Milli mədəniyyətimizdə Fətullayevlər
pleyadası
Azərbaycanın
tanınmış rejissoru Hafiz Fətullayevin əvvəl səhhətinin
pisləşməsi və sonra vəfatı barədə xəbəri
internet səhifələrində oxuyub çox məyus oldum.
Özümə mənəvi borc bildim ki, mərhum sənətkarın
mənsub olduğu
Fətullayevlər sülaləsi barədə bir
yazı qələmə alaraq oxuculara təqdim edim. Qoy bu,
Hafiz Fətullayevin əziz xatirəsinə həsr edilmiş
ilk yazı olsun!
Hafizin
babası Mirzə Möhsün Fətullazadə (1885-1936)
Masallının axarlı-baxarlı, saf çeşməli silsilə bulaqları,
adlı-sanlı alimləri və idmançıları ilə şöhrət qazanan Ərkivanda dünyaya göz
açmışdı. Bir müddət Lənkəranda
yaşayandan sonra, 1920-ci ildə Bakıya
köçmüşdü. Mirzə Möhsünün ailəsində
boya-başa çatan dörd
oğlunun və nəvələrinin adları Azərbaycanın görkəmli simalarının cərgəsində
çəkilir.
Böyük oğlu Fateh Fətullayevin (1909-1986) əsl
adı Fətulla olub. Ancaq
görkəmli ədibimiz Hüseyn Cavidin təkidi
ilə adını dəyişib Fateh qoyub. Fateh
Fətullayev respublikanın Əməkdar artisti, teatr və
kino aktyoru idi. Məşhur "Ögey ana" filmində
onun ata - Arif rolunu, "Bir məhəlləli iki
oğlan"da Əliqulu, "Qaraca qız"da bəy
obrazlarını xatırlamaq kifayətdir...
İkinci oğlu Nüsrət Fətullayev (1911-1987) milli
teatr rəssamlığımızın inkişafında və
formalaşmasında böyük xidmətlər göstərib. 25 sentyabr
1913-cü ildə Lənkəranda doğulan Nüsrət Fətullayev
Bakı Rəssamlıq Məktəbində təhsil alıb
(1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə
quruluş verdiyi Aleksandr Korneyçukun "31-43"
("Eskadranın məhvi") dramının tamaşası
ilə Akademik Milli Dram Teatrında ilk işinə
başlayıb."Eskadranın məhvi"
tamaşasının bədii tərtibatına
görə Sidqi Ruhulla demişdir: - "O, (yəni - Nüsrət
Fətullayev-N.Ə) bu işi yüksək professionallıqla
qurmuşdur". 1938-ci ildə Nüsrət
teatrın baş rəssamı vəzifəsinə təyin
olunur. 1940-cı ilin ikinci yarısından
bu kollektivə baş rəssam təyin olunub və
ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə
icra edib. Sənət dünyasındakı
xidmətlərinə görə respublikanın Əməkdar
incəsənət xadimi (4 may 1940) və Xalq artisti (21 iyul
1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı)
tamaşasına görə 1948-ci ildə Stalin
mükafatına, İlyas Əfəndiyevin "Mahnı
dağlarda qaldı" dramının tərtibatı
üçün isə 1972-ci ildə Azərbaycanın
Dövlət mükafatına layiq görülüb. Nüsrət Fətullayevin özünəməxsus
yaradıcılıq dəst-xətti olub. O, əsasən,
realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu da
monumental-romantik üslub təşkil edib. Teatrın
texniki prinsiplərini dərindən bilməsi, səhnə
ölçülərinə dəqiqliklə riayət etməsi
onun işlədiyi tərtibatlara tamlıq, əzəmət və
obrazlılıq gətirirdi. Tərtibat
verdiyi tamaşalarda aktyorların sərbəst səhnə
davranışlarını yaradıcı həssaslıqla nəzərə
alırdı. Milli etnoqrafiyanı dərindən
bilən Nüsrət Fətullayev tərtibat rəssamlığında
klassik üslub ənənələrini yaşadırdı.
Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı,
işıqlı ruhunun təzə-tərliyinə, təravətli
ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub
qarışıqlığı olmurdu, ancaq müxtəlif
formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi
həm tamaşaya möhtəşəm obrazlılıq gətirirdi,
həm də tamaşaçını heyrətdə
saxlayırdı. Nüsrət Fətullayev
1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. Aktrisa Hökümə Qurbanovanın həyat
yoldaşı və aktrisa Vəfa Fətullayevanın
atasıdır (Hökümə Qurbanova bəstəkar
Müslüm Maqomayevin bacısı Malikat xanımın
qızı idi).
