Qrimm qardaşları
Onlar
“Bremen musiqiçiləri”, “Çəkməli pişik”,
“Qırmızı papaq”,
“Canavar və yeddi çəpiş”, “Varlı və yoxsul”, “Ağ gül və qırmızı gül”,
“Ağ ilan” və s. məşhur nağılların müəllifidir.
Onları “Heç vaxt
nağıl yazmayan nağılçılar”, “Alman
filologiyasının əcdadları”
da adlandırırlar.
Oxşar tale və bir-birlərinə qırılmaz
tellərlə bağlanan
– Qrimm qardaşları...
1785-ci il, yanvarın 4-də hüquqşünas Filipp Vilhelm Qrimm və
xanımı Doroteyanın
Yakob adlı, bir il sonra
– 1786-cı il, fevralın
24-də isə Vilhelm
adlı oğlanları
dünyaya gəlir. Ailə Almaniyanın Qessen regionunun Hanau şəhərində
yaşayırdı. Qardaşlar bir-biri
ilə olduqca mehriban dolanır, analarına işlərində
kömək edir və tez-tez gələcəkdə onların
taleyində böyük
rol oynayacaq xalaları – dul qadın Şlemmerə baş çəkirdilər.
Şlemmer uşaqlara oxumaq
və yazmağı öyrətmişdi.
Bir neçə il
sonra ailə başçısını qonşu
Ştaynau şəhərinə
hakim təyin edirlər
və Qrimm qardaşları onlarla birlikdə həmin şəhərə köçməli
olurlar. Ştaynau qardaşların xatirəsində
keçirdikləri xoş
illərlə, dar küçələr, alma
bağları, böyük
köhnə zəng və yanaşı yaşadıqları sevimli
müəllimləri Sinxanın
evinin daş binası ilə qaldı. Qrimm ailəsində o vaxt daha üç
oğlan və bir qız uşağı
dünyaya gəlmişdi.
Ölüm və mübarizə
Atası vəfat edəndə Yakobun 11 yaşı vardı. Altınəfərlik ailənin qayğısı
artıq evin böyük oğlunun çiyinlərinə düşürdü.
Atasının ölümündən bir neçə ay sonra isə Qrimm ailəsi daha bir itki
ilə üzləşir
– Şlemmer xala dünyadan köçür.
Şlemmer Doroteyaya uşaqları
saxlamaqda çox kömək edirdi. Belə bir zamanda ana
istəməyərək, ürək
ağrısı ilə
böyük oğlanları
Yakob və Vilhelmi Kasselə, bacısı Henriettanın
yanına oxumağa göndərir.
Qardaşlar xalalarının yanında
azadlığın verdiyi
imkanlardan sui-istifadə
etmir, dərslərinə
canla-başla hazırlaşırdılar. Özlərini
təhsilə elə vermişdilər ki, 7 illik gimnaziyanı 4 il ərzində
bitirirlər. Uşaqlar boş
vaxtlarında şəkil
çəkir, yaşıdları
ilə gəzintiyə
çıxır və
oxuduqları kitablardan
maraqlı fraqmentləri
xüsusi dəftərə
yazırdılar. Məhz uşaqlıqdan
yaranan bu hobbini qardaşların elmi fəaliyyətinin başlanğıcı hesab
etmək olar.
Hüquqdan ədəbiyyata
Qardaşlar gimnaziyanı bitirdikdən
sonra Marburq Universitetinə daxil olurlar. Onlar atalarının xətrinə
Hüquq fakültəsini
seçirlər. Ancaq bir
qədər sonra aydınlaşır ki, Qrimm qardaşlarının
əsl peşəsi vəkillik yox, professor Savinyanın tələbələrini
həvəsləndirdiyi alman
poeziyası olmalıdır.
Yakob və Vilhelm müəllimlərinin evindəki
kitabxanada folklor nümunələrini öyrənmək
üçün uzun vaxt keçirirdilər.
Qardaşların ən qiymətli
tapıntısı isə
minnezinqerlərin (XII-XIII əsrlərdə
yaşamış alman
şair-musiqiçiləri) mahnı toplusu oldu. Yakob Qrimm yazır:
“Şeirlər çox
qəribə, yarımçıq,
anlaşılmayan alman
dilində yazılmışdı. Məndə
belə bir hiss yaranmışdı ki, mən bu toplunu
sətirbəsətir dəfələrlə
oxumalıyam, çünki
o mənə nə vaxtsa lazım olacaq. Məhz bu kitab məndə qədim şairlərimizin yaradıcılığını
öyrənməyə və
dərk etməyə həvəs oyatdı”.
