Nurəngiz Gün - həzin bir xəyal kimi

 

 

Nurəngiz Günün vəfatından, bu işıqlı dünyaya göz yummasından qırx gün keçir.

Bu qırx gün ərzində onun qızı, nəvəsi, doğmaları, dostları bəlkə hər gün, hər saat onu bir həzin xəyal kimi xatırlayıblar.

 

Həzin xəyal... Mən onun zahiri ilə şeirləri arasında uyarlığa bundan yaxşı bir ad tapa bilmədim.

Bu qırx gün ərzində bir neçə dəfə onun külliyyatına nəzər yetirmişəm. Məqsədim heç də bir yazı yazmaq, onu tanıtmaq olmayıb. Nurəngiz Gün sağlığında kifayət qədər tanınılası, seviləsi bir insan idi. On ildən artıq Televiziyada diktor, on üç il İncəsənət İnstitutunda müəllim işləmişdi.

 

Azərbaycanda, mənim hesablamama görə, beş yüzdən artıq qadın bədii yaradıcılıqla məşğuldur, onların arasında səviyyə fərqini də aşkarlamaq çətin deyil. Bu yazarlar arasında öz SƏSi, öz NƏFƏSi ilə seçilənlərdən biri də Nurəngiz Gün idi.

 

İnsanın səsi təbii ki, onun özüylə birgə doğulur, ilk çığırtıdan başlamış "Ana" kəlməsini söyləyənə qədər.

 

Dünyaya, dünyanın gözəlliklərinə sevincini, heyrətini bildirənə qədər.Kədərini, ağrı-acısını ürəyindən dilinə gətirənə qədər. Əgər şairdirsə, SƏSi SÖZə çevirənə qədər.  SƏS insan ömrünün ifadə tərzidir. Nurəngiz Gün də həyatda, poeziyada SƏSiylə tanınırdı, sevilirdi.

 

Ədəbi aləmdə Nurəngiz Gün imzası ilə oxucuların görüşünə gələnə qədər (1981) o elə SƏSi ilə tanınmışdı.  Azərbaycan televiziyasında yetmişinci-səksəninci illərin tamaşaçıları o SƏSin cazibəsini, sehrini hələ də unutmamışlar. Narın, zərif, mətnin içindən çiçəkləyən Səs.

 

Qırx yaşında ədəbiyyata gəldi. Nəydi onu ilk baxışda sevinc, səadət, şöhrət vəd edən, amma yuxularını əlindən alan, ağrıları sevincindən çox-çox olan bir aləmə çəkən? Ötəri, keçici bir həvəs idimi? Yox, cavan deyildi axı... Ürəyinin, Ruhunun tələbiydi. Sözlər içində qaynayırdı, daşırdı.  Çox-çox sonralar mən onun "Qəfəs bülbülü" şeirini oxuyanda anladım ki:

 

Ruhum olmasaydı,

                ala bilərdimmi

                bu  qəfəs bülbülünü?

Ruhum çatdı

Bu bircəçik qəfəs azadlığına.

qaçıb buraxacam, azad edəcəyəm

dünyadakı

bütün haqsız qəfəs quşlarını. Sən uç!

Uç bülbül!

halal xoşun olsun sənin

intizarı saralmış, qocalmış azadlığın.

 

Nurəngiz Günün ədəbiyyata gəlişi də bir qəfəs bülbülünün-"intizarı saralmış azadlığın" o qəfəsdən xilası deməkdi.

 

"Ruzi-hicrandır, sevin, ey mürğü-ruhim, kim, bu gün

Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm"

(Füzuli).

 

Əksər hallarda hamı ədəbiyyata şeirlə gəlir, sonra hər kəsin bir seçimi olur - ya şeiri, ya nəsri, ya publisistikanı seçirsən. Yolun məlum. Amma Nurəngiz Gün ədəbiyyata "Tanrı" povestiylə gəldi.

 

"Qürub çağı yetişmişdi. Uzun günün gündüzünü par-par yanıb, hamıya meydan oxuyan kəhrəba günəş artıq mürgüləyirdi.  İndi o sapsarı nəhəng Günəş qıpqırmızı balaca bir nara çevrilmişdi ...Bir azdan Ay doğdu. Ay lap başının üstündəydi. Əlini atsaydı, az qala tutacaqdı ki, bu gümüş qarışığını?! Ayın gümüş telləri ona elə uzun, elə davamlı gəldi ki, az qaldı bu tellərdən yapışıb göylərə qalxsın. Günəş də yorulmuşdu".

