Moskva döyüşləri
Qəzetimizin
müxtəlif nömrələrində Xalq
yazıçısı Anarın “Yaşamaq haqqı” əsərinin
bəzi fəsilləri
dərc olunub. Keçən şənbə bu
yazıdan “Qara Yanvar” fəslini dərc etdik. Bu sayımızda 1990-cı ilin Yanvar hadisələrinə
həsr olunmuş başqa bir fəsli oxuculara təqdim edirik.
Fevralda biz – SSRİ Xalq deputatları – Moskvaya yola
düşdük. SSRİ Ali Sovetinin sessiyası Yanvar hadisələrinin
baş verdiyi qış tətilindən sonra öz işinə
başladı. Qara yanvar haqqında həqiqəti
ölkəyə və dünyaya çatdırmaq
üçün daha nüfuzlu və əhəmiyyətli
tribuna Ali Sovetin sessiyası idi. Biz
yaxşı dərk edirdik ki, 19-20 yanvar hadisələrinə
hüquqi qiymət tələb edəndə, dərhal baş
vermiş talanları bizim gözümüzə soxacaqlar.
Artıq deyildiyi kimi, 19-20 Yanvar aksiyasından demək olar ki,
tam sükutla keçən Mərkəzi informasiya vasitələri
13-14 yanvar hadisələri haqqında öz versiyalarını
ətraflı şəkildə bütün dünyaya püfləyib
şişirdə-şişirdə
çatdırmışdılar. Ona görə
də 9 aprel 1989-cu ildə Tiflisdə törədilmiş
qanlı divana münasibət bizim faciəmizə münasibətdən
fərqli idi. Vəziyyətdən mərdanəliklə
çıxmaq tələb olunurdu. Həqiqətə
sadiq qalmaq şərtilə. 13 fevralda,
sessiyanın açılışı ərəfəsində
E.Qafarovanın mehmanxanadakı nömrəsində
toplaşdıq. Qərara gəldik ki, bizim
adımızdan, 19-20 Yanvar hadisələrinin təhqiqatı
üzrə Azərbaycan Ali Sovetində yaradılmış
komissiyanın sədri akademik Midhət Abbasov
çıxış etsin. Mən əmin idim: iclas
başlayan kimi erməni deputatlar tribunaya cumacaqlar, 13-14 yanvar
hadisələrinə istədikləri donu geydirəcəklər
və təklif edəcəklər ki, o günlərdə həlak
olanların xatirəsi anılsın. Belə
olan təqdirdə 19-20 Yanvar qurbanlarının xatirəsini
yad etmək barədə bizim təklifimiz birinci təklifə
qarşı qəsd kimi səslənə bilərdi. Bununla yanaşı 13-14 yanvar hadisələrindən
sükutla keçmək, yalnız qoşunlar şəhərə
girəndən sonra həlak olanların xatirəsini yad etmək
çağırışı ilə təklifi məhdudlaşdırmaq
olmazdı. Qanlı Yanvarda bütün həlak
olanların xatirəsini yad etmək – yeganə məqbul rəy
bu ola bilərdi və təklif də bizdən
gəlməli idi. Mən bu barədə
düşüncələrimi bizim deputatlarla
bölüşdüm və onlar mənimlə
razılaşdılar. 14 fevralda, səhər
iclasının əvvəlində Tofiq İsmayılov israrla
və qətiyyətlə (sədarət ona mane olmağa cəhd
etsə də) bizim təklifi irəli sürdü və
bütün deputatlar, o cümlədən, hərbi libas geyinənlər,
yerlərindən qalxdılar və Bakı qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
O gün,
sessiyanın tətildən sonrakı ilk günü – mən
dörd dəfə çıxış etdim. O
çıxışdan məndə yalnız ikisinin
video-kaseti qalır:
–
Bakıda dəhşətli faciə baş verib, – dedim. –
Talanlardan sonra Bakıya on min hərbi qulluqçu yeritmək
üçün beş gün kifayət
elədi. Amma bu
aksiyanı sanksiyalaşdırmaqdan ötrü Ali Sovetin 540
üzvünü bir yerə toplamaq üçün bu müddət bəs deyilmiş. Biz
burda oturmuşuq, sakitcə müzakirə edirik, Bakıda isə
göz yaşları axır, qan tökülməkdə davam
edir. Bu məsələ müzakirə
olunacaqmı? Bizim seçicilərin rəyi birmənalıdı:
əgər bu məsələyə etinasız
yanaşılacaqsa, Ali Sovetin işində iştirak etməyək
(zalda səs-küy)...
