Bir kəndin tarixini
yaşadan kitab
İstedadlı telejurnalist, İctimai
Televiziyada böyük
redaktor Kamil Məhərrəmoğlunun (Nehrəmli)
2014-cü ildə "Xan"
nəşriyyatında yayımlanan
və doğma kəndi "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri
haqqında salnamə"
adlandırdığı "Tarixi özündə yaşadan kənd" kitabını oxuyarkən
yadıma 2000-ci ildə
Bakının "Elm" nəşriyyatında
işıq üzü
görən Azərbaycanın
əməkdar jurnalisti
və Prezident təqaüdçüsü Nurəddin
Babazadənin Əməkdar
İncəsənət xadimi, şair Elman Həbiblə
birgə araya-ərsəyə
gətirdikləri "Nehrəm
və nehrəmlilər"
kitabı düşdü.
Nehrəmin dünəni, bu
günü haqqında
müxtəlif səpkili
məqalələr, əfsanə
və rəvayətlər
oxusam da, etiraf edim ki,
Nehrəm haqqında bütün yön və istiqamətləri ilə ilk, bitkin məlumatım bu kitabla bağlıdı.
K.Məhərrəmoğlunun da "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri
haqqında" yazdığı
kitab məhz bu tarixi zərurətdən
yaranıb. Maraqlı və zəngin faktlarla diqqəti çəkən bu kitabı oxuduqda bir sual həmişə
olduğu kimi, yenə də məni düşünməyə
vadar edir: hardandır Nehrəm əhalisinin içindəki,
genindəki bu qədər cəsurluq, məğrurluq, əyilməzlik
və torpağa, böyük mənada Vətəni Azərbaycana
bağlılıq? Çox düşünəndən
sonra bu nəticəyə gəldim
ki, bütün bu keyfiyyətlər onların imanından, qəlbən bağlı olduqları müqəddəs
dindən gəlir.
Müəllifin kitabında da
bu keyfiyyət xüsusi olaraq vurğulanır. "Hazırda
Nehrəmdə 13 məscid
əhalinin xidmətindədir".
Bu heç də
o demək deyil ki, Nehrəm fanatik dindar kənddir. Yox, nehrəmlilər dini də, imanı
da Vətən naminə, millət naminə, onların böyük gələcəkləri
naminə qoruyub saxlayan bir, müəllifin
özü demişkən,
"tarixi özündə
yaşadan kənd"dir.
Nehrəmin adamları kimi torpağının rəngi
də, dadı da özünəməxsusdur. Bu torpaq möhür rəngində, möhür
dadındadır. Ona
görə də bu kəndin hər bir qarışında Haqqın dərgahı önündə
diz çöküb ibadət etmək olar... 4 fəsildən, 22 bölmədən ibarət
olan "Tarixi özündə yaşadan
kənd" kitabının
elmi redaktoru tarix elmləri doktoru, professor, AMEA-nın
Naxçıvan bölməsinin
rəhbəri
akademik İsmayıl
Hacıyev, "Ön
söz"ün müəllifi
isə jurnalist İmran Bədirxanlıdır.
"Ön söz"də İmran Bədirxanlı müəllifi
oxucuya daha yaxından tanıtmaq üçün yazır:
"...Kamil Məhərrəmoğlu
İctimai Televiziyada Azərbaycanın bir çox tarixi abidələrilə bağlı
maraqlı proqramlar hazırlayıb. O, "Əshabu-Kəhf",
"Nuhun qəbri",
"İnanc yerlərimiz",
"Duz dağı",
"Sirli su Sirab", "Qarabağlar",
"Sədərək", "Qız qalası",
"Qobustan" sənədli
filmlərinin, ulu tariximizi özündə yaşadan "Cavanşir qalası" kimi dərin köklərə
malik qədim abidələrimiz barədə silsilə proqramların, bu gün də yaşadılan ulu adət-ənənələrimiz haqqında verilişlərin
müəllifi kimi tanınır. Hazırda İctimai radionun "Axşam oldu" proqramında Azərbaycanın
tanınmış şair
və yazıçıları,
elm və incəsənət
xadimləri haqqında
hazırladığı "Həmsöhbət" və "Poeziya dəqiqələri"
ədəbi kompozisiyalar
dinləyicilərin rəğbətini
qazanıb".
