Vətən səmasında parlayan
işıq
2014-cü
ilin son və 2015-ci ilin ilk günləri mənim
üçün çox əlamətdar oldu. Bu günlərdə
unudulmaz müəllimimiz, Azərbaycan jurnalistlərinin mənəvi
atası olan tədqiqatçı-alim, ensiklopedik bilik sahibi,
milli qeyrətli, ideal əxlaqlı, örnək şəxsiyyət
olan professor Şirməmməd Hüseynovun 90 illik yubleyi
münasibətilə Bakıya gəlmişdim. İlk
görüş Beynəlxalq Mətbuat Mərkəzində
oldu. Oraya, yaxın dostlarım, tələbə
yoldaşlarım, gözəl insanlar Səxavət Mustafayev,
professor Ramiz Əsgər və tələbəlik illərində
hamımıza xüsusi diqqət, qayğı göstərən
Əjdər Kazımovla birgə getdim. Şirməmməd
müəllimlə görüşə ölkəmizin
say-seçmə ziyalıları gəlmişdi. Onların
arasında yenə tələbə yoldaşlarım millət
vəkilləri Bəxtiyar Sadıqovu, Aqil Abbası, professor Qulu Məhərrəmlini,
Yusif Hüseynovu və başqalarını gördüm. Tədbiri
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun
Amaşov aparırdı. Onu da qeyd edim ki, mən Şirməmməd
müəllimi uşaq yaşlarımdan tanıyıram. Həm
bir şəkili kimi və qohumluq münasibətimiz
olduğuna görə, bütövlükdə bizim ailədə
Şirməmməd müəllimə həmişə məxsusi
hörmət və ehtiram olub. Şirməmməd müəllim
konkret faktlarla danışmağı xoşladığı
üçün mən də bu toplantıda
çıxış edib başıma gələn bir əhvalatı
danışmaq və onun təmiz, obyektiv, böyük insan
olduğunu söyləmək istəyirdim. Amma bir-iki nəfər
çıxış edəndən sonra, tərif eşitməyi
ömrü boyu xoşlamayan Şirməmməd müəllim
Əflatun Amaşova dedi ki, gəl bu insanların
vaxtını çox almayaq, mənə 3-5 dəqiqəlik
söz ver, yəqin ki, bura mənim görüşümə
gələnlər daha çox məni dinləmək istəyirlər.
Bu sözdən sonra mən çıxış etmək
fikrindən daşındım. Həm də ona görə ki,
bilirəm, onun ümumiyyətlə adamı üzünə tərifləməkdən
xoşu gəlmir. Orda deyəcəyimi indi yazmaq istədim.
lll
1972-ci il
sentyabr ayının 1-ci bazar günü idi. Axşama yaxın
biz - mən və Tibb Universitetinin tələbəsi olan
qardaşım - Şirməmməd müəllimin evinə
getmişdik. Onun maraqlı söbətləri
başımızı elə qatmışdı ki, 4-5
saatın necə keçdiyini bilmədik. Ülkər
xanım yaxşı bir süfrə açdı, bizi doyunca
yedirtdi, meyvə şirələri, şirniyyat stolu - hər
şey yüksək səviyyədə idi. Getməyə
hazırlaşanda Şirməmməd müəllim dedi:
-
Oğul-bala, beş dəqiqə mənə qulaq asın, sizə
sözüm var.
Biz yenidən
əvvəlki yerlərimizdə oturduq. Şirməmməd
müəllim həyat yoldaşı Ülkər xanımı
da çağırdı və bir qədər də ciddi tərzdə
sözə başladı:
- Həə,
bala, hər ikiniz ali məktəbə daxil olmusunuz. Tələbəlik
illəri ağır olur. Ola bilər ki, pulunuz qurtarar, yeməyiniz
olmaz. Heç nədən çəkinmədən mənim
evimə gələrsiniz. Ülkər xanım, Allah verəndən,
evimizdə olandan verər, ac qalmazsınız. Pul lazım
olsa, ondan alarsınız. Bir də ki, mənim zəngin
kitabxanam var. Hansı kitab lazım olsa, verərəm
oxuyarsınız (Onu da qeyd edim ki, tələbəlik illərində
mühazirələrdə qeyd edilən kitabları tapıb
oxumaq ən böyük problem idi - Ç.Ə.).
