Azərbaycan uşaq ədəbiyyatının
müasir durumu
müzakirə olunub
Dünən Azərbaycan Milli
Elmlər Akademiyası
(AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun
Elektron akt zalında Ədəbiyyat
İnstitutu və Azərbaycan Yazıçılar
Birliyinin
(AYB) "Azərbaycan uşaq ədəbiyyatı:
ədəbi-tarixi ənənələri
və müasir problemləri" mövzusunda
birgə yaradıcılıq
müşavirəsi keçirilib.
Tədbiri giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq
"Müstəqillik illərində
Azərbaycan uşaq ədəbiyyatı və
vəzifələrimiz" mövzusunda çıxış
edib. Akademik İsa Həbibbəyli
bildirib ki, Azərbaycan uşaq ədəbiyyatına həsr
edilmiş yaradıcılıq
müşavirəsi, hər
şeydən əvvəl,
ölkəmizin müstəqillik
dövrünün zəruri
ehtiyacından yaranıb.
Bunun dövlət müstəqilliyi qazanmış
Azərbaycanın vətənpərvər,
milli düşüncəyə
malik dünyəvi dəyərlərində əhəmiyyətini
dərk edən, yeni nəslinin formalaşdırılması zamanı
irəli sürdüyü
çağırışlar olduğunu qeyd edən akademik İsa Həbibbəyli yeni nəsil Azərbaycan uşaqlarının
tərbiyəsi və
təlimində Azərbaycan
klassik uşaq ədəbiyyatının mühüm
yer tutduğunu vurğulayıb. Abbas Səhhət, Abdulla Şaiq,
Mirzə Ələkbər
Sabir, Süleyman Sani Axundov, Məhəmməd
Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə və onlardan sonrakı ədəbi nəslin nümayəndələri,
xüsusən də İlyas Tapdıq, Xanımana Əlibəyli,
Məstan Günər,
Zahid Xəlil və başqalarının
uşaq ədəbiyyatı
irsini ölkəmizdə
bir neçə nəslin formalaşmasında
əvəzsiz mənəvi
sərvət kimi səciyyələndirən institut
rəhbəri müstəqillik
dövrü Azərbaycan
uşaq ədəbiyyatının
yaradılması və
inkişaf etdirilməsinin
də ədəbi-elmi
mühitimizin əsas qayğılarından, məsul
vəzifələrindən biri olduğunu deyib: "Çünki uşaqlar üçün
klassik uşaq ədəbiyyatı nümunələri
ilə yanaşı, dəyişən dünyanı
qavramağa kömək
edən, ölkəmizin
yeni dövrünün
reallıqlarını təsəvvür
etməyə təsir
göstərən yeni
tipli ədəbiyyata da ciddi ehtiyac
vardır. Ümumiyyətlə, bütövlükdə ədəbiyyat, o cümlədən
də, uşaq ədəbiyyatı daim yeniləşməli və
zənginləşdirilməlidir. Diqqətlə nəzər salsaq
görərik ki, Azərbaycanda hər dövrün özünəməxsus
uşaq ədəbiyyatı
nümunələri yaradılıb.
Bütün epoxaların əks-sədası
kimi yaranan Azərbaycan uşaq folkloru nümunələri
uşaqlar üçün
böyük məktəbdir.
Qədim
dövr və orta əsrlər Azərbaycan ədəbiyyatındakı
"Oğluma nəsihət"
silsiləsi, ibrətamiz
mənzum hekayətlər
poetik serialları həm də Azərbaycan uşaq ədəbiyyatının böyük
dayaqlarını təşkil
edir.
XIX əsrin sonlarına
doğru məktəblərin
zəruri ehtiyacı kimi meydana çıxmış
dərsliklər milli uşaq ədəbiyyatının
inkişafında geniş
üfüqlər açmışdır. Məktəb və dərslik konkret olaraq uşaqlar üçün
ədəbiyyatın yeni
epoxasını meydana
çıxarmışdır. Azərbaycan milli uşaq ədəbiyyatının qızıl
fondu milli məktəblərin və
dərsliklərin zəminində
yaranıb inkişaf etmişdir. Uşaq ədəbiyatının böyük yaradıcıları
sırasında müəllim-yazıçı
və şairlər xüsusi yer tuturlar. Azərbaycan oxucusu da milli uşaq ədəbiyyatını ilk dəfə
məktəblərdə öyrənmiş,
dərsliklərdən oxumuşdur.
