Balet səhnəmizin unudulmaz Leylası
Səhnədə məharətlə ifa
etdiyi Odetta, Odilliya, Avrora, Kitri, Jizel, Qaraca
qız, Şirin, Aişə, Gülyanaq və digər obrazlarla incəsənət
tariximizə parlaq səhifələr yazmış
məşhur balerina -
Xalq artisti, Dövlət mükafatı
laureatı Leyla Vəkilovanın anadan olmasından 88 il ötür AzərTAc Leyla Məhəd qızı Vəkilova
1927-ci il yanvar ayının 29-da Bakıda
dünyaya göz açıb. Xoreoqrafiya məktəbində görkəmli sənətkar
Qəmər Almaszadədən
dərs alıb,
1943-cü ildən Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində
xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera
və Balet Teatrının aparıcı
balet aktrisası kimi çalışıb.
Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində A.Adamın
"Jizel", R.Qlierin
"Qırmızı lalə",
P.Çaykovskinin "Sonalar
gölü", "Yatmış
gözəl", "Şelkunçik",
L.Minkusun "Don Kixot",
A.Kreynin "Laurensiya",
B.Zeydmanın "Qızıl
açar", B.Asafyevin
"Bağçasaray fəvvarəsi",
Ə.Bədəlbəylinin "Qız qalası", Q.Qarayevin "Yeddi gözəl", "İldırımlı
yollarla", S.Hacıbəyovun
"Gülşən" və
digər baletlərdə
yaddaqalan obrazlar yaradıb.
Sənətkar klassik balet elementləri
ilə milli rəqs hərəkətlərimizi
ustalıqla birləşdirərək
uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti,
ifa texnikası və artistizm onun yaradıcılığının
başlıca xüsusiyyətlərindən
olub.
Leyla Vəkilovanın
ifası emosionallığı,
zərifliyi, cazibəli
coşqunluğu, çevikliyi
ilə seçilirdi. Psixoloji məzmuna
malik hərəkətləri
sanki dil açıb danışırdı.
Ə.Bədəlbəylinin "Qız qalası"nda
böyük məharət
və ustalıqla oynadığı Gülyanaq
insanlara həyatsevərliyi,
paklığı aşılayırdı.
A.Məlikovun "Məhəbbət əfsanəsi"ndə baletində
canlandırdığı Şirin
obrazı tamaşaçıların
qarşısında dərin
məhəbbət hisslərindən
pərvazlanan insan idi.
Ə.Abbasovun "Qaraca qız" baleti məhz Leyla Vəkilova üçün yazılmış,
səhnə əsərinin
xoreoqrafiyası balerinanın
yaradıcılıq diapazonu
üçün nəzərdə
tutulmuşdu. Q.Qarayevin "Yeddi gözəl"indəki
Ayişə surəti
isə sənətkarın
milli balet səhnəsində uzun sürən liderliyini təmin edib.
Leyla Vəkilovanın
səhnə qəhrəmanları
müxtəlif dövrlərə
və sosial təbəqəyə mənsub
olsalar da, onları məhəbbətə
bağlılıq və
sadiqlik kimi ümumi cəhət birləşdirirdi. Balerinanı da qəhrəmanlarına
bağlayan onun sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın
sevgi dolu şəxsi duyğularının
əlavə olunduğu
bu obrazlar mükəmməl bədii-xoreoqrafik
surətlər kimi balet sənətimizin ən gözəl incilərindəndir.
Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina "Qız qalası", "Yeddi gözəl" və "Gülşən" əsərlərində baş rollarda çıxış edib. O dövrdə Moskva çıxışları azərbaycanlı balerinanın "ulduz saatı" adlandırılıb.
Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində (hazırkı Bakı Xoreoqrafiya Akademiyası) klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən bu təhsil ocağına bədii rəhbərlik edib. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri olub. Leyla Vəkilovanın yetirmələri nəinki Vətənimizdə, hətta onun hüdudlarından kənarda da milli balet sənətimizin çiçəklənməsində səmərəli xidmətlər göstərmiş və ustadlarından öyrəndiklərini bu gün də gənc nəslə çatdırmaqdadırlar.
Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib, balerinanın 70 illik yubiley tədbirində Ümummilli lider şəxsən iştirak edib.
Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Onun əbədiyaşar sənət naminə gərgin əməyi Azərbaycan xalqı və dövləti tərəfindən çox yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülüb.
Bu gün də Leyla Vəkilovanın oynadığı baletlərdən fraqmentlərə baxanda onun yeksək sənətkarlığı insanda dərin riqqət oyadır.
525-ci qəzet.-
2015.- 30 yanvar.- S.7.