Londonda azərbaycanlı rəssamların
sərgisi açılıb
"Buta" İncəsənət
Mərkəzinin təşkilatçılığı
ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti
festivalı çərçivəsində
məşhur "Louise Blouin
Foundation" incəsənət qalereyasında ölkəmizin
müasir incəsənətinin
istedadlı nümayəndələri
Aida Mahmudovanın və
Faiq Əhmədin
"Daxili tədqiqat"
(Exploring Inward) adlı
birgə sərgisi açılıb.
Sərginin açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
iştirak ediblər.
"Buta" İncəsənət
Mərkəzinin baş
direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs
edib. O, ikinci Beynəlxalq
"Buta" Azərbaycan
incəsənəti festivalı
çərçivəsində keçiriləcək növbəti
tədbirlər haqqında
da məlumat verib.
Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi,
qalereyaçı Fərəh
Piriyeva Aida Mahmudovanın
və Faiq Əhmədin yaradıcılıqları
barədə məlumat
verib. O, Azərbaycanın
gənc istedadlarının
əsərlərinin dünyada
böyük maraq doğurduğunu diqqətə
çatdırıb. Qeyd edib
ki, hər iki rəssamda incəsənəti daxildən
kəşf etmək əzmi var. Onlarda axtarış marağı
açıq şəkildə
özünü büruzə
verir və daha çox öyrənmək üçün
daim səyahətdədirlər.
Sonra sərgiyə
baxış olub.
Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm
Azərbaycan incəsənəti
təqdim olunur. Aida Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə çəkilmiş
monumental mənzərə əsəri,
Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından
ilhamlanaraq hazırladığı
incəsənət qurğuları
nümayiş etdirilir.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 29 yanvar.- S.7.