BU GÜN DÜNƏN OLANDA

 

"Bu gün" "dünən" olanda,

"Keçmişə" dönəndə biz,

Ömür-gün yollarından itəndə izlərimiz,

Nəfəsimiz,

Səsimiz

Heç vaxt olmamış kimi silinəndə havadan,

Bizə məxsus nə varsa

Bir-bir yoxa çıxanda qurduğumuz yuvadan,

Bax, o zaman

Qurtulub qürbət əsarətindən,

Ruhlarımız dönəcək

Öz yurduna, elinə,

Qəlbimin odu ilə yazdığım

Bu kitab da

Təsadüfən düşəcək kiminsə də əlinə...

 

Ruhlarımız göylərdə hiss edəcək,

Duyacaq

O bəxtəvər anları.

Yenə biz olacağıq

Yüz il bundan sonranın sevgi qəhrəmanları.

 

BİR DOSTUM VAR İDİ QONŞU OTAQDA...

 

Guya ki, məşğulsan, çatılıb qaşın...

Görmürsən... gözlərim nəmə bürünüb...

Qəlbimə dəymisən yaman, qardaşım,

Bu qədər soyuqluq harda görünüb?

 

...Yaxın ola-ola yoxam elə bil,

Bir masa başında necə uzaqsan!

səsin, sözün əvvəlki deyil,

Sən tanımazsan özünü, baxsan......

 

Xəbərin olmaz ki, qalsam ayaqda,

Sənin qəlbinə belə giriblər;

Bir dostum var idi qonşu otaqda,

Otaqla birlikdə dəyişdiriblər.

 

Üşüdür qəlbimi bu hal, bu əhval,

vətən ətri var, dost istisi.

İstəsən, yolunu biz tərəfə sal,

Gözəldir qürbətin qonaq sevgisi.

 

Hələ xəbərsizsən səhvindən yana,

Heç asan deyil özünə dönmək!

Dəyərmi görəsən, dəyərmi buna -

Kürsüdə ucalıb, nəzərdə enmək!

 

Bu həyat kimləri dəyişmədi ki...

Səni hardasa qınamaq olmaz!

Ucal zirvələrə, şeir nədir ki!

Saxta duyğularla şeir yazılmaz!

 

MƏN VƏTƏNDƏN DÖNƏNDƏ

 

Mən vətəndən dönəndə

Sərhəd bağlana, qalam!

Məndən ayrı qürbətin

Bağrı dağlana qala!

 

Mən vətəndən dönəndə

Vətən həsrət çəkə!

Ağlayan sətirlərim

Önümə bir sədd çəkə!

 

Mən vətəndən dönəndə

Haray sala küləklər...

Əllər ayrı düşsə ,

Ayrılmaya ürəklər!

 

Doluxsuna, kövrələ

Üzü məndən dönən ...

Yollar qubar bağlaya

Mən Vətəndən dönəndə!..

 

QÜRBƏT TÜRKÜSÜ...

 

Zindanı - məcrası, məlul gölmüşəm...

Kimsələr duymaz ki, inləyəndə mən!

Təklikdən özümü iki bölmüşəm,

Danışan da mənəm, dinləyən mən.

 

Göylərə üz tutur ümid duası,

Sözlərim qayıdıb özümə dəyir.

Könlümdən keçsə vətən havası,

Qürbətin küləyi üzümə dəyir.

 

Vətəndən uzaqda - Azərbaycanam:

Onun nəğməsiyəm, onun diliyəm.

Onun həvəsiylə yaşayan canam,

Bir qərib ocağı, solmuş külüyəm.

 

Qəriban ruhumun indi ərki ?

sola yolu var, ki sağa.

Sözlərim yetişmir könül mülkünə,

Ümidim dirənib çıxılmazlığa...

 

Özüm bilmirəm... hayana yönüm?

Hardayam, dünyanın heç harasında?

Bulud da deyiləm yağışa dönüm,

Dolmuşam gecənin bu yarısında...

 

ÖZÜM BULUD...

 

Özüm - bulud, sözüm - yağış,

Torpağa hopmuş kimiyəm...

Dərdim məni axtarmamış

Mən onu tapmış kimiyəm...

 

Hay saldıqca tufan, boran,

Olacaqmı məni soran?!

