Yazıçının həqiqət və
harmoniya axtarışları
Yazıçılardan birinin nə vaxtsa belə bir
fikrini oxumuşdum. O, yazıçı əməyini əkinçi zəhmətinə,
yazıçı dözümünü əkinçi səbrinə
bənzətmişdi. Böyük
yazıçı Qoqolun da bu xüsusatda maraqlı şərhi
var. O, yazıçı işini rahiblikdə, səbr və
dözümlə ibadətdə, yəni əzablı zəhmətdə
görürdü. Bu mənada Əli
İldırımoğlunun yazıçı zəhməti, əkinçi
əməyindən, rahiblik dözümündən
süzülüb gəlir.
“Közərən sətirlər” əsərini diqqətlə
oxuyanda da məhz bu qənaətə gəlmək olur. Əsər həm
də əməyin, zəhmətin, halallığın,
ümid və sevgilərin şəninə oxunan bir himndir. Əsəri diqqətlə oxuyanda,
onda bir daha əmin olursan ki, insana, torpağa, Vətənə,
haqqa, ədalətə, zəhmətə,
halallığa,
doğmalığa, etibara, sədaqətə nəsr
diliylə, necə də nəğmələr qoşmaq
olarmış. Oxuyun bu kitabı, onda görərsiniz ki, Vətən,
torpaq, el-oba, yurd-ulus haqqında danışanda, nəsr dili nə
qədər kövrək, poetik, lirik bir nəğməyə
çevrilir. Sevgi dili, məhəbbət dili, el-obaya, ata-anaya,
ağsaqqala ehtiram, hörmət dili nəsrə-nəzmə
bölünmür...
Bu romanı müəllifin ona qədər
yazılmış və ondan sonra yazılacaq əsərlərinin
yığcam toplusu, ideya və informasiya mənbəyi
adlandırmaq olar. Burada qoyulan məsələlər, irəli
sürülən ideyalar bu və ya digər şəkildə,
alternativ və hətta imperativ formada gələcəkdə
müstəqil əsərlərə çevrilib, yaxud bu əsərlərin
hansısa səhnəsində, epizodunda, qəhrəmanların
obrazında öz əksini tapıb.
“Közərən sətirlər” fundamental təməl
prinsipləri üzərində qurulub. Hədəflər
nədir? İnam, ümid dolu həqiqətlər, torpağa, elə, obaya, insana,
peşəyə, adət-ənənəyə sevgi, hörmət,
valideynə fanatik məhəbbət, Allaha sevgi, itaət və
sair... Ədəbiyyatşünasların bəzisi onu xatirə-roman
adlandırır, bəziləri burada Rəsul Həmzətovun
“Mənim Dağıstanım” əsəri ilə paralellər
axtarır... Razılaşmamaq olmaz. Lakin
başqa bədii və estetik məziyyətlər də var...
Əvvəla, əsərdə elmi, fəlsəfi, didaktik fikir
və düşüncələr
xatirələrə müncər edilirsə,
uşaqlıq, gənclik, ahıllıq yaddaşından
qaynaqlanırsa, bunlar həm də müəyyən məsafəyə
(qısa olsa da) səyahətin bəzən ekzotik, bəzən
poetik, bəzən də
balletristik mənzərəsi fonunda təqdim edilir. Demək, romanın janr təyinatı təkcə
xatirə-roman möhürü ilə məhdudlaşa bilməz.
Buraya səyahət romanı elementləri də
əlavə olunmalıdır.
Ədəbiyyat tarixində səyahətnamələr
kifayət qədərdir. Həm Azərbaycan, həm də
dünya ədəbiyyatında bu janrın klassik nümunələri uzun
illərdir ki,
yaddaşımızın yol yoldaşıdır
(“Quliverin səyahəti” və s.). Səyahət
romanları öz fərdi üslubu, yazıçı
yanaşması, bədii, bəzən elmi-bədii, bəzən
fantastik arxitektonikası ilə fərqlənir. Bəzisində
ideya
qabardılır, bəzisində müşahidə,
hadisələr önə çəkilir, bəzisində yazıçı məqsədi, bədii qayə görüntü və
detalların məzmununa uyğunlaşdırılır. Məsələn, bizə daha yaxın və
doğma olan Zeynalabdin Marağayinin “İbrahimbəyin səyahətnaməsi”
romanında bədii-estetik qayə, yazıçı məqsədi
sırf hadisələrdən qaynaqlanır. Yazıçı
gördüyü hadisələrin fonunda
rastlaşdığı insanların söhbətləri əsasında
ictimai-siyasi eybəcərlikləri əks etdirir, xalqın
acınacaqlı taleyini ortaya qoyur. Öz klassik sələfindən fərqli
olaraq Əli İldırımoğlu üçün səyahət
ədəbi-bədii forma kimi fərqli
assosiasiyadadır. Bu, sanki öz keçmiş
xatirə-yaddaşını təzələmək və
bunun fonunda öz ədəbi-bədii və estetik məramını
bəyan etmək üçün seçilmiş vasitədir.
