Azadlıq mücadiləsinin və
mücahidlərinin haqqını verən kitab
AZƏRBAYCAN TÜRKCƏSİNDƏKİ NƏŞRƏ ÖN SÖZ
Dəyərli araşdırıcılar Ramiz
Abutalıbov və Georgi Mamulia Azərbaycan siyasi mühacirətinin
tarixinə həsr edilmiş “Odlar ölkəsi. Azadlıq və
müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər” adlı mühüm bir tədqiqat
əsəri yaradıblar. Əvvəlcə
Bakıda rus dilində ortaya qoyulan kitab Azərbaycan dilində
də nəşrə hazırlanıb. Ünlü
tədqiqatçı Ömər Özcanın əsərin
ana dilindəki nəşri üçün, müəlliflərin
istəyi ilə yazdığı bu önsözü
oxucularımızın diqqətinə
çatdırırıq.
Çarizmin
mirasına qanlı vətəndaş müharibəsi ilə,
silah gücünə yiyələnmiş bolşeviklərin
şərqdən qərbə ucsuz-bucaqsız geniş
torpaqlarda öz hakimiyyətini bərqərar etməsindən
sonra ana yurdlarını, doğma torpaqlarını tərk edərək
İran, Türkiyə, Əfqanıstan, Polşa, Rumıniya,
Almaniya, Macarıstan, Fransa, ABŞ... kimi ölkələrdə
yaşamağa məcbur olmuş və xaricdə (özəlliklə
Türkiyədə) müstəqillik mücadiləsini davam
etdirmiş siyasi mühacirətin tarixini öyrənməklə
uzun illərdir məşğuluq. Müxtəlif
Türk uruqlarına mənsub siyasi mühacirlərlə, yaxud
siyasi öndərlərlə bağlı nəşr
edilmiş əsərlər haqqında
yazdığımız tanıtma və tənqid
yazılarında siyasi mühacirəti bütövlükdə
əhatə edən bir araşdırmanın yoxluğunu
dönə-dönə təəssüflə qeyd etməklə
yanaşı, bu işin həddən artıq çətin
olduğunu da bildirmişik. Çoxdan
arzusunda olduğumuz belə ümumiləşdirici əsərin
artıq Azərbaycanda meydana çıxması təkcə
qardaş ölkənin mühacirətşünaslığı
üçün deyil, bütövlükdə ümumtürk
tarixşünaslığında əlamətdar hadisədir.
Nəhayət, dəyərli araşdırıcılar Georgi Mamulia və Ramiz Abutalıbov son dərəcə çətin bir işin öhdəsindən bacarıqla gələrək Azərbaycan siyasi mühacirətinin tarixinə həsr edilmiş “Odlar ölkəsi. Azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər” adlı çox önəmli, monumental bir əsəri Bakıda öncə rus dilində ortaya qoydular. Sevindirici haldır ki, kitab tezliklə Azərbaycan türkcəsinə də çevrilərək nəşrə hazırlanıb. Onun ana dilindəki nəşrinə ön söz yazmağımız haqqında müəlliflərin təklifini özümüzə şərəf bilərək bu işə məmnuniyyətlə razılıq verdik. Aşağıda həm əsərlə, həm də əsərdə qaldırılmış bəzi vacib məqamlarla bağlı düşüncələrimizi artıq yetərincə doğmalaşdığımız Azərbaycan oxucuları ilə bölüşmək istəyirik.
Bu başdan bildirək ki, Mamulia və Abutalıbovun qələmindən çıxmış əsəri diqqətlə oxuduqdan sonra bu qənaətə gəldik ki, müəlliflərin başlıca hədəfi Azərbaycan siyasi mühacirətinin tarixi olsa da bu əsərdən Azərbaycanla yanaşı, Dağıstan və Şimali Qafqaz, Volqa-Ural, Türküstan... mühacirətinin siyasi fəaliyyəti haqqında da geniş bilgi əldə etmək mümkündür. Bir araşdırıcı kimi bizi ən çox məmnun edən isə əlbəttə, yazarların xarici arxivlərdən (özəlliklə Fransa, İngiltərə və Rusiya arxivlərindən) əldə etdikləri xeyli sayda yeni materialları ilk dəfə olaraq elmi dövriyyəyə cəlb etməsidir. Həmin arxiv sənədləri Türkiyə tədqiqatçıları üçün də çox maraqlıdır.
Əslində mühacirət mövzusunda yazılan hər bir əsərin dəyərini, bizcə, ilk növbədə onda hansı arxivlərin bəlgələrindən necə yararlanıldığına görə vermək lazımdır. Haqqında danışdığımız kitab bu baxımdan ən xoş sözlərə layiqdir, çünki əsərin hər bir cümləsi arxasında ən etibarlı bir sənəd dayanır və həmin sənəd ən nüfuzlu bir arxivdən götürülüb.
“Azərbaycan mühacirətinin siyasi tarixi” əsərinin məzmunu və məqsədləri ilə sıx bağlı olduğuna görə burada ilk növbədə siyasi mühacirət xadimlərin özəl arxivlərinin taleyindən söz açmaq istəyirik. Daha çox Türkiyədə yaşayıb fəaliyyət göstərmiş bir çox mühacir siyasi liderlərlə şəxsən tanış olaraq sonradan onları özəl arxivlərinin taleyini diqqətlə izləmiş bir araşdırıcı olaraq deyə bilərik ki, bu sahədəki durum o qədər də ürəkaçan deyil (bunun mənfi nəticəsini isə əlbəttə, ilk növbədə tədqiqatçılar hiss edir).
Siyasi mühacirlərin həlledici qismi yazı-pozu ilə fəal şəkildə məşğul olan insanlardan ibarətdir və təbii ki, onlar yaşadıqları ölkədə özlərinin az-çox dərəcədə zəngin arxivlərini yaradıblar. Bəzi dövlətlərdə belə arxivlərə maraq göstərilir. Məsələn, Orta Asiya ilə yaxından maraqlanan Yaponiya və ABŞ illərdir bazardan sənəd toplamaqda və ixtisas kitabxanaları qurmaqdadır. Ancaq hər yerdə belə olmur. Ömürlərini qürbətdə başa vurmuş siyasi xadimlərin az qisminin arxiv irsi adıbəlli dövlət qurumlarına və rəsmi adamlara, yaxud fondlara təhvil verilib, əksər hallarda isə yiyəsizlik üzündən itib-batıb.
