Şəfiqə Axundova Musiqi Mədəniyyəti Muzeyində anılıb

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti, Şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat yaradıcılığından, musiqi mədəniyyətimizə töhfələrindən söz açıblar.

 

Tədbir "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına "Xatirə" ansamblı solistləri Orxan Hüseynli, Günay İmamverdiyeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə Kamilə Nəbiyevanın ifalarında Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı ilə davam edib.

 

Bütün çıxışlar bəstəkarın yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 27 yanvar.- S.7.