O, öz xatirələrinin, rastlaşdığı hadisələrin,
fəlsəfi düşüncələrinin, ata-baba söhbətlərindən
süzülüb gələn müdrik nəsihətlərin
və oxuduğu, yaddaşının yol yoldaşına
çevrildiyi yazıçı və filosofların heç
vaxt solmayan, təravətini itirməyən aforizmlərini birləşdirərək
onların sintezini təqdim edir. Bu sintez bir
mayadan yoğrulub, bir kökdən su içib. Burada bir
yaradıcı doğmalıq, eynilik, fəlsəfi və
poetik harmoniya var. Bu sintezdə yabançı, qəlp
heç nə tapmazsan. Bütün bu müxtəlif paralellər
bir nöqtədə ahəngdar birləşir, bu mürəkkəb
əlaqələr əriş-arğac kimi bir-birinə elə
qovuşur ki, ayrı-ayrı zərrənin bir tamına çevrilib
özü-özünü tamamlayır... Burada
qurama səhnələr, aldadıcı kombinasiyalar, saxta
kompozisiyalar yoxdur. Böyük filosof Nitşe
yazırdı: “Ən dərin fikirlər ən sakit fikirlərdir”.
Əli İldırımoğlunun fikirləri və
ifadə vasitələri obrazlı olduğu qədər də
sadədir. Onda yalançı pafos, təmtəraqlı, ekstravaqant ibarələr
yoxdur, tapmaca süjetlər qurmur,
səliqəli, ləngərli bir avazla öz həyat
dastanını nəql edir.
Adı çəkilən əsərlərdə janr
yaxınlığı olsa da, fərqli cəhətlər də
çoxdur. Əvvəla, fərdi üslub, dil, hadisələrə
yanaşma tərzi, gördüyü,
rastlaşdığı insanlara yazıçı münasibəti,
onların sosial mövqeyini mənalandırmaq tərzi fərqlidir. Əgər R.Həmzətov
problem kimi irəli sürdüyü məsələlərə
münasibətdə aforizmlərdən, didaktik-fəlsəfi
ibarələrdən birbaşa istifadə edirsə,
Ə.İldırımoğluda bu həm də həyat hadisələri,
müxtəlif hekayətlərlə izlənir. O, sanki ədəbi-fəlsəfi
fikirləri hansısa hadisəni nəql etmək
üçün zəmin kimi istifadə edir. Bu
da əsərin bədii məziyyətlərinə müsbət
təsir göstərir, onun epikliyini təyin edir, bədii nəsr
xüsusiyyətlərini müəyyən mənada quru
didaktikadan və nəsihətçilikdən
uzaqlaşdırır. Təbii ki, quru
sözçülük, nəsihət, didaktika həyat hadisələri
ilə tamamlananda daha uğurludur. İbn
Sina təsadüfən demirdi ki, ümumi ifadələr ancaq rəydir,
onların çoxu “xalis yalandır”. Əli İldırımoğlunun
başqa əsərlərində olduğu kimi,
“Közərən sətirlər”də də detalsız,
faktsız, obyektsiz heç bir quru söz, çılpaq ifadələr tapmaq
olmaz. Onun əsərlərində çox vaxt həyati fakt və detal o
qədər canlı olur ki, sanki özü danışır,
ifadəni, sözü, deyimi, təhkiyəni əvəz edir, obrazlı
düşüncə statusu qazanır. Sözlərin
arxasında predmet və anlayış dayananda doğrudan da hadisə
özü
danışmağa başlayır...