1991-1992-ci illərdən sonra müstəqilliyini yenidən qazanmış Türk cümhuriyyətlərinin bəzilərində siyasi mühacirətin arxivlərinin öz ölkəsinə qaytarılmasına qayğı ilə yanaşılır və bundan ötrü maliyyə qaynaqları ayrılır. Məsələn, bu milli-mənəvi sərvəti xalqa qaytarmaqdan ötrü əlindən gələni əsirgəməyən Qazaxıstan dövləti Almaniyada – Münxendə uzun illər “Azadlıq” radiosunun Qazax bölməsinə başçılıq etmiş, Şərqi Türküstandan mühacir olaraq Türkiyəyə gəlmiş Həsən Oraltayın arxivini onun sağlığında satın alıb. “Azadlıq” radiosunun Volqa-Ural bölməsində uzun illər çalışmış Əli Akış isə özünün şəxsi arxivini Tatarıstana bağışlayıb. Özəl arxivlərin Vətənə qaytarılması sahəsində ən fərəhli işlərdən biri qardaş Azərbaycanda görülüb. Vaxtilə UNESCO-da şöbə müdiri işləyən görkəmli diplomat, haqqında danışdığımız kitabın yazarlarından biri olan hörmətli Ramiz Abutalıbov özünün səmimi insani münasibətləri və inandırıcı davranışları nəticəsində Parisdə yaşayan Azərbaycan siyasi mühacirətinin Əlimərdan bəy Topçubaşı, Ceyhun bəy Hacıbəyli və başqa görkəmli xadimlərinin minlərcə sənədini onların övladlarından götürərək Azərbaycana aparıb və dövlət arxivlərinə təhvil verib.
Türküstanın müstəqilliyi yolunda çarpışanlardan, 1917-1918-ci illərdə bir müddət Xocənd hökumətinə başçılıq etmiş Mustafa Çokayoğlu Avropaya gedib və həyatının son ili çıxılmaqla Parisdə yaşayıb. O, Türküstan Milli Birliyi və “Prometey” təşkilatlarında çalışan, 1929-1939-cu illər arasında yaxın yoldaşları doktor Tahir Çağatay və doktor Əbdülvahab Oktayın köməyi ilə Berlində “Yaş Türküstan” (“Gənc Türküstan”) dərgisinin 117 sayını nəşr edib. Çokayoğlu 1941-ci ildə Rusiya-Almaniya savaşı başlandıqdan sonra tutularaq Almaniyaya gətirilib və yatalağa tutularaq 1941-ci ildə Berlində dünyasını dəyişib. Onun özəl arxivini həyat yoldaşı Mariya Yakovlevna uzun müddət qayğı ilə qoruyaraq saxlayıb, ancaq sonrakı illərdə arxiv parçalanıb. Ərinin kitabxanasını və arxivinin əlində qalan son qismini xanım Parisdəki İNALCO-ya (Şərq Dilləri İnstitutuna) təhvil verib. Bu arxivin bir qisminin doktor T.Çağatayda və doktor Ə.Oktayda olduğu anlaşılır.
Kiçik bir bölümü üzərində apardığımız çalışmaya əsasən deyə bilərik ki, Çokayoğlunun sənədləri son dərəcə nizamlıdır – ona göndərilmiş bütün məktubların üzərində rəngli qələmlə alınma tarixlərini yazıb, uzaqdan da olsa izlədiyi Sovet mətbuatından kəsdiyi qəzet məqalələrinin üzərində kiçik qeydlər aparıb.
Tahir Çağatayın ölümündən sonra yoldaşı, Ayaz İshaqinin qızı Səadət Çağatay tərəfindən qurulan Ayaz-Tahir Türküstan-Volqa Vəqfində qorunan Çokayoğlu sənədləri araşdırıcıların üzünə bağlıdır. Çokayoğlunun doktor Oktaydakı arxivi 1968-ci ildə onun vəfatı ilə yalqız qalan və övladı olmayan həyat yoldaşı doktor Səidə Oktaydan sonra dağılıb. Zəki Vəlidi Toğan haqqında əsər yazan, sənəd toplamaq və kitabxanalarda incələmə aparmaq üçün İstanbula gələrək bir müddət orada yaşayan bir yapon araşdırıcı Oktaydakı arxivdən götürülmüş, ona göndərilən 107 məktub və poçt açıqcasını sahafdan (köhnə kitab satanlardan) satın alıb. İncələmə imkanı tapdığımız məktubları Səadət Çağatay, Yaqub Fevzi Elbek, İbrahim Yarkın (özbək professor), Əhməd Şəkuri Ataman, Rasim Özgən, Nəsrəddin Şirahmat, Mehmet Ereli, Salih Erkinkol (özbək professor), Şəfiqə Qaspıralı, Sabir Türküstanlı, Mustafa Vəkilli, Mehmet Əmin Buğra yazıb.
Oktaylardakı Çokayoğluna aid sənədlərin hamısı bir müddət dövlət naziri olmuş, Əfqanıstan doğumlu özbək Əhəd Əndicana keçib. Əndican da onları dəyərləndirərək “Cədidizmdən müstəqilliyə xaricdə Türküstan mücadiləsi” adlı iri həcmli dəyərli bir əsər nəşr edib. Əndican Çokayoğlu ilə bağlı sənədlərin qaynağını göstərməyə ehtiyac duymayaraq onların özünün arxivində olduğunu göstərib.
Sovet dönəmində siyasi mühacir durumuna düşmüş siyasətçi və elm adamları içində dünya miqyasında tanınmışlardan Zəki Vəlidi Toğan bu gün ən önəmli qaynaqlardan sayılan “Xatirələr”ini ölümündən bir il öncə – 1969-cu ildə nəşr etdirib. Toğan 1925-ci ildə gəldiyi Türkiyədə 1932-ci ildəki I Türk Tarix Qurultayından sonra yaranmış elmi görüşləri üzündən 1939-cu ilədək ölkə xaricində yaşayıb. Onun siyasətçi və elm adamı kimi geniş bir çevrə ilə əlaqədə olduğu və xəbərləşdiyi dəqiqdir. “Xatirələr”inin ikinci nəşri 30 il sonra gerçəkləşib. Toğanın zəngin arxivinin olduğu bəllidir. İkisi də elmi işçi (biri tarixçi) olan övladları onun arxivini təsvir etməyiblər və indiyədək araşdırıcıların üzünə qapalı tutmaqdadırlar.
Azərbaycan siyasi müxalifətinin liderlərindən Məhəmmədəmin Rəsulzadə özəl arxivinin aqibəti baxımından bəxti gətirməyənlərdəndir. 1955-ci ildə vəfatından sonra sənədləri bir müddət həyat yoldaşı Leyla xanımın ixtiyarında qalıb, onun da ölümündən sonra isə müxtəlif əllərə düşüb. Sənədlərin bir bölümü professor doktor Fikrət Türkməndə, bir bölümü Kərim Odərdə olub. Odərdəki sənədlər onun vəfatından sonra İzmir Ege Universitetinin kafedra müdiri professor doktor Yavuz Akpınara keçib. Görkəmli siyasi mühacir Əbdüləli bəy Əmircanın oğlu, II Dünya savaşı dönəmində Almaniyada “Təsvir” qəzetinin müxbiri olmaqla yanaşı, Azərbaycan Milli Komitəsində də çalışan Fuad Əmircan Rəsulzadənin ona yazdığı məktubları və çox güman ki, başqa sənədləri də olan bir qovluğu Azərbaycan mühacirətinin öndərlərindən doktor Məhəmməd Kəngərliyə verib. Kəngərli topladığı sənədləri Azərbaycana təhvil vermək üçün hazırlaşdığı əsnada vəfat etdiyi üçün istəyi gerçəkləşməyib.
