"TÜRKSOY-la UNESCO-nun əməkdaşlığı mədəni irsin dünyada təbliğinə töhfə verir"

 

Müsahibimiz TÜRKSOY-un baş katibi Düsen Kaseinovdur.

 

- Bu günlərdə Bakıda türkdilli ölkələrin UNESCO ilə əməkdaşlığı  müzakirə olundu, bir sıra təşəbbüslər səsləndi. UNESCO ilə əməkdaşlıq prosesi barədə deyə bilərsiniz?

 

- İki təşkilat arasındakı mövcud əməkdaşlıq sazişinin uğurlu nəticələrini görürük. Məsələn, UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY tərəfindən Novruz bayramına həsr edilmiş konsert, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyi ilə bağlı mərasim, eləcə 2014-cü ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya komitələrinin beşinci iclası. Bu tədbirlərin hər birinə UNESCO öz dəstəyini verdi. UNESCO-nun baş direktoru İrina  Bokovanın Ankaraya səfəri zamanı iki təşkilatın birgə layihələri əməkdaşlıq perspektivlərindən danışdıq. Məsələn, 2015-ci ilin martında UNESCO-nun 70 illiyinə həsr olunacaq Novruz konserti, apreldə isə təşkilatın mənzil-qərargahında "Kitabi-Dədə Qorqud" simpoziumunun keçirilməsi planlaşdırılır. Sevindirici haldır ki, İrina Bokova da iki təşkilat arasında münasibətlərin əhəmiyyətini, türk xalqlarına aid mədəni irs nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirir. Görəcəyimiz işlərdən biri 2016-cı ildə UNESCO ilə TÜRKSOY arasında əməkdaşlığın 20 illiyi ilə bağlı beynəlxalq tədbirin təşkilidir. Bundan başqa, TÜRKSOY-a üzv ölkələrin UNESCO-dakı daimi nümayəndəlikləri arasında işlərin koordinasiyalı şəkildə qurulması da müzakirə etdiyimiz məsələlər arasındadır. Ümumiyyətlə, mən əminəm ki, əməkdaşlığın genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək. TÜRKSOY-UNESCO əməkdaşlığı, iki təşkilatın dəstək verdiyi layihələr nəticə etibarilə ümumtürk mədəni irsinin dünyada təbliğinə töhfə verir.

 

Ötən ilin təkcə son ayında Bakıya iki dəfə gəlmişəm bu müddətdə üç tədbir keçirmişik. Dekabrın 8-də Mədəniyyət Turizm Nazirliyi Avrasiya Yazarlar Birliyi ilə III beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi, dekabrın 9-da Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasında görkəmli qırğız şairi, ozanı bəstəkarı Toktoqul Satılqanovun 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirdik. Ayın 18-də isə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya komitələrinin iclası oldu. Azərbaycan paytaxtında keçirilən bu tədbir bir daha göstərdi ki, biz bir araya gələndə, birlikdə necə böyük layihələrə imza ata bilərik.

 

-Rəhbərlik etdiyiniz təşkilatın çox geniş tədbirlər proqramı var eyni zamanda TÜRKSOY-a rəhbərliyiniz dövründə qurumun fəaliyyəti daha dinamik olub...

 

- Əslində məşğul olduğum mənə gümrahlıq, sağlamlıq verir. Çünki bu mənim sevincimdir. Öz işimdən hər zaman məmnunam. Bu yaşıma qədər bütün ömrüm boyu işləmişəm gördüyüm hər bir mənə zövq verib. Son illər çox maraqlı bir işlə - türk dünyasının ümumi mədəniyyəti ilə məşğul oluram. Türk dünyasına töhfələrimizi verməyə çalışırıq. Bilirəm ki, biz öz ünsiyyətimizdə, əlaqələrimizdə böyük vaxt itirmişik. Yəni arada müəyyən dövr əlaqələrimiz kəsilib. Amma qısa müddətdə keçirdiyimiz bütün bu tədbirlər böyük əks-səda doğurdu. Hətta UNESCO-nun bizə təklif etdiyi işbirliyi TÜRKSOY-un necə böyüdüyünü, fəaliyyətinin zənginləşdiyini göstərir. Türk dünyasının birləşmiş səsləri artıq daha böyük müvəffəqiyyətlərin əldə olunacağına zəmin yaradır.

 

- Bakıda keçirdiyiniz tədbirlərdən danışdınız. Ümumiyyətlə, bütün türkdilli respublikalarda fəaliyyətiniz genişlənməkdədir. Yəqin burada həm formalaşmış komanda amili az rol oynamır?

 