Arxam yarğan, önüm toran,

Yolumdan sapmış kimiyəm...

 

Ömrüm durna dəstəsidir,

Taleyim kar bəstəsidir.

Könlüm Vətən xəstəsidir,

Kökümdən qopmuş kimiyəm...

 

GEDƏR

 

Məhəbbət qapını qəfildən çalar,

Ya səfa gətirər, ya hədər gedər.

Bildiyin varsa başından alar,

Yalanı, doğrunu yox edər, gedər.

 

Sevginin ölçüsü sonsuz bir rəqəm!

Bu qüdrət önündə baş əyər aləm!

Gücsüzük, ya vüsal, ya həsrətlə qəm

Ömrü qədərsə o qədər gedər...

 

Ay Afaq, müdrükdü bu dəli könül!

Ağla ağladanda, güldürəndə gül!

Bir çınqı saxlayır, soyusa da kül,

Çalış ki, sönməsin, gedər gedər!..

 

BİZİ MƏHƏBBƏTDƏN QORUMA, ALLAH!

 

Sən bizi qorusan - hər dərddən qoru,

Amma məhəbbətdən qoruma, Allah!

Dost-yoldaş cildində namərddən qoru,

Onlara nifrətdən qoruma, Allah!

 

Qoru səmaların bəd duasından,

Yerlərin pisindən, "əjdaha"sından,

İnsanın nəfsindən, iştahasından...

Yaxşıya ibrətdən qoruma, Allah!

 

Qoru, vicdanlara düşməsin ləkə,

Gedənə bir rəhmət oxuna bəlkə...

Bizləri udmasın bu qərib ölkə,

Qürbətə həsrətdən qoruma, Allah!

 

O, MƏLƏK GƏLMİŞDİ DÜNYAYA BƏLKƏ...

 

(20 Yanvar gecəsi doğulan oğlana...)

 

Bir şeir yazılır, qəmli bir şeir,

Bir şair gözləri dolur bu gecə...

Ürək inildəyir, qələm titrəyir,

Vərəq xəzəltək solur bu gecə.

 

Bir şeir yazılır bir ana üçün,

Yaralı qəlbinə qar ələnəcək...

Bitməz gecələrdə oxunmaq üçün

Hələ bir nəğmə bəstələnəcək:

 

...O, mələk gəlmişdi dünyaya əlbət,

İyirmi Yanvarda, o qanlı gündə -

vaxt ki, diz çöküb ulu məmləkət,

Göz yaşı tökmüşdü övlad önündə...

 

O, mələk gəlmişdi dünyaya, bəlkə

Bir şəhid ruhuydu, dönmüşdü geri...

Bir yandan gəzərkən üstündə kölgə,

Bir yandan gəzmişdi ana əlləri...

 

Qayğısız keçsə günləri onun,

Kim bilir qəlbindən nələr keçərdi...

Yoxsa unutmuşdu kim olduğunu,

Hər yerdə bir mələk rəsmi çəkərdi?!

 

Dayanar önündə o "mələklərin",

Üzünə təbəssüm izi qonardı...

Haqdan verilənin mənası dərin, -

Özü adıtək işıqdı, nurdu!

 

Onunçün əsərdi bu asiman da,

Həyat çil-çıraqlı göyqurşağıydı!

Bahardı - göylərə qanadlananda...

Elə ömrünün bahar çağıydı...

 

Doyunca deməmiş "boyuna qurban",

Bir ana bir oğul öpüb oxşadı.

Göz yumub-açınca ötüşdü zaman,

Bir insan bir mələk ömrü yaşadı!

 

...Yazıldı bu şeir, kədərli şeir,

Şairin gözləri doldu bu gecə!

Kəlmələr düzüldü hüzünlə bir-bir,

Vərəq xəzəltək soldu bu gecə!

 

lll

 

Dərdi elə çəkirik

Əbədiyik elə bil...

Sanki bu zaman kimi

Dərd qurtaran deyil...

 

Qərinələr ötəcək

Sanki yaşayacağıq,

Bitməyən dərdimizi

Onca daşıyacağıq?!

 

Bərabər doğulmuşuq,

Biz durduqca o da var.

Ömrümüzlə bərabər

Dərdimiz qurtarar!

 

Afaq Şıxlı

525-ci qəzet.- 2015.- 28 yanvar.- S.7.