Həyatını ciddiyə almayanları
həyat qoldan qola atar
Sitatlar,
misallar sadəcə təsəllidir!
Oxşar hadisə başına gəlməyincə
insanların verdiyi qərarlar ağılsız,
atdığı addımlar məntiqsiz görünür hərdən. Azmı olub
dost-tanışla, qohum-qonşuyla kiminsə taleyini eninə
boyuna müzakirə etdiyimiz? Həyat qozqıran
deyil, xüsusi olaraq qoz sındırmaq, fındıq
sındırmaq, gilas tumu çıxartmaq yerləri olsun.
Onun öz “sındıran”ı var. Çəkisindən,
mənsəbindən, rəngindən asılı olmayaraq gəlmiş
getmiş, gələcək-gedəcək hər kəsi
“sındıran”ından keçirəcək mütləq.
O “sındıran” ayağının, yumruğunun
altıdırmı, ovuclarının içidirmi, dişinin
arasıdırmı – bunu kim görüb,
kim bilir? Mən bilmirəm! Bircə onu bilirəm
ki o “sındıranı” sındıran, korlayan, fəaliyyətini
ləngidən tapılmadı.
Bu yazını yazmaq üçün bəlkə
kitablardan, filmlərdən hadisələr danışa,
misallar gətirə bilərdim. Amma bütün
ağrıların ən ağrıdanı insanın
özüylə böyrək daşı kimi, öd
daşı kimi içində daşıdıqlarıdı.
Başqasının ağrıları
oturduğun maşının qəfil çökəyə
düşməsindən sonra böyrəyinin
daşının tərpənməsi və nəfəsini kəsən
bir sancının doğulmasıdı. İçində
o “daş” varkən xeyli sancıların doğulacaq. Bələyib ovutmağa başlamamış, kiritməyə
imkan tapmamış başqa bir çökəyə
düşər oturduğun, getdiyin maşınlar. Yol
uzunkən, nə çox çökək...
“Nənəm”in
əlyazması:
Hamının bir əziz-ərköyün vaxtları
olur. O fəsilləri
gəzən Ramazan ayı kimidir. Bir gün
mütləq gəlməlidi, kiminin qismətinə baharda
çıxa, kiminin qismətinə qışda. Təxminən
yeddi-səkkiz il bundan qabaq dünya
bambaşqa rəngdə idi. Demirəm,
allı-güllüydü, amma daha şən idi. Uşaqlıq yaddaşımda xeyli zədələr
var-bilirdim müharibə nədir, şəhid kimə deyilir.
Bilirdim qaçqınlar haradan gəlib. Bilirdim balaca “raf”larda qara bayraq asıb, içində
qışqıran adamlar nə deyir,
çağırdıqları adamları hara
aparırdılar. Bilirdim, səhər saat
altıda növbədə durmaq nə deməkdi, çörək
talonlarını, ət talonlarını
görmüşdüm hələ böyüməmişdən
xeyli öncə. Bilirdim, bunlar kədərli
şeylərdi, amma mən bunları sadəcə
müşahidə edirdim. Kədəri də
evdəkilərin, qonşuların, yaşıdlarım olan
sinif yoldaşlarımın, müəllimlərimin üzlərindən,
çatılmış qaşlarından öyrənmişdim.
Bir sabah avtobus dayanacağından, “Bu
gün Bakıda qırğın olub, dərsə getməyin,
bala” deyən qadının bizi avtobus dayanacağından geri
qaytarmağını xatırlayıram. Yadımdadı,
o çətin günlərdə anamın əynimizə gəlməyən
paltarları yığıb qaçqın
düşmüş uşaqlar üçün yuyub
ütüləməyi, keçən ilki
çantalarımızın, ayaqqabılarımızın
sökük yerini tikməyi. Bilirdim
bunların hamısını. Yəni müharibədə,
mühasirədə təsadüfən sağ qalmış
adamlar kimiydim, o çətin günlərdə beş –üç çətinlik görməyən
uşaqlardan idim. Mən gördüklərimin
lap yanında, lap içində olsam da, həm də bunu
uşaqlar üçün olmayan bir film hesab edəcək, qəfil
kiminsə gəlib kanalı çevirəcəyinə inana
biləcək qədər uzaq idim, qayğısız idim.
