Ad günün
mübarək, ustad!
Beş gün əvvəl nəvəmi-balaca Səyyad
Ağbabalını yanıma
çağırıb bir
az bədii
qiraətlə məşğul
olmaq lazım olduğunu bildirdim. O, üzümə baxıb dedi:
-Baba, hansı kitabı gətirim?
-Get istədiyin bir kitabı gətir,-deyə
cavab verdim.
Nəvəm cəld bir hərəkətlə balaca
kitabxanamıza yönəldi
və gətirdiyi kitabı-Zəlimxan Yaqubun
"Hüseyn Saraclı
dastanı"nı stolun üstünə qoyub üzümə baxdı. Seçimindən razı qalmışdım.
Ustadı
oxu, onu oxuduqca yavaş-yavaş həyatı, dünyanı
dərk edəcəksən-özü
də Zəlimxan ruhu ilə, Zəlimxan dünyası ilə, ustad ürəyinin sevgi və şəfqəti ilə, dosta tükənməz
saf məhəbbəti,
düşmənə vulkan
kimi püskürən nifrəti ilə, deyib telinə daraq çəkdim.
Kitabda yer alan
birinci ustadnamənin sonuncu bəndini:
Qılınc ensə, qalxan olmaz hər sinə,
Oğulsansa çətin günə gər silə.
Ay Zəlimxan, iş düşəndə tərsinə,
Nə
dost çatar, nə imdada yar gələr
-
oxumuşduq ki, oğlum içəri daxil oldu. Stolun
üstündə kitabı
görüb: - Ata, ustadı
təbrik etmisən? Bu gün 65 yaşı
tamam olur, yubileyidir - deyib sınayıcı nəzərlərlə
üzümə baxdı.
Çaşıb qaldım. Təəssüf hissilə əlimi telefona atdım. Ustad telefonu açmadı.
Yəqin
böyük bir tədbirdə başı
təbrikləri qəbul
etməyə qarışmışdı.
Kaş həmişə
elə olsun. Xalqın sevimli
şairi, böyük
ustad hələ uzun illər oxucuların sevgi selində üzdükcə
üzsün. Xəyal məni
illər öncəyə
apardı. Ad günlərimdə,
şad günlərimdə
etdiyi təbriklər,
mətbuatda SəyyadAğbabaya
ünvanladığı "
Açıq məktub"ları
gözlərimin önündə
canlandı.
Ustadın 60 illiyi ilə əlaqədar Filarmoniyada
keçirilən gecəni
incəliklərinə qədər
xatırlamağa çalışdım.
Onu da xatırladım
ki, ustadın ümummilli liderə həsr etdiyi " Böyük ömrün dastanı"
poemasından bir hissəsini ilk dəfə
"Arena"nın xüsusi
buraxılışında çap edəndə həmin jurnallardan Heydər Əliyev Sarayında keçirilən tədbirə
gətirməyimi dönə-dönə
tapşırmışdı. Daha çox şeyləri olub-keçənləri, qəlb
söhbətlərimizi, dilə
gətirdiyimiz, bəzən
də göz-gözə
baxıb içimizdən
keçənləri də.
Elə bu düşüncələrin
təsiri ilə də "Gecikmiş təbrik"i sahibinə ünvanladım.
Mənbəyini başıqarlı uca
dağlardan alan,
kükrəyən dağ
çayı kimi coşub-daşan, hayqıranda
səsi qara zurnanın zilinə uyğun gələn, həlimləşəndə sızlayan
kamanın naləsini yada salan sevimli
bir şair, ləyaqətli vətəndaş,
Vətən oğlu üçün yazdığım
təbrikdə bir sözün yüzbir çalarını tapmaq mənim qələmimə
biçilməyib.
Qələmə gətirdiklərim tanıdığım
bir söz sərrafına ünvanlanan,
bərsiz-bəzəksiz, səmimiyyətdən
doğan qeydlərdir. Zəlimxan
Yaqub məni necə tanıdığını
belə ifadə edir: "...Yəni onun elini-obasını, yurdunu-yuvasını, kəndini-kəsəyini,
onu yetirən torpağın Günəşini , suyunu, havasını,
Yerini-Göyünü yaxşı
tanıyıram. Adətini-ənənəsini, sevincini-kədərini, həsrətini, qürbətini
yaxşı tanıyıram.
