Cənnətin bütün
sevgiləri sənin olsun!..
Düz qırx gündür ki, məzarın başında haqqında cənnətdəki ünvanına
pıçıldadığım vida nitqim qulaqlarımda
səslənməkdədir:
“- Nurəngiz xanım,
mənə görə,
sənin bir adın da SEVGİ idi. Sən mənim sevgi
müəllimim olmusan.
Heç
bir sevgi dastanlarından, əfsanələrdən,
türkü və şərqilərdən öyrənə
bilmədiyim özgür
sevgi dərslərini sən mənə öyrətdin. Cənnətin
bütün sevgiləri
sənin olsun!...
Nurəngiz xanım, mənə görə, sənin bir adın da
AZADLIQ idi. Heç bir Tarix kitablarından, mübarizələrdən
və inqilablardan öyrənə bilmədiyim
azadlıq dərslərini
mənə sən öyrətdin. Cənnətin
bütün azadlıqları
və sərbəstlikləri
sənin olsun!...
Nurəngiz xanım, mənə görə, sən bu dünyanın ən çox sevilən anası idin. Qucağında titrəyişinlə
birlikdə “Yol
getdiyin” JALƏN hamımıza
“Cənnətin anaların
ayaqları altında”
olmasını bütün
varlığıyla isbatladı.
Cənnətin bütün
mələklərinin qutsal
ana sevgisi sənin olsun!
Bütün Türk dünyasında sevə-sevə
oxunulan ölümsüz
əsərlərin, canlı
şahidiyəm ki, “ölümündən” çox-çox
öncələr sənə
ÖLÜMSÜZLÜK qazandırmışdı.
Ölümsüzlüyün çox mübarək!!!”
Hələ Sovet dönəmində qardaş Türkiyədə
tanınan və sevilən çox azsaylı yazarlarımızdan
biri idin. Türkiyənin
dünyaca ünlü
folklorşünas alimlərindən, professor İrfan Ünver Nesrettinoğlu hələ
o zaman yazırdı:
“O günlerde kimi şairlerle birlikte Nurengiz Gün Hanımefendi’nin şiirlerini
de kendisinden dinledim. Ama Çin’e giderken Nurengiz Hanımın “Ağ Ganadlar” (Ak Kanatlar) adlı
şiir kitabıyla, “Tanrı Beşer Evladıdır” adlı uzun hikaye kitabını
yanımda götürdüm
ve her iki kitabı da adeta yutarcasına okudum. İddia ediyorum ki, Nurengiz
Gün’ün bu iki kitabı, ciddi eleştirmenler tarafından ciddi bir biçimde tahlil edilmiş olsaydı, Azerbaycan’dan yükselen bu ses, bütün
dünyaya hızla yayılır, Azeri ulusunun
bir değerli evladı daha, uluslararası üne kavuşurdu”.
Sonrakı illərdə tanınmış
türk aydınlarından
Ahmet Tevfiq Ozan, Nail Tan, Bedrettin Keleştimur, Osman Baş, Maksut Koca, Hayrettin İvgin və digərlərinin Nurəngiz Gün yaradıcılığı və
şəxsiyyəti haqqında
müxtəlif mətbuat
orqanlarında böyük
sayğı və dəyərlə yazdıqları
yazıları oxudum. Tək oxumaqla kifayətlənmədim; sevə-sevə
iki kitabınızı
yayınladım və
12 il öncə “Povestlər və hekayələr” kitabınıza
yazdığım ön
sözdə Sizə olan sonsuz sayğımı
belə qələmə
aldım: “Doğma Vətənimizdə – Azərbaycanımızda
aydın qadın obrazı deyiləndə mənim ağlıma ilkin gələnlərdən
biri də şairə Nurəngiz Gün olur.
Nurəngiz Gün – bundan əlavə Azərbaycan ədəbiyyatında və
jurnalistikasında özünə
xas səsi olan bir xanıməfəndi...
Nurəngiz Gün – bu müəyyən mənada
özünübəyənmiş şairlərin, yazarların
məmləkətində guşənişin
olub, öz içinə qapanıb durmadan bir – birindən gözəl əsərlər qələmə
alan bir
dünyəvi Azərbaycan
yazarı...
Nurəngiz Gün – cəsarətli,
Sovet dövrünün
qlavlitindən çəkinmədən
yeri gələndə
xalqının haqq səsini hayqıra bilən bir Türk televizyonçusu...
Zaman onun içində qeyri – adi tonda bir
istedad gizlədib. Və gizli
istedadın ilkinliyi yavaş – yavaş ədəbi və bədii düşüncənin
inkişafından keçərək
bu günlərə özünü yetirib.
Günəş palçıq götürmür.
Nurəngiz Gün – zamanın
incə ələyib sıx toxuduğu, seçilmiş cəmiyyət
tərəfindən hər
vəchlə ciddi qəbul görən iddiasız (amma haqqını tələb
eləyən!) bir işıq daşıyıcısıdır.
Bu işıq daşıyıcısının
zaman – zaman başının üstünü
qara buludlar alıb. Amma o buludlar tez
dağılıb. Çünki günəş əsla palçıq götürmür.
Əsərlərində nəyi qələmə alıbsa, hansı düşüncəni oxucusuyla
paylaşıbsa, orda özü olub Nurəngiz Gün. Özünü süni bir qılıf
içrə gizlədənlərə
inad göstərib həmişə, onun bir üzü olub həmişə.Təmiz,
arı Azərbaycan türkcəsində qələmə
aldığı bütün
əsərlərində o, cəmiyyətə mesajlar
yollayır.