K.Məhərrəmoğlu kimi yaradıcı bir insanın illərlə yaddaşında qoruyub saxladığı və bu gün yaddaş
süzgəcindən süzülüb
"Tarixi özündə
yaşadan kənd"
adı ilə oxucu ünvanına yol alan
bu kitabın başlıca dəyəri
nədədir? Hər
şeydən əvvəl,
torpağa, elə, vətənə və bu torpağın, bu elin, bu
vətənin min illərin
o üzündən arına-arına,
darana-darana bu günümüzə gəlib
çatan milli-əxlaqi,
mənəvi dəyərlərimizə
və bu dəyərlərimizin zaman-zaman
daşıyıcısı olan nehrəmlilərə olan məhəbbət və verilən əvəzsiz qiymətdədir.
Kamil Məhərrəmoğlu
da 240 səhifəlik kitabı ilə Nehrəm kəndini və nehrəmliləri, müsbət mənada bütöv bir bəşəri mədəniyyətin
daşıyıcısı kimi örnəyə çevirə bilib.
Kitabın I fəsli ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin "Nehrəm qeyrətli insanların kəndidir" cümləsi
ilə başlayır
və "mən bu kəndi həmişə
sevmişəm, indi də sevirəm. Bu sözləri bu gün nehrəmlilərə
böyük hörmət
və ehtiram hissilə deyirəm" fikirləri ilə davam etdirilir.
Ulu öndərimizin 2001-ci ildə
Naxçıvanda böyük
Cəlil Məmmədquluzadənin
ev muzeyinin
açılışı zamanı söylədiyi dərin məzmunlu çıxışından alınan
bu fikirlər, demək olar ki, kitabın ümumi qayəsini və leytmotivini təşkil edir. Çıxışı zamanı böyük
rəhbərimiz bir fakta da aydınlıq
gətirir ki, bu da Mirzə
Cəlilin doğulduğu
yerlə bağlıdır.
Məlum
olduğu kimi, uzun illərdir ki, cəlilşünaslar Mirzə Cəlilin Naxçıvan şəhərində
doğulduğunu yazırlar.
Bu tarixi yanlışlığa
birdəfəlik son qoyan
böyük öndərimiz
qeyd edir ki, "Təkcə Cəlil Məmmədquluzadə
kimi böyük bir şəxsiyyəti dünyaya bəxş etdiyinə görə Nehrəm kəndi xüsusi diqqətə və hörmətə layiqdir". Bu da bir həqiqətdir
ki, C.Məmmədquluzadənin
qızı, Naxçıvanda
ilk tibb işçilərindən
biri Münəvvər
xanım ölən günə qədər Nehrəmdə dədə-baba
evində yaşamış
və xeyirxah əməlləri ilə Nehrəm camaatının yaddaşında əbədi
iz buraxmışdır.
Kitabın II fəsli "Cəlil Məmmədquluzadə və
Nehrəm" adlanır. Zəngin
folklora və tarixi həqiqətlərə
söykənən bu fəsildə Azərbaycan
elmində xüsusi çəkisi və dəyəri olan akademiklərdən İsa
Həbibbəylinin, İsmayıl
Hacıyevin, AMEA-nın
müxbir üzvü,
tədqiqatçı alim,
tarix elmləri doktoru Hacı Qədir Qədirzadənin,
Xalq yazıçısı,
cəlilşünaslığın tədqiqi tarixində özünəməxsus xidmətləri
olan Anarın və Nehrəm torpağının yetirməsi,
istedadlı tədqiqatçı
alim, cəlilşünas
Allahverdi Məmmədlinin
və digər elm və mədəniyyət
xadimlərinin Nehrəm,
eləcə də onun yetirmələri haqqında dedikləri fikirlər kitabın dəyərini, sambalını
artıran faktlardandır.