Müxtəlif arxivlərdə qarşımıza çıxan məktublarına baxdıqda Rəsulzadənin çox geniş bir çevrə ilə yazışdığını söyləyə bilirik. Onun Əlimərdan bəy Topçubaşı ilə yazışmaları Ramiz Abutalıbovun təşəbbüsü və çalışmaları sayəsində Moskvada kitab kimi buraxılıb. Azərbaycanda siyasi mühacirətlə bağlı çalışanların Rəsulzadə məktublarının toplanmasına xüsusilə diqqət yetirmələrini vacib sayırıq.
Özəl arxivinin taleyi maraq doğuranlar içərisində, təbii ki, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu öndə gedirlər. Əli bəyin qızlarının qayğı və diqqətlə qoruyub saxladığı arxiv öncə İzmir Ege Universitetinin Tibb fakültəsində professor doktor Əliheydər Bayatın öhdəsində qalıb. Bayat bu sənədlərə dayanaraq “Hüseynzadə Əli bəy” adlı əsərini hazırlayıb. Bayatın ölümündən sonra bir qismi dağılan sənədləri professor doktor Yavuz Akpınar toplayaraq Ege Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümünə təhvil verib. Onun başçılığı altında sənədlər elektron versiyaya çevrilərək araşdırıcıların istifadəsinə hazırlanmaqdadır.
Əhməd Ağaoğlunun sənədləri ikinci qızı Tezər Taşkıranda qalıb, onun vəfatından sonra isə oğlu Mete Taşkırana keçib. Ehtimal ki, önəmli yazışmalardan ibarət bu arxivin gələcəyinin yaxşı olacağını arzu etmək gərəkdir. Əhməd bəyin oğlu, bir çox önəmli əsərlərin müəllifi Səməd Ağaoğlunun sənədləri onun oğlu Təktaş Ağaoğlunun əlindədir. Türkiyədəki marksist təşkilatlara qoşulan və bir müddət ölkə xaricində yaşayan T.Ağaoğlunun həmin arxivi sonadək qoruyub saxlayacağı və lazımlı ünvana çatdıracağı şübhəli görünür...
Krım türklərinin siyasi öndəri Cəfər Seyidəhməd Kırımər Türkiyədə yaşayan və ya gəlib-keçən mühacir öndərlər arasında fərqli bir mövqe yiyəsidir. O, Krım Milli Mərkəzinin sədri olaraq vətəninin yenidən müstəqillik qazanması uğrunda apardığı mücadiləyə ölümünədək öndərlik edib. 1930-cu ildə Rumıniyada nəşriyyata başlayan və Milli Mərkəzin orqanı halına gətirilən “Əməl” dərgisindəki məqalələri Avropanın siyasi vəziyyəti və kommunizmin tətbiqi baxımından maraq doğurur. Kırımərin geniş bir coğrafiyada fərqli dillərdə nəşr edilmiş çox sayda kitab və məqalələri var.
Kırımər ümumtürk siyasi mühacirətinin bir-birini çox da həzm etməyən üzvləri arasında bütün qruplarda nizamlı və möhkəm əlaqələrini davam etdirən yeganə şəxsdir. Bu özəlliyinə görə bütün mühacirət kəsimləri ilə çox isti təması olub, bu üzdən də onun özəl arxivində zəngin material toplanıb. O, gündəlik tutduğu qeydlərə əsasən xatirələrini qələmə alıb; onların nəşrə hazır qismini yoldaşları vəfatından sonra nəşr etdirib. Onun kiçik cib dəftərçələrinə yazdığı gündəlik qeydlərinin 1954-1960-cı illəri əhatə edən bölümü işıq üzü görüb. Üzərində çalışdığımız gündəlik qeydlərin 1920-1960-cı illəri bütöv halda ən yaxın zamanda nəşr ediləcək.
1960-cı ildə vəfat etmiş Kırımərin arxivini Krım Milli Mərkəzinin üzvləri qoruyaraq saxlayıb. Milli Mərkəzin Müstəcib Ülküsaldan sonra sədri olmuş İsmayıl Otarın dönəmində müstəqil bir binada Kırımər, Müstəcib Ülküsal, Edge Mustafa Kırımal və Abdullah Zihni Soysalın sənədlərindən ibarət arxivlə yanaşı, xarici Türklərin Yaponiya, Mancuriya, Qafqaz, Rumıniya, Almaniya, Polşa, Fransa və Türkiyədə müxtəlif tarixlərdə nəşr etdiyi dövri mətbuatın dəstlərindən ibarət bənzərsiz bir kitabxana da mühafizə edilir. Bu gün araşdırıcılara qapalı olan həmin arxivdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məktubları, ümumtürk mühacirətinin bir araya gələrək qurduğu təşkilatlarla bağlı önəmli qovluqlar saxlanmaqdadır.
Şimali Qafqaz nümayəndəsi Heydər Bammatın ətrafında kiçik bir qrup toplaşmasına baxmayaraq o, mühacirətdə önəmli rol oynayıb. Bammat qafqazlılarla, ümumiyyətlə, özünə yaxın olan adamlarla daim xəbərləşib. Onun zəngin arxivindəki materiallar haqqında əlimizdə 872 yazışmanı əhatə edən zəngin bir siyahı var. Bu siyahıda Məhəmməd Əmin Rəsulzadə və Mustafa Vəkillinin ona göndərdiyi birər məktub da qeyd olunub. Oğullarından Nəcməddin Bammata qalan bütün sənədlər onun ölümündən sonra İstanbulda İRCİCA-ya – İslam Tarix, Sənət və Kültür Araşdırma Mərkəzinə verilib. Mərkəz illərdən bəridir arxivi araşdırıcıların üzünə bağlı saxlayır.
lll
Mamulia və Abutalıbovun bu dəyərli əsərində önəmli yerlərdən birini almanların II Dünya savaşında Türk hərbi əsirlərindən təşkil etdiyi milli legionlar məsələsi tutur. Müəlliflər doğru olaraq göstərirlər ki, bu legionlarda alman forması geyinərək əlinə silah götürənlər bunu Hitlerə sevgilərindən deyil, Stalinə nifrətləri üzündən, özlərinin ana yurdunu işğaldan təmizləyərək müstəqil dövlətlərini qurmaq istəyindən edirdilər. Əsərdə xüsusən Ə.Fətəlibəyli-Düdənginskinin Almaniyanın hakim dairələri ilə sərt danışıqları, onun rus generalı Vlasovla əməkdaşlıqdan imtina etməsi kimi bir çox faktlar maraq doğurur. Yanılmırıqsa, əsərdə legionerlərlə bağlı mühakimələrin ümumi konsepsiyasını Ramiz Abutalıbov hələ 2007-ci ildə Moskvada nəşr etdirdiyi rusca “Yadlar arasında doğmalar, doğmalar arasında yadlar” kitabında verib. Bizcə, “Azərbaycan siyasi mühacirətinin tarixi” əsərində əksini tapmış legionlara münasibət Azərbaycanda onlara qarşı indi mövcud olan ümumən müsbət ictimai rəyi əks etdirir.