Nurəngiz xanımın bu
mesajlarını ala bilmək
amacında olanlar isə
bu dünyanın ən mutlu insanlarıdır!”
2004-cü
ildə Türk dünyasında ilk dəfə
Bakı şəhərində
keçirilən “Xəzər
Şeir Axşamları”
Beynəlxalq poeziya festivalının Azərbaycan
tərəfindən təşkilat
komitəsinin sədri
olaraq, Nurəngiz xanımı da bu möhtəşəm tarixi şeir tədbirinə dəvət
etdim. Tam səmimiyyətimlə
bildirirəm ki, dönəmin türk dünyasının canlı
klassikləri olan Bekir Sıtkı Erdoğan, Yavuz Bülent Bakiler, Erdem Beyazit, Yehya Akengin, Eset Bayram, Harid
Fedai və digərlərinin iştirak etdiyi bu əfsanəvi şeir bayramında 15-dək
ölkədən qonaq
gəlmiş 60 nəfərdən
çox nümayəndə
heyətinin ən çox diqqətini çəkən Nurəngiz
xanımın şeirləri
və şairə obrazı oldu. 10 ildən çoxdur ki, Türk dünyasının
getdiyim fərqli-fərqli
coğrafiyalarında hər
zaman soruşulan və salam
göndərilən isimlərdən
biri də Nurəngiz xanım olub. Təsadüfi deyil ki, Nurəngiz
xanım ötən il türk ədəbiyyatının
inkişafına göstərdiyi
xidmətlərə görə
Ankarada fəaliyyət
göstərən Türk
Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyası tərəfindən
“Türk ədəbiyyatına
xidmət” Beynəlxalq
mükafatına layiq görülüb.
Bu günlərdə “525-ci qəzet”də
istedadlı gənc yazarımız Sevinc Mürvətqızının Nurəngiz
xanımın kimliyini
çox sərrast açıqlayan
bir yazısını
oxudum: “Nurəngiz Gün – Qadınlığın müstəsna
halı”. Nurəngiz xanım haqqında
riyazi-fiziki dəqiqliklə
söylənilmiş bu
səlis və geniş qapsamlı, obrazlı fikir diqqətimi çox çəkdi. Amma mənə görə Nurəngiz xanım təkcə qadınlığın
yox bütün
İNSANLIĞIN müstəsna halıdır!!!
Mənə görə, o həm
də bəşəri
poeziyanın müstəsna
halıdır!
Mənə görə, o həm
də bəşəri
təfəkkür və
məntiqin müstəsna
halıdır!
Mənə görə, o həm
də sərbəst, azad və özgür
düşüncənin müstəsna
halıdır!
Mənə görə, o həm
də ailəmizin ən əziz dostlarından biri olaraq dostluğun müstəsna halıdır!
Böyük İspan rəssamı
Pablo Pikasso yazırdı:
“Mən dünyanı
gördüyüm kimi
deyil, düşündüyüm
kimi çəkmək
istəyirəm”.
Nurəngiz Gün “Tanrı
Bəşər övladıdır”,
“Ağ qanadlar”, “Günəşə dua”,
“Yol gedirəm”, “Povestlər və hekayələr”, “Xocalı
simfoniyası” və digər kitablarında gördüyü yox, görmək istədiyi dünyasını – Nurəngiz
Gün dünyasını
“çəkdi”.
Mən onun bütün bu əsərlərini Vinset
van Qoqun “Günəbaxanlar”ı,
Salvador Dalinin “Zaman-Əzik
saat” tabloları, Pikassonun “Hernika”sı və Səttar Bəhlulzadənin “Kəpəzin
göz yaşları”
şedevrləri kimi təbiət hadisəsi olaraq qəbul edirəm.
Yaşadığım ömürdə dünyaya,
insanlara və sənətə dəyər
vermək, qiymətləndirmək
baxımından Nurəngiz
Gün zövqü ailəmiz üçün
etalon idi. O, xanımıma “sənin yoldaşın dünyanın
ən ləyaqətli
insanlarından biridi” deməklə buna onu da, məni
də inandıra bilirdi. Qızıma “sənin atan
dünyanın ən dəyərli atalarından
biridi” deməklə buna onu da,
məni də inandıra bilirdi. Və bu anlar bizim
ailəmizin yaşadığı
fövqəladə mutlu
anlar olurdu. Çünki bu sözləri
Nurəngiz xanımın
dilindən eşidirdik.
Həyatda heç zaman qeyri-səmimi, saxtakar olmağı bacarmayan Nurəngiz xanımın! Ömründə
bir dəfə də olsun boğazdan
yuxarı bir kəlmə belə söyləməyən Nurəngiz
xanımın!
...Düz qırx gündür ki, məzarın başında
haqqında cənnətdəki
ünvanına pıçıldadığım
vida nitqim qulaqlarımda səslənməkdədir:
– Nurəngiz xanım, mənə görə, sənin bir adın da SEVGİ idi. Sən mənim sevgi müəllimim olmusan. Heç bir sevgi dastanlarından, əfsanələrdən, türkü və şərqilərdən öyrənə bilmədiyim özgür sevgi dərslərini sən mənə öyrətdin. Cənnətin bütün sevgiləri sənin olsun!... BÜTÜN SEVGİLƏRİ!!!
Elçin İSGƏNDƏRZADƏ
525-ci qəzet.-
2015.- 31 yanvar.- S.21.