Ən yaxşı uşaq ədəbiyyatı nümunələri
də məktəbə,
elmə, müəllimə
həsr olunmuşdur.
XX əsr boyu
Azərbaycan yazıçıları
məktəbə və
elmə milli oyanış məfkurəsinin
əsas hərəkətverici
qüvvəsi kimi baxmışlar".
Akademik İsa Həbibbəyli qeyd edib ki, müstəqillik
dövrü Azərbaycan
uşaq ədəbiyyatında
da maarifçilik ruhu yaşadılmaqdadır. Heç şübhəsiz,
yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərləri inkişaf
etdirməklə yanaşı
bəşəri dəyərlərin
də balansını
qoruyub saxlamağa xidmət etməlidir.
Müasir uşaq Sovet
ədəbiyyatı eyni
zamanda, XXI əsrin suallarına cavab verməli, əslində vətənpərvərliyin carçısına
çevrilməsidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş
uşaq ədəbiyyatı
daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə
yol tapmalı, onların iliklərinə
işləyən ümummilli
ideyalarla zəngin olmalıdır. Müstəqil
Azərbaycanın yetirməsi
olan yeni ədəbi qəhrəman
obrazı formalaşdırılmasının
uşaq ədəbiyyatının
borcu və vəzifəsi olduğunu diqqətə çatdıran
akademik İsa Həbibbəyli Əjdər
Ol, Sevinc Nuruqızı, Qəşəm
İsabəyli, Qəşəm
Nəcəfzadə, Rafiq
Yusifoğlu, Reyhan Yusifqızı, İbrahim
Yusifoğlu və başqaları kimi yeni nəsil uşaq yazıçılarının
ardıcıl olaraq əsərlərinin çap
olunduğunu, hətta
Qəşəm İsabəylinin
Beynəlxalq Andersen mükafatına,
Reyhan Yusifqızının
Türk dünyası
üzrə uşaq ədəbiyyatı mükafatına
layiq görüldüklərini
xüsusi vurğulayıb.
Yeni nəsil tədqiqatçıların
gözündə yeni
dövr uşaq ədəbiyyatının problemlərini
təqdim etməklə
məsələyə yeni
təfəkkür işığında
nəzər salmağa
üstünlük verilən
yaradıcılıq müşavirəsindəki
müzakirələrdə ağsaqqal
və orta nəslin fikirləri, mülahizələri ilə
məruzələrdə səslənən
məsələlərin bir-birinin
tamamlayacağını qeyd
edən institut rəhbəri bildirib ki, bununla biz həm yeni dövrün
uşaq ədəbiyyatının,
həm də müstəqil epoxasının
uşaqlarının azərbaycançılıq
ruhunda inkişaf etməsinə kömək
etmiş olacağıq.
Bu isə elmi
ziyalıların və
yaradıcı qüvvələrin
müstəqil dövlətimiz
və xalqımız qarşısında böyük
borcudur.
Sonra Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
çıxış edərək
Akademiya ilə Yazıçılar Birliyinin
keçirdiyi yaradıcılıq
müşavirəsinin böyük
əhəmiyyət kəsb
etdiyini bildirib. Xalq yazıçısı
Ədəbiyyat İnstitutu
ilə birgə keçirilən ilk tədbirin
uşaq ədəbiyyatının
problemlərinə həsr
edilməsinin təqdirəlayiq
olduğunu qeyd edərək millətin gələcəyi üçün
təhsilin və mənəvi tərbiyənin
vacibliyini diqqətə
çatdırıb. Bundan qabaq
isə məktəbəqədər
təhsilin önəm
daşıdığını nəzərə çatdıran
Xalq yazıçısı
bir sıra xarici ölkələrdən
nümunələr göstərib
və uşaqların
bilikdən başqa müstəqil düşüncələrinin
də önəmli olduğunu qeyd edib. AYB sədri
alim və yazıçıların bilikdə
çalışmalarının böyük əhəmiyyət
daşıdığını xüsusi vurğulayıb,
göstərilən mövzu
üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab
edib.