Fasilədən
sonra, saat 12-də iclas yenidən başlandı və sədrlik
edən A.Lukyanov Midhət Abbasova söz verdi
və o da Bakı faciəsinin bütün həqiqətlərini
əks etdirən məruzə ilə çıxış
etdi. Məruzədə ordunun şəhərə zorla
soxulması, dinc vətəndaşların öldürülməsi
təcavüz və Azərbaycan xalqına qarşı cinayət
kimi dəyərləndirilir, beş maddədən
ibarət konkret təkliflər irəli
sürülürdü.
Elə həmin gün saat 16-da Rüstəm İbrahimbəyov
çıxış etdi. Belə ki, onun nitqinin
məzmunu Bakıda baş verən hadisələrlə
bağlı ən vacib məqamlarda kütləvi informasiya
vasitələrinin yalan məlumatlarına toxunurdu.
Sonra R.İbrahimbəyov Azərbaycan deputatları
adından tələb etdi ki, bizdəki bu vəziyyət hər
iki palatada birgə müzakirə edilsin və bu məsələyə
kompleks halında yanaşılaraq siyasi qiymət verilsin.
Sədrlik
edən: (M.Qorbaçov).
–Yaxşı,
beləliklə, Bakıda 19-20 Yanvarda olmuş hadisələrə
siyasi qiymət
vermək məsələsi qaldırılır.
Yerdən
səs: – Bəs 13 yanvar hadisəsi?
M.Qorbaçov:
–13 yanvar
haqqında məsələ qaldırılmır (zalda səs-küy).
Təkrar edirəm, onlar (azərbaycanlı
deputatlar-A.) bu məsələdən yan keçirlər, amma
bu o demək deyil ki, mən bu məsələni
qaldırmıram.
Anar
Rzayev:
–Yoldaşlar,
burada artıq dedilər ki, Sumqayıt hadisələrinə
qiymət vermək lazımdı. Amma axı,
Sumqayıtdan başqa, Ermənistanın Qukarq rayonunda da faciə
baş vermişdi. İndi söhbət
Bakı yanvarından gedir. Biz məsələni belə
qoyuruq: Azərbaycan deputatları, Azərbaycan ictimaiyyəti
Bakıda 13-14 yanvar talanlarını sərt şəkildə,
qeyd-şərtsiz pisləyir. Əgər bunu müzakirə
etmək lazımdırsa, biz bu məsələnin müzakirəsinə
və günahkarları ifşa etməyə
hazırıq. Amma bununla belə talanlarla adekvat cavab olmayan
19-20 Yanvar da
müzakirə edilsin və pislənilsin. Talanların
günahkarlarını yox – 13 yaşlı uşağı,
kor rus insanını öldürüblər, “təcili
yardım”ın həkimini – yəhudini, qoca qarını cəzalandırıblar... Doğrudanmı bütün bunlara
görə heç kim məsuliyyət
daşımır? (Stenoqramdan).
İclasdan sonra R.İbrahimbəyov, H.Turabov və mən
Qorbaçova yaxınlaşdıq və cəhd göstərdik
ki, Bakı aksiyasının acılarını təfsilatı
ilə ona çatdıraq. O cavab verdi: “Ne
nado delat iz armii kozla otpuşeniya”.
–Nə qədər
günahsız insanlar həlak olub,- dedik.
–Ordu
işə qarışmasaydı, yüzlərlə yox, minlərlə,
onminlərlə insan həlak olardı, – Qorbaçov belə
cavab verdi:
Mən:
–Şübhəli
yanaşmadı-dedim- min nəfəri xilas etmək
üçün yüzünü öldürmək
lazımdı,
onda sabah yüz min naminə, min nəfəri, bir
milyon naminə yüz min nəfəri qırmaq olar. Ancaq biz bir dəfə
tarixin bu dərsini keçmişik.