Sovetlər Birliyi dağıldıqdan sonra legionlar məsələsinə təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də ciddi maraq yaranıb. Doğrudur, legionlara münasibət ölkədən ölkəyə və araşdırıcıdan araşdırıcıya müxtəlif şəkildə dəyişir və bir çox hallarda tam ziddiyyətli olur. Azərbaycanlı legionlar haqqında yazılan əsərlərin mahiyyəti və münasibətləri fərqlidir. Məsələn, Məmməd Cəfərli hadisələrə və adamlara toxunmadan yalnız legionerlərin nəşr etdiyi dövri mətbuatı dəyərləndirib. Bunu öz tərzində uğurlu bir əsər saymaq olar. Nəsiman Yaqublu bu mövzuda ən çox qələm işlədənlərdəndir. Onun “Azərbaycan legionerləri” və “Əbdürrəhman Fətəli bəy Düdənginski” adlı iki əsəri var. Azərbaycanda bu mövzu ilə bağlı Nəsiman Yaqublu ilə Cəmil Həsənlinin fərqli görüşləri mətbuatda öz əksini tapıb.
Doğrudur, “Azərbaycan siyasi mühacirətinin tarixi” kitabının müəllifləri bu tədqiqatda Avropa arxivlərinin materiallarına daha çox üstünlük veriblər, ancaq legionlardan danışarkən bu haqda yazılmış başqa əsərlərə də müraciət etmək faydalı olardı. Məsələn, İsgəndər Gilyazovun alman qaynaqlarından yararlanmaqla Tatarıstanda hazırlayıb nəşr etdirdiyi əsər yüksək elmi səviyyəsi və ciddi məzmunu ilə diqqəti cəlb edir. Almanların əsir düşərgələrini ziyarət üçün qurduğu ilk heyətdə olmuş tatarıstanlı professor doktor Əhməd Temir “60 il-Almaniya (1936-1996). Bir yabançının gözü ilə gəzintilər, araşdırmalar, xatirələr” adlı kitabında Almaniyadakı tələbəlik dönəmi xatirələri içində II Dünya savaşı sırasında əsir düşərgələrinə ziyarət zamanı gördüklərini əks etdirib.
Qazax legionları ilə də bağlı Türkiyə və Qazaxıstanda əsərlər nəşr edilib. Özbəklərdən Hüseyn İkram xanın öz xatirələrindən ibarət əsəri, Ənvər Altaylının isə Ruzi Nazar haqqında əsəri mövcuddur.
lll
“Azərbaycan siyasi mühacirətinin tarixi”ndə ən mərkəzi mövzulardan biri siyasi mühacirət nümayəndələrinin Avropa ölkələri siyasi qurumları ilə əməkdaşlığı, Avropanın Qafqaz ölkələrinin, o sıradan Azərbaycanın müstəqilliyinə necə yanaşması məsələsidir. Olduqca zəngin arxiv materialları əsasında yüksək peşəkarlıqla işlənmiş bu mövzunun işığında biz də Avropanın Qafqaz siyasətinin bəzi xətlərinə bir daha göz yetirməyi faydalı sayırıq.
Almaniyanın siyasi Şərq olaraq qəbul etdiyi sərhəd Polşa, Ukrayna və Baltik məmləkətlərindən başlayırdı. O, əzəli rəqibi olan İngiltərəni gücsüz hala gətirə bilmək üçün hər şeydən öncə onu müsəlman ölkələrindəki müstəmləkələrində zəiflətməyi planlaşdırmışdı. Bunu bacarmaq üçün I Dünya savaşından qabaq Osmanlı dövləti ilə anlaşmış, bununla da İngiltərə ilə illərdir davam edən klassik əməkdaşlığına son vermişdi. Beləliklə, onun tarixi düşmən olaraq qəbul etdiyi Rusiyaya yeni düşmən – İngiltərə də qoşulmuşdu. Bu iki ölkənin ağalığı altında geniş bir sahəyə yayılan müsəlman millətlər, türklər vardı.
Dövlətin rəsmi qurumu olmasına baxmayaraq, birbaşa başkomandan vəkili (müavini) Ənvər paşadan əmr alan Təşkilati-Məxsusə vasitəsilə Qafqaz, Türküstan, Əfqanıstan və Hindistanda İngiltərə əleyhinə üsyanlar qaldırılması düşünülmüşdü. Savaş içində bu düşüncəyə uyğun əməliyyatlar aparılmışdı. Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Rəsulzadə Müsavat Partiyasının quruluşu ilə bağlı yazısında belə deyir: “I dünya savaşı başlandığı sırada və başladıqdan sonra əslən şirvanlı olub İstanbulda müəllimlik edən Şərif bəy adlı birisi Bakıda peyda oldu. Bizimlə tanış oldu, özünün “İttihad və Tərəqqi” firqəsi tərəfindən göndərildiyini söylədi. Biz də bəzi təhqiqatdan sonra bu adama inandıq və bərabər çalışmağa başladıq. Şərif bəy bizdən Terek çayı üzərindəki körpünün xarab edilməsini və Qafqazda üsyan çıxarılmasını istəyirdi. Bu işlər üçün də pul verəcəyini, bomba və silahların da İran yolu ilə Almaniya səfirliyi əli göndəriləcəyini bildirdi. Bu hərəkəti öhdəsinə götürən Şimali Qafqazlı Uzun Hacı bombaları və pulu almasına baxmayaraq işi görməkdən vaz keçmişdi”.
Qafqaz millətlərinin müstəqillik mücadiləsini Türkiyənin dəstəyi ilə qüvvətləndirmək üçün İstanbulda Fuad paşanın sədrliyi altında “Qafqaz Komitəsi” adlı bir təşkilat qurulmuşdu. Komitənin idarəsi azərbaycanlıların və gürcülərin əlində idi. Almanlar osmanlıların turançı fəaliyyətindən şübhələnmişdi. Gürcüstan haqqında düşüncələri olan Almaniya çarizmə qarşı olan müxaliflərdən istifadə edirdi. Almanların Ərzurumda qurduğu Almaniya İrtibat Qərargahında çalışan, II Dünya savaşı zamanı siyasi mühacirətlə əlaqələri idarə edən F.W. von der Schulenburg gələcəkdə öhdəsinə götürdüyü vəzifəni asanlaşdıracaq dostluqların təməlini bu dönəmdə qoymuşdu.
Savaşın son illərində almanlar Qafqaz nefti və mədənləri ilə yaxından maraqlanırdı. Osmanlı dövlətinin Brest-Litovsk anlaşması ilə Qars, Batum və Ərdahanı geri almasından, Əfqanıstan, Hindistan və İrana gedən yolların qovşağındakı Zaqafqaziyanın Osmanlı təsiri altına girməsindən Almaniya məmnun qalmamışdı. 29 aprel 1918-ci ildə Almaniya Xarici İşlər Nazirliyi “Türkiyə ilə Zaqafqaziya haqqında aparılacaq müzakirələrdə əsas götürüləcək normalar” adı altında bir prinsiplər paketi hazırladı. Bu sənədə görə, Batum limanı və Zaqafqaziyanın dəmiryolları Almaniya, Zaqafqaziya və çox az miqdarda da Osmanlı sərmayəsi ilə qurulan, dövlət nəzarətində olan və almanların üstünlük təşkil etdiyi bir qurum tərəfindən işlədilməli idi. Zaqafqaziyadakı bütün yeraltı sərvətlər dövlət intiharında olmalı və bu sərvətlərdən yararlanma haqqı Almaniya və Zaqafqaziyanın bərabərhüquqlu şəkildə quracağı bir mədən şirkətinə veriləcəkdi.
