Sağalmaz yarası ilk məhəbbətin

 

 

Şairlər bir ailəyə deyil, bütün xalqa məxsusdur. Xalq şair oğlunun həyat yaradıcılığında qaranlıq məqamları həmişə bilmək istəyib. Görkəmli şair Hüseyn Kürdoğlu haqqında əsaslı araşdırma apardığımdan şairin həyatı yaradıcılığı ilə bağlı bir məqama da toxunmağı münasib bildim.

 

İllər öncə eşitdiyim "İlk məhəbbət" mahnısını, xüsusən "Hər yara sağalıb unudulsa da, Sağalmaz yarası ilk məhəbbətin" misralarını dinləyəndə nədənsə həmişə  haldan-hala düşmüşəm. Gəncliyimi, arzularla yaşadığım, bir sözlə fərəhləndiyim ya küskün olduğum unudulmaz günləri yada salmışam. Hüseyn Kürdoğlunun yaradıcılığı həyatı ilə yaxından tanış olanda gördüm ki, həmin mahnı sanki onun ilk məhəbbət olaylarını dilə gətirib. Odur ki, yazıma "Sağalmaz yarası ilk məhəbbətin" başlığını verdim.

 

Orta məktəb şagirdinin özündən üç yaş böyük olan müəlliməsinə vurularaq onunla evlənmək istəməsi az görünən hadisədir. Professor Şirindil Alışanovun dediyinə görə böyük qardaşı Hüseynlə Humay müəllimənin sevgisi Leyli-Məcnun, Əsli-Kərəm, Yaxşı Aşıq, Cəlal-Humay sevgisinə bənzəyirmiş. Hüseynin atası onların evlənməsinə xeyir-dua da veribmiş. Lakin Hüseynin yaxın qohumu, Laçın rayon Maarif şöbəsinin müdiri İdris Xəlilov onun istedadını görərək ali təhsil almasını istəyir. Humay müəlliməni Hüseyndən ayırmaq üçün uzaq Yığın kəndinə məktəb direktoru vəzifəsinə təyin edir. Sevgilisindən ayrı düşən Hüseyn rayon qəzetinə qoşmalar yazır məhəbbətini bu qoşmalarla izhar edir. İdris Xəlilov Hüseynin qarşısında şərt qoyur. Get Bakıda ali təhsil al, sonra kiminlə istəyirsən evlən. Hüseyn Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Humay müəllimə qadın həssaslığı ilə dərk edir ki, bu sevgi dastanı yarımçıq qalacaq. Odur ki, Hüseyndən gələn sevgi məktublarına şeirlərinə əvvəlcə cavab vermir. Sonra isə yazır ki, ərə gedib. Beləcə bir ülvi sevgi nakam məhəbbətə çevrilir.

 

Şair ömrü boyu ilk məhəbbətini unuda bilmir.

 

Nakam ilk məhəbbətin yanğısı şairin yaradıcılığının kədərlə yoğrulmuş əsas mövzularından biri olur.

 

Yol çörəyi qoydu titrək əllərin,

Sözünü çaşdırdı şirin dillərin.

O payız axşamı - ayrılıq dəmi,

Sinəmdə islandı ipək tellərin.

ya:

Dağ aşıb yanına gələydim sənin,

Gözünün yaşını siləydim sənin.

Başına dolanıb, üzündən öpüb,

Ayağın altında öləydim sənin.

 

On bənddən ibarət "Oxu, qaratoyuq" şeiri şairin ümid sorağında olan iztirablarını əks etdirir:

 

Bəlkə üzü dönmüş o dağlar qızı,

Kövrəlib sorağa göndərib səni.

Bəlkə xəyalısan, bəlkə arzusu,

Sehr ilə bir quşa döndərib səni?!

 

Oxu, keçən günlər bir-bir oyansın,

Kürdoğlu dağlardan aralansa da.

Oxu, bu həsrətə dözsün, dayansın,

Köksündə ürəyi paralansa da.