Qorbaçov heç bir cavab vermədi, onunla
yanaşı durmuş Primakov tənə ilə
başını buladı.
Ordunun
ünvanına səslənən ittihamlara Qorbaçovun
xüsusi, həssas
münasibəti onunla bağlı idi ki, ordu onun
hakimiyyətinin yeganə dayağı idi. Yenidənqurma
naminə partiya idarəçiliyinin əsas
strukturlarını dağıdaraq, rejimin fundamental əsaslarını
sarsıdaraq, aşkarlıqdan ötrü tənqid
üçün geniş imkanlar açaraq Qorbaçov sanki
şüşənin ağzını açıb cini
buraxmışdı və indi demək olar ki, ölkədəki
vəziyyətə nəzarət edə bilmirdi. Bu səbəbdən də onun orduya loyal münasibəti
zərurətdən doğurdu. Qorbaçovun səhvi
ondan ibarət idi ki, o Avropada ümumi ev,
öz doğma ölkəsində isə ümumi türmə
inşa etmək istəyirdi. Əgər Ordu həqiqətən
də ölkənin müdafiəçisi qismində
özünü doğrultmuşdusa da, (XX əsrin ikinci yarısında
ölkəyə heç bir hücum olmadığı halda o
kimdən müdafiə etməliydi) hazırda onun davakar
davranışına, dünyanın bir çox ölkələrində
– o cümlədən, Şərqi Avropada, Asiyada, Afrikada
“jandarm”, olmasına, öz ölkəsində isə türmə
nəzarətçisi obrazına bəraət qazandırmaq
olmaz. Əgər Orduya ölkənin rəmzi
kimi yanaşıb onun nüfuzdan salınmasını istəmirsənsə
onu da düşünməlisən ki, tarixin müxtəlif
şəraitlərində ordu müxtəlif cür səciyyələnər.
Moskvanı, Stalinqradı qoruyan, 45-in mayında Berlini alan Ordu vətənpərvərlik, rəşadət
rəmzi idisə, Əfqanıstana girən ordu isə –
rüsvayçılıq örnəyidir. Osvensim məhbuslarını
azad edən silahlı adam başqadır, silahla QULAQ məhbuslarına
gözətçilik edən adam – başqa; bunlar XX əsrin
tarixi faciələrinin fərqli personajlarıdır. 56-cı
ildə Budapeştə, 68-ci ildə isə Praqaya girən
Sovet qoşunlarının hərbi texnikası, topu-tüfəngi
ilə 1945-ci ildə Budapeştə və Praqaya daxil olan Sovet
qoşunların hərbi texnikası, top-tüfəngi
arasında fərq inkişaf
etmiş texnikanın fərqi deyildi, fərqli olan bu
qoşunların tamamilə əks Xeyir və Şər
daşıyıcısı olmalarıydı... Yenidənqurmanın
millətlərarası münaqişələrində həlak
olan əsgərlərin analarının dərdini bölüşəndə,
elə həmin əsgərlərin gülləsindən
Bakıda, Tbilisidə, Vilnüsdə həlak olanların
analarını da başa düşmək lazımdı.
Bizim məsələlər Ali Sovetin qapalı
iclasında müzakirə olundu. Bizlərdən Elmira Qafarova, Tofiq
İsmayılov, Arif Məlikov, Rüstəm İbrahimbəyov
və Anar çıxış etdilər. Əgər
“DTK-nın sədri Kryuçkov və o zamankı DİN naziri
Bakatin
çıxışlarında müəyyən
ölçü həddinə əməl edirdilərsə,
müdafiə naziri Yazov əvvəldən axıradək təhrif
olunmuş faktlarla danışırdı. Bunu
sakitcə oturub dinləmək mümkün deyildi. Yazov
Şəhidlər Xiyabanını məsxərəyə
qoyanda və “orda öz evində ürək tutmasından
ölən qocaları da dəfn ediblər, heç bir
uşaq da həlak olmayıb” deyəndə səbrimiz tükəndi
və biz, bütün Azərbaycan deputatları buna etiraz
olaraq elə yerdən nazirə sözümüzü deyib
zalı tərk etdik. Bizi dilə tutub
qaytarmağa cəhd edirdilər.