Bu tarixdən sonra Osmanlı-Almaniya münasibətlərində Qafqaz məsələsi ilə bağlı müxtəlif dönəmlərdə gərginlik meydana çıxdı. Ənvər paşa almanlara Bakıya girməyəcəklərinə boyun olarkən qardaşı Nuru paşaya Bakıdakı Türklərin erməni zülmündən qurtarılması təlimatını vermişdi.
22 aprel 1918-ci ildə Osmanlının tələbi ilə Zaqafqaziya Federativ Cümhuriyyəti rəsmən elan edildi. Birlik 1 ay 4 gün sonra – 26 mayda özünü buraxdı, çünki mənafeləri qarşılıqlı şəkildə daim çarpışan, ətraf qonşuları ilə tarixi əlaqələri və bağlantıları fərqli olan ölkələrin bir çətir altında uzun müddət birgə yaşaması mümkün deyildi. Bundan sonra Gürcüstan, Azərbaycan və Ermənistan müstəqil dövlət olaraq dünya siyasətində yer aldılar. 23 aydan sonra Azərbaycan yenidən Rusiya işğalına uğrasa da Gürcüstanda menşeviklər hələ iqtidarda idi.
Zaqafqaziyadakı sərvətləri özünün dövlət mənafeyinə uyğun işlədə bilmək üçün İngiltərə bölgə millətlərindən faydalandı. Bu məqsədlə gürcülərin ehtiyaclarından öz mənafeyi üçün yararlanaraq Gürcüstandan tampon dövlət kimi istifadə etdi. O, ilk növbədə 1919-cu ilin martında Tiflis-Batum dəmiryolu xəttini gürcülərə qaytardı. Beləliklə, bölgədəki dəmiryolları üzərində nəzarəti ələ keçirən gürcülər onların idarəsinə də yiyələndilər.
Denikin gücünü itirdikdən sonra Avropa dövlətləri Azərbaycan, Gürcüstan və Ermənistan arasında bir birlik qurmağa çalışdılar. Aralarındakı sərhəd məsələləri və davam edən çarpışmalar üzündən bu birliyin təşkili olduqca çətindi. Bolşeviklərin Bakıya irəliləməsi zamanı Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisə yeni təyin edilmiş İngiltərə komissarı Harri Lukeaya müraciət edərək, hərbi qüvvə göndərməsi üçün Gürcüstanı razı salmağı tələb etdi. Bu tələbə cavab vermək üçün iclas toplanmasına baxmayaraq 28 aprel 1920-ci ildə Bakı bolşeviklərin əlinə keçdi.
Azərbaycanda rusların qurduğu Sovet rejimi Gürcüstanın müstəqilliyi üçün ciddi təhlükə idi. Bu qorxu üzündən Gürcüstan qismən səfərbərlik elan etmiş, bütün əsgəri qüvvələrini Azərbaycan sərhədinə yönəltmişdi. Gürcüstan da bolşevik ağalığı altına düşənədək olan bütün dönəmdə siyasi baxımdan çox sıxıntılar yaşadı. Əli Fuad paşa xatirələrində bu durumu belə anladır: “İngilis imperializmi, himayə edər kimi göründüyü bu dövləti bir tərəfdən yemlik kimi rusların önünə atır, digər tərəfdən gələcəkdə bolşevik istilasına qarşı qüvvətli bir sədd təşkil edə biləcək türkləri yunanlar və ermənilər vasitəsilə siyasət səhnəsindən uzaqlaşdırıb yox etməyə çalışırdı. Gürcülər də hamilərinin ortadan qaldırmaq istədiyi bir millətin təmsilçilərindən imdad istəyə bilmək üçün müxtəlif çarələrə üz tuturdu”.
Dövlətlərinin bolşevik işğalına uğramasından sonra Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Ermənistan siyasi xadimləri siyasi mühacirət dönəmində keçmişdə yaşanmış olayların təsiri altında zaman-zaman yola getmir, zaman-zaman da onlardan dərs alaraq ümumi mənafeyə uyğun ortaq addımlar atırdılar. 6 may 1920-ci ildə Çeçenistanda Vedeno ətrafındakı Kuetaj-Kortda Türkiyədən gəlmiş Şimali Qafqazlı Əziz Meker, İsmayıl Həqqi Berkok və Mustafa Butbayın rəhbərliyi altında bir qurultay toplandı. Dağıstanlı, çeçen və inquş nümayəndələr Şimali Qafqazda müstəqil bir cümhuriyyət qurmaq üçün çalışmağa and içdilər. Əziz Meker və yoldaşları Qafqazdakı görüşmələrdən dönüşdə Trabzonda Kazım Qarabəkir paşa vasitəsilə Türkiyə Böyük Millət Məclisi (TBMM) rəhbərliyinə bu səfərlə bağlı raport təqdim etdilər. Bolşevizm və Türkiyə-Sovet əlaqələri mövzusundakı bir çox məsələləri əhatə edən həmin raport Mustafa Kamal paşaya və TBMM Hökumətinin izləyəcəyi siyasətə yetərincə təsir göstərdi.
17 fevral 1921-ci ildə Şimali Qafqaz Cümhuriyyətinin keçmiş xarici işlər naziri Heydər Bammatın sədr olduğu Azərbaycan-Şimali Qafqaz Komitəsi quruldu. Komitə Şimali Qafqaz və Azərbaycanın bolşevik işğalından qurtarılmasına və Şimali Qafqaz – Gürcüstan – Azərbaycan – Ermənistan konfederasiyasının qurulmasına çalışmalı idi.
Mamulia və Abutalıbovun əsərində adı ən çox çəkilən Türkiyə dövlət adamlarından biri Bəkir Sami Kunduxdur (1865-1933). Çar ordusunda qulluq edərkən çeçen və osetinlərdən ibarət bir qaçqın qrupunun başında Anadoluya gəlmiş Musa paşanın oğlu olan Bəkir Sami bəy Şimali Qafqazın Osetiya bölgəsində doğulub. O, Osmanlı dönəmində müxtəlif vəzifələrdə işləyib. Ərzurum qurultayından sonra Milli Mücadiləyə qoşulub. Son Osmanlı Məbusan Məclisinə (Parlamentinə) Amasiyadan millət vəkili seçilib. TBMM-nin ilk hökumətində xarici işlər naziri təyin edilib. Moskvada Lenin, Stalin, Çiçerin ilə görüşüb. Görüşmələr uzanınca Şimali Qafqaza gedərək orada müxtəlif ziyarət və təmaslarda bulunub. London konfransına Ankara heyətinin rəhbəri olaraq qatılıb, Azərbaycan, Gürcüstan, Ermənistan və Qərb ölkələrinin dövlət adamlarıyla görüşlər keçirib. Ankaranın icazəsini almadan İngiltərə, Fransa və İtaliya ilə imzaladığı anlaşmalar TBMM-də təsdiqlənmədiyinə görə 8 may 1921-ci ildə nazirlikdən istefa verib. Mustafa Kamal Atatürkün tələbi ilə təkrar vəzifələndirilərək Avropaya göndərilib. Qafqaz Konfederasiyasının qurulması uğrunda çalışıb. Sonrakı illərdə gözdən düşüb və siyasətdən uzaqlaşıb.