 

Şair təəssüfünü gizlətmir. Sinəsini yandırıb-yaxan, süngü yarasına dönən xatirələrlə yaşayır:

 

Məni xatirələr yandırıb-yaxır,

Yüz yerdən sinəmə süngülər taxır.

Eşqin sərxoşuydum Laçında bir vaxt,

Selə qərq olurkən ayıldım axır.

 

Qanadı tez qırıldı o kövrək xəyalımın,

Sağalmadı yarası bu ayrılıq zalımın.

İlk eşqimin elçisi bənövşə dəstəsiydi,

Ömrü bənövşə kimi az oldu vüsalımın.

 

ya:

 

Xatirə leysanı yağır gözümdən,

Görüş bulağımız axır gözümdən.

Qəlbimdə gizlənib iyirmi yaşın,

Hərdən gizli-gizli baxır gözümdən.

 

Bu sevgi dördlükləri şairin ilk məhəbbətindən söz açır. Şairin ürək çırpıntılarını tam açıqlığı ilə göstərən şeirlərin ünvanına çatıb-çatmadığını indi kimsə deyə biməz.

 

On ildir üzünə üzüm dəymədi,

Sənsiz kal töküldü, sözüm dəymədi.

Min bir gözəl keçdi gözüm önündən

Sənə bənzərinə gözüm dəymədi.

Düşsəm ayrılıq müsibətinə,

Həsrət qalmamışam yar həsrətinə.

Aparır dağlara xəyalım məni -

İlk görüş yerinin ziyarətinə.

 

Oynayan qaşların sinəmi dağlar,

Qaş altda gülümsər qoşa bulaqlar.

Ey Laçın pərisi, sənin dalınca,

Yetim körpə kimi ürəyim ağlar.

 

Yalvarsam da baxmadın,

çıxdın sözümdən mənim,

Yüz il uzaqsan indi,

ağlar gözümdən mənim.

Çox qalmır ay üzündə günün

qara kölgəsi,

Bəs niyə çəkilməyir,

kölgən üzümdən mənim?

 

Aşağıdakı misralar da şairin ilk məhəbbətinin iztirablarından söz açır:

 

Qazdır məzarımı dağlar başında,

Dağlar deyə-deyə həsrətdən ölüm.

Orda bir sevdanın ağlar səsi var,

Anım yana-yana möhnətdən ölüm.

 

Mənə belə gəlir ki, sevgi məktublarını, sevgi şeirlərini təhlil etmək, onlar haqqında izahla, şərhlə danışmaq günahdır. Sevən qəlbin pıçıltılarını sevən kəsdən yaxşı kim izhar edə bilər? Heç kəs. Qoy şair özü söz açsın o nakam məhəbbətindən.

 

ÜZÜNÜ GÖRSƏM

 

Deyirlər sözlərim düşmür dilindən,

Min nəğmə yazaram üzünü görsəm.

Surətin qəlbimdə Leyliyə bənzər,

Bəlkə Məcnun ollam özünü görsəm.

 

Dünya dərd evidir, hər arzuna çat,

Qovla qara günü, dalınca daş at.

Mənə bir gənclik verərdi həyat,

Gözündə gizli bir sözünü görsəm.

 

Hayıf, tez ağardı saçım qar kimi,

Mən xəzan kimiyəm, sən bahar kimi.

Köçərdim dünyadan bəxtiyar kimi,

Bir gün başım altda dizini rsəm.

 

ƏL ÜZMÜŞƏM

 

Hicranından min bir kitab bağlaram,

Sətir-sətir öz sinəmi dağlaram.

Daldalarda hönkür-hönkür ağlaram,

Dağ dayanmaz, daş dayanmaz selinə.

 

Xatırlaram, dərd üzümü qarsalar,

Şəklin çıxar ürəyimi yarsalar.

Axır sözün nədir deyə sorsalar,

Adın gələr dodağıma, dilimə.

 

Bir taledən iki sevda umulmaz,

Mən kölgənəm, kölgə yerə gömülməz.

Yol gözləyər, həsrət gözüm yumulmaz,

Sən gəlməsən can vermərəm ölümə.

