“Körpüdə ümid”
Yazıçılar Birliyində müzakirə olunub
Azərbaycan
Yazıçılar Birliyində (AYB) yazıçı,
Əməkdar jurnalist Natiq Məmmədlinin müəllifi
olduğu “Körpüdə ümid” romanının müzakirəsi
keçirilib. AYB-nin katibi İlqar Fəhmi əsərin bədii
məziyyətlərindən danışaraq bildirib ki, romanda
müəllifin ictimai hadisələrə qəribə bir
mistik yanaşma tərzi özünü göstərir: “Adətən
yazarlar ictimai hadisəni yalnız publisistik dillə təqdim
edir, bütün fikirlərini oxucuya çılpaq şəkildə
çatdırırlar. Bu zaman isə bədiiyyat
görünmür. Burada ədəbiyyatın nədən ibarət
olduğu sual altında qalır. Natiq Məmmədli isə
ciddi yazıçı olaraq, birinci növbədə ədəbi
material ortaya qoyub. Təbii ki, ədəbi material
üçün ən vacib olan məqam əsərin
kompozisiyasının tapıntısıdır. Romanda
bütün hadisələr bir nəfərin vəzifə
sahibi olması və bunun ardınca da oğlunun dilinin
tutulması üzərində qurulub. Bu məqam oxucunu
ardınca aparan faktdır. Bununla əsərə çox vacib
kompozisiya düyünü vurulub. Yazıçı bunun
ardınca ictimai, habelə fəlsəfi məzmun
daşıyan bir sıra məsələləri
qaldırır.
Yazıçı-jurnalist
Etibar Etibarlının fikrincə, N.Məmmədlinin “Ləyaqət
düsturu” adlı kitabındakı 18 hekayənin ümumi qayəsi
“Körpüdə ümid” romanında daha qlobal şəkildə
ortaya qoyulub. E.Etibarlı romanda obrazların bitkinliyinə,
obrazlara uyğun olaraq təbiət təsvirlərinin verilməsinə,
əsərin dilinə diqqət çəkib: “Məsələn,
Qırmızı Xudunun kətyan kolundan qorxması,
qaçmağa üz tutması, qaçarkən
yıxılaraq qorxudan şalvarını islatması, əslində
bu adamın xarakterinin göstəricisidir. Əsərdən
çıxan digər bir simvolik nəticə özlərini ağıllı
sayan adamların günbatana, dəli hesab olunan Pirdəlinin
gündoğana baxmasıdır. Romanın üslubu, dili isə
olduqca səlis, rəvan, aydın, oxunaqlıdır”.
Tənqidçi
Bəsti Əlibəyli “Körpüdə ümid”
romanını 2000-ci illər nəsrinin uğurlarından biri
kimi dəyərləndirib: “Romanda
mətnin bədii-estetik məziyyətləri ilə
yanaşı, cəmiyyətdəki neqativ olaylara görə
özünü sorumlu hiss edən vicdanlı bir insanın vətəndaş
mövqeyi də aydın görünür. Yetişkin nəsr
təfəkkürünə malik olan müəllif ilk planda
xurafat kimi qoyulan lokal bir problemi ədəbi
kombinasiyalarla ictimai-siyasi və hətta sivilizasiyaların toqquşması
kimi dünyəvi problemlər səviyyəsinə qaldıra
bilir. Hadisələr məişət səviyyəsindən
qlobal səviyyəyə yüksəldikcə,
yazıçının nəfəsi də genişlənərək
şüur axınına çevrilir. Başqa sözlə,
ideya, problem böyüdükcə, mətnin kateqoriyası da
fəsil-fəsil dəyişir. Mənə elə gəlir ki,
əsərin ilk fəsillərində hiss olunan publisistik
intonasiyanın getdikcə bədii-fəlsəfi
düşüncə ilə əvəzlənməsi də
bundandır. Çünki ciddi ideyalar daşıyıcısı
olan müəllif özünü bu sferada daha rahat hiss edir.
Əsərdə cərəyan edən hadisələr ictimai məzmun
kəsb edib qloballaşdıqca didaktik vurğu da artır. Vətəndaş
mövqeyindən baxdıqda və
ciddi, taleyüklü problemlərlə üz-üzə
qalan cəmiyyətimizin bu mesajlara çox ehtiyacı
olduğunu gözə aldıqda, müəllifə haqq verməli
olursan. Sırf bədiiyyat baxımından yanaşdıqda isə
bu, özünü doğrultmur. Məncə, didaktika, nəsihət
mövqeyi qədərində olsa və müəllif
obrazı aşırı yükləməzsə, həm onun
daşıdığı ideya daha inandırıcı olar, həm
də əsərin bədii çəkisi yüksələr”.