Şirməmməd
müəllim bir qədər də ciddiləşib davam etdi:
- Amma dərsinizi
oxumayıb, imtahandan, zaçotdan kəsilib mənim yanıma
gəlməyəsiniz. Mən heç kimdən belə
şeyləri xahiş edən deyiləm. İndiyə qədər
etməmişəm və bundan sonra da etmərəm. Hansı
dərsdən çətinliyiniz, başa düşmədiyiniz
nəsə olsa, həmin proqram dairəsində səninlə
fərdi məşğul olaram, -
deyib, düz mənim üzümə baxdı. - Amma
oxumasan, sənə qiymət yazmağı heç kimdən
xahiş edə bilmərəm.
Biz
salamatlaşıb evdən çıxdıq. Yol boyu heç
birimiz danışmadıq. O vaxt bu sözlər mənə
çox ağır təsir etmişdi. Mən sonuncu
imtahanı verib universitetə qəbul olan gün atam rəhmətə
getmişdi. Mənə elə gəlirdi ki, atam sağ
olsaydı, Şirməmməd müəllim bu sözləri mənə
deməzdi. Amma illər ötdükcə məndən də
çox yaxın və dəfələrlə imkanlı,
atalı-analı qohumlarımızdan bir neçəsinin oxuya
bilmədiyi üçün universitetdən xaric edilməsinin
şahidi oldum. Onda başa düşdüm ki, mən Şirməmməd
müəllim barədə düz fikirdə olmamışam.
O, çoxlarından fərqli olaraq, həyatda da yüksək
tiribunalarda danışdığı kimidir. Təmənnasız, büllur
xarakterli bir insandır. Mən orta məktəbi bitirib
universitetə sənədlərimi verəndə ailəmizdə
də, dostlarım da mənə deyirdilər ki, Hüquq fakultəsinə
get. Mən isə ərizə yazanda Jurnalistika
ixtisasını seçmişdim. Ona görə ki, Şirməmməd
müəllimi özümə ideal bilirdim. Bütün
ömrüm boyu da onunla fəxr etmişəm.
Toplantıda
millət vəkilləri Bəxtiyar Sadıqov, Cavanşir
Feyziyev, professor Cahangir Məmmədli və Ülkər
xanım Hüseynovanın çıxışları gur
alqışlarla qarşılandı. Yusif Hüseynovun
redaktorluğu ilə çap edilən, Şirməmməd
müəllimə həsr olunmuş və onun haqqında
yazılan məqalələr toplanmış
"İstiqlalın işığında" adlı kitab
qonaqlara paylandı.
Yeni ilin
ilk günlərində də Bakı Dövlət Universitetində
və bir neçə başqa universitetdə Şirməmməd
müəllimlə görüşlər davam etdi. Həmin tədbirlərin
birində naxçıvanlı tələbə
yoldaşım Hüseyn Əsgərovla
qarşılaşdım. Ertəsi gün görüşmək
üçün telefon əlaqəsi saxladıq. Mən
soruşdum ki, Hüseyn, hardasan?
Dedi:
- Binəqədi
rayonunda yeni istifadəyə verilmiş Heydər Məscidinin
yaxınlığında.
2014-cü
ilin son günlərində açılışı olan həmin
məscidin dörd tərəfində ucaldılmış
minarələrin boyundan dəfələrlə yüksəklərə
zillənən işıqlar üfüqdə çox
uzaqlardan görünür və Bakının rəngarəng
işıqları fonunda uca dağlarda görməyə adət
etdiyimiz göy qurşağına bənzəyir. Bu məscidi
ziyarət etmək arzusu ilə Hüseynə dedim, sən get məscidin
qabağına, mən də gəlirəm ora...