Mən
bizi iclas salonunu qayıtmağa çağıran polkovnik
Petruşenkoya:
– Əgər
Sizin nazir həyasızcasına yalan danışırsa, biz
necə zala qayıda bilərik, – dedim.- Siz
ki, Bakıda olmusunuz, hər şeyi öz gözünüzlə
görmüsünüz.
Axşam öyrəndik ki, biz salondan çıxandan
sonra Yazov tribunadan düşər-düşməz tələsik
(vaxtından əvvəl) fasilə elan edilib. Biz bəyan
etdik ki, yalnız Qorbaçovla görüşəndən
sonra sessiyanın işində iştirak edə bilərik.
Buna qədər də dəfələrlə
Qorbaçovla görüşməyə cəhd etmişdik. O cümlədən, 14
dekabr 1989-cu ildə Azərbaycandan olan deputatlarla
görüşüb fikir mübadiləsi aparması
üçün Baş katibə yazılı surətdə
müraciət etmişdik.
Parlamentdən çıxmağımızdan bir neçə gün sonra bizə məlumat verdilər ki, səhər iclasından qabaq Qorbaçov bütün Azərbaycan nümayəndəliyi ilə görüşə 35-40 dəqiqə vaxt ayırıb. Biz bu qısa zaman kəsiyində ona nəyi izah edə bilərdik ki, üstəlik ondan lazımi cavabı da ala bilək? Deputatlığımız müddətində yaxından bələd olduğum, ictimai-siyasi xadim kimi yüksək dəyərləndirdiyim səriştəli və prinsipial insan olan dostum Tofiq İsmayılovla məsləhətləşdim. Tofiqə dedim ki, Qorbaçovla görüşdən qabaq, onun yaxın silahdaşı Aleksandr Yakovlevlə əlaqə saxlayıb görüşsək, hər şeyi ətraflı danışsaq yaxşı olar. Bəlkə o bizim mövqeyimizi münasib şəkildə Qorbaçova çatdıra bildi. Tofiq mənimlə razılaşdı. Səhərisi biz Yakovlevə zəng vurduq və o bizimlə görüşü axşam saat 6-ya təyin etdi. Biz beş nəfər – Tofiq İsmayılov, Eldar Salayev, Vəli Məmmədov, Süleyman Məmmədov və mən – MK-ya gəldik. Yakovlevlə ətraflı söhbət iki saat sürdü. Əsasən, Tofiq və mən danışırdıq. Biz Yakovlevə Azərbaycan haqqında çox şeylər söylədik. Hətta onun keçmiş və yaxın tarixinə də ekskurs etdik, bizim xalqın demokratik ənənələrindən, Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasından, bu respublikanın parlamentində müxtəlif partiyaların və millətlərinin nümayəndələrinin təmsil olunmasından bəhs etdik. Təbii ki, biz əsasən bütün tarixi, siyasi, iqtisadi və qanuni aspektlərdə Dağlıq Qarabağ problemindən danışdıq. Qanlı Yanvar hadisələrinin bütün dəhşətlərini anlatmağa çalışdıq. Yakovlev diqqətlə dinlədi, mövqeyimizə, səviyyəmizə, nümayəndəliyin siyasi mədəniyyətinə böyük məmnunluğunu ifadə etdi: “Etiraf edim ki, Sizin görüşmək istəyinizi biləndə, bir qədər tərəddüt keçirdim, – dedi, – məsələlərin gərginləşəcəyini düşünüm, fikirləşdim ki, siz inadkarlıq edəcəksiniz və söhbət alınmayacaq. Amma bizim aramızda tam anlaşma yarandı, bax, bu yaxşıdır. Mən Qarabağ məsələsi ilə bağlı sizin mülahizələrinizlə tamamilə şərikəm. Hələ iki il qabaq Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdim. Onlar Qarabağ haqqında öz versiyalarını ifadə etdilər. Onlara verdiyim cavabın əsas mahiyyətini bu gün də təkrar edə bilərəm: Qarabağ əhalisinin iqtisadi və mədəni-mənəvi ehtiyacları təmin olunmalıdır, amma Dağlıq Qarabağın Azərbaycandan zorla qopardılması və onun Ermənistana verilməsi haqqında söhbət belə ola bilməz. Məsələnin belə qoyuluşu çox böyük fəlakətlərə səbəb ola bilər. Onlar Qorbaçovla görüşmək istədiklərini bildirdilər. Qorbaçov onları qəbul etdi. Mən də ona öz rəyimi söylədim. Bu günlərdə Mixail Sergeyeviç o söhbəti xatırladı və dedi ki, mən haqlı imişəm: həqiqətən də, indi tamamilə aydındır ki, Qarabağın statusunun dəyişdirilməsi haqqında məsələnin qoyuluşu hansı fəlakətlər gətirdi...”
