Xalqın söz xəzinəsindən qaynaqlanan Adil Babayev poeziyası

 

 

XX  əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Adil Babayev bütün yaradıcılığı boyu şifahi xalq ədəbiyyatından, onun ayrı-ayrı janrlarından bəhrələnib.

 

Bu bir həqiqətdir ki, xalq ifadə tərzini bilmədən, xalq dilinin incəliklərini öyrənmədən xalqın sevə biləcəyi bir əsər yazmaq mümkün deyil. Qədimdən başlamış bu günə qədər canlıxalq danışıq dilini yaxşı bilən, elin adət-ənənəsinə bağlı olan hər bir sənətkar ümumxalq dilindən aldığı müxtəlif söz və ifadələrlə ədəbi dili zənginləşdirmişdir. Şair, dramaturq, teatrşünas və tərcüməçi Adil Babayev də şeirlərində, nəsr əsərlərində, publisist məqalələrində  xalqın tükənməz söz sərvətindən istifadə etməyi, xalqın keçmişini öyrənməyi sənətkar üçün, sənət əsəri üçün zəruri saymışdır:

 

Kökü üstə qalxmayan

bir çinar tapılarmı?

Nəslindən ayrı düşən

bir cəngavər olarmı?

Keçmişdən üz çevirsək,

gələcək bizdən küsər!

 

Xalq şairi Bəxtiyar Vahabzadənin fikrincə: "Dildə ən böyük qaynaq xalq yaradıcılığı, xalq düşüncə tərzidir.

 

İnsan təbiətdən uzaqlaşdıqca saxtalaşır, cansızlaşır, quru kitab dilinə, ölü dilə çevrilir". Bu mənada, xalq dilinin gözəlliyini, təravətini şeirə gətirməyi üstün tutan Adil Babayevin şeirlərinin dili kitab dilindən uzaq, səlis, rəvan və axıcıdır. Şair bu xəzinədən böyük ustalıqla istifadə edib. Onun elə bir şeiri yoxdur ki, orada şifahi xalq ədəbiyyatının ətri duyulmasın.

 

Həm də Adil Babayevin  yaradıcılığının folklorla bağlılığını araşdırarkən onun el ədəbiyyatına, el sözünə müraciətini, şeirlərində hazır folklor nümunələrini bol-bol işlətməsində deyil, ümumiyyətlə, poetikasının xalq ruhunda nəfəs almasında axtarmaq lazımdır. Onun poeziyası hər şeydən əvvəl xalq müdrikliyi adlanan sağlam bir çeşmədən dirilik suyu içib.

 

Şair gah insanlara od gətirən Prometey fədakarlığını, gah "qılıncla vuruşub, sazla dərdləşən" Koroğlu tək igidlərin hünərini, qolları kəsilsə də başı qarlı dağ kimi məğrur dayanan Babəki, gah insanı heyran qoyan Misir ehramlarını, əsrlərin yadigarı Tacmahalı, Atabəy məqbərəsini, ölməz Füzuli sənətini, gah da "ümman gücünə, bulaq şəffaflığına" malik  nəğmələrimizi, sinəsi sözlə, müdrik məsləhətlərlə dolu nənə-babalarımızı poetik fikrin diqqət mərkəzinə çəkir.

 

Adil Babayev yaradıcılığında folklor janrlarından ən çox atalar sözü və zərbməsəllərə müraciət edib. Onun yaradıcılığında atalar sözü və zərbməsəllər ona görə xüsusi yer tutur ki, bu folklor nümunələri onun ruhuna çox uyğundur. Xalqın ən dahiyanə surətdə yaratdığı bu janrdan şair yerli-yerində istifadə edir. Hətta elə şeirləri var ki, burada nə atalar sözləri, nə də xalq dilində işlənən hazır müdrik ifadə var. Ancaq şeiri diqqətlə oxuduqda onda atalar sözü çəkisində kəsərli, müdrik ifadə, fikir olduğunun şahidi oluruq:

 

Satqınlıq insana südlə verilmir,

İnsan doğulanda sudan saf olur .

ll l

Daş kimi duyğusuz, daş kimi səssiz,

Bir ömür yüz olsa, dəyməz bir ana .

     lll

İnsan gəlir dünyaya, yaşayır,

bir gün köçür,

Sağ ikən ölən də var,

ölüb sağ qalan da var.