Qrimm qardaşlarının
bütün sonrakı
fəaliyyəti alman folkloru ilə bağlıdır. Onların topladıqları nağıllar – qardaşların
bu sahədə dünya ədəbiyyatına
bəxş etdikləri
işin cüzi bir hissəsi idi. Onlar ilk “Alman dili lüğəti”ni (hələ sağ ikən hazırlamış, lakin bitirməyə müvəffəq
ola bilməmişdilər.
Bu işi davamçıları
görmüşdü) hazırlamışdılar.
Siyasət yerinə elm
1805-1809-cu
illərdə Yakob Qrimm ilk və sonuncu vəzifəyə təyin olunur: O, Napoleon Bonapartın qardaşı
Jerom Bonapartın Vestfaliyada kitabxanaçısı
təyin olunur. Bu müddət ərzində
Vilhelm Marburqda qalır və qardaşı üçün
çox darıxır.
Onun qardaşına yazdığı məktublar
Qrimm qardaşlarının
bir-birlərinə necə
bağlı olduqlarına
sübutdur:
“Sən gedəndə
mənə elə gəldi ki, ürəyim bu ayrılığa dözməyib
partlayacaq. Sən təsəvvür edə bilməzsən ki, mənə necə əzizsən.
Gecələr evdə
tək oturanda elə bilirəm ki, elə bu
dəqiqə otağın
hansısa küncündən
çıxacaqsan...”.
Elə bu ərəfədə qardaşlara
daha bir itki üz verir. Yakob Qrimm yazır:
“1808-ci il, mayın
27-də əziz anamızı
52 yaşında itirdik. Anam bizim
hamımızı böyük
nəvazişlə sevirdi.
O, heç vaxt rahatlıq tapmadı ki, heç olmasa 6 uşağından
birinin vəziyyəti
maddi cəhətdən
yaxşı olaydı”.
1815-ci ildə Yakob
üçün Vyana
konqresində qalmaq və özünə gözəl karyera qurmaq şansı yaranır. Ancaq Yakob siyasi fəaliyyəti elmi tədqiqatlarından üstün
tutmur və Kasselə qayıtmağa qərar verir. Bu səbəbdən o, 1815-ci ildə Bonn şəhərində
ona təklif edilmiş professorluq vəzifəsindən və
bununla da külli miqdarda vəsaitdən imtina edərək Kasseldəki kitabxanasına qayıdır.
Bu müddət ərzində Vilhelm artıq həmin kitabxananın katibi seçilmişdi. Onlar hər
ikisi 1820-ci ilədək
bu vəzifədə qalır. 1825-ci ildə Vilhelm Qrimm ailə həyatı qursa da, qardaşlar yenə də birlikdə yaşamağa və fəaliyyət göstərməyə davam
edirlər.
1829-cu ildə Kassel kitabxanasının
direktoru dünyasını
dəyişir. Bu vəzifə
bütün haqqı ilə Yakoba keçməli olsa da, qardaşlar yad, gəlmə hesab edilmiş və bu qədər
fəaliyyətləri qarşısında
belə münasibəti
görən Yakobla Vilhelm işlərini tərk etmişlər.
1830-cu ildə Yakob
Qrimm Qettinqenə alman ədəbiyyatı üzrə universitet professoru vəzifəsinə
dəvət olunur. Vilhelm orada
əvvəlcə kitabxanaçı
kimi fəaliyyətə
başlasa da, 1835-ci ildə professor vəzifəsinə
kimi yüksəlir.
Hər iki qardaş burada özlərinə geniş
dost əhatəsi formalaşdırır.
Onların arasında alman
elminin güclü biliciləri, alimləri var idi. Lakin qardaşların Qettinqendə
fəaliyyətləri uzun
sürmür. 1837-ci ildə Hannoverdə taxta çıxan kral Ernst-Avqust ona sələflərindən
qalmış konstitusiyanı
ləğv etmək və yenisini hazırlamaq istəyirdi.
Bu isə əhalidə
ona qarşı qəzəb yaradırdı.
Yalnız 7 Qettinqen professoru
bu istəyə etiraz səsini qaldırdı ki, onların arasında Qrimm qardaşları da var idi.
Ernst-Avqustun bu etiraza cavabı özünü gecikdirmədi:
kral dərhal 7 professorun vəzifədən
kənarlaşdırılması və vətəndaşlıq
hüququ olmayanların
üç gün ərzində Hannover sərhədlərindən
çıxarılması haqda
göstəriş verir.
Qrimm qardaşları bu səbəbdən yenidən
Kasselə qayıtmalı
olurlar. Burada qardaşlara nəşriyyatçılar
Reymer və Qirsel tərəfindən geniş elmi əsaslarla alman dili lüğəti hazırlamaq sifariş olunur. Qardaşlar canla-başla bu işə başlayırlar
və 4 cildlik “Alman dili lüğəti”ni ərsəyə gətirirlər.
