Milli ədəbi irsin tədqiqi və təbliği
yolunda mühüm addımlar
AMEA NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN FƏALİYYƏTİNİN YENİ VƏ DAHA QAYNAR MƏRHƏLƏSİ UĞURLA DAVAM EDİR
İllər
quş kimi uçur, gözünü yumub açdıqca
yarpaqların saralaraq xəzəl kimi yerə tökülməsinin,
tumurcuqlamış ağacların ətir və gözəlliyinin,
cəh-cəh vuran quşların nəğməsinin
şahidi olursan. Bir sözlə, təbiət özünəməxsus
özəllik və gözəllikləri ilə ömür
karvanının ahəstə-ahəstə getməsindən xəbər
verir. Getməkdə olan bu ömrü hər kəs
düzgün dəyərləndirə bilirmi?
Akademik
İsa Həbibbəyli öz elmi fəaliyyəti, təşkilatçılıq
qabiliyyəti, insanlığı ilə həyatda iz
qoymağı bacaran alimlərdəndir. O, AMEA Nizami adına
Ədəbiyyat İnstitutuna direktor təyin olunduğu
gündən institutun abı-havası, sözün əsl mənasında
dəyişdi, yeni ruh, ciddi dönüş və institutun elmi
fəaliyyətində canlanma yarandı.
Gəldiyi
ilk gündən hər bir alimin elmi fəaliyyəti ilə
bağlı məlumatların institutun saytında yerləşdirilməsini
təmin etdi.
Çap
olunan kitab və məqalələr alim əməyinin göstəricisidir.
Hər kəs ilboyu bir neçə məqalə çap
etdirmək iqtidarında deyildi. İsa müəllimin gəlişi ilə bu məsələ
də çözüldü, şöbələrin profilinə
uyğun jurnallar təsis edildi. Hazırda institutumuzda
"Poetika. İzm", "Ədəbi əlaqələr",
"Ədəbiyyat məcmuəsi" "Çağımızdan
görünən orta əsrlər" adlı jurnallar dərc
olunur.
Aktual məsələlərdən
biri də Müdafiə şurasının elmi fəaliyyəti
ilə bağlı idi. Yeni rəhbərlik bu məsələni
də tez bir zamanda həll etdi. Fəxarət hissi ilə qeyd
etmək istərdim ki, son zamanlarda institutumuzun 6 əməkdaşı
müdafiə etmiş, hətta onların böyük əksəriyyəti
təsdiqlərini belə almışlar.
Azərbaycan
ədəbiyyatının tarixi
mərhələlərini və inkişaf
qanunauyğunluqlarını, folklorun tarix və nəzəriyyəsini,
xaricdə Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycanda
ədəbi proses, müasir və klassik irsin tədqiqi, nəşri
və digər sahələrdə böyük nailiyyətlər
qazanmaq, dövrlərə görə Azərbaycan ədəbi-ictimai
fikrini dolğun və sistem halında elm aləminə
çatdırmaq üçün şöbələrin fəaliyyətinə
yenidən nəzər yetirmək, əslində, gələcək
elmi tədqiqatların səviyyəli icrasını təmin
etmək demək idi. Bəzi şöbələrin
adlarında müasir dövrdə humanitar elmlərin
qarşısında qoyulan tələblərə müvafiq
olaraq dəyişikliklər edildi. Məsələn,
"Müasir Azərbaycan ədəbiyyatı" şöbəsi
hazırda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
kimi fəaliyyətini davam etdirir.
Yeni
yaranmış şöbələrdən biri
"Nizamişünaslıq" adlanır.
"Dövlətin
imanı ədalətdir", "Ədalət nurdur",
"Əməyi olanın dəyəri olar", "Heç
bir uğur təsadüfi deyil, əməyin alın və
ürək tərinin nəticəsidir" - kimi dərin hikmət
sahibi olan Nizamini Ədəbiyyat İnstitutundan uzaq təsəvvür
etmək olarmı?.. Əsərləri
ilə dünya ədəbiyyatının nadir inciləri
içərisində layiqli və zənnimizcə, əvəzsiz
yeri olan Nizami irsinin tədqiqi ilə şöbə deyil, böyük
bir elmi mərkəz məşğul olsa belə, azdır.