"Özünəməxsusluğun sirləri" adlanan həcmcə nisbətən
kiçik olan III fəsil akademik İsmayıl Hacıyevin epiqraf kimi verilmiş
fikirləri ilə başlayır: "Nehrəmlilərin
orijinallığının əsas səbəbi onların imanında, əqidə bütövlüyündə,
ətrafda baş verənlərə obyektiv
yanaşmalarındadır". Tamamilə doğru müşahidə,
doğru fikirdir.
Nehrəmin özünəməxsus adət-ənənələrindən,
ağsaqqal, ağbirçək
örnəklərindən söz
açan bu fəsil də yadda qalan epizodlarla
diqqəti cəlb etməkdədir.
Kitabda müəllif fikrinin əsas yükdaşıyıcı
fəsli IV fəsildir
ki, bu fəsil
"Yaddaşımda əbədi
yaşayan insanlar",
"Yaxşılıq neçə
min ilməli hana",
"Xeyirxahlıq unudulmur"
və s. kimi amalı insanlığa xidmət məqsədində
birləşmiş 15 yarımbaşlıqdan
ibarətdir.
Bu fəsildə müəllifin
yaradıcılıq qayəsi,
kitabın ərsəyə
gəlməsində başlıca
ali məqsəd
daha çox diqqət mərkəzindədir.
Fəslin hər yarımbaşlığında
verilən materialın
öz qiyməti, tərbiyəvi-əxlaqi dəyəri
var. Amma "Ulu öndərlə unudulmaz xatirələr" yarımbaşlığının
ayrıca yeri və önəmi var.
"Ulu öndərlə unudulmaz xatirələr" bölümündə müəllif fikrindən və düşüncəsindən çox danışan bu gün artıq xatirəyə, tarixə dönmüş fotoşəkillərdir. Ulu öndərin Nehrəmə hər gəlişinin bir anını yaşadan bu şəkillər xalq və rəhbər birliyini əks etdirən əvəzsiz sənədlərdir. Hər biri ayrıca bir tarix olan bu şəkillərin bugünkü gəncliyə aşıladığı böyük vətəndaşlıq qayəsi və amalı ölçüyəgəlməzdir. Bu şəkilləri qoruyub saxlamaq, xalqın sərvətinə çevirmək də yüksək vətəndaşlıq qayəsinin aydın təcəssümüdür.
Əgər insanlıq bir tikə "xörəkdirsə", səmimiyyət o xörəyin duzudur. Duzsuz xörəyi yemək mümkün olmadığı kimi, səmimiyyətsiz insanla da dil tapmaq çətindir. Xalqdan küçə halında gələn və müəllifin yaradıcılıq laboratoriyasında saflaşdırılıb, cilalanıb şəffaf şəkildə yenidən xalqa qaytarılan "Tarixi özündə yaşadan kənd" kitabının dəyərlərindən biri və həm də başlıcası, onun dilinin və şərhlərin səmimiliyindədir. Elə buna görə də müəllif "Son söz əvəzi"ndə yazır: "Əziz oxucu! Ola bilsin ki, Nehrəmin bəzi görkəmli insanları diqqətimdən yayınıb, onlar haqqında yaza bilməmişəm, onların hər birindən və övladlarında üzr istəyirəm".
İnanırıq ki, bir məqalə çərçivəsində çox da incəliklərinə vara bilmədiyimiz bu kitab Vətənini, millətini dərin məhəbbətlə sevən, ana südünün, ata öyüdünün istisini, hərarətini daima canında, qanında hiss edən hər bir Vətən övladı üçün əziz və unudulmaz dəyərə çevriləcək.
Xanəli
KƏRİMLİ, Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2015.- 27 yanvar.- S.8.