Yazıçı
öz bədii səyahətində onu düşündürən
əksər problemlərə işıq salır... İlk təməl
problemlər Vətənə, topağa, ana yurda məhəbbətdir. Ailə-məişət
məsələləri, ata-anaya sevgi və hörmət, gəlin-qaynana-qaynata,
oğul-uşaq münasibətləri də bu rakursdan çözələnir.
Bu məsələlərə münasibətdə
yazıçının öz mövqeyi var və bu, sərt
və qətidir. Onun üçün ailə məişət məsələsi
deyil, ictimai mövzudur, bəşəri problemdir.
Yazıçı uzaq əsrlərdən və
daşlaşmış ənənələrdən gələn,
öz qəlibində, öz modelində daha inamlı və
xoşbəxt görünən, psevdosivilizasiyanın bir
sıra iyrənc eybəcərliklərinə qarşı bu
gün də mərd-mərdanə sinə gərərək
Azərbaycan övladının
şərəf və ləyaqətini, əxlaqını,
mənəvi dəyərlərini
qoruyub saxlayan ailə
strukturunun, ailə institutunun tərəfindədir. Yazıçı ataya, anaya itaət eləyən
övladın, qaynanaya, qaynataya ata-ana gözüylə baxan, ədəbdə-ərkanda
nümunə göstərən gəlinin tərənnümçüsüdür.
Bu mövqedə o, bəzilərinə konservator və arxaik
düşüncəli, yeniliyə, sivilizasiyaya qarşı da
görünə bilər... Bəzilərində elə fikir
formalaşa bilər ki, müəllif keçmişin idilliyasına qapılaraq onu
bu günlə üz-üzə qoyur. Keçmişin
tərəfində durub bu gündən və gələcəkdən
əlini üzür. Amma bir anlıq gəlin görək:
əxlaqlı, mükəmməl keçmiş
yaxşıdır, yoxsa bütün insani dəyərləri
pula, mala, dövlətə qurban verən, insan əxlaqı və
mənəviyyatı üzərində vəhşi ehtiraslar
dünyası quran, ən müqəddəs dəyərləri
belə, hərraca qoyan müasir sivilizasiya? Böyük
Çin filosofu Konfutsi təsadüfən demirdi ki, yalnız
keçmişi davam etdirməklə gələcəyə
çatmaq olar. Əli İldırımoğlu məhz gələcək
üçün möhkəm özül olan bu
keçmişi idilliya edir. Öz keçmişindən qırılan gələcək
yoxdur...
Əli İldırımoğlunun ailə əxlaqı
heç də lokal mənada anlaşılmamalıdır. Ailə
uğrunda mübarizə onunçün cəmiyyət
uğrunda mübarizədir. Aristoteldən üzü bəri Marksa və
ən müasir filosoflara, yazıçılara, siyasətşünaslara
qədər ailənin cəmiyyət üçün ilkin
model olduğu etiraf edilir. Sağlam ailə
sağlam, mükəmməl cəmiyyət deməkdir.
Əli İldırımoğlunun da bu işdə əsas güvənc
yeri öz ailəsidir – babası, nənəsi, atası və
sair. Bu insanların hər biri mükəmməl
ailə modelinin nümayəndələridir. Məşədi
Paşa, Gövhər, İldırım... Dünəni
yaşadan bu adamlar bu gün üçün də modeldir, əxlaq
və mənəviyyat meyarıdır. Yazıçının
babası Məşədi Paşa köhnə kişilərdəndir,
nənəsi Gövhər sanki göydən enmiş mələkdir.
Onların bir-birinə olan qeyri-adi münasibəti,
səmimi, isti məhəbbəti ailənin möhkəm
bünövrəsi, məhək daşıdır. Oğul-uşağın ata-anaya sevgisi də
bayağı yox, alicənablıq, qayğı, ehtiram və
etiqad həddindədir. Əli İldırımoğlu
öz uşaqlıq müşahidələrini belə
yazır: “Qocam (yəni nənəsi Gövhər) o
yaşında da oğlundan həya eləyərdi. Dayım gələndə qocam
yaşmağını yuxarı çəkərdi,
oturuşunu dəyişərdi. Dayım
ata-anasının yanında heç vaxt həyat
yoldaşı ilə
yaxın oturmazdı. Babam və qocam
gəlinə söz deyərdi. Gəlin
qaynatasına, qaynanasına demək istədiyini əl hərəkəti
ilə izah edərdi. Tay indiki gəlin-qaynanalar kimi qoç
döyüşünə çıxmazdılar. Ailə üzvləri arasında abır-həya, hörmət-izzət
pərdəsi vardı”. Belə arxaizmi, belə konservatizmi ancaq təqdir
etmək olar. İnanın, biz nə vaxtsa bunlara
qayıdacağıq! Gec-tez! Qanımızla, canımızla,
genetikamızla, azərbaycanlıyıqsa,
qayıdacağıq! Bu postulatlar yenə də
nə vaxtsa bizim əxlaq kodeksimizə çevriləcəkdir.