Üçüncü oğlu Şəmsəddin Fətullayev
(1913-1975) konservatoriyada təhsil almışdı. Bir müddət Hüseyn
Ərəblinski adına Sumqayıt Dövlət Dram
Teatrının musiqi
hissə müdiri, Musiqili Komediya Teatrında baş
drijor işləmişdi. Bəstəkarlar
İttifaqının üzvü idi. "Dərviş
Məstəli şah", "İki ağanın bir nökəri"
tamaşalarının musiqi tərtibatçısı
olmuşdur.
Dördüncü oğlu Nurəddin Fətullayev
(1916-1973) Bəstəkarlar İttifaqının
üzvü idi. Qardaşı
Şəmsəddindən sonra uzun müddət Akademik Milli
Teatrda musiqi hissə müdiri işləyib. "Atayevlər ailəsi" (Azərbaycan radiosu) əsərində
musiqi tərtibatçısı olub.
Hafiz Fətullayev Nurəddinin oğludur. 24 fevral 1944-cü ildə Bakıda dünyaya
gəlib. M.A.Əliyev adına
ADİİ-nun Rejissorluq fakultəsini bitirdikdən sonra (1970)
uzun müddət Akademik Milli Dram Teatrında işləyib.
Sonra Azərbaycan Dövlət Dram Teatrında, 1977-1990-cı
illərdə Azərbaycan Dövlət Televiziyasında fəaliyyət
göstərib. "Dostluq meridianı",
"Məhəbbət, məhəbbət" kimi ədəbi-bədii
verilişlərin müəllifi olub. Bir
müddət Lider TV-də çalışmışdı.
1991-ci ildən özünün
yaratdığı "Rimur" müstəqil
kinokompaniyasına rəhbərlik etmşdi. "Biri
Getdi, qaldı üçü" (Quruluşçu rejissor)
"Fatehlərin divanı" nda (1997) Cəlair oğlu
Əhməd bəy, "Mücrü" (1973)" filmində
ata rollarında oynayıb. "Müqəddəs
oda yanaram" (1991. G.Əzimzadə ilə
birgə quruluşçu rejissor) filminin ssenari müəllifi,
"Qırmızı Qatar" (1993) filminin rejissorudur. Respublika Kinematoqrafçılar İttifaqının
üzvü idi.
Çox
təəssüf ki,
uzun sürən xəstəliyi zamanı
qüruruna sığışdırıb müalicə üçün
heç bir quruma ağız
açmayan Hafiz Fətullayev cənazəsi bu il yanvarın 20-də Maştağa qəbiristanlığında
torpağa tapşırıldı. Ömrünün son
günləri sənət doslarından yalnız Xalq artisti
Şəfiqə xanım Məmmədovanın onunla
maraqlandığını dilə gətirib!..
Elə
söz düşmüşkən, əslən
Masallının qədim Ərkivan kəndindən (indi qəsəbə-
N.Ə.) olan və Azərbaycana
başucalığı gətirən Fətullayevlər sülaləsindən
bəhs edən "Bir ağacın altı budağı"
adlı oçerkdən nümunə gətirmək istərdim.
Masallının, eləcə də Ərkivanın fəxri olan Azərbaycanın görkəmli tənqidçi-alimi
Vaqif Yusiflinin ürək ağrısı ilə qələmə
aldığı bu oçerki belə bir kövrək
misralarla başlayır: "Nəslin yarpaq
tökümü" belə başlandı: əvvəlcə
dördüncü - ən kiçik qardaş Nurəddn vəfat
etdi (1973). 1975-ci ildə Şəmsəddin bu
işıqlı dünyaya vida dedi. Sonra
böyük qardaş Fateh ömür karvanını başa
çatdırdı (1986). İkinci qardaş - Nüsrət,
bəlkə də bir az çox yaşayardı, amma
gözünün ağı-qarası olan qızı Vəfanın
ölümü (1987) sanki belini qırdı,
qızının dünyadan nakam getməsi Nüsrəti də
həmin il dünyadan apardı. Nüsrət, Fateh, Şəmsəddin
və Nurəddin Fətullayevlər... Bir zamanlar Azərbaycan səhnəsinin
aparıcı siması olmuş bu ərkivanlı qardaşlar əsl
istedad sahibləri idilər... Nüsrəti, Fatehi təkcə Azərbaycanda deyil,
Şərq ölkələrində və dünyanın bir
sıra ölkələrində də tanıyırlar. Nüsrəti, Səməd Vurğun demişkən,
rəsm dünyasının qüdsiyyətinə görə,
Fatehi isə "Ögey ana" filmindəki
İsmayılın atası Arif roluna görə. Yeganə filmdir ki, baxmaq istədikcə baxırsan.