Böyük ziyalılarını, ictimai xadimlərini, görkəmli dövlət
adamlarını yaxşı
tanıyıram. Onun haqqında
nə yazıramsa elə bil özüm
haqda yazıram. Çünki o mənə ağrılı-acılı,
keşməkeşli taleyi,
vətənli-vətənsiz taleyi ilə doğmadır". Mən də
deyə bilərəm
ki, Zəlimxan Yaqubu tanıyıram.
Amma deyəsən, hissə qapılıb rəngi əməlli-başlı tündləşdirdim
axı. Onunla fikirlərimi,
müqayisələrimi eyniləşdirmək
belə çox böyük qəbahət
olar. Allah ona
böyük istedad verib- sözü tanımaq, sözə tapınmaq, sözdən qüvvət almaq, sözün alovu ilə yanmaq, soyuğu ilə donmaq, sözlə zirvəyə qalxmaq və sözün qüdrətilə də daim əlçatmaz yüksəklikdə dayanmaq.
O, insanları da həmin zirvədən baxaraq tanıyır. Bəzən dağın
ətəyindəkiləri də, bəlkə də, əl uzadıb yüksəkliyə
qaldıraraq həmsöhbət
olaraq tanıyır. Birinin təkcə bir şeirini, digərinin təkcə bir hekayəsini, başqa birinin bir kitabını
oxumaqla da ustad kimliyi müəyyənləşdirib
vəsiqə verə bilir. Bu böyük qabiliyyət ona anasının südüylə
canına, qəlbinə,
ruhuna hopub. Mən bir dəfə
ekranda o ananın Güllü xalanın dilindən süzülüb
bədənə yağ kimi yayılan bayatıları,
laylaları, qoşmaları
eşitmişəm. "Elə anadan belə oğul doğular" deyənlər
tamamilə haqlıdırlar.
Anasız uşağa dayə
lazım olduğu kimi şairə və anadan maya gərəkdir.Zəlimxanın
mayası tərtəmiz,
saf, ülvi bir şeiriyyatla yoğrulub.
Milli folklorşünaslığımızın,
millətçi, həm
də milliyyətçi
poeziyamızın əvəzolunmaz
nümayəndələrindən biri haqqında eyni dərəcədə
də dünyəvi və bəşəri dəyərlərə sadiq,
bədii dili, yazı, həm də ifa tərzi
ilə seçilən
ustadın yaradıcılıq
məziyyətləri barədə
bir cümlə də yazmağa cəsarət edə bilməm. Bircə milyonların təsdiqlədiyi
bir fikri bir jurnalist olaraq
təkrarlaya bilərəm.
O, USTADDIR! Zəlimxan başdan
ayağa şeir və şeiriyyatdır, vəssalam! Böyük sənətkar "Peyğəmbər"i
yazmaqla Allah, "Böyük
ömrün dastanı"
ilə dövlət və millət, "Hüseyn Saraclı dastanı" ilə doğma eli-obası qarşısında
borcunu yerinə yetirib. Nə xoş taleyinə!
"Gecikmiş təbrik" həqiqətən ürəyimcə alınmır. Şirin yuxu vaxtıdır. Zəlimxanın kitabını gətirən nəvəm çoxdan yatıb. Mənsə ustadın təbrik üçün "söz ovuna" çıxmışam. Deyəsən, alınmır axı?! Xəyal məni çəkib təxminən 35 il əvvələ aparır. Zəlimxan Yaqubun şair Əli Vəkillə Zəngibasara-qaynatamgilə qonaq gəldiyi vaxta. Oraya bir gün gecikmə ilə getdim. Mənə dedilər ki, Əli bir dostu ilə gəlmişdi. Zalım oğlu bir dəryadır ki, var. Şair lazımdı sözünü qabağına söz, aşıq lazımdır, sazının qabağına saz qoya. Özü də deyəsən, sizin tərəflərdəndir. Borçalıda Kəpənəkçi kəndini eşitmisən? Cavab verdim ki, eşitmək nədir, biz Qaraxaç dağının o tərəf bu tərəfində yaşayırıq. Həftədə bir dəfə yolum onun az qala, kəndinin içindən keçir. Bax beləcə başlanan qiyabi tanışlıq sonradan dostluğa çevrildi. Mən onu, o da məni zaman-zaman aradı-axtardı...