Əli
İldırımoğlu Məşədi Paşa ilə Gövhər məhəbbətini
ruhani eşq səviyyəsinə qaldırır. Daha doğrusu,
qaldırmır, bu ruhani eşqi sadəcə təsvir etməklə
məhəbbətin əsl mahiyyətini, özəyini təqdim
edir və eşqin, insani məhəbbətin əsl dəyərinin
əsrlərdən bəri süzülüb gələn
cismani deyil, maddi deyil, ruhani olduğu fikrini bir daha yeniləyir.
Yazır ki, “Qocam qəflətən
yorğan-döşəyə düşdü. Heç
iki gün xəstə yatmadı, ismətli gözlərini əbədi
yumdu... Dəfn mərasimindən sonra babam
içəri girdi. Ev-eşiyə göz gəzdirdi,
nə isə axtarırdı, ancaq tapa bilmirdi. Birdən
özündən asılı olmayaraq: – Gövhər! Gövhər!
– çağırdı... Görəsən,
babamın axtardığı nə idi?! Gövhər məhəbbəti!.. Hiss edirdim ki, məhəbbətsiz dünyada
babamın havası çatmır... Üzünü hüzr yerinə
gələnlərə tutdu:
– Ay
camaat, əziyyət çəkib gəlmisiniz, – dedi. – Sağ
olun! Amma sizə bir sözüm var:
Bağçada
bar yaxşıdı,
Heyvadan nar yaxşıdı.
Yığışıbdı
qohum-qardaş,
Hamısından yar yaxşıdı.
Babam
qocamdan sonra cəmi bircə həftə yaşadı...”
Bu, Əli İldırımoğlunun sağlam, namuslu, əxlaqlı,
həm də məhəbbət özüllü ailə
modelinin bariz nümunəsidir.
Əsər boyu yazıçı sağlam, namuslu ailə
üçün sanki döyüşür. O, cəmiyyətin
nicatını, dünyanın xilasını bunda
görür. Onunçün sağlam ailə cəmiyyətin
vicdanı və namusudur. Rastlaşdığı
alicənab insanlardan, mükəmməl, sağlam ailələrdən
söhbət açır.
Əməkdar həkim, məşhur cərrah
qızını hörmətli bir nazirin oğluna verib. Cehizi isə yalnız
aldığı ədəb və bir də ki, ali
təhsil diplomudur, vəssalam. Hörmət, izzət,
maddi imkan bu ailəni heç də halal yoldan sapdırmır.
Yazıçı belə nümunəvi ailəni təsvir edəndə
bu qənaətə gəlir: “Şübhə etmirəm ki,
qarşılıqlı ehtiramın, sadəliyin, səmimiyyətin hakim
kəsildiyi bu cür ailə ab-havasında ərsəyə
yetən övlad həkim və hakimlərdən
çox-çox uzaq olar”.
Təəssüf
ki, bəzən belə də olur... Cehizini üç
“ZİL” maşını apara bilməyən qızın milisdə işləyən
əri ilə ailə münasibətinin acınacaqlı sonu,
onun milis ərinin başına gətirdiyi oyunlar... Evə iki
cür – əla və ikinci, üçüncü növ
çay alıb, birinci növü özü istifadə edən,
o birisini ailəsinə verən, yazıçının “ər
deyil, görünməmiş dərddir”
adlandırdığı üzdəniraq filosof ərlər...