O qədər qayğısız ki, boy verib məktəbdə
hamıdan hündür oldum, hətta oğlanlardan da. Yaşıdlarımın çoxu boy atmadı.
Mənimsə ən böyük dərdim niyə
bu qədər hündür olmağım idi. Bütün bunlar sanki lap çoxdan olub. O qədər
çoxdan ki, indi elə bil nənəmin əl
yazmasını tapıb nəvələrimə oxuyuram.
Həyat
qozqıran kimi sındırıb atır, içini bir yana, çölünü bir yana!
O qız isə mənim rəfiqəm idi, on beş yaşında anasını itirmişdi, sonra bacısını. Evin bütün qayğısı üzərindəydi. Yalnız analarda gördüyümüz cəldliklə evə girərkən birinci mətbəxə qaçardı, qaz sobasının gözlərinin dördünü də yandırardı. Birində çayı qoyardı, birində kompot üçün su dolu qazanı. Başqa qazana tez yağ atıb səhərdən soyub qoyduğu soğanı əlinin içində doğrayıb qovurardı. Mən heyrətə gəlirdim, bəlkə qırx dəqiqəyə bir süfrə yemək hazır olurdu. Yolda üç-dörd zənbillə qəfil qarşıma çıxırdı. Bir də görürdüm əlində uzun bir boru bazar yolundan piyada gəlir. Dəhşətə gəlirdim:
– Ay qız, neynirsən bunu?
– Hamama lazımdı, qaqaş deyib dəyişməsək partlayacaq.
– Özü gedib alardı da.
– İşdədi axı. Həm də ona baha deyərlər,
qiymət sala bilmir.
Qiymət
salmaq deyəndə ki, iki metr borunun qiyməti nə olardı
ki, endirimi də nə ola? Uzağı
on qəpik, iyirmi qəpik. Evində yediyi
qabı aparıb mətbəxə qoymayan, duz qabının,
salfetin yerini bilməyən qız necə heyrətlənə
bilirdisə, bax eləcə gözlərim
böyüyürdü. Bilirdim ki, fədakardı,
əziyyətə qatlaşandı, bunu dəyərləndirirdim.
Amma anlamırdım onun keçirdiyi hissləri,
nə düşünə biləcəkləri haqda təsəvvürüm
yox idi. Evlərinə gedəndə
keçib mətbəxində bir stəkanını yumaq,
qazanının birini qarışdırmaq, başı bir
işə qarışanda bayırda yağışa
düşən paltarlarını yığmaq
üçün pəncərəsini açıb zivəsinə
əl atmaq ağlımın ucundan da keçmirdi. O isə
heç vaxt şikayət eləməzdi. Bir
gün ticarət mərkəzinin yaxınlığında
görüşməli idik. Mən, o
qız və başqa rəfiqələr. Onu görəndə
bir-birimizə baxıb gülüşmüşdük-əlində
süpürgə var idi:
– Evdə
süpürgə yoxdu, sonra almaq yadımdan çıxacaq.
– Gedəndə
alardın da.
– Gələndə
yolumun üstünə çıxdı, ucuzdu da. Bir də kim idi ora qayıdan. Buralarda
bahadı.
– İndi ticarət mərkəzini süpürgəynən
gəzəcəyik?
Həyatın başı səs götürmür,
bundandı hamını susdurmaq istəyir. Dil-dil ötənləri,
hazırcavabları da, hamını, hamını susdurmağa,
səsini kəsməyə, başını qatmağa
kitabçasının bir qırağında,
qatladığı vərəqlərin bir küncündə
mütləq sualları var- düşünmək
üçün, axtarmaq üşün, tapmamaq
üçün, danışmamaq üçün... Qayıdıb əlindəki süpürgəyə
baxdı qız. Hiss elətdirmək istəməsə də,
gördük xətrinə dəyir. Başladıq
süpürgəni dartışdırmağa:
– Hə,
burda nə var ki, ver mənə götürərəm,- deyib guya həqiqətən bunun çox
normal hal olduğunu ona göstərmək istədim. Sonra qızlardan biri süpürgəni mənim əlimdən
aldı, sonra başqası onun əlindən. Beləcə üç-beş dəqiqə
süpürgəni dartışdırmağa başladıq.