Ədəbiyyat İnstitutunun elmi
işçisi, filologiya
üzrə fəlsəfə
doktoru Elnarə Akimova "Uşaq ədəbiyyatı nəşrləri:
tarixi təcrübəsi
və müasir vəziyyəti" mövzusunda
məruzə edib. O, uşaq nəşrləri
və saytlar, fantastik ədəbiyyat, xarici dillərdən və eləcə də xarici dillərə tərcümə
və s. məsələlərdən
ətraflı söhbət
açaraq milli ideyaya və sağlam düşüncəyə
malik uşaq ədəbiyyatının inkişaf
perspektivləri barədə
fikir və mülahizələrini bildirib.
AYB Uşaq ədəbiyyatı
bölməsinin rəhbəri,
şair Qəşəm
Nəcəfzadə "Azərbaycan
Yazıçılar Birliyi
və uşaq ədəbiyyatı məsələləri"
mövzusunda məruzəsində
televiziya proqramlarında
uşaq verilişlərinin
azlığı, ibtidai
sinif dərsliklərinin
mətnləri, qeyri-hökumət
təşkilatları və
bələdiyyələr tərəfindən
müəyyən nəşrlərə
yardım edilməsi, həmçinin bir sıra yaradıcılıq
problemlərindən danışıb.
Filologiya üzrə fəlsəfə doktoru Aynurə Xəlilova "Uşaq folkloru və müasirlik" mövzusundakı məruzəsində
aqressivlik aşılayan
cizgi filmləri, eləcə də uşaq folkloru antologiyasının yaradılması,
Ədəbi tənqid
şöbəsinin elmi
işçisi Nərgiz
Cabbarlı "Müasir
uşaq poeziyasının
yaradıcılıq axtarışları"
adlı məruzəsində
naşir-müəllif problemləri,
elmi dəyərləndirmələrin
davamlı olmasının
vacibliyi və s. bu kimi məsələlər
barədə fikir bildirərək uşaq əsərləri barədə
mülahizələrini diqqətə
çatdırıblar. Filologiya
üzrə fəlsəfə
doktoru Günay Qarayevanın "Çağdaş
uşaq nəsri",
filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının
"Son illərin uşaq
dramaturgiyası" mövzularındakı
məruzələrində vətənpərvərlik
və qəhrəmanlıq,
elm və təhsilə
maraq, estetik tərbiyə və s. kimi mənəvi keyfiyyətlər aşılayan
əsərlərin yazılmasına
üstünlük verilməsinin
vacibliyi qeyd edilib.
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid uşaq ədəbiyyatının mövcud problemlərindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Yaradıcılıq müşavirəsində "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Şirindil Alışanlı, uşaq mövzusunda yazan şairlərdən Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Oqtay Rza və "Altun kitab" nəşriyyatının direktoru Rafiq İsmayılovun çıxışları da maraqla qarşılanıb.
Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək müstəqillik dövrü uşaq ədəbiyyatının inkişaf istiqamətlərinin müəyyən edilməsi, yeni dövrün yeni vətəndaşının yetişdirilməsi məsələləri üzrə keçirilən yaradıcılıq müşavirəsinin böyük əhəmiyyət kəsb etdiyini vurgulayaraq "Uşaq ədəbiyyatı" seriyasından çoxcildliyin hazırlanması və uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirib.
Yaradıcılıq müşavirəsində alimlərlə yanaşı şair və yazıçılar, naşirlər və media nümayəndələri iştirak ediblər.
Tədbir boyu mövzu üzrə slaydlar nümayiş olunub.
Ağahüseyn ŞÜKÜROV
525-ci qəzet.-
2015.- 29 yanvar.- S.7.