.
Qabriel Koko Şanel (1883-1971) 1954-cü ildə Paris
küçələrindən biri olan Kambonda böyük
insan kütləsi ilə əhatə olunmuşdu: o, yeni
kolleksiyasını təqdim edirdi. Heyranlıqla baxan yüzlərlə
göz mağazaya yönələn nərdivanın ən
üst pilləsində dayanmış madmazelə
dikilmişdi: sadə şlyapa, dəbdə olmayan kostyum və
kobud makiyaj...
Şəkillərini
çəkən fotoqraflar, nəzakətli iltifatlar...
Şanel podiuma baxır və fikirləşir: 40 il əvvəl onu aşağı təbəqədən
olduğuna görə xor görürdülər. O,
köçəri tacir qızı idi, yetimlər evində
qanunsuz doğulmuşdu və monastrda tərbiyə
almışdı...
Qorxu
Qabrielin atası tacir Alber Şanel, anası isə
atasının məşuqəsi Canna Devol idi. O, həmişə nikahdankənar
uşaq olduğuna, anasının acından öldüyünə
və monastrda böyüdüyünə görə
utanırdı. Şanelin daxilində bütün bunları
insanların öyrənməsi və bilməsi ilə
bağlı daimi qorxu var idi...
Şanel monastrdan ayrıldıqdan sonra bir müddət
restoranlarda və kafelərdə oxuyur. Onun sevimli mahnısı isə
“Trokaderdə kokonu kim gördü” idi. Bəlkə də, bu mahnının ona sevdirən həm
də atasının onu “koko” (fransızca cücə) deyə
çağırması idi. Elə bu səbəbdən
Qabriel Şanelə dinləyicilər tərəfindən
“Koko” ləqəbi verilir...
Şanel keçmişinə və mənşəyinə
nifrət edirdi. O, qayğı və sevgi görmədən
keçirdiyi uşaqlığını xatırlamaq belə
istəmirdi. Elə buna görə Şanelin
sevgililəri heç vaxt kasıb təbəqədən biri
olmur.
Onun tanışları arasında çoxlu rəssamlar,
musiqiçilər, hətta hersoq və knyazlar olub. Yüksəldiyi mərtəbəyə də məhz
onların sayəsində çatdığı iddia edilir.
Şanelin həyatda ən böyük qorxusu
kiminsə məşuqəsi olmaq olub. Lakin onun
qorxduğu başına gəlir: 1905-ci ildə aristokrat Etten
Balsanla tanış olan Şanel onun məşuqəsinə
çevrilir. Bu tanışlıq Şanelə
böyük uğur gətirir. Karyerasına
məhz Balsanın şayəsində başlayır. Şaneldə şlyapa tikmək ideyasını da məhz
Etyen Balsan yaratmışdı. Şanelin
hiylələrindən ehtiyat edən və onu sarayından
uzaqlaşdırmaq istəyən Etyen Parisdəki kiçik mənzilini
onun ixtiyarına verir ki, şlyapalarını bu mənzildə
hazırlayıb satsın və ondan uzaqlaşsın.
Şanel
3 il sonra ingilis əsilzadələrindən
olan Artur Keypellə tanış olur və Balsandan tamamilə
uzaqlaşır.
Azad
olunmuş qadın
Şanel ingilis sevgilisinin pulu ilə Dovilledə ilk
mağazasını açır. Yay ərzində
fransız əsilzadələr məhz həmin kurort şəhərinə
toplaşırdılar.
Arturun
Kokonun şöhrətinin yayılmasına elə də az köməyi olmayıb. O, Kokoya
gördüyü bütün işlərdə ürək-dirək
verir, hər yerdə onun haqqında lazımi sözü
işlədir, Şanelə yeni mağazalar açması
üçün maddi yardım göstərirdi. O hətta
Şanelə dəbdəbəli villa da
bağışlayır.
Koko dəb dünyasına çox sürətlə
daxil olur. O,
qadınlar üçün bir çox yenilik edir: idman
üslubunda kostyumlar, çimərlik üçün matroska,
düz ətəklər tikir. Şanel sadə,
praktik və eleqant geyimlərə üstünlük verirdi.