 

Şairin çox vaxt poetik kəşfləri də atalar sözü və zərbməsəllərə çevrilir. "Təzədən doğulur şair ölən gün" soneti bu cəhətdən xarakterikdir:

Təzədən doğulur şair ölən gün,

O gündən başlanır təzə həyatı,

Ya düşür yoluna ölümsüzlüyün,

Ya da unudulur biryolluq adı .

 

Ümumixalq danışıq dilinə dərindən bələd olan şair bu xəzinədən böyük ustalıqla istifadə edir. Atalar sözü və zərbməsəlləri şeir misralarında bəzən olduğu kimi məharətlə, yerli-yerində işlədir:

 

Atalar düz deyib: "Qılınc yarası

Sağalar; sağalmaz yarası sözün".

Hər böyük nifrətin kiçik parçası

Dönür qatilinə tək ömrümüzün .

lll

"Yavan aşım, dinc başım"-deyərək

sürünənlər

Bir parça çörək üçün

min rəngə bürünənlər

lll

 

Qorxma, təlaş etmə, gəl dincəl bir az,

Qonaq düşmən olsa, qapıda qalmaz

 

Şair bəzən atalar sözündə ifadə olunan fikrin əksinə də gedir:

 

Atalarda  məsəl var:

Gözdən uzaq olanlar-

Könüldən də ayrılar.

Lakin bilmirəm nədən

Səndən ayrıldıqca mən

Könlümün gözlərindən

Çəkilmirsən, ey nigar?

 

Şair yaradıcılığında bayatılardan bəzən olduğu kimi istifadə edir. Məsələn, "Memarın məhəbbəti" poeması iki bayatı əsasında yazılmışdır. Bəzən isə bayatıların forma və məzmunundan təsirlənərək özü yeni nümunələr yaradıb. Ancaq onun bayatılarını xalq bayatıları ilə də eyniləşdirmək olmaz. Məlumdur ki, xalq bayatıları "əzizim", "eləmi", "mən aşiqəm" və s. müraciət üsulu ilə başlayır. Adil Babayevdə isə bu yoxdur:

 

Ay keçdi, il dolandı,

Qəlbim eşqinlə yandı.

Yaz gəldi, sən gəlmədin?

Yoxsa unutdun andı?

 

Folklordan gələn alqış və qarğışları, andiçmələri Adil Babayev şeirlərində zərgər dəqiqliyi ilə işlədib, böyük ustalıqla poetik fikrin ifadəsinə tabe edib. Şair "çörəyi dizi üstündə olanları", "mürgüləyən vicdanları", "paslı beyinləri", "vətənə xor baxanları" lənətləyir:

 

Yüz kərə alçalmaqdır,

bir qarış yüksəlməyin,

Müsibətə çevrilib bu dünyaya gəlməyin-

Anan səni doğunca

bir qara daş doğaydı

lll

Bir parça çörəkçün əslini danan,

Namərdə əyilən, yada yalmanan

Gömülsün torpağa, çevrilsin toza .

 

Nağıllarımızda "biri var idi, biri yox idi" kimi girişə tez-tez rast gəlirik. Adil Babayev bunu vəznə və qafiyəyə salıb oxucularının ixtiyarına verir. "İnanıram" adlı şeirini elə yazıb ki, elə bil şeiri oxumursan, nağıl dinləyirsən:

 

... Biri vardı, biri yoxdu,

Dərdlilərin dərdi çoxdu.

Bir şəhərdə bir əjdaha

Kəsib suyun qabağını .

 

Şeirdə olan "insan gördüm löyün-löyün", "obaşdan", "qamarlamaq", "nəhs illər", "ürəyi ovundurmaq" kimi xəlqi ifadələr şeirə təbii bir gözəllik vermişdir.

 

Adil Babayevin şeirlərində nağıl ünsürləri, dastan elementləri, rəvayət əlamətləri olduğu kimi, mifik obrazlar da əks olunmuşdur. Şair yaradıcılığında tükənməz yumoru və sarkazmı ilə xalq arasında tanınan Bəhlul Danəndə, Molla Nəsrəddin kimi məşhur lətifə ustalarının lətifələrini yaratdığı obrazların dilindən söyləyir, bəzən folklor surətlərindən də istifadə edir. Onun əsərlərində Adəm, Həvva, Əhriman, Leyli, Məcnun, Babək, Koroğlu kimi mifik və həyati surətlərə rast gəlirik.