Qız:
– Eee,
verin bura süpürgəmi, qırarsız- yarızarafat
deyib, onu əlimizdən aldı və biz bir ona, bir
süpürgəyə və bir də bizə qəribə-qəribə
göz qoyan adamlara baxıb atmaca ataraq, çatana, yetənə
sataşaraq dükanları gəzdik. Qız isə
gülsə də sıxıldığını gizlədə
bilmirdi.
Yadımda deyil o gündən bir aymı keçdi, bir
ilmi keçdi, yoxsa daha çox, bilmirəm, mən anamı
itirdim. Və o gün məni hamıdan bərk qucaqlayan o
qız oldu. Və o gün mən
hamıdan bərk o qızı qucaqladım. O
günü xatırlayanda dumana düşənlərin görə
biləcəyi qədər şeylər gəlir
gözümün önünə. Amma dəqiq
yadımdadır, həmin gün o hadisə kino lenti kimi beynimdə
necə irəli geri gedirsə, sonralar əlində
süpürgə marketləri gəzən qız
ağlımdan çıxmadı ki çıxmadı.
Həyatını
ciddiyə almayanları həyat məşuqə kimi qoldan qola
atar
Saçlarımı xeyli qısaltmışam. Qısa
saçlarla davranmağı bilmirəm deyə,
yazıqların başına gündə bir oyun
açıram. Nə yaxşı ki
onları boyamağa alışqan deyiləm, həqiqətən
onlar da yazıq olardı, mən də. Beləliklə,
saçlarımı kimyəvi üsulla bir neçə
aylıq burduracaqdım, həmin o qızla (bu başqa
qızdı) tanış olacağım
salonda. Usta saçlarımı səbrlə bir
neçə yerə ayıraraq qəribə qoxusu olan dərman
çəkib biqudiyə yığırdı. Narahat adam olasan, hövsələsiz adam olasan və
saatlarla gözləyəsən ki, bu dəm-dəsgah bitsin. Həmişə fikirləşirdim ki, nəyə
görə bu salonlarda işləyən qadınlara
yaxşı baxmırlar? Axı burada da dodaqları
selikon, qaşları tatuaj, saçları şit sarıya
boyanmayan, əyninə ölçüsündən az qala iki
dəfə balaca şalvar-koftanı güclə keçirtməyən,
bir gözü əlinin altındakı müştərisində,
o biri gözü pəncərədən gəlib-gedən
maşınların içinə boylanmayan qadınlar da var.
Var! Mən buna inanıram! Usta saçımda
baş aça bilmədiyim prosedurları edəndə, mən
də bekarçılıqdan gələnə, gedənə,
gələnin, gedənin geyiminə, oturuşuna, rəngli
makiyajına, zarafatına, bu zarafatlara gülə biləcək
həvəsinə ölkəyə yeni gəmiş turist kimi
göz qoyurdum. Mən də yaman “söhbətcil”əm
axı. Amma birdən necə oldusa, kimdənsə,
necəsə bir mövzu düşdü ortalığa.
Və tanış qadının “ərim evdən bayıra
qoymur, heç dükana da düşə bimirəm” sözlərini
xatırlayıb, dedim ki, təsəvvür edə bilmirəm,
cəmiyyətdə hələ də bu cür yaşayan
insanlar var. Bayaq dediyim kimi, qaşları tatuajsız,
dodağı selikonsuz, əynində elə öz
ölçüsündə paltar geyinmiş, gözlərində
eynək, çox ciddi, səliqəli, əxlaqlı
görünən bir xanım: “Sİz yəqin
subaysınız, bilmirsiniz, ailədə məcbur olursan hər
şeyə. Evin kişisinin dediyi ya
olmalıdı, ya da qırğın düşməlidir”.
Balaca mübahisə başladı, dedim, əlbəttə, ailənin
öz qanunları var və xüsusi bir düsturu yoxdur
hamı onu əzbərləsin. Amma bəlkə
onu hazırlamaq olar. Bir halda ki, insan gözəl həkim,
savadlı müəllim ola bilər və
bir gün həmin o həkim də müəllim də
terrorist, qatil, əyyaşa çevrilə bilərsə, demək
insan beyni doğrudan da kənardan idarə oluna biləcək
qurğudu. Və bir halda ki, insan beyninə
müəyyən təsirdən sonra istənilən nəticəni
almaq mümkündür, demək ailədə baş verən
anlaşılmazlıqlarda qadınlar da günahkardır.