Karyerasında xırda təsadüflər belə,
Şanelin xeyrinə olurdu. Belə ki, tanınmış
baronessa Rotşild öz dərzisi, əsrin əvvəlində
fransız modasının yeganə “hakim”i Polem Puare ilə
dalaşır və bu səbəbdən artıq Şanelin
mağazasına baş çəkməyə başlayır.
Belə görüşlərin birində
Şanel tanınmış xanıma korset olmadan da libasın
onu gözəl göstərəcəyini sübut etmək
üçün öz paltarını qaldırır və
korsetsiz geyimini baronessaya göstərir. Baronessa
bundan bərk təəccüblənir. Lakin
Şanel öz müştərisini “Korsetsiz siz daha maraqlı
olacaqsınız, xanım” deyərək inandırmağa
çalışır. Məhz Şanelin
ideyası Rotşildin azad – özünü havada hiss
edirmiş kimi olmaq arzusunu gerçəkləşdirir. Bu həm də o dövrdə korsetlə gəzən
bütün qadınların istəyi idi. Geyimin
yeni stili xanımların ürəyincə olur. Şanel öz kolleksiyasında bədənin incə
xətlərini üzə çıxaran geyimlərə daha
çox üstünlük verirdi.
Baronessa
Rotşild öz adlı-sanlı rəfiqələrini də
Şanellə tanış etmək qərarına
gəlir. Düzdür, başlanğıcda Şanelin istifadə
etdiyi parçalar yüksək zümrənin
xanımlarını utandırırdı: trikotin, flanel. Lakin bu parçalardan tikilmiş düz ətəklər
rahat və cəlbedici idi.
Şanel
matəmdə
Qabriel
1919-cu ildə Milad ərəfəsində gecəyarısı
gözlənilməz xəbər alır: “Artur Keypell avtomobil
qəzasında həlak olub”. Qabriel soyuqqanlı
şəkildə əynini geyinir, avtomobilinə əyləşir
və sevgilisi ilə vidalaşmaq üçün 19 saat yol
gedir.
Lakin o, Arturun dəfninə gecikir. Eyni zamanda,
Qabriel Şanel Arturun rəsmi nikahda olduğu xanımı ilə
rastlaşmamaq üçün qəbiristana – onun məzarını
ziyarətə getmir. O, Keypellin ona
bağışladığı villasına yollanır,
otağının pəncərələrini qara pərdə
ilə örtür və bir gün o otaqdan çölə
çıxmır...
“Mənim həyatım dağıldı. Sevdiyim insan
dünyasını dəyişdi. Artur yeganə adam idi ki, mən onun digərləri kimi
varlı bir qadınla evlənməsini ona
bağışladım. Lakin əmin idim ki, vaxt
gələcək yüksək çinli aristokratların hamısı
qarşımda diz çökəcəklər” – Koko Şanel
xatirələrində yazır.
Lakin Arturun ölümü də Şanelə dəb
dünyasında yenilik yaratmağa səbəb verir. Belə ki, o
moda aləmində qara rəngi dəbə gətirir. Deyilənə görə, Şanel bunu bilərəkdən
etmişdi ki, bütün fransız qadınları qara
parçadan hazırlanmış libasları geyinməklə
onun həlak olan sevgilisinə yas saxlasınlar. Çünki Şanel özü bunu edə bilmirdi.
Arturla evli olmadığına görə,
qanunla onun yas saxlamaq hüququ yox idi.
Hersoqlar
diz üstə
Şanel çoxdankı arzusuna fransız cəmiyyətinin
elitasının da toplaşdığı Paris balında
çatır.
Hər kəsə gülümsəyərək
baş əyən Şanelin əli qəfildən mirvari
boyunbağısına ilişir və mirvarilər yerə
tökülür. Bu zaman hər biri
ayrılıqda taxt-taca namizədlik irəli sürmək kimi
bir hüquqa malik olan hersoqlar diz üstə çökərək
Qabrielin mirvarilərini axtarmağa başlayırlar.
Qabriel bütün mirvarilərini ovcuna yığdıqdan
sonra özününkündən əlavə əlində 12 əsl
mirvarinin olduğunu görür. Məhz
aristokratlar bu məşhur moda bilicisini razı salmaqdan ötrü
mirvarilərin hamısını tapmayacaqlarından ehtiyat edərək
öz qalstuklarındakı sancağın həqiqi mirvarilərini
açıb onun mirvariləri ilə birlikdə Şanelə
vermişdilər.