Tənqidçi
Əsəd Cahangir “Körpüdə ümid” romanının
müəllifi Natiq Məmmədlinin 40 yaşı haqlamaq
üzrə olmasına diqqət yönəldib. Bildirib ki, bu
yaşda olan insanlar özünün ciddi sözünü
deyir. Onun fikrincə, adətən, belə zamanda deyilən
söz, onu deyənin şəxsi iradəsindən daha
çox, hansısa irrasional məkandan verilən hökm olur:
“Bu vaxtlarda insan oxuduqlarını, bildiklərini,
gördüklərini, eşitdiklərini, hiss elədiklərini
deyir. Bütün mahiyyət orada ifadə olunur. Hesab edirəm
ki, “Körpüdə ümid” romanı Natiq Məmmədlinin
indiyə qədər yazdıqları və bundan sonra
yazacaqları arasında həm də bir körpüdür.
Bir dövrə yekun vurur, gələcək dövrün
perspektivlərini açır. Kitabda müəllifin forma və
məzmun baxımından bir yazıçı kimi gələcəyi
ifadə olunub. Sırf ideya baxımına gəlincə, roman
“Allah” sözü ilə başlayır, insana olan ümidin
cücərməsi ilə sona çatır. Əsərin əsas
ideyası bundan ibarətdir ki, insan yalnız özünə
inanmalı, bu günündə yaşamalı, gələcək
və keçmişlə çox uğraşmalı deyil.
Əsərin bədii baxımına gəlincə, romanın
birinci fəsli sırf realistik üslubda yazılıb. Bu,
müəllifin özünəməxsus realist qələmə
sahib olmasının, müşahidə qabiliyyətinin, obraz
yaratma ustalığının göstəricisidir.
Romandakı obrazlar, onların dili, hadisələrin təsviri
olduqca şirindir, oxuduqca oxumaq istəyirsən. Müəllif əsərində
sözlə səsin birləşməsini reallaşdıra
bilib. Kim necə danışırsa, o cür də
yazılıb. Romanı oxuyarkən o insanların səslərini
eşitdim”.
Ə.Cahangir
bildirib ki, “Körpüdə ümid” romanı Azərbaycan bədii
ədəbiyyatına ilk dəfə olaraq Mitridat
obrazını gətirib: “Həm ümumi, həm də ədəbi
metod baxımından “Körpüdə ümid” romanı
Markesin əsərləri ilə də səsləşir.
Markesin əsərlərində müəyyən şəxslərin
və məkanın simvollaşdırılması, nəsillərin
bir-birini əvəz etməsi məsələsi qoyulub, bunun
timsalında bütün bəşəriyyətin tarixini vermək
cəhdləri ifadə olunub. Misal üçün, “100 ilin tənhalığı”nda
5 nəsildən söhbət getsə də, əslində Adəmin
özündən bu günə kimi bəşər tarixi təsvir
olunub. Natiq Məmmədli də əsərdə kəndin
adını Ümidqovan verib. Simvolik məna daşıyan bu kənd
həm irreal, həm də real məkandır. Müəllif bu
kəndin timsalında Azərbaycanı bir körpüyə bənzədib
və haqlı da edib. Azərbaycan karvan yollarının kəsişdiyi,
Şərqlə Qərbin ortasında olan bir ölkədir.
Bu, tarixi, coğrafi, zaman və mistik baxımdan bizim ölkəmizin
taleyidir. Əsərdə Ümidqovan kəndinin sakinlərinin
Şərq, yoxsa Qərb dilemması qarşısında
qalmağı Mirzə Cəlilin “Anamın kitabı”ndakı
seçimlə də səsləşir. Mirzə Cəlil
sonradan bu seçimə “Azərbaycan” deyə cavab vermişdi.
Natiq Məmmədlinin romanında bu məsələnin siyasi və
ideoloji tərəfi ilə yanaşı, həm də
ümumbəşəri tərəfi var. Müəllif deyir
ki, biz nə Şərqi, nə də Qərbi seçməliyik,
biz yalnız özümüzü seçməli, öz
gücümüzə, ağlımıza arxalanmalıyıq.
Bu ideya müasir dövrümüzlə çox səsləşir.
Ona görə də “Körpüdə ümid” romanı həm
də siyasi əsərdir”.