"Nizamişünaslıq"
şöbəsinin yaranması Şərq bədii fikrində
yeni keyfiyyətli mərhələ sayılan Nizami Gəncəvinin
əsərləri ilə bağlı məsələlərin
pərakəndə şəkildə deyil, sistem halında tədqiq
olunmasını təmin etmək imkanı yaradacaq.
Bu
yaxınlarda Ədəbiyyat İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru Siracəddin Hacının "Hz. Nizami Gəncəvinin
"Sirlər xəzinəsi" dastanındakı V-IX məqalətlərin
şərhi" kitabı nəşr olunub. Bu, müəllifin silsilə ilə
tədqiq etdiyi 7-ci kitabdır. Elmi redaktorlarından biri Mərmərə universitetinin
professoru Abdullah Kahraman, digəri isə filologiya elmləri
doktoru Mahirə Quliyevadır.
"Nizamişünaslıq" şöbəsi bu səpkili
işlərin həm təşkilatçısı, həm də
icraçısı olacaq.
Klassik
Şərq nəzəri sisteminin tədqiqatçısı
kimi bu şöbənin açılmasını mən
akademik İsa Həbibbəylinin qədim və zəngin
klassik ədəbi irsə verdiyi əvəzsiz qiymət kimi dəyərləndirirəm.
Mən
şadam ki, Nizaminin tədqiqi ilə bağlı məsələlər
təkcə institutumuzda deyil, dövlət səviyyəsində
xarici ölkələrdə belə öz həllini tapıb.
"Orta əsrlər Azərbaycan ədəbiyyatı"
şöbəsinin nəzdində təsis olunmuş
"Füzulişünaslıq" sektorunu qeyd etməyə
bilmərəm. 2014-cü ilin ortalarında yaranmış olan
bu sektorun əsl fəaliyyəti 2015-ci ildən başlayacaq.
Düşünürəm ki, Şərq dillərinə, o
dövrün elm və düşüncə tərzinə bələd
olan alimlərin bu sektora cəlb
edilməsi Füzuli irsini bu günün işığı,
elmi dəyərləri baxımından tədqiq etmək
imkanı verəcək.
Yeni təşkil
olunan şöbələrdən biri də "Ədəbi tənqid"dir.
Hər birimizə bəllidir ki, ədəbiyyatı yüksək
zirvəyə qaldıran, ədəbi prosesdə pisi
yaxşıdan ayıran tənqiddir. Ədəbiyyat tənqidlə
cilalanır, tənqid isə öz mənbəyini ədəbiyyatla
tapır.
Texnika və
texnologiyanın müasir inkişafına uyğun olaraq
institutumuzda "Elmi informasiya və tərcümə",
"Elmi nəşrlər və proqnozlaşdırma"
şöbələri də fəaliyyətə
başlamışdır. Bütün bu yeniliklər
arzularımızın reallaşmasıdır.
Hər
bir alim çəkdiyi zəhmətin nəticəsi ilə
öz qiymətinə layiq görülür. Bu baxımdan
şöbələrin yanında işçilərin elmi fəaliyyətini
nümayiş etdirmək üçün stendlər təşkil
olunub. Bu stendlərdə hər ay ərzində şöbə
əməkdaşlarının elmi fəaliyyətləri -
kitab, məqalə, tezis, fərman və hətta xarici dəvətlər
nümayiş etdirilir. Ədəbiyyat institutunda alimlərin
elmi fəaliyyətini mütəmadi olaraq izləmək
üçün həmin stendlərə baxmaq yetər.