Əri hakim işləyən
qadının işləkləri (əri yaxşı
rüşvət alan günü,
qapı-qapı düşüb qonşulardan borc istəməsi). Və yaxud, ailədə olan
dözülməz ab-havadan əsəb xəstəliyi
tapmış və nəticədə arvadını,
üç uşağını atıb getmiş
böyük bir rayonun idarə rəisinin dediyi: “Qadın hikkəsi,
hiyləsi, iddiası, deyingənliyi kişi ömrünün
qənimidir...”
Cəmiyyətdə
təsadüf olunan bu cür neqativ əhvalatlarla
yanaşı, müəllif qadına əsasən ana
ucalığından baxır və onun işıqlı tərəfini
təqdir edir: “Kişiyə çətinlik üz verəndə,
onun əzabını ən çox ürəyi çəkir,
bir də ki, ona vəfalı olan qadını”.
lll
Əsərdə aparıcı bədii üsullardan biri
müraciətdir. Qələmə, qarımış tut ağacına, vəfalı
köpək “Qrafa”, dağların sultanı qartala müraciət...
Yazıçının qartalla söhbətləri
xüsusi maraq doğurur. Qartal sanki bu ulu
torpaqların hurr yaşayıb, mərdliklə ölən
övladlarının ruhudur. Onun məzəmmətləri,
tənələri sanki narahat ruhların ittihamıdır.
Sanki mərd igidlərin ruhu dil açıb
danışır, bizi oyadır, yaddaşımızı təzələyir,
torpaqlarımızın yağı düşməndə
olduğunu dönə-dönə xatırladıb bizi
mübarizəyə səsləyir. Qartal sanki bu yurdun
övladları – Əmrah Yüzbaşının, Qaçaq
Qabilin, “Kişi Tavat”ın, İbadullanın, Mövlanverdinin,
Cəbrayılın ruhu idi, dil açıb
danışır, haray salırdı... Qartal nədən
danışırdı?.. Erməni
daşnaklarının azərbaycanlılara kirvə deyə-deyə
evlərini yandırmağından, tifaqını
dağıtmağından, kəndlərini yerlə-yeksan etməyindən...
Balahəsənli, Eyvazlı, Qədili, Sofulu, Qarabaşlı,
Qalaboynu, Qaraçıyurdu, Qabaqlı, Çömçəli
kəndlərinin vaxtilə ən əziz qonağı
olmuş, halal duz-çörəyini dadmış və
sonralar bu kəndləri oda yaxmış erməni
vandallarından. Bir də nədən danışırdı?.. Bir də ki, xalqımızın, azərbaycanlıların
unutqanlığından, zaman-zaman öz
xeyirxahlığının girovuna çevrilməsindən...
Müəllif qartalın səsinə səs verərək
etiraf edir: “Biz isə... Hələ ləng-ləng
idik. Bütün bu daşnak fitnə-fəsadından nə
diksinirdik, nə də ayılmaq bilirdik...”
“Nə vaxtsa mən bütöv harmoniyanın hökm
sürdüyü planetin üzərində gəzib-dolaşacağam. Amma indiyə qədər
heç kim göstərə bilmir ki, həmin
planet harada yerləşir”. Volterin bu sözlərini təsadüfən
xatırlamadıq. Əli İldırımoğlu
bir insan kimi həyatda həmişə harmoniya axtarıb.
Əsərlərində də harmoniyalı cəmiyyət,
təbii koordinasiyalarla yaşayan insan, ritmik və ahəngdar
mühit uğrunda mübarizə aparıb. Təbiətə isti münasibət, ictimai tərəqqini
təbii paralellərdə, ilahi enerjidə və dinamikada
axtaran yazıçının fikir və düşüncələrini
təbiətin diliylə söyləməsi də
anlaşılandır. Bu əsərdə də cəmiyyətdəki harmoniyanın elmi-nəzəri, fəlsəfi
və eyni zamanda bədii konturlarını görə bilirik.
Cəmiyyətdə harmoniya pozulanda nə olur? Halal- harama
qarışır, böyük-kiçik yeri bilinmir, hiylə,
riya baş alıb gedir, əxlaq, mənəviyyat tənəzzülə
uğrayır, bir sözlə, dünyanın əşrəfi
adlandırılan insan təbii koordinasiyalarından
uzaqlaşıb həşərata çevrilir... Belə
olanda, mühüm vəzifə
daşıyan, bir kəlməsilə insan taleləri həll
olunan, ətrafdakılara bəlağətlə ata-ana məhəbbətindən,
böyüyə hörmət, ağsaqqala ehtiramdan dəm
vuran generallar kimi ikiüzlülər, riyakarlar, bir az da sərt desək, rəzillər meydana gəlir.