TBMM-nin Fransadakı təmsilçisi və Paris elçisi Əhməd Fərid Tək Lozanna görüşmələri əsnasında Əlimərdan bəy Topçubaşını Türkiyə heyətinin təmsilçisi İsmət paşaya təqdim edib. Ə.F.Tək Türk Ocağının qurucularından biri və ilk sədridir. Yenə Lozannada Topçubaşıya mehmandarlıq edən Türkiyə heyəti üzvlərindən Mustafa Zühtü İnhan Mülkiyə məktəbini bitirib. O, Almaniyada iqtisad təhsili görüb, İstanbul Universitetinin Hüquq fakültəsində müəllimlik edib. Türk Ocağı mərkəz heyətinin üzvü olan İnhan Volqa-Urallı böyük mütəfəkkir, Türk Ocağı mənsubu Yusif Akçuraoğlu və Əhməd Fərid Tək ilə bacanaqdı.
Haqqında söz açdığımız araşdırmaya qədər Azərbaycan siyasi mühacirətinin Türkiyədə qurduğu ilk təşkilatın 27 aprel 1924-cü il tarixdə yaranmış Azərbaycan Milli Mərkəzi olduğu bilinirdi. Əsərdən aydınlaşır ki, bundan öncə İstanbulda Musa Rəfiyevin sədrliyi altında Azərbaycan Komitəsi qurulub, onun sədrliyinə Məhəmməd Əmin Rəsulzadəyə keçdikdən sonra həmin qurum “Azərbaycan İstiqlal Komitəsi” adını alıb. 26 fevral 1927-ci ildə isə Türkiyədə mövcud olan bütün siyasi mühacirət qruplarının təmsil edildiyi Azərbaycan Milli Mərkəzi yaradılıb və Əlimərdan bəy Topçubaşı Mərkəzin sədri, Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməhəmmədli, Əkbər ağa Şeyxülislam, Miryaqub Mehdizadə, Mustafa ağa Vəkilli, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircan isə üzvləri seçiliblər. Topçubaşının sədrliyi fəxri olacaq, əsas işi Rəsulzadənin başçılıq etdiyi, Əmircan və Xasməhəmmədlinin üzv olduqları katiblik aparacaqdı.
Siyasi mühacirət haqqında ədəbiyyatda ilk dəfə işıq üzü görən məlumatlardan biri də Fransada qurulan Azərbaycan Neft Sahibkarları Cəmiyyətinin sədr müavininin Heydər Bammat olmasıdır. Mühacirət dönəmində çox kəskin siyasi xətt yürüdən, Şimali Qafqazlı mühacirlərdən kiçik bir qrupla əməkdaşlıq edən, ümumiyyətlə, Rəsulzadə və Səid Şamilin qatı əleyhdarı kimi tanınmış Bammatın əlaqələri diqqətçəkəndir. “Prometey”ə zidd qrup yaradan, çıxardığı mətbuat orqanlarının maliyyə qaynağını Yaponiya xüsusi xidmətlərindən alan Bammat 1925-ci ildə Əfqanıstan vətəndaşı olmuş və bu ölkənin İsveçrə səfiri təyin edilmişdi. Bammat qrupunun Qafqaz Federasiyasını qəbul etməklə yanaşı, onun Türkiyəyə sıx şəkildə bağlanmasını istədiyi də vurğulanmaqdadır.
Azərbaycan siyasi mühacirətinin görkəmli xadimlərindən biri də Məhəmmədsadıq Axundzadədir. Mühacirliyi dönəmində əsasən “Mehmet Sadıq Aran”, “Mehmet Sadıq”, “Sadıq Aran” kimi tanınmış bu şəxsin Azərbaycanın və ümumən Sovet məhkumu Türk xalqlarının azadlıq mücadiləsi tarixində böyük xidmətləri var. Onun Məhəmməd Əmin Rəsulzadə ilə əlaqələri sabit deyildi; zaman-zaman birlikdə hərəkət etmələrinə baxmayaraq qarşı-qarşıya gəlmələri də görünməkdədir, ancaq aralarında daim yetərincə möhkəm qarşılıqlı hörmət olub. Aran 1931-ci ildə Finlandiyaya gedərək “Yeni Turan” qəzetini çıxarıb. Haqqında kitab yazmış Səbahəddin Şimşir onun 1936-cı ilədək bu ölkədə yaşadığını bildirib. Aran 1938-ci ildə “Ulus” və “Cümhuriyyət” qəzetlərinin müxbiri kimi İrana gedib. “Cümhuriyyət” qəzetinin 8 fevral 1939-cu il tarixli sayından başlayaraq fasilələrlə İranı tanıdan, vəliəhdin evliliyindən danışan imzasız baş yazı onun qələmindən çıxmış olmalıdır.
Türkiyədə Osmanlı və Cümhuriyyət dönəmlərində müxtəlif səbəblərlə qəzet, jurnal və kitabların ölkəyə girişi və satışı yasaqlanıb və ya onların ölkə içində nəşri dayandırılıb. Türkiyənin qonşu dövlətlərlə və dost ölkələrlə əlaqələrini pozduğu əsas gətirilməklə bəzi yayınların nəşrinə icazə verilməyib. Məsələn, Bakanlar Kurulu (Nazirlər Şurası) İstanbulda Fuad Dəryalın çıxardığı “Kafkas” almanaxının nəşrini dayandırmaq haqqında 1937-ci ildə qərar verib. Rusiya əleyhinə olan bu nəşr insanlığın mahiyyətinə uyğun gəlməyən kommunist rejimini yıxmaq üçün Qafqaz xalqlarının bir federasiyada birləşməsini istəyirdi.
Əsərdə Azərbaycan siyasi mühacirəti ilə bağlı toxunulmayan bir məqam var. Ümumən elmi-siyasi ədəbiyyatda Türk Cəbhəsi ilə bağlı bilgi çox deyil. Müstəcib Ülküsal 1940-cı ildə Buxarestdə məskunlaşmış Rəsulzadə ilə söhbət zamanı ondan Türk Cəbhəsinin aqibətini soruşub. Rəsulzadə bu işin bir neçə baxımdan praktik olmadığını bildirib. Sovet məhkumu Türk xalqları təmsilçilərini özündə birləşdirəcək bir təşkilat olan Türk Elləri Cəbhəsi haqqında ilk dəfə biz ayrıca məqalədə yazmışıq. Bizimlə eyni tarixlərdə Əhəd Əndican da Türküstan haqqındakı əsərində Cəbhə Birliyinə bir bölüm ayırıb.