Görüşüb məscidin ətrafında gəzişdik,tələbəlik
illərimizi yada saldıq. İkimiz də söhbət edə-edə
heyranlıq və iftixar hissi ilə məscidə
baxırdıq. Mən İranda, Türkiyədə, Orta Asiya
dövlətlərinin bir neçəsində məscidlərdə
olmuşam. Ancaq Bakıda yeni inşa edilən və ulu öndərimizin
adını daşıyan Heydər məscidi daha böyük
və daha əzəmətli görünür.
Gözümüz
məscidə baxsa da, fikrimiz, söhbətimiz çox uzaqlara
getmişdi...
lll
Tələbəlik
illərində indi tanınmış şair olan Adil Cəmil,
Ucardan mərhum Ələkbər Hüseynov, Hüseyn Əsgərov
və mən bir otaqda qalırdıq. İtirilmiş
torpaqlarımız, Azərbaycan hökmdarlarının tarixi səhvləri,
milli mentalitet, tarixi abidələrin qorunmasının vacibliyi,
özümüzü dərk etməyin, millətimizi
dünyaya tanıtmağın vacibliyi barədə tez-tez
maraqlı söhbətlərimiz olardı. Belə söhbətlərlə
məndə vətənpərvərlik hisslərinin
formalaşmasında Hüseyn böyük rol
oynamışdı. Ulu Şəhriyarın ''Heydərbabaya
salam" əsərini də ilk dəfə Hüseyndən
eşitmişdim. Mən də Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasını ona və bütün
tələbə yoldaşlarıma paylamışdım.
Hüseyn, Ulu Öndərin Moskvadan qayıdışından sonra Naxçıvanda onunla görüşlərindən danışdı. Dedi ki, o vaxt mən Naxçıvan televiziyasında ictimai-siyasi verilişlərin və xəbərlərin aparıcı jurnalisti idim. Heydər Əliyevlə, demək olar ki, hər gün görüşürdük. Biz çox səmimi söhbətlər edirdik. Hər görüşdən sonra məndə Ulu Öndərə inam və sevgi artırdı. O ictimaiyyətlə tez-tez görüşürdü. Mən də fürsətdən istifadə edib sadə insanlarla onun görüşlərini, toplantılardakı çıxışlarını televiziya vasitəsilə daha geniş ictimaiyyətə çatdırırdım. Səmimi görüşlərin birində Ulu Öndərə dedim ki, 1974-cü ildən mənim və bir çox tələbə yoldaşlarımın Sizə təşəkkür borcumuz var. İcazə verin, gec də olsa, təşəkkürlərimizi Sizə çatdırım. Ümummilli Lider soruşdu ki, nəyə görə? Mən həmin il Novruz bayramında başımıza gələnləri Ulu Öndərə danışdım. Heydər Əliyev məni çox diqqətlə, axıra qədər dinlədi və deyilənləri təsdiqlədi.
Deməli, indi həmin hadisə haqqında oxuculara inamla məlumat vermək olar.
1973-cü ilin yazında Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakultəsinin, əsasən də bizim kursun tələbələri Novruz bayramını qeyd etmək fikrinə düşmüşdü. Müəllimlərimizdən Mir Cəlal Paşayev, Qulu Xəlilov, Əzizə Cəfərzadəni də bu tədbirə dəvət etdik. Görüş yerimiz Fəxri Xiyaban oldu. Əlimizdə gül-çiçək dəstələri var idi. Yataqxanada qızlar səməni göyərdib gətirmişdilər. Fəxri Xiyabanda Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəyovun, Şıxəli Qurbanovun və başqa milli şəxsiyyətlərin məzarlarını ziyarət etdik . Hər məzar başında 10-15 dəqiqəlik çıxışlar oldu. Tədbir başa çatdı, heç bir insident baş vermədi. Bir il sonra 1974-cü ilin Novruz bayramına hazırlıq işlərinə daha erkən başlamışdıq. Son anda bunun xəbəri yuxarılara gedib çatmışdı. Universitetin rektoru özü qızlar yataqxanasına gedib otaqları bir-bir gəzmiş, səməniləri pəncərədən çölə