 

"Tanrı" povestinin mətni bax beləcə, bədii təsvir vasitələri- təşbih və istiarələrlə doluydu. Doğrudur, povestdə nəsrə məxsus süjet xətti də izlənilirdi, əsas qəhrəman-Məryəmin xatirələr dünyası, gözünü açdığı məkana qayıdışı, burada tamam fərqli bir aləmlə qarşılaşması təsvir olunurdu, amma povest sanki nasir qələmiylə yox, şair ilhamıyla yazılmışdı.

 

Az sonra Nurəngiz Günün şeirləri mətbuata yol açdı. Bu şeirlər isə onun ədəbiyyatda kimliyini - Nurəngiz Günlüyünü təyin elədi.

 

Şairlər haqqında tez-tez "bənzərsiz" kəlməsini işlədirlər və çox zaman bu kəlmə öz izahını, şərhini tapa bilmir. "Bənzərsizlər" bənzərsiz olmur.

 

Nurəngiz Gün heç kimə bənzəməyən şair idi. Əvvəla, öz stilistikası vardı, yəni onu digər qadın yazarlardan fərqləndirən fərdi üslubu, deyim tərzi elə ilk misralarından diqqəti cəlb edirdi.

 

Əllərimin içinə ağlama,

ağlama,qızcığaz,

ağlama, canım, həyanım!

Bilirəm, yox məndən qeyri kimsəyə gümanın.

Sənə verəcəyim-

Hələlik bunlardır:

Çörək, su, yataq.

Qıvrım telli qızcığac!

Əllərimin içindəki qıvrım telli başını qaldır

Kədərini anlayıram.

Əllərimə ağlama, ağlama qızcığac, ağlama.

 

Bu şeir və Nurəngiz xanımın onlarla belə şeiri sərbəst ritmi, melodiyası ilə seçilir və bunları "ağ şeir" kimi səciyyələndiririk.

 

O, böyük türk şairi Nazım Hikmətin şeirlərindən çox təsirlənirdi, Nazım Hikmət şeiri onun üçün poetik meyar, ölçü idi. Ona görə də şeirlərində müasir türk poeziyasından əsib gələn mehi duyurduq.

 

Yadımdan çıxmayıb, paşam,

Gərək ki,

Əvvəl pişik getmişdi, sonra çinar, sonra sən.

Hə, paşam, hə,

əvvəl mən gedəcəyəm,

Məndən çox yaşayır yəqin bu kiçik küçük,

          hələ böyüməli, it olmalı,

          it yaşamını dadmalı!

Dövrandı, bir az sürər, olar bir gün, it də gedər!

Sonra əjdaha gedəcək.

 

Nurəngiz Günün şeirlərində Tənha Qadın ürəyindən qopan ağılar, laylalar, çağırışlar, fəryadlar ucalır.  Və biz bunu ömrü boyu yaşadığı hisslərin, duyğuların üsyanı kimi dərk edirik. "Yoxdu bir kimsə mənim dərdimi bilsin yarəb, Ki, mən öz qanım ilə dərdimə dərman etdim" -Natəvandan gələn və bizim şairələrin də şeirlərinə hopmuş bu poetik nalə Nurəngiz Gündən yan keçmədi.

 

Ürəyimi eşit, dünya!

Qollarım hövl eyləmiş,

Torpaq iki haçadır,

Körpü heyrət içində,

Məftillər qocalıbdır,

Gör haçandır

İki yol arasında

qollar naçar qalıbdır!

Dünya! Mənə hayan ol,

...qollarıma ana ol,

Dünya, mənə yiyə dur.

 

Bu şeir Vətəni, torpağı iki yerə parçalanmış bir Ananın-bir azərbaycanlı qadının poetik fəryadıdır.

 

Nurəngiz Gün "Quzey Kıbrıs ruzgarları"nda o cənnət məkanı "tənha ada"ya bənzədir. Amma onun özünü də müasir poeziyamızda bir tənha adaya bənzətmək olar. Həmin o tənha ada heç də mənsub olduğu cəmiyyətdən, həyatdan təcrid olunmamışdı. O ada elə bu gerçəklikdəydi. Sadəcə min adamın içində özünə qapanmışdı. Həmin o tənha Ada və Tənha Ana "Xocalı simfoniyası" bəstələyirdi, amansız güllələrin torpağa sərdiyi, torpağın altında uyuyan uşaqlara yas tuturdu- ölülərin himnini dünyanın kar qulaqlarına oxuyurdu.