“Prometey” təşkilatının mərkəzi idarəsində üzv ölkələrin hər biri 2 üzvlə təmsil olunub. İdarəetmədə ən mühüm vəzifələr əsasən Gürcüstan və Ukrayna təmsilçilərinə verilib. “Prometey” sənədlərində təşkilatın bütün idarəçilik pillələrində üzv qrupların hamısının təmsilçisinin olduğu və üzdə birgəlik görüntüsü yaradılsa da əslində təşkilat içində gizli bir etnik qruplaşma vardı. Bu qruplaşmanın mövcudluğunu M.Aran da özünün Finlandiyada yaşadığı illərdə bu ölkəyə gəlmiş “Prometey” rəisi professor Roman Smal Stotski ilə keçirdiyi iki görüş haqqında təəssüratlarını Cəfər Seyidəhməd Kırımərə 22 aprel 1932-ci ildə yazdığı məktubda göstərib. Stotski Sovetlərin dağılması halında Azərbaycan, Türküstan, Volqa-Ural və Dağıstanın müstəqil olacağını, Krıma coğrafi müstəqillik verilə bilməyəcəyini, Krımın Ukraynanın Qara dənizə açarı olduğunu bildirib. 1954-cü ildə Krıma sahib olan Ukrayna iqtidarı Stotskinin keçmiş düşüncələrindən fərqli hərəkət etməyib.
Zarevandın rusca buraxılmış “Türkiyə və panturanizm” adlı əsəri “Prometey” dərgisi idarəsindəki Türk və gürcü qruplar arasında anlaşılmazlıq yaratmışdı. Kitab erməni mənafeyindən turançı düşüncəni dəyərləndirərək Türkiyə xarici siyasətinin özülünün bu fikirdən yarandığını iddia edirdi. Məhəmməd Əmin Rəsulzadə və Mustafa Çokayoğlunun hər biri “Prometey” dərgisində bu kitabı tənqid edən yazılar buraxdı. Bunun ardınca erməni müəlliflər “Dni” məcmuəsində həmin öndərlərə qarşı hücuma keçdilər. Rəsulzadə və Çokayoğlunun “Prometey” dərgisində bu hücumlara cavab vermək tələbinə başda Qvazava olmaqla bəzi gürcülər müsbət fikir bildirmədilər.
Arxivimizdəki bəlgələrdən anladığımıza görə, “Prometey”ə mənsub Türk qruplarının təmsilçiləri 17-26 aprel 1936-cı ildə Parisdə keçirdikləri toplantının sonunda ayrı bir Cəbhə birliyi yaratmağa qərar veriblər. Toplantıya Cəfər Seyidəhməd Kırımər, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Giray Sunç, Miryaqub Mehdizadə, Mustafa Vəkilli, Mustafa Çokayoğlu, Ayaz İshaki qatılıblar. Bu şəxslərin arasında bəlkə ən gənclərindən olan Kırımər sədrliyə, Çokayoğlu katibliyə seçilib. Kırımərə üstünlük verilməsində onun siyasi təcrübəsi ilə yanaşı, mühacirlər arasında əlaqələndirmə istiqamətindəki uğurlarının da böyük rolu olub. O, mühacir öndərlərin heç biri ilə əlaqəsini qırmayıb, Türkiyə hökuməti ilə münasibətini davam etdirib, Türkiyədə yaşayan tək mühacir öndər olması ona üstünlük verilməsini asanlaşdırıb. Toplantının sonunda tərtib edilən və Kırımərin əl yazısıyla qələmə alınmış mətndə Cəbhə birliyi qurulmasının vacibliyi açıqlandıqdan sonra müəyyən edilmiş çalışma üsulu da göstərilib. Yaradılan birliyi idarə edəcək şəxslərin seçimində iştirakçıların anlaşmazlıq və şəxsi çəkişmələri bir kənara qoyaraq razılaşma yolu tutduqları görünür.
Mühacirət ədəbiyyatını darayıb incələməyimizə baxmayaraq yaradılan Cəbhə birliyinin sonrakı illərdəki çalışmaları haqqında mətbuatda hər hansı bir bilgiyə rast gəlmədik. Bu səssizlik ya gizlilik şərtlərindən, ya da çalışmalarda müsbət nəticə alınmamasına görə birliyin qeyri-fəal duruma düşməsindən irəli gələ bilər. Arxivimizdə Cəbhə birliyi ilə sonrakı illərdə aparılmış bəzi çalışmalar haqqında vəsiqələr mövcuddur.
Yeri gəlmişkən, Kırımər həmin toplantıdan sonra Parisdən Varşavaya keçib. Oradan Ayaz İshakiyə göndərdiyi məktubda nəzakətli bir üslubla yeni təşəbbüsün uğur qazanması üçün ondan yardım istəyib. Qısa məktubun siyasi fəaliyyətdəki bütün qruplar kimi “Prometey” öndərlərinin gizlilik prinsipini ciddiliklə gözlədikləri, aralarındakı xəbərləşmənin normal kanallar yerinə kuryer vasitəsilə apardıqları anlaşılmaqdadır, belə ki, Kırımər məktubu İshakiyə yaxın çalışma yoldaşı doktor Ləbib Karan vasitəsilə çatdırıb. Ümumən Kırımər siyasi mühacirlərin Türkiyədəki bütün işlərini izləyib və onların görüşlərini təşkil edib. 1944-1946-cı illər arasında Parlamentə CHP-dən Zonquldaq millət vəkili seçilən və fasilələrlə iki dəfə Əfqanıstanda vəzifə başında olduğuna görə siyasi mühacirəti və Türk dünyasını yaxından tanıyan doktor Rəbii Barkının 12 fevral 1942-ci ildə Kırımərə göndərdiyi məktub dediyimizə örnəkdir. Şəxsi arxivimizdə saxlanan bu məktubda Barkın Miryaqub Mehdizadə ilə keçirdiyi görüşdən danışır, özünün iqtidardakı CHP-nin içindən çıxmış bir şəxs olmasına baxmayaraq bu görüşmə üzündən polisin təqibinə uğradığını və bunu şiddətlə qınadığını bildirir.