atdırmışdı. O gedəndən sonra axşam qaranlıq düşəndə biz həyətə atılmış səməniləri birtəhər yığıb topladıq, sabahkı tədbir üçün hazırlaşdıq. Sabahı gün müəyyən edilmiş görüş yerlərini və vaxtı dəyişdik. Bir neçə dəstəyə bölünüb Fəxri Xiyabana yollandıq, orada görüşdük. Bu dəfə tələbə və müəllimlərin sayı ötənilkindən 4-5 dəfə çox idi. Təxminən 110-120 nəfər olardıq. Həm də bu dəfə Jurnalistika fakultəsindən başqa, Filologiya, Tarix fakültələrindən və başqa ali məktəblərdən də gələnlər var idi. Tədbirə Hüseyn Əsgərov və bizdən aşağı kursda oxuyan bir qız (təəssüf, adını unutmuşam) aparıcılıq edirdi. Ziyarətə Şıxəli Qurbanovun məzarından başladıq. Ziyarət etdiyimiz məzarların və çıxış edənlərin sayı artmışdı. Bizə fəlsəfədən dərs deyən Qənbər müəllimin,tələbə yoldaşlarımızdan mərhum Qəzənfər Rüstəmovun, Ağamalı Əfəndiyevin (Sadiq Əfəndi), Mehman Cavadoğlunun və başqalarının milli ruhlu, məntiqli, məzmunlu çıxışları oldu. Yeri gəlmişkən, Sovet hakimiyyəti devrildikdən sonra müstəqillik illərində Azərbaycanın bir çox mətbuat orqanlarında, o cümlədən, tələbə yoldaşımız Ağamalı Sadiq Əfəndinin redaktoru olduğu "Müxalifət" qəzetində bu mövzuda yazılar dərc edilib.
Fəxri Xiyabanda Novruz bayramı tədbirindən sonra təkcə bizim fakultədən 40 nəfərə qədər tələbəni ayrı-ayrı yerlərdə saxlayıb Dövlət Təhlükəsizliyi Komitəsinin qarşısındakı Dzerjinski adına kluba aparmışdılar. Burada da hərəni bir otaqda saxlayıb sorğu-sual etmişdilər. İş elə təşkil edilmişdi ki, tələbələrin bir-birindən xəbəri yox idi. Bizə müxtəlif suallar verilir və izahatlar yazdırırdılar. Təxminən gecə saat 1-dən sonra qəfildən vəziyyət dəyişdi. Tələbələrin hamısının alınmış sənədlərini geri qaytardılar və əvvəlkindən fərqli olaraq, mülayim rəftarla bizi yola saldılar. Dedilər ki, burada saxlanılmağınızı heç yerdə heç kimə deməyin.
Təbii ki, Jurnalistika fakultəsi tələbələrinin saxlanılması barədə bizim dekanımız Şirməmməd Hüseynovun məlumatı olmuşdu. Bir neçə gün sonra Şirməmməd müəllim Əjdər Kazımovu, Hüseyn Əsgərovu, Ağamalı Əfəndiyevi, Qəzənfər Rüstəmovu və məni yanına çağırdı. Söhbəti həmin hadisə üzərinə gətirib dedi ki, bu məsələ ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə gecə saat 1 radələrində məruzə edilib. Heydər Əliyev də ciddi tapşırıq verib ki, təcili olaraq tələbələri buraxın, onlara deyin, tələbədirlər, indi ən vacib işləri dərs oxumaq, ali təhsili tamamlamaqdır, hər işin öz vaxtı var. Rəhbərin tapşırığı elə qəti olmuşdu ki, o hadisədən sonra biz heç bir təzyiqə, təqibə məruz qalmadıq.
Yadımdadır ki, onda biz Şirməmməd müəllimdən ayrılanda Hüseyn gülə-gülə demişdi:
- Mən indi Azərbaycanın səmasında parlayan gur işıq görürəm.
Bu məqamda isə xoş əhval-ruhiyyə ilə ondan soruşdum.
- Hüseyn, indi Azərbaycanın səmasında nə görürsən?
Hüseyn qətiyyətli səslə dedi:
- İndi mən Azərbaycanın səmasında parlayan qoşa işıq görürəm!
Çingiz
ƏNVƏROĞLU
Şəki, 15
yanvar 2015
525-ci qəzet.-
2015.- 28 yanvar.- S.6.