1840-cı ildə şahzadə
Fridrix Vilhelm Prussun taxta çıxmasından
sonra qradaşların
həyatı yenidən
dəyişir. Onlar yeni kral tərəfindən Berlinə
dəvət olunurlar.
Qrimm qardaşları hətta
Berlin Elmlər Akademiyasının
üzvü seçilirlər
və Berlin Universitetində
mühazirə oxumaq hüququ qazanırlar.
Həmin
dövrdən Yakobla Vilhelm Berlinə köçür və ömürlərinin sonunadək
orada yaşayırlar.
Qrimm qardaşlarının nağıl dünyası
Onların fəaliyyətini qiymətləndirmək çox çətindir: qardaşlar öz xalqının poetik yaddaşının ənənələrini qorumağı daha vacib hesab edirdilər. Mahnı və şeirlərdən başqa, onlar ağızdan-ağıza öz dövrlərinədək gəlib çıxan əfsanələri də toplayırdılar. Məhz qardaşların sayəsində həmin külliyyatı indi dünyanın milyonlarla insanı oxuyur.
Səbr və dözüm sayəsində Qrimm qardaşları nağılların ilk cildini hazırlayırlar. Bu işdə onlara Vilhelmin həyat yoldaşı, əczaçı qızı Dorthen Vild də çox kömək olur. Hələ Vilhelmlə ailə qurmazdan əvvəl onunla görüşlərində Dorthen ona uşaqlıqda eşitdiyi maraqlı nağılları danışardı: “Xanım Metelitsa”, “Altı qu quşu”...
Savinya ailəsindəki dayə də qardaşlar üçün qiymətli informasiya mənbəyi idi. Bir dəfə Vilhelm həmin bu marburqlu nağılbazdan xahiş edir ki, onunla bildiyi bütün nağılları bölüşsün. Dayə heç cür başa düşə bilmirdi ki, axı nə üçün belə möhtərəm alimlər uşaqlar üçün nəzərdə tutulmuş bu “axmaqlıqlarla” maraqlanırlar.
1812-ci ildə Qrimm qardaşlarının “Uşaq və ailə nağılları” kitabının ilk nəşri işıq üzü görür. Məhz bu kitab nadir biblioqrafik incilərdən biri hesab edilirdi. Qardaşlar bütün xalq nağıllarını olduğu kimi saxlayaraq topluya daxil ediblər: “Biz çalışdıq ki, bütün nağılları onların ilkin mənasında qoruyub saxlayaq. Onlara heç bir əlavə, düzəliş etməmişik. Hər hansı epizodu özümüzdən uydurmamışıq. Çünki biz nağılları hər hansı elementlərlə zənginləşdirmək cəhdindən hər zaman uzaq durmuşuq. Onsuz da onlar analogiyalar və reminissensiyalar sayəsində zənginləşirlər. Yalnız üslub və bəzi xüsusi hissələr bizə aiddir”.
Bu gün Qrimm qardaşlarının elmə töhfəsini yalnız mütəxəssislər qiymətləndirə bilərlər. 1819-cu ildə onların “Alman qrammatikası” kitabının dördcildiyi işıq üzü görür. Bu, elm sahəsində bir sensasiya idi. Yakobun bu sahədə gərgin əməyi 20 ildən çox davam etmişdi. Məhz o, özündən sonra gələn alman dili tədqiqatçıları üçün bani rolunu oynadı.
Ən uzun ayrılıq
1859-cu il, dekabrın 16-da Vilhelm dünyasını dəyişir. Yakob qardaşının mənzilində onun dul qadını və uşaqları ilə birlikdə yaşamalı olur. Yakob Qrimm Vilhelmin ölümündən sonra cəmi 4 il yaşayır. 1863-cü ildə Yakob gözlərini əbədi yumur. Onun ölümündən əvvəl sonuncu arzusu isə Vilhelmin şəklinə baxmaq olub. Bütün dünyada məşhur nağılçılar kimi tanınan qardaşlar Berlində Müqəddəs Matfey qəbiristanlığında dəfn ediliblər.
2005-ci ildə “Qrimm qardaşları” film-nağılı çəkilib. 2011-ci ildə isə ABŞ-da “Qrimm” adlı serial lentə alınıb. Qardaşların nağılları əsasında 2013-cü ildə “Cadugərlər ovçusu” filmi ekranlaşdırılır. Bundan başqa, elə həmin nağıllar əsasında “Simsala Qrimm” multiplikasiya serialı da çəkilib.
Nuranə ABBASOVA
525-ci qəzet.-
2015.- 31 yanvar.- S.32.