 

Ah! Boğulur çocuqlar,

Yorulur torpağın altında

               Çocuqlar!

Əlləri, qolları yorulur...

Heç bir şey anlamır Çocuqlar!

Çocuqlar top-top oynamaq istəyir,

torpağın altında.

Ana məməsi istəyir körpələr

torpağın altında.

 

Nurəngiz Günün şeirlərində həsrətin çeşidləri, rəngləri, səsləri bol-bol idi. Sevgi iztirablarından doğan qəmlər, Təbriz həsrəti, bir meşənin talan edilməsindən hövllənən ürəyin kədərli anları, şəxsi, fərdi ağrı-acılar.Amma bütün bunlar oxucunu ağlamağa, sızlamağa səsləmirdi, insanın kədəri, qəlbinin qəm çalarları üzərində köklənməsi düşüncədən, fikir iztirablarından gəlirsə, bunu pessimizm kimi anlamaq yanlış olardı. 

 

"Salamat ol, Ağca yol" poemasında Nurəngiz Gün faşizmin dağ çəkdiyi bir ananın iztirablarından söz açır. 

 

Bu mövzuda Azərbaycan poeziyasında yüzlərlə şeir və poemaya rast gəlirik (ən bariz nümunəsi Məmməd Arazın "Üç oğul anası" poemasıdır). Amma Nurəngiz Günün poeması tamam fərqli rakursda diqqəti cəlb edir.  N.Gün bu poemada metaforik planda işləyir-obrazları, ifadələri metafora düzümünə yerləşdirir. Ağca qarının yollara dikili gözləri, yollarda keçən ömrü AĞCA  YOL    metaforik obrazını hasilə gətirir. 

 

Ümumiyyətlə, Nurəngiz Günün şeirləri və poemaları insan-təbiət vəhdətini  əks etdirən nümunələrlə zəngindir.

 

Günəş sevgi tərənnüm edirdi,

Günəşi daradım tellərimnən.

 Gördüm darağın ucundan

Leyləklər uçdular

qanadları alovlu.

Buraxdım Günəşi,

yüyürdüm,

ağacları qucaqladım,

ağladım tellərim arası

Leyləklərin boş qalmış

Yuvaları boyunca.

 

Ağac, Yol, Çiçək, Günəş - bu təbiət obrazları N.Günün şeirlərində bir rəssam duyğusu ilə canlanırdı.  Yol onu "döngəsiz dalanlardan" keçirirdi, ötən uşaqlıq xatirələrinə, ata ocağına çəkib aparırdı. Atasına, Anasına sevgilərini ifadə edəndə çiçəklər, güllər bu sevgiyə qarışırdı.

 

Nurəngiz Gün Azərbaycana, onun hər daşına, qayasına, çiçəyinə heyran kəsilmişdi:

 

Nolaydı,

küçələrin adı  -Lalə, Nərgiz, Bənövşə,

Vətən məhəbbəti, Sevgilər, Od və Atəş olaydı.

 

Onun şeirlərindəki Vətən və Türkçülük ideyası özünün içindən gəlirdi. Nazım Hikmətə sevgisi kimi...

Nurəngiz Günün poeziyasından çox danışmaq olar. Şeirlərindəki saf, duru, son dərəcə səmimi etiraflarından tutmuş, ağrı-acılarına qədər, sevgisindən, qəlbinin nalələrindən tutmuş Vətən sevgisinə qədər. Özü də bu şeirlərin poetik dəyəri də söz deməyə imkan verir.

Onun vəfatından qırx gün keçir.

 

İllər keçəcək. Bir il, beş il, on il, əlli il. Onun şeirləri, Sözü isə həmişə cavan qalacaq.

 

O, "Tanrı" ilə ədəbiyyata gəldi, şeirləri ilə Tanrısına üz tutdu, ölümüylə Tanrısına da qovuşdu. O "Tənha Ada", o Həzin Xəyal - Nurəngiz Gün.

 

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2015.- 28 yanvar.- S.8.