"Ruhuma uymayan, ürəyimə yatmayan
işlə məşğul olmuram"
"HƏR ÜÇ SAHƏ - JURNALİSTİKA, FOTO SƏNƏTİ VƏ YAZIÇILIQ ÖZÜNÜİFADƏ VASİTƏSİ KİMİ MƏNƏ ÇOX DOĞMADIR"
Tanınmış
publisist, yazıçı və fotoqraf Şirməmməd Nəzərli ilə
həmsöhbət olub, onun bu yaxınlarda keçirilən
"Azərbaycan rəssamlarının fotoportretləri" sərgisi,
Fotoqraflar Birliyinin mükafatına layiq görülməsi və
başqa əlaqədar mövzular haqda danışdıq.
Şirməmməd
Nəzərli ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini
bitirib. "Azteleradio" dövlət şirkətində, Azərbaycan
Jurnalistlər Birliyinin İdarə Heyətində işləyib.
"Vışka" qəzetinin Ukrayna üzrə xüsusi
müxbiri, "İRS" beynəlxalq jurnalının təsisçisi
və baş redaktoru, "Azəri Prodakşn"da baş
redaktor, "Salamnews" informasiya agentliyi mədəniyyət
bölməsinin redaktoru olub. Azərbaycan Jurnalistlər,
Yazıçılar və Fotoqraflar Birliklərinin
üzvüdür. "Humay" mükafatı
laureatıdır. Bir neçə verilişi və "Tac
Mahal, yaxud iki damla göz yaşı" tamaşası Azərbaycan
radiosunun "Qızıl fond"unda saxlanılır.
"Müctəhidin yuxusu", "Qədir-xum" (həmmüəllif),
"Möcüzə" (həmmüəllif), "Yusifin qəmi"
pyesləri Bakı və Sumqayıt teatrlarında tamaşaya
qoyulub. Azərbaycan mətbuatında və ədəbi nəşrlərində
bir neçə hekayəsi dərc edilib. "Dağların qızı Lalə"
(kollektiv almanax),"Annemari və kapitan" (tərcümə) "Qismət", "Qurani-kərimdə
Allah-təalanın andları, xitabları və
sualları" (tərtib), "Qurani-kərimdən dualar (tərtib)"
, "Günah",
"Navajdeniye", "Nur sırası",
"Ömrün qönçə çağında",
"Çəkilməyən film" kitablarının
müəllifidir. İndiyədək Ş.Nəzərlinin bir
neçə foto sərgisi keçirilib.
Hazırladığın
verilişləri təhvil verib gəlirsən bura!
1977-ci ildə
o zaman yeganə olan Universitetin Jurnalistika fakültəsini
bitirmişəm. O vaxt həm diplom müdafiəsi vardı, həm
də dövlət imtahanı verməli idik. Mənim diplom rəhbərim
Jurnalistlər Birliyinin o vaxtkı sədri rəhmətlik
Hacı Hacıyev idi. Hacı müəllim mənə dönə-dönə
tapşırmışdı ki, universitetlə xudahafizləşən
kimi gəlib onun rəhbəri olduğu idarədə işləyim.
Mən isə yazan jurnalist olmaq istəyirdim və Teleradio
Şirkətinə getdim. Hacı müəllim bundan xəbər
tutan kimi məni yanına çağırıb ərkyana-amiranə
tərzdə dedi: "Hazırladığın verilişləri
təhvil verib gəlirsən bura". Hiss elədim ki, gəlməsəm,
ona hörmətsizlik kimi alınar, yəqin bir şey bilir ki,
belə təkid edir. Beləliklə, Jurnalistlər Birliyində
məsləhətçi kimi işə başladım. Eyni
zamanda mətbuatda yazılarım dərc olunurdu. Jurnalistika ilə
bağlı xeyli vacib təşkilati iş olduğunu
görüb, Hacı müəllimin mənə etimad göstərdiyini,
güvəndiyini, arxalandığını başa
düşdüm. Naxçıvanda Jurnalist Təşkilatı
yaratdıq, Nardaranda jurnalistlər üçün
ümumittifaq istirahət evinin inşası ilə məşğul
olduq, AJB nəzdində ikiillik jurnalistika kursu təşkil
etdik və sairə. Hərəkat illərində, 20 Yanvar faciəsi
zamanı konkret fəaliyyətlərimiz olub. Amma bu işlərdən
danışmaq çox vaxt aparar. İlk baxışdan
yaradıcılıq kimi görünməyən bu fəaliyyət
yazılarıma əsl fakt mənbəyi kimi xidmət edirdi və
mən, şükür ki, bundan bəhrələndim. Ezamiyyətlərdən
həmişə irihəcmli yazılarla qayıdırdım.