Yakovlevin dediyinə görə, Bakıda Qanlı Yanvar hadisələri onu da, Qorbaçovu da çox həyəcanlandırıb. Qorbaçov hərbi aksiyaya yol vermək istəmirmiş, amma məcbur olub, özü də böyük tərəddüddən sonra bu qərarı qəbul edib. Yakovlev dedi ki, bu səbəbdən də sizin xalq onu qəddarlıqda ittiham edəndə bu ona əzab verir, üzür. Biləndə ki, Bakıya ehtiyatda olanları göndəriblər, o hiddətləndi, onların Bakıdan çıxması üçün dərhal göstəriş verdi.
– Onlar artıq öz qara əməllərini törətmişdilər, – dedim.
(Xatırladıram ki, “rezervistı” (ehtiyatda olanlar) deyilən hərbi qurum, əsasən Rostovun, Stavropol və Krasnodar diyarlarının milliyyətcə erməni olan əhalisindən ibarət idi. Və bu həmin ehtiyatda olanlardı ki, SSRİ Xalq deputatlarından biri onları belə xarakterizə edib: sərxoş “partizanlar”, azğınlaşmışlar, kimə gəldi qarasına güllə atanlar...”).
Səhər iclasına yarım saat qalmış Qorbaçov Azərbaycan deputatlarını qəbul elədi, ilk öncə özü danışdı, sonra əvvəlcədən şərtləşdiyimiz kimi Tofiq İsmayılov vacib məsələləri ortaya qoydu. Amma hələ bir çox şeylər söylənməli idi. Qorbaçov özü də gördü ki, danışıq bitməyib və böyük fasilə zamanı (saat 2-dən 4-ə qədər) bizim nümayəndələrlə görüşəcəyinə söz verdi.
Gündüz saat ikidə Midhət Abbasov, Adilə xanım Namazova və mən prezident kabinetinə yollandıq. Qəbul otağında gözləyəndə içəridən çıxan Yakovlev bizimlə görüşdü, dedi:
– Siz nə söyləmişdinizsə, hamısını Mixail Sergeyeviçə çatdırdım. Məndən asılı nə varsa, hamısını etdim.
Bir qədər sonra kabinetdən üç Baltik respublikasının nümayəndələri çıxdı. Biz istər-istəməz öz vacib işlərini birgə həll eləyən baltların həmrəyliyinə həsəd apardıq. Əgər Qafqaz respublikaları da ümumi problemlərin həllində, düyünlərin açılmasında bu cür birlik nümayiş etdirsəydilər hər şey necə gözəl olardı. Heyhat! Yenidənqurmanın lap əvvəlindən biz öz torpağımızı təcavüzkar qonşudan qorumaq zorunda qaldıq.
Bizi kabinetə dəvət etdilər. Qorbaçovdan başqa A.Lukyanov, Millətlər Sovetinin sədri R.Nişanov və prezidentin köməkçisi Şahnazarov burada idilər.
Adilə xanım Namazova həlak olmuş məktəbli Larisa Məmmədovanın anasının məktubunu Qorbaçova çatdırdı; bu həmin məktəbli qızcığaz idi ki, Yazovun dediklərinə inanılsa, o ümumiyyətlə olmayıb. Axı nazir “öldürülənlərin arasında uşaq yoxdur”,- deyə yalan danışmışdı.
