Nakamlıq
Balalarımdan, nəvələrimdən uzaq, nakamlıq sanki alnıma yazılıb. 7 il nişanlı qalıb atamın uzaq səfərdən dönəcəyini gözlədim. Mənə yazdığı məktublarda tez-tez evlənməyimi tələb edirdi. Yazırdı dünyanın işini bilmək olmaz, evlən, gəlib nəvə görüm. Cavabında yazırdım ki, yox ata, sənin alnına bir oğul toyu görmək yazılıb, onu səndən əsirgəmərəm. Sonra atam uzaq səfərdən vətənə döndü. Toy tədarükünə başladı, dəvətnamələr paylandı, digəl ki..... toyuma 8 gün qalmış atam vəfat elədi.
82 yaşlı anam 60 illik yubileyimi böyük ümidlərlə gözləyirdi. 2005-ci il yanvarın 21 idi. Azərbaycan radiosunda canlı yayım proqramını aparırdım. Arada nəfəs almaq ücün dəhlizə çıxdım. Mobil telefonuma zəng gəldi, İsmayıllıdan həkim dostum Oqtay idi.Dedi, İntiqam tez gəl, anan rəhmətə gedib. Fevralın 14-nə, 60 yaşımın tamam olmasına 24 gün qalırdı.
Və nəhayət, ailəliklə 70 illik yubileyimi qarşılamağa hazırlaşırdıq.Ən çox da o, 2015-in fevralın 14-nü sonsuz səbirsizliklə gözləyirdi. Nə bilim, bəlkədə ürəyinə damıbmış, əyan olubmuş...
İsmayıllının havası düşürdü ona.Hər il məzuniyyət götürüb bura gəlmək üçün uçunardı. Amma şəkəri yaxasından əl çəkmirdi. Yerli həkimlərin əlindən o gəlirdi ki, bülletenin tarixini uzadırdılar. Ötən il də eləcə, Axır ki,40 günəcən çəkən məzuniyyəti başa çatdı. Mən qaldım rayonda onu Bakıya yola saldım. İllərdən bəri kimsəsiz qalan həyətimizdə iş başdan aşırdı və gecəni gündüzə qatıb çalışır, evin, ocağın, bağın-baxçanın əyər-əskiklərini yoluna qoyurdum.
Noyabrın 6-sı idi, telefonuma zəng gəldi. O idi, həyat yoldaşım Züleyxa. Xəbərin varmı dedi, müəllimin vəfat edib. Dedim hansı müəllimim, qayıtdı ki, Cəmil Əlibəyli.Axır günlər qəzet almır,radio-televiziyaya yaxın durmurdum. O boyda itkidən xəbərim olmadığına görə özümü oki var danladım. Cəmil müəllim mənim jurnalist taleyimdə ilk xeyirxahım olmuşdu.1968-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirsəm də heç yanda iş tapa bilmirdim.Bu azmış kimi işə düzəlmək üçün vacib bir sənədim də yoxa çıxmışdı. Üstəlik də o illərdə atam həbs olunmuşdu deyə istəmirdim mənə görə kimsənin üzünə söz gələ. Ancaq durmadan yazırdım. Dövlət radiosuna , qəzetlərə.
Və belə yazılarımdan birini də o zaman çox populyar olan“Azərbaycan gəncləri” qəzetinə vermişdim.Adı da beləydi, “Bir bağ düşüncəsi”. Yazı dərc olunan günün sabahısı qəzetin redaktoru Cəmil Əlibəyli məni çağırtdırdı. Dedi yazına görə çoxları, hətta lap yuxarılardan mənə zəng edib razılıqlarını bildiriblər, odur ki, işə götürürəm səni. Və həyatımdakı əyər-əskiklərə baxmadan məni rəsmi olaraq qəzetində ədəbi işçi vəzifəsinə təyin elədi.Oldum hörmətli bir qəzetin əməkdaşı, o dövrün korifey qələm sahibləri sayılan Mürşüd Dadaşovun, Zeynal Babayevin, Camal Qaryağdı, Şahin Quliyev,Davud Abdulkərimov,Piri Məmmədov, Abdulqəni, Rizvan Cəbiyevin həmkarı. 1970-ci il idi və xalam qızı Züleyxa bunu bilirdi (onda hələ nişanlanmamışdıq da). Odur ki, omrünün sonuna kimi Cəmil müəllimin canına sağlıqlar diləyir, namaz qılanda adına dualar oxuyurdu...
Budur həmin tarixdən 44 il keçib və həyat yoldaşım Bakıdan İsmayıllıya telefon açıb, mənə atamdan sonra ikinci ata olmuş əziz bir insanın ölüm xəbərini çatdırır. Ardınca da nə desə yaxşıdı, “sən otur onun barəsində bir şey yaz, gətir Bakıya, ver qəzetdə çıxsın, mən onu oxumaq istəyirəm”. Bunu mənə az qala əmr formasında deyirdi.Dedim yaxşı.Onsuzda dolmuşdum.Əlim işdən soyumuşdu. Bircə yazmağa gücüm çatacaqdı. Və“Cəmil müəllimə vida sözü” adlı bir yazı yazdım. 7-də Bakıya yola düşdüm ki, qəzetə verəm.
Araya üç günlük istirahət düşmüşdü. Bayraq günü münasibətiylə. Noyabrın 10-da “525-ci qəzet”ə gəldim.