Zəlimxanla tez-tez redaktoru olduğum "Arena" qəzetinin "Azərbaycan" nəşriyyatında yerləşən redaksiyasında görüşərdik. Şair nəşriyyata gələndə bizim otağa uğramağı unutmazdı. Qapını açan kimi "Ə, eloğlu, nə var, nə yox?-deyib şirin və səmimi bir ortam yaradardı. Bir stəkan çay içməklə gənc jurnalist Jalənin könlünü alar, süzdüyü çayın tayı-bərabərini dadmadığını deyərdi. Əllərini şəvə bığlarına çəkib bir tamsınardı da. Guya mürəbbəli, limonlu ləzzətli bir çaya qonaq olub. Lopa, şəvə bəğları da bulaşıb mürəbbəyə. Əslində isə içdiyi bir "jurnalist çayı" idi.
İstəyirəm elə buradaca qeydlərə nöqtə qoyam. Stolun üstündəki "Hüseyn Saraclı dastanı" üzümə baxır. Onsuz da alınmır. Zəlimxanın Dədə Aşığa məhəbbətinin şölə saçan qığılcımlarını sanki görürəm. Bu dastan- romanı Zəlimxan ürəyinin yanğısını yaxaraq yazıb. Bir də ki, hansı bir şeirini, hansı bir əsərini elə yazmayıb ki? O ürəyə böyük Yaradandan 100 il sərvaxt döyünməyə imkan verməyi diləyir, sağlıqlı bir ritmlə Zəlimxana yazıb- yaratmağı diqtə etməyi arzulayıram.
Mənə elə gəlir ki, yanvarın 21-də ustadın ad günü olduğunu unudanlar biləixtiyar onun şeirlərindən, dastanlarından, poema və qoşmalarından, ustadnamələrindən bir neçə bənd, yaxud bir hissə oxuyublar.
Könüldən könülə yollar görünüb. Daha doğrusu, hərə bir formada Zəlimxan qəlbinin həmişə açıq olan pəncərəsindən boylanmağa çalışıb.
Yazının əvvəlində Zəlimxan Yaqubun məni necə tanıması ilə bağlı fikirlərini qeyd etdim. Düşündüm ki, bu yazını "Bir ömrün anları" kitabımda Zəlimxan Yaquba ünvanladığım düşüncələrimlə tamamlasam yerinə düşər. Budur 8 il əvvəl yazdığım həmin fikirlər:" 2007-ci ildə çapdan çıxan " Bir ömrün anları"nı ustad Zəlimxan Yaquba özüm təqdim etdim. Onun rəyini bilmək mənim üçün qiymətlərin qiyməti idi. Təxminən bir ay sonra "Yeni Azərbaycan" qəzetində "Səyyad Ağbabalıya açıq məktub"u oxudum. Böyük şair məni duyğulandırmışdı. Ruhumu oxuyub içimdən keçənləri öz qələmimlə qəzetin səhifəsinə köçürmüşdü. Sağ ol, ustad! Ağbabada yediyin çörək halalın olsun. Ağbabanı özünə Vətən bilirsən, Vətənin olsun! Qoy sənin olsun! Sənin olduqca O bizim olacaq! Kaş hər birimiz bütöv Azərbaycanın hər bir vilayətini, hər bir kəndini, qəsəbəsini, şəhərini, balaca bir yurd yerini də sənin qədər sevəydik! Elə bi səbəbdən də sənin "Açıq məktub"unu "Ağlı-qaralı ömrüm"ə daxil edirəm. Ön söz də sənindir, son söz də sənin olsun! Kitabın müəllifi mən olsam da qoy oxucu "Bir ömür yaşadım ağlı-qaralını sənin ön sözünlə açıb, elə sənin "Açıq məktubu"nla qapatsın!
İnşallah, ömür vəfa etsə, 70 illik
yubiley tədbirinizə dəvətsiz-filansız
qatılacağam, onda üz-üzə,
göz-gözə təbrik edərəm, dağlar
oğlu!
Səyyad AĞBABALI
525-ci qəzet.- 2015.- 27 yanvar.- S.8.