...Şanelin
kolleksiyası arasında rus izinin görünməsinin də
maraqlı tarixçəsi var. Belə ki, çar II
Nikolayın əmisi oğlu, knyaz Dmitri Pavloviç Rasputinin
ölümündə iştirak etdiyinə görə
sürgün olunduğu Fransada dəb dünyasının məşhur
simasına çevrilmiş Qabriellə tanış olur. Bu tanışlıq hətta onlar arasında sevgi
münasibətlərinin də yaranmasına gətirib
çıxarır. Həmin dövrdə
fransız mətbuatında “Rusiyanın qürurlu
aristokratı Şanelin arxasınca qaçır”
başlığı ilə yazılara tez-tez rast gəlmək
olurdu.
Rus
sevgilisinin Şanelin kolleksiyasına da təsiri az
olmur. Belə ki, o, artıq ənənəvi rus
köynəkləri, boyarlar üçün xəz paltolar, zərli,
künbəzşəkilli baş geyimləri hazırlayır.
Şanel məhz Dmitrinin köməyi ilə məşhur
“Chanel ¹5” ətrini buraxır. Şaneldə qeyri-adi ətir
hazırlamaq ideyası yarananda rus sevgilisi onu məşhur
kimyaçı-ətriyyatçı Ernest Bo ilə tanış edir. Bir neçə
ay sonra Şanel öz ətrinin bir neçə
variantını hazırlayır və yalnız beşinci
flakondakı qoxunu bəyənir. Beləliklə
də, Qabriel “Chanel ¹5” ətrini yaradır. Tərkibində 80 inqridient olan bu ətri Şanel
“Qadın qoxusu verən qadın ətri” adlandırırdı.
Jaklin
Kennedi, Merilin Monro kimi tanınmışlar “Chanel ¹5”in məşhur
alıcıları olublar. Bu ətir elə bir
rezonans doğurmuşdu ki, bir neçə gün içində
milyonlarla flakon satılmışdı. Bu ətir
Şanelə 15 milyon dollardan çox gəlir gətirmişdi.
Bu vaxt Dmitri Romanov Şanelə evlilik təklifi
edir. Lakin dəb aləminin ulduzu ya moda, ya
da ailə seçimi qarşısında qalır və o,
modanı seçir. Bir faktı qeyd edək
ki, Şanel məşhur ətrinin əldə olunmasına və
tanınmasına görə Dmitrinin qarşısında borclu
qalmır. O, sevgilisinə İsveçrə bankında
hesab açır və bu ətrin satışından əldə
olunan gəlirin müəyyən məbləğini onun adına yaradılmış hesaba
köçürür...
Şanel 1928-ci ildə Parisin mərkəzində
“Şanel evi” adlı möhtəşəm moda evinin
açılışını edir.
Şöhrətini
əlindən alan müharibələr
Hər nə qədər sevgililəri sayəsində
karyerasında addım-addım irəliləsə də,
başlayan müharibələr Şanelin
yaradıcılığına təsirsiz
ötüşmür. Onun şöhrətinə zərbə
vuran hadisələrdən biri də Birinci Dünya müharibəsi
olur. O, Parisdəki evində artıq ordu
üçün çalışır, cəbhəyə əlcəklər,
yun şal, cannəvəzlər göndərir. Şanel
hətta geyimlərlə təmin etmək üçün
onun payına düşən bölüyün əsgərlərinin
ailələrinə də yardım edir, onlara paltarlar göndərir.
O, müharibəqabağı sonuncu kolleksiyasını
qırmızı-ağ-mavi qammalı vətənpərvər
mövzulu geyimlərdən hazırlamışdı. Müharibənin başlanması Qabrielin ürəyincə
deyildi. O, hər dəfə deyirdi ki, “Bu müharibə
elə bil, mənim məşhur olmağıma maneə
yaratmaq üçün qəsdən törədilib”.
İkinci Dünya müharibəsi isə Şanelə
daha böyük zərbəni vurur. Şanel müharibə zamanı 47
yaşlı alman diplomat Hanson fon Dinklaqeyə
vurulur. Lakin fransızlar onun düşmən tərəfdən
olan biri ilə münasibətini qəbul etmirlər və
Paris azad olunduqdan sonra Qabrieli işğalçı ilə
münasibətinə görə həbsə salırlar.