1 sentyabr 1939-cu ildə almanların Polşaya hücumu ilə başlayan II Dünya savaşında “Prometey” öndərlərinin Varşavadan çıxması ilə bağlı ən geniş bilgi Ayaz İshakinin bir yazısındadır. Polşa hökuməti 6 sentyabrda “Varşavada təhlükə var” deyərək “Prometey” böyüklərini şəhərdən uzaqlaşdırmağa qərar verib. 6 sentyabrdan 7-sinə keçən gecə saat 1:20-də onlar avtomobillərə minərək yola çıxıblar. Maşın karvanında Rəsulzadə, Mirzəbala, Əli Azərtəkin, Stotski, Səid Şamil, Edige Mustafa Kırımal, Balo Bilatti, gürcü İmnaidze olub. Onlar yolda durumu dəyərləndiriblər. Stotskinin ölkəni tərk etmək və almanlarla görüşüb anlaşaraq fəaliyyətə davam etmək təklifini qəbul etməyiblər. 17 sentyabr günü Polşa-Rumıniya sərhədinə çatıblar. Dəstə Köstəncəyə (Konstansaya) çatdıqda Rəsulzadə Buxarestə gedib. Əslində o, 6 avqustda həyat yoldaşı Leyla xanımla birlikdə Köstəncəyə istirahət üçün gəlmişdi. Pasportu olmadığı üçün II Dünya savaşını bu şəhərdə köhnə dostu, Türkiyənin Rumıniyadakı Böyükelçisi Həmdullah Sübhi Tanrıövərin himayəsində yaşayıb. Rəsulzadə vaxtının çoxunu Türkiyə səfirliyində, ən çox da hərbi attaşe Kənan Qocatürkün kabinetində keçirib. Bu vaxt o, Nizaminin həyatı haqqında möhtəşəm monoqrafiyasını yazmaqda idi. Rusiya, Orta Şərq və dünya siyasəti haqqında çox dəyərli bilgilərini Qocatürklə paylaşan Rəsulzadənin bu mövzuda məqalələrini elçilikdəki diplomat Zəki Kuneralp almancaya çevirib və nəşr edilmək üçün alman mətbuatına göndərib. Rəsulzadənin biblioqrafiyası üzərində çalışan araşdırıcıların bu nöqtəni göz önündə tutmaları gərəkdir.
Türk siyasi mühacirətinin bilinməyən başqa bir səhifəsi. “Prometey” öndərlərinin bir qismi Polşadan İstanbula gəlişlərindən az sonra – 12 fevral 1940-cı ildə Cəfər Seyidəhməd Kırımərin evində toplaşıblar. Yığıncağın çağırılmasını Almaniyanın hücuma keçməsi ilə Avropada yaranmış yeni durum qarşısında ortaq hərəkət xəttinin müəyyənləşdirilməsi zəruri edib. Toplantıya Kırımər, Səid Şamil, Ayaz İshaki və “Prometey”in polşalı idarəçilərindən V.Baczkowski qatılıblar. Kırımər hər zamankı kimi əlaqələndirici vəzifəsini üstünə götürüb. Yığıncağın protokolunu şəxsən Baczkowski qələmə alıb. (Çox fəal mücadilə adamı olan bu polyak toplantıdan sonra xaricdə aparılacaq çarpışmanı yönləndirməkdən ötrü Avropa və Orta Şərqin müxtəlif ölkələri arasında məkik toxuyub). Toplantı gündəlikdəki: a) siyasi durum və hazırlıq fəaliyyətləri, b) hazırlıq fəaliyyətini təşkil etmək, c) gizli idarə mərkəzi məsələləri üzrə keçirilib. Görüşmələrdən sonra keçmiş çalışmalarda əldə edilmiş təcrübələr diqqətə alınaraq idarə mərkəzinin bu 4 şəxsdən ibarət olması qərarlaşdırılıb. Parisdəki Miryaqub Mehdizadə ilə Osman Xocanın, yaxud onun müavini Əhmədcan Okayın da mərkəzin işinə cəlb edilməsi, eləcə də bir müddət Ayaz İshaki Finlandiyaya, Baczkowski də Budapeştə gedəcəklərinə görə mərkəzin sədrliyi və Türkiyənin dövlət dairələri qarşısında mərkəzin təmsil edilməsi Cəfər Seyidəhməd Kırımərə tapşırılıb.
Mamulia və Abutalıbovun bu dəyərli əsərində verilən bilgilər yeni araşdırmalara da yol açır. Məsələn, müəlliflər xarici qaynağa dayanaraq Əbdüləli bəy Əmircanın qızı və Fuad Əmircanın bacısı olan xanımın İstanbuldakı bir agent almanla evləndiyini qeyd ediblər. İndiyədək həmin ailənin yeganə qızının “Təsviri-əfkar” qəzetinin sahibi Ziyad Əbüzziyanın həyat yoldaşı olduğu Vala xanım olduğunu bilirdik. Fuad Əmircanın əmisi oğlu, jurnalist Məhəmməd Əmircanın vəfatı haqqında elana baxdığımızda Məryəm adlı bir qızlarının da olduğunu gördük.
Almanlarla arası yaxşı olmadığına görə Kırımər II Dünya savaşı zamanı siyasi müzakirələrdə iştirak etmək üçün Müstəcib Ülküsal və Edige Mustafa Kırımalı Almaniyaya göndərmişdi. Bu ölkəyə səyahəti haqqında qeydlərini kitab şəklində buraxdıran Ülküsal 27 yanvar 1942-ci il axşamı ziyarətinə getdikləri Hilal Münşinin evində İstanbul Universitetinin tarixi bölümünü bitirmiş “Məryəm” adlı kübar və yaraşıqlı bir azərbaycanlı xanımla tanış olduqlarını qeyd edib. Görəsən, bu Məryəm xanım Əmircan ailəsindəndirmi?
Əmircanlılardan söz düşmüşkən, rəhmətlik dostum doktor Məhəmməd bəy Kəngərli ilə 10 fevral 1999-cu ildə etdiyim söhbətdəki bir məqama burada toxunmaq istəyirik. Mərhum Məhəmməd bəy söyləmişdi ki, Əbdüləli bəy Əmircan öz oğlu Fuad bəyə daim Rəsulzadə ilə birlikdə hərəkət etməsini tövsiyə edirmiş. Fuad Əmircan isə atasının məsləhətinə çox gec qulaq asıb. O, Əli xan Kantemirin Münxendə çıxardığı “Kafkas” dərgisinin 1951-ci il sentyabr-oktyabr tarixli 2-3-cü sayında “Bir izah” başlıqlı yazısında Rəsulzadə haqqında hörmətlə bir neçə cümlə qələmə alıb. Bu cümlələri bəzilərinin təzyiqinə səbəb olduğuna görə dərginin sonrakı saylarında bu haqda görüşlərini açıqlamağa ehtiyac duyub.
Yazımızın sonunda Mamulia və Abutalıbovu belə dəyərli əsərə görə təbrik edir və bir istəyimizi dilə gətiririk. Bu kitabda Avropa arxivlərindən götürülmüş xeyli maraqlı sənədə ilk dəfə istinad edilərək onlardan çıxarışlar verilib. Çox arzu edərdik ki, gələcək araşdırıcıların işini asanlaşdırmaq və ümumən siyasi mühacirətin fəaliyyəti haqqında təsəvvürləri daha da genişləndirmək üçün müəlliflər həmin bəlgələrin tam mətnlərini toplayaraq bir cildlik kitab şəklində ortaya qoysunlar.
Ümidvar olduğumu bildiririk ki, bu iki dəyərli araşdırıcının səmərəli əməkdaşlığı sayəsində ümumtürk mühacirətinin fəaliyyəti haqqında da hələ çox-çox yeni bilgilər əldə edəcəyik. Azərbaycandakı qardaşlarımız demişkən, UĞURLAR OLSUN!
Ankara, 25.12.2014
Ömər ÖZCAN
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.18-19;24-25