“Kitab
evi” İctimai Birliyinin sədri, yazıçı Salatın
Əhmədli N.Məmmədlinin yaradıcılığı
ilə tanış olarkən gəldiyi qənaətləri
bölüşüb. Bildirib ki, həm hekayələri, həm
də romanı oxuyan zaman hiss edib ki, müəllif nənə-baba
yanında böyüyüb, filosofları çox oxuyub,
onlardan lazımınca bəhrələnib. Bütün bunlar
isə N.Məmmədlinin dünyagörüşünə, gələcək
fəaliyyətinə müsbət təsir edib: “Ləyaqət
düsturu” kitabındakı hekayələri, demək olar ki,
su kimi içmişəm. Sonralar bu hekayələrdən
aldığım təəssüratı məqalə
formasında mətbuatda dərc etdirdim. Hekayələrdəki
süjet xətti, obrazlar, onların vasitəsilə cəmiyyətdə
baş verənlərin oxucuya çatdırılması
çox mükəmməl idi. “Körpüdə ümid”
romanı da müəllifin bundan əvvəlki əsərləri
kimi olduqca oxunaqlı, maraqlı ədəbiyyat nümunəsidir.
Romanda obrazların dili ilə verilən bir çox fikirlər
dərin mənalı aforizm kimi yaddaşlarda qalacaq”.
Ədəbiyyatşünas
alim Əlizadə Əsgərli əsərin mövzusu və
süjet xəttini təhlil edib. Bildirib ki, müstəqillik
dövründə belə bir mövzuya müraciət etməsi
N.Məmmədlinin həssas yazıçı müşahidəsindən
xəbər verir: “Romanın mövzusu olduqca aktualdır. Janra
münasibətə gəlincə, romanın özünün
ənənəvi çərçivəsi var. Əsərdəki
Ümidqovan kəndi dünyəviliyin bir təsəvvür
forması kimi qiymətləndirilə bilər.
Yazıçı ştrixlərlə, nüanslarla daha
çox istəyir ki, özünü bu romanda ifadə etsin.
Bu da əsəri ənənəvi romanlar çərçivəsindən
kənara çıxarır. Fikrimcə, psixoloji roman
anlayışı bu əsərə daha çox uyğun gəlir.
Əsərdə mənəvi-psixoloji məqamların daha
çox səslənməsi var. Romanda sosial hadisələr
sferası deyil, sosial hadisələrin yazıçıda
doğurduğu subyektiv, psixoloji-mənəvi dəyərlərin
yer alması müşahidə olunur. Natiq Məmmədli
romanda daha çox təhkiyə müəllifi kimi
çıxış edir. Bununla yanaşı əsərdə
hadisələrin əlvanlığı,
çoxfaktlılığı yoxdur. Müəllif hər bir
obrazın ayamasından tutmuş, onların ideya yükünə
kimi hər şeyi özündə saxlayır. Natiq müəllimin
özünəməxsusluğu ondadır ki, əsərə
kifayət qədər müdaxiləli və münasibətli
yazıçıdır. Yəni, hadisə ondan kənarda
baş vermir, sanki hadisələrlə üz-üzə,
şahid olaraq danışır. Hər bir obrazın
özünün tutumu var”.
“Ulduz”
jurnalının baş redaktor müavini Təranə Vahid
romanı mütaliə edərkən hiss-həyəcanla,
ümidlə, möcüzələr gözləyə-gözləyə
əsərin sonuna doğru yol getdiyini dilə gətirib:
“Körpüdə ümid” kiçik həcmli olsa da,
çoxqatlı romandır. Romanın alt qatında çox mətləblər
ifadə edilib. Natiq müəllim əsərin hər bir yerində,
hər bir detalında gözləntilər qoyur. Romanda təsvir
edilən “üçüncü gecə”ni çox səbirsizliklə
gözləyirdim. Ehtimal edirdim ki, bu fəsildə mütləq
nəsə möcüzə baş verəcək. Lakin həmin
yeri mütaliə etdikdə, hadisələrin möcüzə
deyil, real şəkildə baş verdiyinin bir daha şahidi
oldum. Ətrafa səpələnən məktublar arasından
yalnız birində bu xalqa, bu millətə deyiləcək
söz var idi – “Qarabağ amanatı”.
Şair Dayandur Sevgin qeyd edib ki, bu əsəri mütaliə edən şəxsin təsirlənməməsi, roman barədə düşüncəsini dilə gətirməməsi mümkün deyil: “Yazıçı əsəri elə qurub ki, hər bir oxucu, ədəbiyyat adamı onun barəsində ayrıca fikir bildirmək imkanı qazanıb. Müəllif çox böyük ustalıqla hər bir obrazı öz dilində, öz şivəsində danışdırır. Romanı oxuyarkən obrazların dilindən verilən ibrətamiz fikirlər xüsusilə diqqət çəkir”.
Rufik İSMAYILOV
525-ci qəzet.-
2015.- 31 yanvar.- S.25.