Görkəmli yazıçı Baninin 110 illiyi tamam olub
Taleyin ağrı-acısını
dadıb, doğma Vətəndən uzaq düşən elələri
var ki, onların
adı sonradan mənsub olduqları məmləkətlərlə bir
çəkilir. Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı
Ümm-əl-Banu (Banin)
Əsədullayeva da belələrindəndir. Məşhur Azərbaycan milyonçuları
Şəmsi Əsədullayevin
və Musa Nağıyevin
nəvəsi, Azərbaycan
Demokratik Respublikasının
nazirlərindən biri,
milyonçu Mirzə Əsədullayevin qızı
olan Ümm-əl-Banu
1905-ci ilin yanvar ayında anadan olub. Bu il
onun 110 illiyi tamam olur.
Hələ anadan doğulanda anasını itirən Üm-əl-Banunun sonrakı
həyatı da acınacaqlı olub. Sonralar
o öz taleyi haqqında yazırdı:
"Mən doğma anamı tanımırdım.
Çünki gözünü açanda o artıq dünyasını dəyişmişdi".
Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər
atasını həbs
edirlər, babalarının
var-yoxu əllərindən
alınır. O, atasını
həbsxanadan qurtarmaq,
ölkədən çıxmaq
üçün istəmədiyi,
lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə
əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının
yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə,
tərcüməçi işləyir...
Sonradan Banu fransalı dostlarının məsləhəti
ilə xatirələrini
qələmə almağa
başlayır.
1946-cı ildə "Banin" imzası ilə dərc olunan "Qafqaz günləri" kitabı
ona ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra
Andre Marlo, İvan
Bunin, Nikos Kazaçakis, Anri
Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə
rəğbət yaranır.
İkinci Dünya müharibəsinin
iştirakçısı, alman yazıçısı
və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.
Baninin uşaqlığının
ağlı-qaralı xatirələri
"Qafqaz günləri"
kitabında əks olunub. Bundan sonra yazdığı "Paris günləri",
"Ernst Yungenlə görüş",
"Mən opiumu seçdim", "Sonra",
"Sonuncu ümidin çağırışı" və digər romanları ona geniş oxucu kütləsi qazandırır.
Son kitabı - "Mariya
mənə nə danışdı" romanı
1991-ci ildə, ölümündən
bir il
əvvəl işıq
üzü görür.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman
dillərindən gözəl
tərcüməsi kimi
tanınırdı. O, İvan
Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının
ən yaxşı bilicilərindən sayılırdı.
Yaşından nisbətən cavan görünən Baninin şux görkəmi hamını heyrətə salır və onu Şərq gözəli adlandırırdılar. Yazıçı İvan Bunin ona "Şamaxı şahzadəsi" adı qoymuşdu.
Onunla ilk görüşən azərbaycanlı diplomat Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə - Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxt baş verib.
Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Banin soy-kökünü heç vaxt yaddan çıxarmamışdı. O, Dağlıq Qarabağda baş verən hadisələri həyəcanla izləyirdi. Parisdəki "Azərbaycan evi" assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edirdi.
1992-ci il oktyabrın 29-da "Fiqaro" qəzeti olduqca kədərli bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib..." Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Banin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, sağlığında öz qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb.
525-ci qəzet.- 2015.- 29 yanvar.- S7.