 

Onun  əsərlərində xalqımızın məişət mərasimlərindən, bayram oyunlarından tutmuş ağız ədəbiyyatının geniş yayılmış formalarına qədər qiymətli ata-baba yadigarlarının nümunələri saysız-hesabsızdır.

 

Adil Babayev yaradıcılığında ata-babalarımızdan bizə miras qalan bəzi adət-ənənələrə toxunur. Bu adətlərlə bağlı nümunələrdən misal gətirir: "Qapıya bayquş gələndə, o ev xaraba qalır", "ay naziləndə quraqlıq olur", "yuxuda camış-əzrayıldı", yaxud da

 

Bəylə gəlin oynasa,

Deyirlər il xoş olar.

Adam belə məclisdə

İçməmiş sərxoş olar .

 

Bildiyimiz kimi, səfərə çıxanın arxasınca su atırlar ki, səfər uğurlu olsun. Şair bu adətlə bağlı "Arxamızca su atanlar" adlı şeirində yazır:

 

Su atırsız, istəyirsiz

Yüngül olsun səfərimiz.

Fəlakətə, qaranlığa

Rast gəlməyək yollarda biz .

 

Filologiya elmləri doktoru Hüseyn Həşimlinin təbirincə desək: "Məhz folklorun, klassik və müasir ədəbiyyatın ən yaxşı ənənələrindən yaradıcılıqla öyrənən, bunu sonetlərində də büruzə verən Adil Babayev həmin janrda yazdığı müxtəlif mövzulu diqqətəlayiq şeirlərlə varislik missiyasını yerinə yetirmiş, poeziyamızda silinməz izlər qoymuşdur".

 

Şair ədəbiyyatımızda aşıq şeiri kimi tanınan qoşma janrına da tez-tez müraciət edib. Məlum olduğu kimi, qoşmanın son bəndində, möhürbənddə müəlliflər adlarını yazırlar. Ancaq Adil Babayev başqa aşıq və şairlərdən fərqli olaraq (bir neçə şeirini çıxmaq şərtilə) heç vaxt təxəllüs işlətmir. Xalq ədəbiyyatı janrında yazdığı əsərləri sırasında şairin çox oynaq, səmimi, rəvan balladaları, gəraylıları da vardır.

 

Şair dastanlara, əfsanələrə, rəvayətlərə, nağıllara, atalar sözlərinə maraq göstərib, onlardan yerli-yerində nümunələr gətirib. Bu silsilədən onun "Göyçək Fatma", "İnanıram", "Əfsanədən gələn qonaq", "Çılpaq şahzadə", "İkarın qanadları" və s. şeirləri xüsusi maraq doğurur.

 

Adil Babayev lirikasında xalq arasında işlənən sözlərdən, idiomatik ifadələrdən, frazeoloji birləşmələrdən yerinə görə elə istifadə etmişdir ki, həmin söz adi, lüğəti mənasından çox yüksəkdə durmuşdur.

 

"Tutarım qalmadı", "qır-saqqız olmaq", "mənə yer elədi", "şinimək", "kəc baxmaq", "sonalamaq" kimi xəlqi ifadələrə tez-tez rast gəlirik. Bu məqamda şair dili ilə xalq deyimlərinin sərhədi birləşir.

 

Şairin poeziyasında klassik ədəbiyyatımızın təsirini də, folklor ənənələrimizin davamını da, müasir poeziyamızın axtarışlarını da tamamilə yeni biçimdə görürük. Klassik irsimizə böyük ehtiram göstərən A. Babayev xalq ədəbiyyatınıda dərin məhəbbətlə sevən sevgi şeirlərini elin bu zəngin mənəvi sərvət çeşməsində büllurlaşdırıb.

 

Xalq dilinin gözəlliyini, təravətini şeirə gətirməyi üstün tutan şair ümumən yaradıcılığında bu ənənəyə sadiq qalıb. Şairin tək-tək əsərini göstərmək olar ki, orada xalq ədəbiyyatının ətri duyulmasın. Bütün bunlar göstərir ki, Adil Babayev şifahi xalq ədəbiyyatından, foklordan məhəbbətlə, ustalıqla qidalanıb.

 

Aypara BEHBUDOVA, Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2015.- 27 yanvar.- S.6.