- Uğurlarımızın kökündə ilk növbədə komanda dayanır. Biz tarixdə şəxsiyyətlərin rolunu çox müzakirə etmişik. Amma bizim əldə etdiklərimiz kollektiv işbirliyinin nəticəsidir. Biz böyük siyasi liderlərdən, xüsusilə müstəqillik əldə edən respublikaların rəhbərlərindən çox danışırıq. Baxın, Sovet İttifaqı dağıldıqdan sonra respublikalar müstəqil oldu. Hər biri elə bil ki, sıfırdan başladı. Bu gün nəzər salaq - Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan böyük uğurlara nail oldu bunu nəticələrdən görürük. Onun uğurlu siyasi kursunu İlham Əliyev davam etdirir respublika sürətlə inkişaf edir. Bu gün Azərbaycan müxtəlif sahələrdə ən böyük tədbirlər, forumlar keçirmək imkanlarına malikdir. Mən bu tədbirlərin çoxunun iştirakçısı olmuşam. Sevindirici haldır ki, yenə bu ilin mayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ən vacib təşkilatçılardan biri kimi dəvət aldıq. Bu bizim üçün xoşdur, həm məsuliyyətdir. Mühüm olan budur ki, biz hər zaman tərəfdaşlarla işləyirik. Tərəfdaşlar isə bizim üzvlərimiz olan türkdilli ölkələrin nazirləridir. Bizim Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə yaxın münasibətlərimiz var. Ümumi işimizə aid olan hər hansı bir məsələdə hətta telefon zəngi ilə biz bir-birimizə dərhal kömək edirik. Bunu faktlarla da göstərmək olar. Bu günə qədər TÜRKSOY Azərbaycanda bir çox kütləvi tədbirlər keçirməklə yanaşı, ölkənizin tanınmış şəxsiyyətlərinin yubileylərini Türkiyədə digər türkdilli ölkələrdə, hətta Avropada qeyd edib. Bu sıraya Hüseyn Cavid, Əhməd Cavad, Mirzə Fətəli Axundzadə, Niyazi, İlyas Əfəndiyev, Əli bəy Hüseynzadə başqalarının adlarını aid etmək olar. Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyini Parisdə Strasburqda keçirdik. Əlbəttə, bütün bunlar Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə əməkdaşlıq əsasında gerçəkləşir. Artıq Qazaxıstanda əyalətlərdə tədbirlər təşkil edirik. Ümumiyyətlə, mədəniyyət nazirləri ilə birlikdə belə qərara gəlmişik ki, əvvəllər olduğu kimi tədbirləri təkcə paytaxtda deyil, regionlarda da keçirək. Biz bu prosesə əvvəlcə Türkiyədən başladıq, indi isə digər türkdilli ölkələrdə bu çevrəni genişləndiririk. Məsələn, ötən il TÜRKSOY-un "Rəssamlar görüşü"nü, türk dünyası moda dəfiləsi konsertini Şəkidə keçirdik. Eyni zamanda Qəbələdə tədbirimiz olub. Bununla da biz artıq paytaxt sərhədlərini keçir, regionlara yaxınlaşırıq. Məsələn, bu günə qədər Qazaxıstanın 5-6 şəhərində tədbir keçirmişik. Axı, bu şəhərlər tez-tez beynəlxalq tədbirlər keçirə bilmirlər. Öz növbəsində əyalətlər belə tədbirlərə maraqlıdır, var qüvvələri ilə hazırlıq işləri görüb, özləri bizi dəvət edir ki, bu da bizim fəaliyyətimizin mühüm mərhələsidir.

 

- Qarşıdakı yeni işlər, layihələr barədə deyə bilərsiniz?

 

- Türkmənistanın Mərv şəhərini 2015-ci il üzrə "Türk dünyasının mədəniyyət paytaxtı" elan etmişik ilboyu orada tədbirlər keçirəcəyik. Bildiyiniz kimi, ötən il paytaxt missiyasını Kazan böyük müvəffəqiyyətlə yerinə yetirdi. Bu həm Rusiyanın regionu olduğu üçün bir tərəfdən sevindirici, digər tərəfdən məsuliyyətli idi. Şəhərdə ilboyu tədbirlər yüksək səviyyədə gerçəkləşdi, o cümlədən, "Türkvizyon" mahnı müsabiqəsinin finalı da möhtəşəm keçdi. Əminəm ki, festival Türkmənistanda da uğurla reallaşacaq. "Türkvizyon" müsabiqəsi artıq dünya ictimaiyyətinin diqqətini cəlb edir.

 

Bundan əlavə, ötən ilin noyabrında Moskvada Rusiyanın Mədəniyyət Nazirliyi ilə "Qarşılıqlı anlaşma haqqında memorandum" imzaladıq. Bu bizim üçün çox mühüm faktdır. Bu sənəd Rusiya Federasiyasının subyektləri TÜRKSOY arasında humanitar əməkdaşlığın, mədəniyyət incəsənət sahəsində əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Qeyd edim ki, ilk birgə layihələrdən biri Novruz bayramına həsr olunmuş tədbir ola bilər. Rusiyanın türkdilli regionlarında da müştərək tədbirlər keçirəcəyik. Bu il Rusiyada "Ədəbiyyat ili" elan olunub. Rusiya çoxmillətli ölkə olduğu üçün bu, ədəbiyyatın təbliğatına dəstək verəcək. Bu il çərçivəsində həm türkdilli xalqların ədəbiyyatına diqqət yetiriləcək.

 

- Düsen bəy, özünüz qeyd etdiyiniz kimi, Bakıya tez-tez gəlirsiniz. Maraqlıdır, son vaxtlar paytaxtımız sizdə necə təəssürat yaradır?

 

- Mən bu şəhəri Sovet dövründə görmüşdüm. Onda çətin vaxtlar idi. Müstəqillik dövründə Bakı çox inkişaf edib, xüsusilə son 10 ildə müasir siyasi, mədəni mərkəzə çevrilib və dünya miqyasında ən böyük tədbiri keçirməyə hazırdır. Şəhər 2015-ci il Avropa Oyunlarına ev sahibliyi edəcək. Artıq Bakıya gəlib burada tədbir keçirmək insana zövq verir. Şəhər öz simasını, milli cazibədarlığını qoruyub saxlayıb. Bakıya gələndə hər dəfə tanınmış insanlara həsr edilən tədbirlərdə iştirak edirik. Məsələn, dekabrda tanınmış sənətkar Barat Şəkinskayanın 100 illik yubiley gecəsinə qatıldıq. Bir sözlə, Bakı nağıllar aləminə bənzəyir və biz hər birimiz belə bir şəhərlə fəxr etməliyik. Onu da qeyd edim ki, mən artıq bakılılar adından dünyanın müxtəlif yerlərindən tanışlarımı, görüşdüyüm insanları bu gözəl şəhərə dəvət edirəm.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 29 yanvar.- S.5.