Yazını redaktora verib xahiş elədim mümkünsə qarşıdakı şənbə sayında dərc edəsiz. Və... noyabrın 15-də yazı qəzet səhifəsində işıq üzü görəndə artıq həyat yoldaşım 5 gün idi ki, dünya işığına göz yummuşdu.
Noyabrın 10-dan 11-nə keçən gecə.Televiziyada Moskvadan “Ruh” filmi göstərilirdi.
Dedi, uşaqlar gəlin bir yerdə
bu filmə baxaq,
öyrənməli çox şey var onda.
Filmi dəfələrlə görsək də sözündən
çıxmadıq. İşığı söndürüb
başladıq seyr eləməyə. Yerini salıb təzəcə yatağına
uzanmışdı ki, oğlumuzun fəryadı
evimizi silkələdi: “Mama sənə nə oldu?! Mama! Mama –a-a!!! Məni çox istəyirsə-ə-ən?! Getmə, nə olar,
getmə!” Televiziyanı söndürüb işığı
yandırdım. Keçinmişdi. Mənə, oğlumuz Müşfiqə,
gəlinimiz Gülşənə,
qürbətdə yaşayan
qızımız Leylaya
dinməz – söyləməz,
lal baxışlarıyla
əlvida deyib haqq dünyasına yollanmışdı. Kimsəyə yük olmadan, kimsəyə çəkdirmədən,
kimsənin yerini daraltmadan. Çox sevdiyi qumrular, qaranquşlar misallı...
Qadınlı kişili, ömür-gün yoldaşını itirənlərdən eşitmişdim, amma dərdin bu üzünün nə böyüklükdə oldugunu indi bildim. Doğrudur, bütün dərdlər ağırdı, çəkilməzdi,arzu olunmazdı, amma insanın həyat yoldaşının itkisindən doğan dərd heç bir dərdə bənzəməz. Onun rəngi, hesaba sığmaz çəkisi, vəsvəgəlməz ağrısı var.
Yetər ki, ucaAllah gecindən versin, cavan canlara, nakam ömürlərə qıymasın. Amma...bütün bunlar bizlikdi məyər? Alnına “getməlisən” yazılmışı saxlamaq olmaz. Getməlidir.
Sağlığında deyə bilmədiklərim
Yaman bivaxt gəldi amansız ölüm
Sovuldu bağ- baxçam, yıprandı gülüm
İçim buz kəsildi, üşəndi çölüm
Yar yalqız canımı üzdü də getdi.
Kimsəyə ağır yük , şələ olmadı
Dərgahdan enmişdi bilən olmadı
Şahlar qənşərində kölə olmadı
Cümlə əzablara dözdü də getdi.
Kamala yetmişdi öz vədəsində
Səbrini boğardı söz vədəsində
Ömrün son anında , son nəfəsində
Məni dərin- dərin süzdü də getdi.
Mən bildim ,
o bildi o nə baxışdı
Ömrü sədaqətlə başa
vurmuşdu
Qəlbində tək bircə
muraz qalmışdı
Dərdləri canına düzdü də getdi.
Kimsənin dalınca daş
atmadı o
Kimsənin yerini daraltmadı
o
Kimsənin qanını qaraltmadı
o
Qanı öz içinə sızdı da getdi.
Taleyin hökmünə dözdü, barışdı
Başı iş yerində,
evdə qarışdı
Özünə bir qara qofta almışdı
Yaxasın daraldıb büzdü də getdi.
Dostların istəyin duyan Züleyxam
Qohuma ürəyi yanan Züleyxam
Çərxin gərdişini duyan
Züleyxam
Hafizin toyunda süzdü də getdi.
Ona sən əvəzi Siz deməliydim
Saçın tumarlayıb oxşamalıydım
“Züleyxam” deyibən çağırmalıydım
Soyuq rəftarımdan
bezdi də getdi.
Xərac
İntiqamı , bac İntiqamı
Qisas İntiqamı, öc İntiqamı
İnad
İntiqamı, kəc
İntiqamı
Yıxıb , xışmalayıb
, əzdi də keçdi.
Sağlığında deyə bilmədikləri
Ayrılıq gecə gəldi
Bilmədim necə gəldi
Mən nakam gedim deyə
Əzrayıl mərcə gəldi.
İntiqam döz ,sakit ol
Sil gözünü , rahat ol
Mən burdan göz qoyacam
Özündən müğayət ol.
Baxça gülüm solarsa
Müşfiq tənha qalarsa
Qalxıb
birdə ölərəm
Can yoldaşım ölərsə.
Qumrular dənə gəldi
Yarım
çəmənə gəldi
Onu yola verincə
Mənimki mənə gəldi.
Yarım küsəyən oldu
Eşqin
gizləyən oldu
Öldüm , son mənzilimi
Güllə bəzəyən oldu.
İntiqamı gəzərəm
Üstündə hey əsərəm
Xətrinə dəyməyin ha-a
Yoxsa sizdən
küsərəm.
İldırımım , göz yaşım
Səbirsiz can yoldaşım
Ailəmizi yola ver
Mən burda rahatlaşım.
Qələmin , sözün
olsun
Tarixdə izin olsun
İntiqam, Müşfiqə çox bax
Üstündə gözün olsun.
Ürəyimi yeyirdim
Qəm libasın geyirdim
Sənə son baxışımla
Elə bunu deyirdim.
Bu nə ayrılıqdı oy
Yuxudu, xəyaldı oy
Qız nəvəmiz olarsa
Adını Züleyxa qoy.
İntiqam Mehdizadə
525-ci qəzet.- 2015.- 31 yanvar.- S.30.