Ataya məhəbbətdən dəm vuran general ağsaqqal bir kişiylə
rastlaşanda diksinir, sarsılır və qoca ilə ötəri
görüşüb ona nəsə deyir və tələsik
oradan uzaqlaşdırır. Müəllif bu adamı nişan verib onu oxucusuna tanıdır. Sən demə, həmin ağsaqqal generalın
atasıdır. Budur, ağız dolusu ata məhəbbətindən
dəm vuran oğul. Rayona gələndə atası ilə
nəinki görüşür, hətta özünə
sığışdırıb atasının evində gecələmir,
mehmanxanada yerləşir.
Başqa bir misal. Rayonda ezamiyyətdə olan mötəbər bir nazir kolxoz sədri ilə
söhbətində Azərbaycan dilinin
saflığından, müqəddəsliyindən
danışır, onu
qorumağı tövsiyə edir. Nazir gedəndən
sonra müsahibi çiynini çəkib – bu nə
danışırdı? – öz-özünə
sual verir. Təbii sualdır. Axı, Azərbaycan
dilinin saflığı haqqında ideya verən həmin nazir
rus dilində danışırdı... Belədə, harmoniya
necə pozulmasın?..
Yaxud,
“İnturist” mehmanxanasında rayondan gəlmiş kolxoz
mühasibinin uzun saçlı, güllü köynəkli
oğlanı qız bilməsi... Yaxud, televizorda
odlu-alovlu çıxış edərək Vətən məhəbbətindən,
ailə tərbiyəsindən dəm vuran, lakin onun
yaşadığı rayonun başçısının “bu şairin
olduğu rayonda on ilə yaxın birinci katib işləmişəm.
On il ərzində onun ailə konfliktini həll edə bilmədim...”
– sözləri...
Bu paradoks ictimai ritmin, mənəvi-əxlaqi və
estetik ahəngin pozulması deyilmi? Və yaxud, ədəbi
dilimizin ən adi leksik qaydalarını, cümlələrdəki
obrazlı deyimləri, dilin koloritini, idiomlarını, xalq
deyimlərini arayıb-arıda bilməyən və son anda
gülünc vəziyyətə düşən kitab
redaktoruna nə deyəsən?.. Belə səhnələr əsərdə kifayət
qədərdir. Yazıçı yenə
də bunlara qarşı riyadan, hiylədən, məkrdən
uzaq, təbii koordinasiyaları ilə yaşayan kəndi, təbiəti
və onun saf əxlaqlı, mərd, dürüst
insanlarını qoyur. O yazır: “Neçə il əvvəl
Jeleznovodsk şəhərinə getmişdim. “Qornı
vozdux” sanatoriyasında dincəlib müalicə olunmaq
üçün”. Əsəb sakitliyi və
ruhi rahatçılıq üçün ona xüsusi kabinada
dərmansız müalicə təyin edirlər. Müəllif
həmin kabinanı belə təsvir edir: “İşıqlar
söndürüldüyündən göz-gözü
görmürdü. Küncdəki ağ pərdənin
arxasında toyuqlar qaqqıldaşır, xoruzlar banlayır,
dana-buzov mələşir, itlər hürüşür,
qurbağalar quruldayır... Sən demə bunlar əsəbləri
sakitləşdirmək üçün maqnitafon lentinə
alınmış səslərdir...”
Bəli, həyatda
harmoniya, gözəllik, estetika, ruhun kamilliyi budur. Bütün bunlar isə əxlaq və
mənəviyyatı həmişə ucada gördüyü kənddədir,
doğulduğu torpaqdadır. Çünki “bu kənddə
təbiətin canlı və cansız varlığı
olduğu kimi görünürdü.
Gül-çiçək ətir saçır, balıqlar
üzür, quşlar uçur, arılar bal
toplayır, qarışqalar yuvalarına dən
daşıyırdı. Qurbağalar
quruldayır, ta bülbül kimi cəh-cəh vurmurdu. Tülkü
vaqqıldayır,
şir kimi nərildəmirdi. İt
it kimi də
hürürdü.