Bu isə o deməkdir ki, məhbəs həyatını
yaşamaq istəyən qadınlar, bunu elə həm də
özləri belə istəyir. Gənc
xanım başını buladı.
Onun daha
iki kəlmə danışmasından sonra ailəsindən
ayrıldığını kim olsa bilərdi.
Amma sualı belə qoydum:
– Siz ailəlisiniz?
Cavab sualdan əvvəlki qənaətimlə
üst-üstə düşdü. Demək bir də
oğlu varmış dörd-beş yaşlarında. Bir az danışdıq, mövzuya ürəklə
qoşulmuşdu, amma xeyli mühafizəkar davranırdı. Mən onu ailəsi ilə barışması
üçün uzun uzadı dilə tutdum. Müəllimi, həkimi, hakimi və sairi qeyri-səmimi
olan bu ölkədə bir boşanmış qadını
başına gələcək bəlalardan agah etmək
üçün eşitdiyim hadisələri
danışıb, onu inandırmağa
çalışdım. Həm də dedim bilsin, sitatlar,
misallar sadəcə təsəllidir! Dedim, baxma adamların
“azadlıq, azadlıq” deyib bağırmalarına, biz onu
heç vaxt həzm edə bilməyəcəyik.
– Niyə?
–
Qadın azadlığını daha çox kim
təbliğ edir? Söz adamları! Barı
onlar bunu düzgün təbliğ edirmi? Böyük əksəriyyəti,
yox! Bu cəmiyyətə yaşamaq, qurtulmaq dərsi
keçən, azad olmaq, xilas olmaq istəyən cəmiyyətin
bütün təbəqələrindəki
haqsızlığa qarşı çıxışlar edən
jurnalistlər, yazarlar bu ölkənin daha qeyri-səmimi hesab
edilən nümayəndələri deyilmi? Onların böyük əksəriyyəti,
yazdıqları kimi düşünmür,
danışdıqları kimi yaşamırlar. Onların ən səmimiləri isə susurlar niyəsə.
O,
sualını təkrarladı: Niyə?
– Biz
azadlığın qapısının aralanmasını
özümüzün keçə biləcəyimiz qədər
istəyirik. Kim bunun əksini deyir, inanma. Özünü müasir filan adlandıran bu adamlar,
baxma ki yazılarında qız, qadın demirlər,
hamını dişinə vurub, bir qəpiklik edirlər.
Həyatda elə əyalət kişisindən
çox da fərqli deyil baxışları. Onlara qadınların “azadlığı” əlləri
çatana qədər lazımdır. Sonra bunu içki
məclislərində məhəllə gədələri
kimi dedi-qoduya çevirərək, “filankəsi də alan
tapıldı” deyib, bir-birlərinin əlinə vuraraq lağ
edəcəkləri bayağı mövzudan savayı bir
şey deyil o adamların “azad qadın”, “kompleksiz qadın”
anlayışları. Bu cəmiyyətdən
çox şey gözləməyə dəyməz.
Dünyanın bütün kişiləri dostun ola,
yenə kimsə səni övladının atası qədər
qoruya bilməz.
Bir az söhbətləşdik. O biri qadınlar:
– Bu
gün deyəsən kişiylə barışası olacaqsan
haa, deyib gülüşdülər. Qadınların
üzünə baxdım, ağlamaq tutdu məni. Onların heç birinin ərinin olmaması hər
hallarından bəlli idi. Bir də hər hallarından bəlli
olan bu idi: bəlkə kimisinin əri ölmüşdü, bəlkə
kimisinin əri lap çoxdan ayrılmışdı, bəlkə
də evlənmişdi artıq. Yəni müxtəlif
səbəbdən geri dönüşləri,
barışmaqları mümkünsüz idi. Və bu gənc
xanıma, geri qayıda biləcəyi, yenidən ailəsi
olacağı ehtimal edilən bu qadına həsədlə
baxdıqları, onun yerinə bir az
sevindikləri, onu bir az qısqandıqları yaşaran
gözlərini diqqətimdən yayındırmaqlarından bəlli
idi.