2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təsis olunmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə elmi işçilərin böyük əksəriyyətinin fəaliyyətlərinə uyğun olaraq vəzifələri artırıldı. Bu sırada alimlərin bir qismi professor, bir qismi də dosent adına layiq görüldü. Bu, institutun tarixində görünməyən bir hadisə idi. Bu il mən də uzun müddət nail ola bilmədiyim dosentlik diplomumu aldım. Bir tərəfdən bu yaşda - xeyli gec dosentlik diplomu aldığım üçün utansam da, digər tərəfdən sevinirəm. Akademik İsa Həbibbəylinin hərtərəfli təşkilatçılığı sahəsində Ədəbiyyat İnstitutunda 2013-2014-cü illərdə 20 nəfərdən çox əməkdaş dosentlik diplomu aldı.
Artıq dissertasiya işlərinə rəhbərlik də sahmana salınıb. Dissertasiya işlərinə rəhbərlik mövzuya uyğun olaraq bütün institutun elmlər doktorlarına həvalə edilib.
İnstitutda mütəşəkkil şəkildə respublika və beynəlxalq konfranslar keçirilir. Bu konfranslar yeni təşkil olunmuş elektron kitabxananın akt zalında, Avropa standartlarına uyğun şəkildə gerçəkləşdirilir. Bəzən isə konfranslar institutun IV mərtəbəsində yaradılmış ən müasir texnologiya ilə təchiz edilmiş Elektron akt zalında keçirilir.
Bədii ədəbiyyatda üslubi bir fənd olaraq dilin bütün qəbul olunmuş qaydalarına riayət etməklə oxucunun təfəkkür, düşüncə və duyğularına təsir etmək məqsədi ilə dialoq adlanan bədii ifadə vasitələrindən istifadə edilir. Bu gün dialoq vasitəsi isə qlobal məsələlər öz həllini tapır, hətta müharibə edən ölkələrin müqəddəratlarını dialoqlar vasitəsi ilə həll etməyə çalışırlar. Bu günün elmi tələblərinə uyğun olaraq institut rəhbərliyinin yaratmış olduğu "Elektron akt zalı ölkələr arasında dialoq vasitəsi ilə elmi əlaqələrin inkişafına, aktual elmi problemlərin müzakirəsinə əlverişli imkanlar yaradır. Bu zalda keçirilən konfraslar dediklərimizi əyani şəkildə təsdiqləyir.
Elmi işin yazılmasında xarici ölkələrə ezamiyyətin çox böyük önəmi vardır. Ötən il ərzində Ədəbiyyat İnstitutunun təqribən 54 əməkdaşı Avropa və Asiyanın müxtəlif ölkələrində keçirilən konfranslarda iştirak etmək üçün xaricə ezam olunub. Noyabr ayında isə institutumuzun bir qrup əməkdaşı Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi birgə konfransda iştirak etmək üçün Varşavada oldular. Konfransa Ədəbiyyat İnstitutunun əməkdaşları ilə bərabər Tarix, İqtisadiyyat, Şərqşünaslıq institutlarından da bir neçə alim qatılmışdı.
Konfransın idarə heyəti Azərbaycanın Varşavadakı səfiri Həsən Həsənov, PEA-nın Ədəbi Tədqiqatlar İnstitutunun direktoru, professor Nikolay Sokolovski və institutumuzu təmsil edən professor Bədirxan Əhmədovdan ibarət idi.
Nümayəndə heyətimizin konfransdakı məruzə və çıxışları maraqla qarşılandı, rəğbət doğurdu. AMEA-nın, o cümlədən, Ədəbiyyat İnstitutunun əməkdaşları özlərini əsil Azərbaycan alimi kimi yüksək elmi səviyyədə təqdim etdilər.
Son dövrdə görülən işlər, atılan addımlar AMEA Ədəbiyyat İnstitutunun fəaliyyətində olduqca qaynar bir mərhələnin davam etdiyindən xəbər verməklə yanaşı, bu yolda yeni və daha böyük uğurlar qazanılacağına da ümid yaradır.
Mahirə
QULİYEVA, Filologiya üzrə elmlər doktoru
525-ci qəzet.-
2015.- 30 yanvar.- S6.