Baxırsan, kövrəlirsən, yanırsan,
yaxılırsan, sonda uşaq kimi sevinirsən. Tamaşaçını belə haldan-hala salan Fateh
Fətullayevlə (Arif) Nəcibə Məlikovanın (Dilarə)
qeyri-adi oyun tərzləridir. Bu qüdrətli
ifa tərzlərindən, bu cütlüyün ecazkar məharətindən
təlqin olunan halətlər isə tamaşaçını
ekrana daha yaxın oturmağa vadar edir. Balaca
İsmayılın (Ceyhun Mirzəyevin) dəcəlliyi də,
şətəlliyi də, pintiliyi də, dərslərindın
geri qalması da, yoldaşlarına, xüsusilə
bacısına amansız olması da, valideynlərinin
sözünə məsuliyyətsiz yanaşması da Fateh Fətullayev
və Nəcibə Məlikova cütlüyünün ifa
maneralarının qüdrətindən yaranan bədii məntiqin
fonunda tamaşaçıların içini göynədir,
onları mütəəssir edir....
Vaqif Yusifli Nüsrət Fətullayevi belə səciyyələndirir: "...Azərbaycan teatr rəssamlarının yaradıcılarından biridir. Bir müddət Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub (1943-1945). 1935-ci ildən ömrünün axırına kimi Akademik Dram Teatrında tərtibatçı-rəssam, sonra isə rəssam işləyib. Rəssamlığa uşaqlıqdan həvəsi varmış. Ancaq atasından gizli saxlayırmış bu meylini. Nəhayət, anasına bu barədə söhbət açır, Kübra xanım da ərinə deyir. Teatrda istedadlı rejissor Yusif Yulduzun "Eksadranın məhvi" tamaşası gedirmiş, bu tamaşanın rəssamı N. Fətullayev idi. Kişini birtəhər teatra aparırlar. Əslində o, etiraz etməmişdi, demişdi ki, əgər Nüsrətin bu sənətə meyli varsa, getsin, amma yarımçığından olmasın. Teatrdan qayıdırlar, kişi içəri keçir. Qapı ağzında dayanan qardaşlar intizarla onun qərarını gözləyirmişlər. Nəhayət, Kübra xanım onları içəri çağırır. Ağa (qardaşlar onu belə çağırırmış) kürsüdə oturmuşdu. İçəri girəndə başını razılıqla tərpədir və bu nəinki Nüsrətin, o biri qardaşların da taleyini həll edir...".
Vaqif Yusiflinin rəvan və şirin dili Nüsrət kimi bir düha sahibini həm də bir şəxsiyyət kimi oxucuya bağlayır. Xüsusilə Adil İsgəndərovla, Səməd Vurğunla Nüsrət Fərzullayevin dostluğu barədə deyilənlər onunla bağlı tədqiqat aparmaq barədə düşünənlərə gəl-gəl deyir. Çünki Nüsrət Fətullayevlə Adil İsgəndərov kimi səhnə və kino korifeyi ilə dostluğunu əks etdirən fəsil tədqiqat materialının çox maraqlı və oxunaqlı bölməsi olarsa, Nüsrət Fətullayevin Səməd Vurğunla dostluğunu əks etdirən səhnələr isə həmin tədqiqat materialının əsas leytmotivini təşkil edə bilər. Böyük şairimiz Səməd Vurğun Nüsrət Fətullayevin sənətinə çox böyük qiymət vermişdir. Milli Akademik Dram Teatrında bu günə qədər Səməd Vurğunun Nüsrət Fətullayev haqqındakı deyimlərindən yaddaşlarda qalan nümunələr var. Səməd Vurğun Ərkivanı Cənub bölgəsinin Luvru, Nüsrət Fətullayevi isə həmin Luvrun Leonardo - do Vinçisi adlandırmışdır. Yəqin gələcək tədqiqatçılar Səməd Vurğunun Nüsrət Fətullayevi ilə təbiət təsvirləri və şəxsiyyəti haqqında poetik düşüncələri, hətta şeirləri barədə materiallar əldə edəcəklər. Məlum olduğu kimi, Səməd Vurğunun "İnsan" pyesinin quruluşcu rəssamı Nüsrət Fətullayev olmuşdur. Nüsrətin rəsm əsərlərinə, xüsusilə bu əsərlərdəki təbiət təsvirlərinə valeh olan Səməd Vurğun Nüsrət sənəti barədə belə demişdir:
"...Səhnələrdə təbiətin məna ahəngi, onun qüdsiyyəti, xeyirxah və nəcib varlığı ifadə olunmalıdır... Səhnəmizin bu təbiət gözəlliyinin fəlsəfəsi uğrunda Nüsrət öz yaradıcılığını başa çatdırmalıdır. Çünki onun təbiət zövqləri başqa rəssamlarımıza görə daha gözəldir". Fateh böyük qardaş olmasına baxmayaraq, böyük uğura Nüsrət imza atmışdır. O, Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb və uzun illər Respublika Rəssamlar İttifaqının sədri olub. Fatehin həyat yolu da maraqlı olmuşdur. Vaqif Yusifli onun yaradıcılıq yolunu beləcə xarakterizə edir: "...Ən gözəl rolu hamının etiraf etdiyinə görə, Qoqolun "Müfəttiş"ində Xlestakov olub. Bu tamaşanı 1952-ci ildə Mehdi Məmmədov hazırlamışdı. Sonralar tanınmış teatr tənqidçisi Cəfər Cəfərov yazacaq: "Ən çətin problem Xlestakov rolunun ifası ilə bağlı oldu. M. Məmmədovun bu rol üçün yeganə namizədi F.Fətullayev idi. Vaxtilə bu məşhur komediyada yüksək sənət nümayiş etdirərək parlamış H. Ərəblinskidən və M. Mərdanovdan sonra yeni Xlestakov yaratmaq gənc bir aktyor üçün heç də asan məsələ deyildi. Lakin Xlestakov Fətullayevin, bəlkə də teatr sənətində ən yaxşı roluna çevrilə bildi". Oçerkdə Fatehin öz müasirlərinin könüllərinin necə fəth etdiyindən, sənətə, ailəyə münasibətindən də söz açılır: "bir insan kimi də sevilirdi. Həmişə əlindən yaxşılıq gəlirdi. Ciddi, zabitəli, səliqəli kişi idi. Deyirdi ki, aktyor yaxşı, səliqəli geyinməkdə gərək nümunə olsun, Ərəblinskiyə oxşasın. Gözəl ailəsi var idi. Həyat yoldaşı Şəfiqə xanım vaxtilə rəqqasə olub. Qızı Zemfira ingilis dili müəllimidir. İndi bu ailə Fatehlə bağlı xatirələr işığına bürünüb". Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun təbirincə desək, bax, elə Vaqif Yusiflinin bu sonuncu cümləsinin işığı ilə getmək olar. Yəni tədqiqatçılar üçün çox geniş imkanlar yaranır. Fateh Fətullayevin həyat yoldaşı Şəfiqə xanımla həmsöhbət olmaqla həm onun özü haqqında, həm Şəfiqə xanımın qayınları sayılan Nüsrət, Nurəddin, Şəmsəddin və qaynı oğlu Hafiz haqqında dəyərli faktlar əldə etmək olar. Həm də onun qayını qızı Vəfa Fətullayeva barədə qeyri-adi informasiyalar əldə etmək mümkündür.
...Fateh Fətullayevin ingilis dili mütəxəssisi olan qızı Zemfira xanım təkcə atası ilə bağlı deyilən həm əmiləri, həm də əmisi qızı Vəfa Fətullayeva haqqında oxucuya və tamaşaçıya məlum olmayan faktları ortaya çıxarar... Vəfa, doğrudan da, Azərbaycan səhnəsinin bəzəyi, aktrisalar arasında korifey sənətkar sayılırdı. İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesində Gülgəzin dili ilə "yalan", "gop" ifadələrini elə bir qeyri adi, özünəməxsus şirin avazla söyləmişdi ki, bunlar insanlar arasında sanki bir aforizmə çevrilmişdi.
Bir sözlə, Azərbaycana başucalığı gətirən Fətullayevlər sülaləsinin əfsanəvi nümayəndələri olan korifey sənətkarların birgə fəaliyyətindən bəhs etmək daha maraqlı olar. Çünki teatr səhnəsində elə tamaşalar olub, həmin tamaşaların bütün ağırlığını Fətullayevlər öz çiyinlərinə götürüblər. Məsələn, 1976-cı ilin yanvarında Seyfəddin Dağlının "Mənziliniz mübarək" komediyasının quruluşçu rəssamı Nüsrət Fətullayev və aparıcı rollardan birini oynayan Fateh Fətullayev (Elgün rolunda) idi. Təxminən, bir ay sonra, yəni fevral ayında Xalq şairi Səməd Vurğunun "İnsan" pyesində (mənzum faciəsində) əsas rollardan birini Fateh Fətullayev (Polkovnik Hans rolunda), birini Nüsrətin həyat yoldaşı Hökümə xanım, birini onların əziz övladı Vəfa Fətullayeva (həkim Dildar rolunda), birini isə bu ailənin bəstəkar övladı Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev (alman zabiti rolunda) oynayıb. Belə faktlara isə həyatda çox nadir hallarda rast gəlmək mümkündür. Fətullayevlər sülaləsinin timsalında qeyd olunan bu nadir hadisəni yazıya almaq, oxucuya, teatr həvəskarlarına çatdırmaq ilk növbədə bizim - qələm sahiblərinin, jurnalistlərin mənəvi borcudur...
Nurəddin
ƏDİLOĞLU
525-ci qəzet.-
2015.- 29 yanvar.- S.6.