Bəs siz?
Usta saçımla bağlı birinci mərhələni
bitirdi. Keçib divanda əyləşdim. Fikirləşdim ki, yəqin mövzu bitdi. Mən
dediyimi dedim, gerisini özü bilər.
“Fokus”
jurnalını çantamdan çıxardıb yenicə
açmışdım ki, həmin xanım gəlib
yanımda özünə yer elədi:
– Siz nə
yaxşı danışırsınız. Bilirsiniz,
mən burada heç kimlə həyatım haqqında
danışmıram. Bilirsiniz, onun ailəsi
məni yola vermədi. Mən qayıda bilmərəm.
Qaynanam deyəcək, gördün mən gəlmədim
arxanca, özün gəldin, tula kimi.
Danışırdı...
Bu dəfə keçirdiyim hisslər
qarışdı birdən. Bilmirəm,
haramdasa, ciyərimin içindənmi, böyrəyimin
üstündəmi, sinəmin altındamı elə bil su dolu
qazan qaynıyır, o danışdıqca, su kimi, buxar kimi
sözlərim yoxa çıxırdı, göyə çəkilirdi.
Oturduğum divana, kiçik masadakı
jurnalların arasına, güzgülərə, divarlara, hələ
bayaqkı söhbətdən sonra bu tip salonlara xas olmayan
sükutla çalışan qadınların selikon
dodaqlarına, tatuaj qaşlarına, uzun boyalı
dırnaqlarına hopdu sözlərim.
Gördüm ki, söz tapa bilmirəm daha. Amma mən o
tanımadığım qadının ailəsinə
qayıtmasını çox istəyirdim. Qalxıb, qazan feninin yanındakı kresloda oturdum.
O isə başıma dolanırdı:
–
Çay gətirim?
– Yox,
çox sağ olun!
– Bəlkə
kofe?
– Yox,
vallah, narahat olmayın.
Sonra qəfil:
– Bəlkə
sizin bir tanışınız ola, ailə
qurmaq istəyə. Allaha da xoş olar...
Duruxdum, gülümsəyib başımı fenin
içinə saldım. Arada yenə gəlib nəsə
soruşurdu, əlimlə işarə elədim ki, eşitmirəm.
Bilmirəm, nəsə daha danışmaq istəmədim
onunla. Və danışmadım da,
çıxanda isə guya hara isə tələsirmişəm
kimi paltomu geyindim. Qapıdan çıxanda
nömrəmi istədi. Dedi, arada danışmaq
üçün zəng edəcək. “Yox” deyə
bilmədim.
Bilimirəm,
bəlkə əlaqəsi yoxdu, nəsə neçə
gündür rəfiqəmin süpürgə əhvalatı
ilə bu qızın mənə verdiyi suallar beynimdən
çıxmır:
“Qaynatam mənə
“... burdan” dedi, mətbəxə keçib ağlaya-ağlaya
qabları yudum. Mənə çox pis təsir
elədi. Sizin xətrinizə dəyməzdi?”
“Mən ona necə qayıdım, axı ona xəyanət
eləmişəm. Siz xəyanət eləsəniz,
qayıdardınız?”
“Onlar alan qızılları satıb kursda dərs
dediyim tələbəmlə Rusiyaya getdim. Bir il
orada qaldıq. Əslində o istədi
boşanmağımı. O, deyirdi məni sevir. Sonra başqası ilə evləndi. Bəs indi qayıdanda qızılları
soruşsalar? Sizdən soruşsalar nə
deyərdiniz?”
“Onunla boşanandan sonra başqası çıxdı. Mən onu
sevirdim, elə bilirdim evlənəcəyik. Heç olmasa bu dəfə xoşbəxt olacam.
O isə sən demə məni əxlaqsız gözündə
görürmüş. Bilirsiz, mən ailəmdən,
ərimdən görmədiyim sevgini, qayğını ondan
gördüm. Siz sevgisiz qalsanız belə
addım atardınız? Bəs siz xəyanət
edərdiniz?”
“...Bəs siz?! “...Bəs siz?” “...Bəs siz?”
Feyziyyə
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.20.