Midhət Abbasov DTK, DİN və ittifaq prokurorluğunun mühüm sənədləri onun başçılıq etdiyi komissiyaya təqdim etməsi barədə məsələ qaldırdı və Qorbaçovdan müsbət cavab aldı.
Qorbaçov sərhədlərin dəyişdirilməsinin yolverilməz olması barədə Yakovlevin bir gün qabaq ortaya qoyduğu mövqeyi təsdiqlədi və qeyd etdi ki, o lap əvvəldən Kaputikyana və Balayana xəbərdarlıq edib ki, Qarabağın Ermənistana verilməsi barədə söhbət ola bilməz və Şahnazarov da dəfələrlə Ermənistanın (!-A.) nümayəndələri ilə görüşüb, ölkə rəhbərliyinin nöqteyi-nəzərini (!-A.) onlara başa salmağa cəhd göstərib. Amma görürsünüz, onlar öz iddialarından əl çəkmirlər. Bizim mövqeyimiz birdəfəlik və həmişəlik aydındır. Dağlıq Qarabağ Azərbaycana aiddir və belə də qalmalıdır. Amma elə etmək lazımdır, hər iki xalqın haqları qorunsun ki, heç kim özünü sıxışdırılmış hiss etməsin.
Mən dedim:
– Mənə sual verirlər: nə üçün yoldaş Qorbaçov Sov.İKP MK-nın plenumunda respublikalararası sərhədlərin dəyişdirilməsinə qarşı olduğunu ifadə etdiyi halda, Ermənistanın partiya rəhbəri Suren Arutunyan yenidən bu məsələni qaldırır və Qorbaçov ona qədər Litva katibi Brazauskasın sözünü kəsdiyi halda, Arutunyanın sözünü kəsmir? Mənə belə suallar veriləndə, deyirəm ki, Qorbaçovun əvəzinə cavab verə bilmərəm, amma əgər şərait yaransa, bu barədə onun özündən soruşaram.
Qorbaçov:
– Mən yenə təkrar edirəm, – dedi,- biz respublikalar arasında sərhədlərin hər hansı bir şəkildə dəyişdirilməsinə yol verməyəcəyik.
Qorbaçovla baş tutan keçmiş görüşlərdə və onun iştirakı ilə keçən sessiyada biz dəfələrlə Dağlıq Qarabağla bağlı haqlı hüquqlarımızı bəyan etmişdik, amma indiki halda qərara aldıq ki, bu dəfə daha artıq diqqəti Yanvar faciəsinə cəlb edək.
Yakovlevin dünən söylədiyi kimi hiss olunurdu ki, Qorbaçova onu qəddarlıqda ittiham olunması çox təsir edib, möhkəm yer eləyib.
– Bəli, mən bilirəm, – o köks ötürdü, – orda məni cəllad, cani, Çauşeski adlandırırlar...
– Bunu uşaqlarını, qardaşlarını, atalarını itirən insanlar söyləyirlər,- dedim.
O yenə təkrar etdi ki, günahların ordunun üstünə atılmasına yol verməyəcək. – Əmr verilib, əsgərlər də atəş açıb.
– Kim əmr verir versin, mən heç zaman silahsız insanları qadınları, uşaqları, qocaları güllələyə bilməzdim, yəqin elə siz də – dedim.
O susdu. Sonra söhbəti 13-14 yanvar hadisələrinə yönəltdi.
Mən dedim:
– Nazir Bakatin öz çıxışında göstərdi ki, o günlərdə talançıların sayı beş mindən artıq olmayıb, eyni zamanda, – bunu da Bakatin qeyd etdi, – Bakıda daxili qoşunların sayı 12 min nəfər idi. Deməli hər talançıya qarşı iki yarım milis düşür. Bəs onda nə üçün onlar talaların qarşısını ala bilməyiblər?
Qorbaçov gözlərini mənə zilləyir.
– Doğrudan da, nə üçün? – Ölkənin Prezidenti və Baş komandanı məndən(?!) soruşur bunu. Bu yerdə bir böyük sual və bir böyük də nida işarəsi qoymaqdan başqa bir iş qalmır...
ANAR
525-ci qəzet.-
2015.- 24 yanvar.- S.10-11.