Canavar da canavar kimi ulayırdı. Hər biri
öz görünüşündən, səsindən
aydınca bəlli idi. İnsanlar da Adəmin
övladı kimi Allah-Taalanın buyurduğu yoldan
qırağa çıxmırdı. Qadın
qadındı, kişi də kişi.
Böyüyün böyük, kiçiyin kiçik yeri vardı. Bu bakirə diyarda adamlar dava-dərmanın nə
olduğunu bilmirdi. Ancaq yüz ildən çox
ömür sürürdülər...”
Etiraf etməliyik ki, biz tarixi həqiqətləri
çox vaxt tarix kitablarında, salnamələrdə deyil, bədii
əsərlərin səhifələrində tapırıq. Bədii sözün elə
qüdrəti var ki, o, müəllifi reallıqdan
uzaqlaşmağa, tarixi həqiqətlərdən
sapınmağa, onları təhrif etməyə qoymur,
sövqi-təbii yalandan qoruyur... Və istər-istəməz
hər bir bədii əsər həm də
yazıldığı dövrün tarixi salnaməsinə
çevrilir. Herodot olmayanda Homer var idi.
Yaxud böyük Nizaminin əsərləri XII əsr Şərq
(bütövlükdə dünya) ictimai-siyasi fikrinin tərcümanı,
tarixin lirik-epik təcəssümü deyilmi?..
Böyük eşq dastanı, Füzulinin “Leyli
və Məcnun”u həm də tarix kitabı deyilmi? Yaxud,
böyük Fransa inqilabları tarixini bu gün də insanlar
üsyankar ruhlu V.Hüqonun əsərlərindən öyrənmirlərmi?..
Əli İldırımoğlunun əsərləri də
yaşadığı tarixi dövrün obrazlı
inikasıdır. Bu dövrə aid ictimai-siyasi proseslər, tarixi
situasiyalar, insan mənzərələri
onun qələmində realist boyalarla öz əksini
tapır. “Közərən
sətirlər” əsəində də hadisələrin
gedişində yazıçı bir sıra tarixi şəxsiyyətlər
və görkəmli adamlardan ibarət surətlər
qalereyası təqdim edir. O, “tarixi şəxsiyyətlər
yaradıb” formuluna inanır və “dahiləri danmaq
axmaqlıqdır” qənaətini bəyan edir. Şəxsiyyətlərə
münasibətdə onun öz prizması var. O, şəxsiyyəti
ictimai lokomotiv, siyasi güc mərkəzi hesab edir, tarixin təkamülündə
onların roluna inanır. Təsadüfi deyil ki, o, Stalin, Mir Cəfər
Bağırov kimi ziddiyyətli şəxslərin
işıqlı tərəflərini, tarixi prosesdə
gördüyü müsbət işləri, faydalı əməlləri
daha çox qabardır... O, şəxsiyyətə inanır
və lazım gəlsə, pərəstiş də edir.
M.Şoloxov da Stalin barədə demişdi: “Stalinin vaxtında
şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət
də vardı”.
Əli İldırımoğlunun yaxından təmasda olduğu və bu silsiləni davam etdirən o dövrün bir sıra partiya-sovet, dövlət xadimlərinin təqdimatı yazıçının şəxsiyyət fenomeni barədəki qənaətlərini başqa bir rakursdan möhkəmləndirir. Yaxın dövrümüzün qəhrəmanlarını o, ideallaşdırmır. Düzü-düz, əyrini-əyri, necə var, eləcə, təbii keyfiyyətləriylə, obyektiv mövqedən təqdim edir. Naxçıvan görüşləri, Nehrəmdə Mirzə Cəlil yadigarı Münəvvər xanıma baş çəkmələri, mərd Nehrəm camaatı ilə həsb-hallar, onların qaniçən Andronikə qarşı döyüşləriylə bağlı söhbətlər... Bütün bunlar əslində, yenə də müəyyən bir məcrada yazıçı niyyətinə işıq salan vasitələrdir. Baş mövzu yenə də Vətəndir, onun mərd övladları, müqəddəs torpağıdır. Əli İldırımoğlu bu şəxsiyyətləri qabartmaqla eyni zamanda, kitabda haqqında söz açdığı bir sıra “başsız başçılar”ın da iç üzünü açır, onları ifşa edir. Onun qənaətincə, filosoflar hökmdar, hökmdarlar filosof olmalıdır. Məhz elə buna görə də o, başçını “başbilən, bilənlərin biləni...” – adlandırır. Bədii qarşılaşdırma və müqayisə yazıçı niyyətinin ictimai-siyasi effektini artırır.