Monqolustan səfərindən sonra "Çingiz xanın
diyarında" publisistik yazım "Azərbaycan gəncləri"
qəzetində iki nömrə ardıcıl
çıxdı. 1979-1989-cu illər Əfqanıstan
müharibəsində həlak olmuş 208 Azərbaycan hərbçisi haqqında kitab hazırladım.
Moskvada nəşr olunan "Jurnalistskiye novosti" qəzetinə
ölkəmizin jurnalistika həyatından mütəmadi
yazılar verirdim. Hazırda "Salamnews" informasiya agentliyində redaktor kimi
çalışıram.
Mütəxəssislər
fotolarıma baxıb "sən görə bilirsən"
deyirdilər
Məndə
foto işinə, sevgidən əvvəl, maraq yaranıb. Tələbəlik
illərində "Smena-8" markalı kiçik bir
fotoaparatım vardı. Sonra "Zenit" aldım. Nə
görsəm, çəkirdim. Kiyevdə, Moskvada
yaşadığım illərdə foto sahəsinə aid
jurnallar alıb oxuyur və səriştəmi artırmağa
çalışırdım. Mütəxəssislər
fotolarıma baxıb "sən görə bilirsən"
deyirdilər. Foto sahəsində bu, yüksək qiymətdir.
Sizə bir sirr açım. Fotoaparat öz sahibini daim hərəkətdə
olmağa, gəzib-dolaşmağa məcbur edir. Bu mənim
üçün çox vacibdir. Beləliklə, foto işinə
həvəs və daim hərəkətdə olmaq zərurəti
məni fotoaparata bağladı. Maraqlısı da odur ki, ilk
foto sərgim 1999-cu ildə üzvü olduğum
Yazıçılar Birliyində təşkil edilib. Xarakterim
belədir ki, ruhuma uymayan, ürəyimə yatmayan işlə
məşğul olmuram. Bu baxımdan, hər üç sahə
- jurnalistika, foto sənəti və yazıçılıq
özünüifadə vasitəsi kimi mənə çox
doğmadır. Foto çəkilişi üçün
münasib hava olanda fotoaparat işə düşür, uzun
gecələrdə bədii yazılar yaranır, hər iki
halda gündüzlər peşəm olan jurnalistika məni məşğul
edir. Jurnalistika həm də mənim yeganə qazanc yerimdir.
Bu
yaxınlarda açılan sərgimlə bağlı deyim ki,
adətən, rəssamlar emalatxanalarında fərdi
yaradıcılıqla məşğul olurlar, onları birləşdirən,
kütləvi ünsiyyət vasitəsi, demək olar ki, yoxdur.
Rəssamlardan bir qismi yalnız öz qurumlarının
qurultayında bir araya gəlirlər. Ona görə də
fırça və tişə ustalarının fotoportretlərini
yaratmaq ideyamı açıqlayanda bəyəndilər və
mən işə başladım. Sərgi açılanda
orada portretini görən rəssamlar ideyamı
alqışladılar. Biləndə ki, sərgidən sonra həmin
portretləri özlərinə bağışlayacağam,
daha da sevindilər. Mən də sözümün
üstündə durdum. Sərginin
açılışına gələnlərin, rəy
kitabında olan qeydlərə, digər yaradıcılıq
birlikləri nümayəndələrinin "biz də istərdik"
arzularına istinadla deyə bilərəm ki, işim çox
bəyənilib. Sərgidə görmək istədiyim, amma
görə bilmədiyim sənətkarlar çox idi. Amma
onları qınamıram, yəqin obyektiv səbəblər
üzündən iştirak edə bilmədilər. Amma layihəyə
şübhə ilə yanaşanlardan bəziləri sərginin
gedişində peşmanlıqlarını etiraf etdilər. Sərgi
üçün ilk fotonu ötən il aprel ayının
sonunda, sonuncunu noyabr ayında çəkmişəm.