 

ÖMÜR KEÇDİ

 

Ömür keçdi, mən qocayam, sən qarı,

Gəl görüşək, ahlar çəkib ağlaşaq.

saçımız bir-birinə qarışsın,

Bulaq üstə qan-yaş töküb ağlaşaq.

 

O dad varmı, indi dildə, dodaqda,

Ehtirasın odu yanmaz yanaqda.

Son görüşdən iz qaldımı bulaqda,

İz axtaraq, yerə çöküb ağlaşaq.

 

Əfsanəymiş o son bahar, son gecə,

Buz bulaqda titrəyirdi ay necə.

Hər məhəbbət bir cavabsız bilməcə,

Ağac altda boyun büküb ağlaşaq.

 

Sarmaş-dolaş o biz idik, ya xəyal,

Gözlər yaşlı, sözlər qırıq, öpüş bal.

Qayıdaydı bircə anlıq o vüsal,

Ayna suya ha göz dikib ağlaşaq.

 

Sərxoş eylər o qırx illik mey məni,

Güldürmədi bu yer məni, göy məni.

Xatirədən tikdiyimiz xiyməni,

Dağ döşündə indi söküb ağlaşaq.

 

Gör yaxşılar nələr çəkdi yamandan,

Ayrı düşdük, yarımadıq zamandan.

Orman üstə sərilmiş dumandan,

Özümüzə kəfən tikib ağlaşaq.

 

Bu da "Hüseyn-Humay" dastanının son akkordu:

 

Dağlar qızı, ayrılanda

sənə ver dim ürəyimi,

İndi gətir qəbrimə qoy,

qara geyib ağla məni.

 

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində Hüseyn Kürdoğlu ilə bir qrupda oxuyan, gələcəyin böyük alimi Yaşar Qarayev Hüseynin doğma kəndi Mollaəhmədlidə dəfələrlə olduğundan Hüseynlə Humayın sevgi dastanından xəbərdar idi. Bilirdi ki, Hüseyn Humayı "Süsən, Süsənim" deyə çağırarmış. Şair evlənəndən sonra ilk övladı qız olur. Dostunun ilk övladının adını Yaşar Qarayev Süsən qoyur. İlk məhəbbət dastanındakı Süsənin sonrakı taleyinin necə olduğunu bilmirik. Şairin qızı Süsən isə xoşbəxt oldu. Böyüdü, təhsil aldı, ailə qurdu. Üç övlad anası oldu: Daşqın, ToğrulŞaiq. Hamısı indi evlidir. Ürəkləri istəyən qədər övladları var.

 

P.S. Görkəmli yazıçı Mehdi Hüseynin qızı, akademik Teymur Bünyadovun həyat yoldaşı Zivər xanım Hüseyn Kürdoğlu haqqında xatirələrində incə bir mətləbə toxunur: "Onunla beş il universitetdə (ADU-da) bir sinifdə oxumuşam. Yaşar Qarayev, Tofiq Hacıyev kimi Hüseyn də yaxşı oxuyurdu (Arif Səfiyev, Şamil Salmanov, Teyyub Qurban, Ağacavad Əlizadə, Firudin Ağayevonlarla bir qrupda oxuyurmuş). Gecə-gündüz universitetin kitabxanasından çıxmırdı. Müdam fikirli görünərdi. Elə bil bu zəmanənin adamı deyildi, başqa planetdən gəlmişdi. Görünür, təbiəti ilə yanaşı, şairliyionu bu günə qoymuşdu. (Bax "Bir şeir bulağıydım", Bakı, "Sabah, 2014, s.177-178)

 

Məcnun da zəmanəsinin adamına oxşamırdı, Kərəm də. Hüseyn Kürdoğlunun Humaya həsr etdiyi şeirlərindən göründüyü kimi, şairin ilk məhəbbəti də öz işini görmüş, onu zəmanənin adamlarından fərqləndirmişdir. Həqiqətən də hər yara sağalıb unudulsa da, sağalmır yarası ilk məhəbbətin.

 

 

Qəzənfər Paşayev

professor

525-ci qəzet.- 2015.- 30 yanvar.- S.7.