Əli İldırımoğlu yaradıcılığından söz açarkən onun dili, üslubu, bədii təhkiyəsinin cazibəsi barədə danışmadan ötüşmək qeyri-mümkündür. Bu dil təmiz ana dilidir, Azərbaycan dilidir. Onun leksikonunda, hətta Azərbaycan dilinin izahlı lüğətinə düşməyən o qədər zərif, incə, çoxlaylı, çoxqatlı, polifonik ifadələr var ki, bu gün də geniş elmi diqqət və tədqiqat tələb edir. Bu dilin möcüzəli məqamları çoxdur. Bəzən bir söz bütöv bir cümləni, bütöv bir fikri ifadə edir. Bəzən bir eyham və bir işarəni özündə gəzdirən frezeoloji birləşmələr, idiomlar səhifə-səhifə qaralamalardan daha çox anlam verir. Əli İldırımoğlunun üslubu zərifdir, cümlələri düşüncələri kimi saf, təmiz, qəlbi kimi dərin və dibsizdir. Misalsız ötüşmək olmur. “Göydən nə yağıb ki, yer onu qəbul etməsin?!”, “Bir neçə gündən sonra itlər də dil tapıb həvirləşirdilər”, “Babam çox tünd adam idi”, “... Küy at olsa canavar çoxdan onun əhədini kəsmişdi...”, “Dəhrə yaxşı suvarılmadığından ağaca endirəndə ağzı qayıdırdı”, “Dəm yenişə olur, dəm yoxuşa...”, “...Vəllər cütüynən xırmandan kənara çəkilirdi. Kürək, şana, kürəkeş, çalğı, süpürgə işə düşürdü...”, “Ard unundan bişirilmiş duzsuz fətirdən iştahla yeyirdim”.
Əli İldırımoğlu daim Azərbaycan həqiqətlərini yazıb. Həqiqət nüfuzun yox, zamanın övladıdır. Həqiqətin saflığı, dözümü onu kimin söyləməyindən asılı deyil, o zamanın sınağından çıxmalıdır. Azərbaycan bətnindən doğan Əli İldırımoğlu həqiqətləri, elə zaman-zaman da Azərbaycan sevgiləri işığında saflaşıb, sınaqlardan çıxıb. Onun həqiqətləri inamlar, sevgilər, ümidlər həqiqətləridir. Onun əsərlərini oxuyarkən bəzən insan onun dərin qatlarına enmək, hadisələrin məzmununa varmağa macal tapmır, onu təhlil etmədən sadəcə oxuyur, bu sətirlərin havasına qoşulub gedir. Elə təhlil də, araşdırma da Əli İldırımoğlu nəsrinin insanı cəlb edən həqiqətlərində, bədii poetikasında, insan ağlını özünə tabe edən dərin bədii məzmununda və şirin poetik dilində, təhkiyəsindədir.
Sonda bu kitabın birinci nəşrinə ön söz yazmış tənqidçi B.Yusiflinin bir fikrini bura əlavə etmək istərdim: “Əli İldırımoğlu ötən illəri yad etdikcə köksündən bir fərəh dalğası yüksəlir. Ən başlıcası, ona görə ki, əsrə yaxın ömrü təkcə özünə məxsus olmayıb. Ömrü ömürlərə qarışıb, dostlarının, övladlarının, onu bir insan kimi sevənlərin ömrünə... Bu ömür mənalı söz, duyğu şəklində kitablara çevrilib. Bu ömür Azərbaycan torpağının hər qarışına səpələnib, onun jurnalist, publisist, yazıçı sənətinin əzabına, sevincinə, uğurlarına qarışıb.
Əli İldırımoğlunun çox sadə, hər kəsin anladığı tərzdə bir üslubu var. Yurdun çobanı da, akademiki də onu eyni dərəcədə (əlbəttə, çobanı çoban, akademiki akademik kimi) sevəcək... və sevib...”
Loğman Rəşidzadə
525-ci qəzet.-
2015.- 31 yanvar.- S.26-27.