“Ölkədə
neçə fotokamera satılırsa,
bir o qədər
fotoqraf var"- belə də demək olar. "Peşəkar
fotoqraf" məfhumu isə iki mənada başa
düşülür. Birincisi odur ki, şəxs öz
işini kamil bilir, ustadır. İkincisi isə şəxs
yalnız fotoqrafdır, yəni yalnız bu işlə
dolanır, peşəsi təkcə budur. Əlinə
fotoaparat alıb şəkil çəkən isə
özünü necə tanıdır, bu öz işidir.
Burada yasaq qoyulmayıb. Amma ideya, layihə
reallaşdırıb ortaya iş çıxarmaq başqa
söhbətdir.
Jurnalistikaya
gəlişim tərəddüdlü olub
Orta məktəbin
8-ci sinfində oxuyurdum, "Azərbaycan pioneri" qəzetinə
yazı göndərdim. Pionerlərin zəhmət
adamlarına köməyindən yazmışdım. Bir həftədən
sonra qəzetdən mənə cavab gəldi ki, məqaləmdə
qeyd etdiyim insanların adlarını bütöv yox,
qısaldılmış formada yazmışam. Məsələn,
"A. Həsənov" və s. Bu səbəbdən
yazımın dərci mümkün deyil... Mətbuatdan 3 il
"küsdüm", tərəddüdə qapıldım.
Amma sonralar yazılarım respublika mətbuatında müntəzəm
çıxmağa başladı.
Mətbuatda
araşdırma, publisistik nümunələrini və nadir
halda informativ yazıları oxuyuram. Bu qəbildən olan
materiallar yazılı mətbuatdan daha çox telekanallarda (ən
çox da xarici) yer alır. O müəlliflərə ürəyimdə
min dəfə "çox sağ ol" deyirəm, amma ad
çəkmək istəməzdim.
İndi gənclərimiz
də müxtəlif mövzularda
qələmlərini rahatlıqla sınayırlar. Əgər
bu, sınaqdırsa, artıq təqdirəlayiqdir. Deməli,
yaza-yaza püxtələşmək potensialı var.
Yazıçılıq
söhbəti uzun çəkər, amma qısaca bunu deyə
bilərəm ki, indiyə kimi on kitabım çap olunub.
Bakı və
Sumqayıt teatrlarında pyeslərim səhnə həyatı
yaşayıb. Hər iki ildə bir dəfə
yazıçı, jurnalist və fotoqraf kimi hesabat verirəm.
Hərçənd ki, üzv olduğum yaradıcılıq təşkilatları
bunu məndən tələb etmir. Amma bu hesabat tədbirləri
əlavə məsuliyyətdir, insanı fəal olmağa
sövq edir. 2012-ci ildə foto sərgisi ilə yanaşı,
"Ömrün qönçə çağında"
publisistika kitabım və "Çəkilməyən
film" romanı ilə hesabat verdim. Bu il isə hekayələr
kitabım Azərbaycan və rus dillərində işıq
üzü gördü. Qaldı planlara, planım yoxdur, niyyətim
var. Amma bilirəm, çox çətin işdir.
Çünki bu istəyim tək məndən asılı
deyil. İstəyim isə odur ki, indiyə kimi kino çəkilişi
üçün nəzərdə tutduğum
irili-xırdalı ssenarilərdən heç olmasa biri
ekranlaşdırılsın.
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 27 yanvar.- S.7.