Elə həmin günün axşamı həbsdən
azad edilən Şanelin Fransadan sürgün
olunmağını tələb edirlər. Deyilənə görə, Şanelin həbsdən
belə tez buraxılmasında U.Çörçillin
böyük rolu olub. Belə ki, Şanel
ingilis hersoqu ilə bərabər olarkən
Çörçillin evinə tez-tez gedib-gələrmiş.
Şanel “günahını yumaq üçün” hər
cür yola əl atır. Faşist kəşfiyyatının
rəhbəri Şellenberqin özü ilə şəxsən
danışaraq müharibəyə son qoymaq qərarına gəlir.
Ağır 1943-cü il başa
çatırdı. Şanel Berlinə yola
düşən avtomobilin pəncərəsindən çölə
baxır. Qəflətən bombardman
başlayır və Şanel bu alovun içindən güclə
çıxır. Şellenberq Qabrieli
böyük məmnuniyyətlə qəbul edir. Kəşfiyyat rəhbərini Şanelin eleqant və
cəzbedici görünüşü cəlb etmişdi.
Moda bilicisi özü də başa
düşürdü ki, donuq baxışlı, gözəl
üzlü və tərbiyəli bu gənc alman onun qadın zərifliyindən
çox təsirlənib. Şanelin fikrincə,
bu elə bəs edirdi ki, Şellenberq onun məsləhətlərinə
qulaq assın və birtərəfli sülh müqaviləsini
imzalasın. Görüşün nə ilə
qurtardığını isə yalnız Şanel və Şellenberq
özü bildi. Şellenberq həbsxanaya
salınarkən belə, orada o, Şaneldən bayram təbrikləri
yazılmış məktublar alırdı.
Lakin Şanelin bütün bu cəhdləri heç bir
nəticə vermir. Sürgün tələbindən sonra o,
moda dünyasını və Parisi tərk edərək
İsveçrəyə gedir. Koko
1953-cü ilədək İsveçrədə
yaşayır. Artıq vətəni
Fransada Şanelin şan-şöhrəti yerlə-yeksan
olmuşdu.
Bundan başqa, 1940-cı illərdən sonra Kristian Dior
adlı modelyerin moda aləminə gəlməsi Şanelin
şöhrətinə daha bir zərbə oldu. Moda
dünyası da bu zərbədən öz nəsibini
aldı. Belə ki, yenidən
sıxıcı, maraqsız geyimlər dəbə
düşməyə başladı. Şanelin
klassik sadə üslubu – qara libaslar, kostyumlar, hamar lifli
parçalar, düz ətəklər, deyəsən, artıq
tarixə qovuşmuşdu.
Şanel dəb dünyasına atılan həmkarlarını
“plebeylər” (qullar – A.N.) adlandırırdı.
Lakin o, “plebeylər”dən öz qisasını ala bilir. Uğur bu dəfə
Nyu-Yorkdan gəldi. Amerikalılar onun
kolleksiyalarına və ətirlərinə heyran
qalmışdılar. Şanelin məşhur müştəriləri
meydana çıxmışdı – İnqrid Berqman, Romi
Şnayder, Janna Moro. Onun geyimlərini
Avropanın və Amerikanın birinci xanımları geyinməyə
başladı. Ağ fonda çarpaz
formada iki qara “C” hərfi Şanel markasının brend
nişanına çevrildi və bu günədək də
qüsursuz zövqün etalonu kimi qalır.
Şanel 1953-cü ildən sonra Parisə qayıdır. Lakin onun Parisdəki
yeni kolleksiyası gözlənilən əks-sədanı
doğurmur. Şanelin əvvəlki imicini qaytarması
üçün ona düz bir il vaxt
lazım olur...
Şanel 88 yaşında Parisdəki evində tənhalıq
içində dünyadan köçür. O, dünyasını dəyişərkən
yanında yalnız qulluqçusu olur. Vəsiyyətinə
əsasən Şaneli vətəni Fransada yox, İsveçrədə
dəfn edirlər.
Nuranə ABBASOVA
hazırladı
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.21.